Azərbaycan iqtisadi artım tempinə görə dünyada yenə lider mövqedədir

 

 

Dünyada qlobal iqtisadi böhranın öz təsir dairəsini genişləndirməsinə baxmayaraq, Azərbaycan bu problemdən ən yaxşı şəkildə sığortalanan ölkələr sırasındadır. Bunun nəticəsidir ki, dünyanın ən mötəbər maliyyə qurumları və digər təşkilatlar da qlobal böhranın Azərbaycana daha az təsir edəcəyini bəyan edir. Ölkədə aparılan iqtisadi islahatlar, görülən qabaqlayıcı tədbirlər və bu qəbildən olan digər amillər növbəti mərhələlərdə də qlobal maliyyə böhranının Azərbaycana təsirinin minimal olacağını göstərir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik nitqində bununla bağlı qeyd edir: "Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir".

 

Dünya Bankı Azərbaycan iqtisadiyyatının dinamik yüksəliş tempinin davam edəcəyini bildirir

 

Uğurlu iqtisadi siyasət ümumi daxili məhsulun artım tempinə görə Azərbaycanın regionda, o cümlədən MDB-də lider mövqeyini qoruyub saxlaması ilə nəticələnməkdədir. Bu fakt Dünya Bankının 2009-cu il üzrə "Qlobal iqtisadi perspektivlər" adlı hesabatında da öz əksini tapıb. Hesabatda beynəlxalq maliyyə böhranının təsirlərinin bu il davam edəcəyi bildirilir və bunun dünya dövlətlərində ümumi daxili məhsulun artım tempinə təsirsiz ötüşməyəcəyi vurğulanır. Bankın proqnozlarına görə, 2009-cu ildə dünya iqtisadiyyatının artımı 0,9 faizə çatacaq, gələn il isə bu rəqəm 3 faizə qədər artacaq. Bank ekspertləri onu da bildirir ki, bu il Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artım 2,7 faiz, gələn il isə 5 faiz proqnozlaşdırılır. Belə şəraitdə isə Azərbaycan yenə də ən böyük iqtisadi artım göstəricilərinə malik ölkələr sırasında yer alacaq.

Bankın proqnozlarına görə, bu il Azərbaycanın iqtisadi artımı 10,4 faiz təşkil edəcək. Lakin o da istisna edilmir ki, cari il ərzində Azərbaycanda iqtisadi artım tempi daha yüksək rəqəmlərlə ifadə oluna bilər. Bunu digər beynəlxalq maliyyə qurumlarının açıqladığı proqnozlar da təsdiq edir. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2009-cu ildə Azərbaycanda ÜDM-in 15 faizlik artımını proqnozlaşdırır. Ötən ilin noyabr ayında açıqlanan bu proqnoz, bankın hesabatına daxil edilmiş qalan 27 ölkə üçün göstərilən digər nəticələrlə müqayisədə ən yüksəkdir. Həmin dövlətlərdə orta iqtisadi artım cəmi 4,5 faiz səviyyəsində qeyd edilib. Beynəlxalq Maliyyə Korporasiyası isə ötən ilin oktyabrında açıqladığı proqnozlarda Azərbaycanın yenə də ümumi daxili məhsulun artımında liderliyini qoruyub saxlayacağını bildirdi və cari il ərzində ölkəmizdə iqtisadi artımın ən azı 16,4 faiz təşkil edəcəyini açıqladı.

 

Respublikamızda iqtisadi

artım 18,9 faiz gözlənilir

 

Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycan ümumdaxili məhsul istehsalında liderliyini 2009-cu ildə də qoruyub saxlayacaq. Komitə ekspertlərinin hesablamalarından o da məlum olur ki, cari il ərzində bu rəqəm 15 faizdən yüksək olacaq. MDB Statistika Komitəsinin məlumatında bildirilir ki, cari il üçün Azərbaycanda sənaye istehsalı 17, kənd təsərrüfatı 4, ixrac 10, idxal 25, investisiya cəlbi isə 20 faiz artacaq. Açıqlanan bu rəqəmlər cari il ərzində Azərbaycanda infrastruktur, kommunal və sosial layihələrin icrasının daha geniş miqyasda davam etdiriləcəyindən və ölkənin iqtisadi inkişafının bir qədər də sürətlənəcəyindən xəbər verir.

