Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri Mirek Topolanek ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə Çexiya Respublikasının Baş naziri Mirek Topolanek ilə görüşmüşdür.

Baş nazir Çexiyanın Avropa İttifaqına sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycanın Avropa strukturlarına daha da sıx inteqrasiyasına öz töhfəsini verməyə hazır olduğunu bildirdi. O, Azərbaycanla ikitərəfli münasibətlərin müxtəlif sahələrdə də genişlənəcəyinə əmin olduğunu vurğuladı və dedi ki, əməkdaşlığımız müxtəlif sahələrdə inkişaf edəcəkdir. Çexiya bunda maraqlıdır. Mirek Topolanek Nabukko layihəsinin əhəmiyyətinə də toxundu, Azərbaycanı Avropanın enerji təhlükəsizliyi məsələsində çox önəmli rol oynayan bir ölkə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Çexiya ilə əməkdaşlığın, eyni zamanda, Avropa İttifaqına sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan Avropa İttifaqının Yeni qonşuluq siyasətində yaxından iştirak edir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verir, Azərbaycan qazı Avropa ölkələrinə ixrac olunur. Prezident İlham Əliyev Nabukko layihəsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Çexiya ilə ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana təcavüzünün, ərazimizin Ermənistan tərəfindən işğal olunmasının regional əməkdaşlığa, təhlükəsizlik arxitekturasına böyük əngəllər yaratdığını bildirdi. Prezident İlham Əliyev əmin olduğunu vurğuladı ki, Avropa İttifaqı bu münaqişənin tezliklə həllində fəal iştirak edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 yanvar.-S.1.