Müasirləşməyə xidmət edən infrastruktur islahatları

 

Azərbaycanda iqtisadi modernləşmənin başlıca şərti hər bir sahədə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Respublikanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsi qazanılmış makroiqtisadi nailiyyətlərin cəmiyyət həyatının müxtəlif sahələrində sosial tərəqqiyə və intibaha, bir sözlə, milli inkişafa xidmət edən islahatları uğurla reallaşdırmaq imkanı yaradır. Hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan Azərbaycan hökuməti fəaliyyətini sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmır, bütün sahələrdə kompleks islahatların aparılmasına, o cümlədən infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir.

 

Azərbaycan hazırkı yüksək inkişaf mərhələsində sovetlər birliyi dövründən qalmış yararsız infrastrukturla böyük iqtisadi uğurlar əldə edə bilməzdi. Odur ki, infrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Dövlət başçısı İlham Əliyev haqlı olaraq bu fikirdədir ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, zəruri infrastruktur layihələri gerçəkləşdirilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunmalıdır.

İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ildən-ilə yüksək templə artması dövlət başçısının bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard vəsait ayrılmışdır. Ötən il bu məqsədlə ayrılmış vəsaitlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsinə, ilk növbədə, infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir. 2008-ci ildə bölgələrdə genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin həyata keçirilməsi, yolların abadlaşdırılması, eyni zamanda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə yeni körpülərin, yolayrıcılarının, yeraltı keçidlərin tikintisi, mədəniyyət və incəsənət abidələrinin bərpası, yeni məktəblərin, səhiyyə ocaqlarının inşası və digər mühüm tədbirlər məhz investisiya xərclərinin artırılması sayəsində mümkün olmuş, görülən tədbirlər ilk növbədə ölkə vətəndaşlarının firavan yaşayışına hesablanmışdır.

Kompleks inkişafa xidmət edən mühüm investisiya layihələri Azərbaycanı hər bir sahədə mütərəqqi yeniliklərə istinad edən müasir dövlətə çevirmək məqsədi daşıyır. Ölkədə yeni sosial infrastruktur obyektlərinin həyata keçirilməsi son nəticədə insanların mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyev oktyabrın 24-də keçirilmiş andiçmə mərasimindəki çıxışında infrastrukturun yeniləşdirilməsinin vacibliyini bir daha önə çəkmişdir: "Bizim böyük infrastruktur layihələrimiz həyata keçirilir. Son beş il ərzində 4 beynəlxalq aeroport istismara verilibdir. Səkkiz elektrik stansiyası tikilibdir. Minlərlə kilometr yollar salınıbdır. Qazlaşdırma prosesi uğurla gedibdir. Əgər 2003-cü ildə Azərbaycanda qazlaşdırma 62 faiz idisə, bu gün 85 faizdir. Su kəmərləri çəkilir. Yəni bütün bu infrastruktur layihələri Azərbaycanı gücləndirir. Amma bununla bərabər, insanların yaşayış səviyyəsinin qalxması, yoxsulluq içində yaşayanların vəziyyətinin yaxşılaşması - bu, mənim üçün az əhəmiyyət kəsb etmir, bəlkə daha da böyük əhəmiyyət kəsb edir. Çünki bizim bütün siyasətimiz Azərbaycan xalqının yaxşı yaşamasına, Azərbaycanın möhkəmlənməsinə yönəldilibdir".

2008-ci ilin ortalarından başlayaraq bir çox dövlətin iqtisadiyyatı qlobal maliyyə böhranının mənfi təsirlərinə məruz qalsa da, Azərbaycanda ötən illərdən başlanmış iri infrastruktur layihələrinin icrasında hansısa geriləmə müşahidə edilməmiş, işlər əvvəlki ahəngi ilə davam etdirilmişdir. Həyata keçirilən infrastruktur layihələri yol-nəqliyyat kompleksinin müasirləşdirilməsindən tutmuş yeni sosial-infrastruktura, səhiyyə, təhsil, mədəniyyət obyektlərinin inşasına, bir sıra rayonların mavi yanacaqla təminatına qədər geniş spektri əhatə etmişdir.

Ötən ilin mühüm infrastruktur layihələrindən biri də Bakıya içməli su kəmərinin çəkilişininin uğurla davam etdirilməsidir. 2009-ci ildə istifadəyə verilməsi planlaşdırılan bu kəmər paytaxt sakinlərini ekoloji cəhətdən təmiz və keyfiyyətli, eyni zamanda fasiləsiz su ilə təmin edəcəkdir. Prezident İlham Əliyev dövlətin məhz vətəndaşların mənafeyini əsas tutaraq böyük maliyyə vəsaiti tələb edən bu layihəni maliyyələşdirdiyini bildirmişdir.