Azərbaycan hökuməti isə iqtisadi artımla bağlı rəsmi beynəlxalq maliyyə təsisatlarının açıqladığı rəqəmlərlə müqayisədə ümumi daxili məhsulun artım tempində daha yüksək göstəricilərin qeydə alınmasını proqnozlaşdırır. Cari il ərzində hökumət iqtisadi artım tempinin 18,9 faiz olacağını bildirib. Ötən illərin təcrübəsi hökumət proqnozlarının daha çox reallığı əks etdirdiyini təsdiqləyir. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) 2008-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempinin 16 faiz təşkil edəcəyini bildirmişdi. Ancaq ötən ilin yekunları ölkədə ümumi daxili məhsulun artımının 17,7 faiz təşkil etdiyini göstərdi.

Bununla belə, beynəlxalq təşkilatların açıqlamasından aydın görünür ki, Azərbaycanda iqtisadi artım göstəriciləri yenə də dünyanın ən aparıcı dövlətlərindən yüksək olacaq. MDB məkanında isə Azərbaycanın hələ uzun müddət lider mövqeyini qoruyub saxlayacağı proqnozlaşdırılır. Elə Dünya Bankının hesabatından da belə məlum olur ki, ölkəmizdə ümumi daxili məhsulun artımı digər MDB ölkələri ilə müqayisədə bir neçə dəfə yüksək olacaq. Məsələn, Gürcüstanda bu rəqəm cəmi 4 faiz təşkil edəcək. Dünyaya ən çox neft çıxaran ölkələrdən biri kimi tanınan Qazaxıstanda isə ümumi daxili məhsulun artımı 1,9 faizə çatacaq. Ən böyük təbii qaz ehtiyatlarına malik olan və bol miqdarda "mavi yanacaq", eləcə də digər enerji məhsullarının satışını təşkil edən Rusiyada isə iqtisadi artım 3 faiz səviyyəsində proqnozlaşdırılır.

Litvada iqtisadi artımın 0,3 faiz, Latviyada isə 3,5 faiz geriləyəcəyi proqnozlaşdırılır. Ukraynada da ümumi daxili məhsulun artımı ötən illə müqayisədə 3 faiz azalacaq.

 

Dövlət büdcəsinin

icrasında problem

yaşanmayacaq

 

Dünya Bankının hesabatında digər bir maraqlı məqam neftin qiymətilə bağlıdır. Əslində, bu hesabat cari il üçün dövlət büdcəsində neftin bir barelinin 70 dollar həcmində götürülməsi ilə bağlı Azərbaycanın doğru qərar qəbul etdiyini göstərir. Belə ki, bank mütəxəssislərinin proqnozlarına görə, bu il neftin qiymətlərində artım olacaq və ilin sonuna qədər "qara qızıl"ın orta qiyməti 75 dollar təşkil edəcək. Gələn il isə neftdə kəskin qiymət dəyişikliyi olmayacaq və orta qiymətin 75,8 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Ötən il isə dünyada neftin orta qiyməti 101 dollar olub. Neftin qiymətilə bağlı göstərilən rəqəmlər Azərbaycanın dövlət büdcəsi ilə bağlı proqnozların yerinə yetirilməsində hər hansı problemin yaşanmayacağını və büdcənin proqnozlaşdırılan şəkildə icra olunacağını göstərir.

