Estoniyalı qonaqlar İçərişəhərlə tanış olmuşlar

 

Azərbaycana rəsmi səfərə gəlmiş Estoniya Prezidenti Toomas Hendrik İlvesi müşayiət edən nümayəndə heyətinin üzvləri yanvarın 12-də İçərişəhərlə tanış olmuşlar.

Qoşa qala qapılarından başlanan gəzinti tanınmış xalça ustası, xalq rəssamı Kamil Əliyevin xalça muzeyi ilə tanışlıqla davam etdirilmişdir. Qonaqlar K.Əliyevin əsərlərinə maraqla tamaşa etmiş, burada ümummilli lider Heydər Əliyevin, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, rus şairi Aleksandr Puşkinin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalarla tanış olmuşlar.

Sonra Karvansaraya gələn qonaqlara ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısı barədə məlumat verilmişdir.

Qonaqlar İçərişəhərin baş planı və Qız qalası ilə tanış olmuşlar. Onlara Qız qalasının tarixi barədə ətraflı məlumat verilmişdir. Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıq estoniyalı qonaqlarda xoş təəssürat doğurmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 yanvar.-S.4.