Yola saldığımız ildə eyni zamanda paytaxtın yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər uğurla davam etdirilmişdir. Azərbaycan Prezidentinin 2 fevral 2006-cı il tarixli Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamına uyğun olaraq paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Sərəncam əsasında ötən il həyata keçirilən intensiv və səmərəli tədbirlər nəticəsində yeni körpü, tunel və yeraltı keçidlərin bir qismi ən müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilmişdir. 2008-ci il mayın 9-da Bakı şəhərində Zığ dairəsini Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən avtomobil yolunun, mayın 10-da isə Fətəli xan Xoyski və Xətai prospektlərini birləşdirən yolun, "Excelsior" mehmanxanası dairəsində müxtəlif səviyyəli yeni yol qovşağının ilkin mərhələsinin istifadəyə verilməsi ilə paytaxtın yol şəbəkəsi bir qədər də genişlənmişdir. Bundan başqa sentyabrın 23-də Bakıda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan yeni yol qovşağının birinci hissəsi istifadəyə verilmiş, dekabrın 25-də isə Bakının əsas magistrallarından birinin - Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. Dövlət başçısı dekabrın 25-də həmçinin paytaxtın Heydər Əliyev prospektində tunel yolun və yeraltı piyada keçidinin açılışında iştirak etmişdir.

Azərbaycan Prezidentinin 2006-cı il 12 oktyabr tarixli sərəncamı ilə dövlət büdcəsinin tərkibində "Avtomobil yolları məqsədli büdcə fondu"nun yaradılması ümumilikdə respublika miqyasında yolların əsaslı təmiri və yenidən qurulmasına yaxşı imkanlar yaratmışdır. Bunun nəticəsidir ki, son iki ildə avtomobil yollarının istismarı və saxlanması üçün ayrılmış vəsaitin həcmi 3 dəfə artmışdır. Əgər 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu məbləğ 130 milyon manat, 2008-ci ildə 162 milyon manat olmuşdur.

Yolların, körpülərin, yeraltı keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2004-cü ildə 16,3 milyon manat, 2007-ci ildə 464 milyon, 2008-ci ildə isə 522 milyon manat təşkil etmişdir. Ötən il eyni zamanda sərnişindaşıma sahəsində islahatlar həyata keçirilmiş, Bakı şəhərində sərnişindaşımaya yeni iritutumlu avtobuslar cəlb etməklə xidmətin keyfiyyəti yüksəldilmiş, nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması istiqamətində tədbirlər görülmüşdür.

Prezident İlham Əliyev cəmiyyət həyatının ən müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi bir zamanda mədəni infrastrukturun yeniləşdirilməsinə də xüsusi diqqətlə yanaşır. Şübhəsiz sovetlər birliyi dövrünün geridə qalmış texnologiya və infrastrukturu əsasında fəaliyyət göstərən, əsaslı yenidənqurmaya ciddi ehtiyac duyan milli teatr və muzeylər, mədəniyyət ocaqları geniş tamaşaçı auditoriyası cəlb edə bilməzlər. Bu reallığı düzgün dəyərləndirən cənab İlham Əliyev Azərbaycanda demək olar ki, bütün aparıcı mədəniyyət müəssisələrinin, teatrların, o cümlədən kinoteatrların, muzeylərin əsaslı təmiri və yenidən qurulmasına yönələn sərəncamlar imzalamışdır. Bu sərəncamlar əsasında 2008-ci ildə Heydər Əliyev adına Saray, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, habelə Bakı Musiqi Akademiyası əsaslı təmir edilmiş, Milli parkda inşa olunmuş Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirilmişdir.

2008-ci ildə Bakı qəsəbələrində də bir sıra yeni sosial-infrastruktur obyektləri istifadəyə verilmişdir. Dövlət başçısı İlham Əliyev Əzizbəyov rayonunun Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzinin, "Gök-Nur Bakı" kabel və elektrik avadanlıqları istehsalı zavodunun, Binə qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyilə yenidən qurulmuş uşaq bağçasının açılış mərasimlərində iştirak etmişdir.

Ötən il ölkənin bir sıra regionlarında da mühüm layihələr həyata keçirilmiş, Beyləqan, Ağcabədi, Ağdam, Füzuli rayonları mavi yanacaqla təmin olunmuşdur.

Yüksək səviyyəli infrastrukturun mövcudluğu həm də iqtisadiyyatın səmərəliyi, sahibkarlığın inkişafı baxımından vacibdir. Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksinə əsasən Azərbaycan infrastrukturun inkişafı üzrə MDB-də liderliyini qorumaqla dünya dövlətləri sırasında 60-cı yeri tutur.

Bütün bunlar göstərir ki, ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyev davamlı və tarazlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür və bu istiqamətdə əməli tədbirlər həyata keçirir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2009.-11 yanvar.-S.1.