Bu fakt Beynəlxalq Valyuta Fondu missiyasının ötən ay Azərbaycana səfərinin yekunlarına dair dekabrın 30-da açıqladığı hesabatında da öz əksini aydın tapıb. Həmin hesabatda bildirilir ki, qlobal böhranın ilk əlamətləri üzə çıxan zamandan Azərbaycanın güclü iqtisadi vəziyyətdə olması və hazırda qlobal maliyyə sisteminə məhdud inteqrasiya olunması səbəbindən ölkə cari iqtisadi siyasəti ilə böhranın qısamüddətli təsirinə davamlı olacaq. O da xüsusi olaraq vurğulanır ki, 2009-cu ilin dövlət büdcəsində maliyyə genişlənməsinin daha mülayim tempi təqdirəlayiqdir. Belə ki, ilin ortalarına doğru büdcənin yenidən qiymətləndirilməsi həm neft və qeyri-neft fəaliyyətinə davam edən maliyyə böhranının, həm də qlobal iqtisadi səngimənin nəticələrini daha da aydınlaşdırmağa kömək edə bilər. Missiya hesab edir ki, bu yaxınlarda həyata keçirilən və planlaşdırılan struktur islahatlar Azərbaycanda qeyri-neft fəaliyyətinin dəstəklənməsinə kömək edəcək. Buna baxmayaraq, əgər qlobal tənəzzülün daha dərin olması üzə çıxarsa və qeyri-neft sektorunda daxili artım 2009-cu ilin birinci yarısı ərzində gözlənəndən daha tez səngiyərsə, regionda başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın güclü xarici aktiv mövqeyi və gözlənən ümumi fiskal vəziyyəti ciddi iqtisadi səngiməyə tab gətirməyə imkan verəcək.

 

Azərbaycanın valyuta

ehtiyatları ümumi xarici

borcu 6 dəfə üstələyir

 

Bu hesabatdan o da məlum olur ki, Azərbaycan iqtisadiyyatı 2008-ci ilin birinci 10 ayı ərzində çox güclü inkişaf tempi ilə yadda qalıb. Belə ki, xarici təsirlər və neft hasilatında baş verən texniki səbəblərə görə avqust ayından müşahidə olunan ləngiməyə baxmayaraq, neft sektorunun artım tempi 10 faizdən artıq olub. Eyni zamanda, qeyri-neft sektorunun xüsusi maliyyə stimuluna güclü dəstəyi və tikintidə, xidmətlərdə və kənd təsərrüfatında sağlam artım meyilləri nəticəsində 15 faiz səviyyəsində yüksəlmə baş verib. Həmçinin qeyd olunur ki, ötən ilin avqust ayına qədər ixracın həcminin və neft qiymətlərinin yüksək olması ölkənin xarici mövqeyinin möhkəmlənməsinə və xarici aktivlərin artımına böyük təsir göstərib və sentyabrın sonuna Azərbaycanın valyuta ehtiyatları və Neft Fondunun aktivləri ümumi xarici borcu 6 dəfə üstələyərək 16 milyard ABŞ dolları həddinə çatıb.

BVF hesab edir ki, qlobal iqtisadi böhran Azərbaycana 2005-ci ilin sonundan bəri iqtisadiyyatın üzləşdiyi inflyasiya prosesinin istiqamətini tamamilə dəyişdirmək baxımından fayda verib. Bundan başqa, beynəlxalq maliyyə qurumları, o cümlədən BVF ictimai investisiya layihələrinin seçimi, icrası, monitorinqi və auditinə dair şəffaf qaydaların yaradılması üçün Azərbaycanda mövcud vəziyyətdən və bu istiqamətdə qəbul olunan qərarlardan məmnunluq ifadə edir.

Bütün bunlar isə Azərbaycanın iqtisadi və paralel olaraq siyasi cəhətdən daha da möhkəmlənməkdə olduğunu göstərir. Bu öz növbəsində hər bir ölkə vətəndaşının maddi rifahının yüksəlməsi, sosial müdafiəsinin güclənməsi, ölkənin bütün sahələrində davamlı inkişafın yaşanması ilə müşayiət olunur.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2009.-16 yanvar.-S.1.