"Yaşıl qələm"dən başlanan yol

 

Lap qədim zamanlarda dəbdəbəli şah saraylarında müxtəlif ədəbi məclislər, şeir gecələri keçirilərdi. Tarixi mənbələrdən məlumdur ki, müxtəlif bölgələrdə ayrı-ayrı yaradıcı şəxsin təşəbbüsü ilə bir sıra ədəbi məclislər fəaliyyət göstərmişdir. Təbii ki, hər bir yaradıcı birliyin özünəməxsus xüsusiyyətləri olub. Belə məclislərdə adətən saray əyanları təriflənərək, onların şəninə mədhiyyələr qoşulardı. Bəzən də xalqın arzu və istəklərinə uyğun olaraq söylənilən dastanlarda ədalətli şah, xan obrazı yaradılıb. El içində fəaliyyət göstərən aşıqlar isə həmin qoşmaları, gəraylıları qara sazın sinəsindən qopan havalara qataraq xoş avazla oxuyublar. Elə yaranan xalq mahnıları da dildən-dilə ötərək öz müəllifini itirsə də, bu günümüzə qədər gəlib çıxmışdır.

 

XX əsrdə isə vəziyyət tamam dəyişdi. İctimai-siyasi burulğanların, quruluş dəyişmələrinin, xalq hərəkatının sürətlənməsinin nəticəsində yaradıcı qüvvələr birləşərək Azərbaycan mədəniyyətinin inkişafında istiqamətverici qüvvəyə çevrildi. Milli mətbuatın inkişafı, teatrın yaranması ədəbiyyatı da yeni ideyalar uğrunda birləşməyə aparırdı. Ayrı-ayrı şəxsiyyətlər bir neçə dəfə cəhd etmişdilər ki, yaradıcı ziyalıların birliyini yaratsınlar. Nəriman Nərimanovdan başlamış bir çox ədib yazıçı dərnək cəmiyyətlərin fəaliyyət göstərməsinə təşəbbüs etmişdir. Bu xeyirxah niyyətlər müəyyən səbəblər üzündən baş tutmasa da, unudulmaz yazıçı Seyid Hüseynin öz dostları ilə birgə yaratdığı "Yaşıl qələm", sonra isə M.C.Pişəvərinin təşkil etdiyi "Qırmızı qələm" demək olar ki, gələcəkdə yaranacaq Azərbaycan Yazıçılar Birliyinin ilk bünövrəsi idi.

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13- Bakıda, Azərbaycan yazıçılarının I qurultayında yaranmışdır. Əslində ona qədər "Qızıl qələmlər" cəmiyyətinin əsasında Azərbaycan Yazıçılar Cəmiyyəti adlı ədəbi təşkilat fəaliyyət göstərmişdir. Amma nədənsə o dövrdə bu cəmiyyətin fəaliyyəti yuxarı orqanlar tərəfindən müsbət qiymətləndirilməmişdir. Əksinə, partiya təşkilatları belə hesab edirdilər ki, Azərbyacan Yazıçılar Cəmiyyəti müəyyən səhvlərə yol verdiyindən ədəbi inkişafa ciddi maneçilik törədir. Ona görə cəmiyyətin işini yenidən qurmaq məsləhət görülürdü. Həmin dövrü araşdırarkən məlum olur ki, Yazıçılar Cəmiyyətinin bir çox üzvü repressiyaya məruz qalaraq həbs edilib. Moskvada keçirilən sovet yazıçılarının I Ümumittifaq qurultayında (1932) müttəfiq respublikaların çoxmillətli yazıçılar ordusunun nümayəndələri iştirak edirdi. Azərbaycan ədəbi fikrini həmin məclisdə Cəfər Cabbarlı, Salman Mümtaz, Məmməd Kazım Ələkbərli, Qafur Qantəmir, Səməd Vurğun, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Əli Nazim, Yusif Şirvan, Əli Səbri başqaları təmsil edirdilər.

Əlbəttə, ədəbi mühitdə pərakəndəliyə son qoymaq üçün yeni birliyin yaradılması vacib idi. Beləliklə Moskvadan qayıtdıqdan sonra Bakıda öz qurultaylarını keçirən Azərbaycan yazıçıları yekdilliklə ittifaqlarını yaratdılar.

Çətin tarixi yol keçmiş, müxtəlif sınaqlarla, təzyiqlərlə, diktələrlə, amirlik dövrünün ağlagəlməz oyunlarına məruz qalmış Azərbaycan ədəbiyyatı istedadlı şəxsiyyətlərin sayəsində bütün qaranlıq zamanlardan alnıaçıq çıxdı. Onun inkişafında böyük xidmətlər göstərmiş fədakar insanlar - milli ruhlu yazıçı şairlər bir sıra təqiblərə məruz qalaraq 1937-ci il repressiyasının caynaqlarına keçdilər: Bəkir Çobanzadə, Böyükağa Talıblı, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz, Seyid Hüseyn, Tağı Şahbazi, Ruhulla Axundov, Vəli Xuluflu, Ömər Faiq Nemanzadə, Əmin Abid, Əli Razi, Əliabbas Müznib, Sultan Məcid Qənizadə, Hacı Kərim Sanılı, Hənəfi Zeynallı, İsmayıl Katib başqaları.

Yarandığı gündən indiyə kimi Azərbaycan Yazıçılar Birliyinin on rəhbəri olub. Hətta bəziləri bu vəzifəyə bir neçə dəfə etimad göstərilərək seçiliblər. Yazıçılar İttifaqı yarandıqda onun ilk sədri Məmməd Kazım Ələkbərli seçilmişdir. Təəssüf ki, cəmi iki il Azərbaycan yazıçılarına rəhbərlik edən bu istedadlı yazıçı repressiya qurbanlarından olmuşdur. O, həbs edilərək 1938-ci ildə güllələnmişdir.

1936- ildə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin sədri nasir, publisist, tərcüməçi Seyfulla Şamilov seçilmişdir. Diqqət çəkən heç cür izahı tapılmayan məsələdir ki, 1938-ci ildə Seyfulla Şamilov da qara siyahıya düşərək 18 il uzaq Sibir çöllərində ağır sürgün həyatı yaşamışdır.

Yazıçılar İttifaqı yarandığı gündən onun məsul katibi seçilən Səməd Vurğun sonralar uzun müddət Azərbaycan yaradıcı qüvvələrini bir araya gətirən birliyə rəhbərlik etmişdir. O vahiməli illərdə, özündən əvvəlki sədrlərin aqibəti baş alıb gedən haqsızlıqlar təbii ki, Səməd Vurğunun ürəyini ac qurd kimi yeyirdi. Elə bu namərdliklərin nəticəsində böyük şair ömür pilləsində 50-dən o tərəfə keçmədi. 1937-ci ildə təkcə fiziki deyil, həm mənəvi baxımdan insanları qətlə yetirirdilər.

Azərbaycan yazıçılarının 1991-ci ildə keçirilən IX qurultayı yeni nizamnamə layihəsində bir sıra faydalı dəyişikliklər apararaq qərar qəbul etmişdir: Azərbaycan Yazıçılar İtiifaqı bundan sonra rəsmən Azərbaycan Yazıçılar Birliyi adlansın.

Hazırda Azərbaycan Yazıçılar Birliyi respublikada ən fəal müstəqil ictimai təşkilatlardan biridir. Dövlət tərəfindən Birliyin orqanı kimi nəşr edilən qəzet jurnallara maliyyə yardımı göstərilir. İstər respublikada, istərsə onun hüdudlarından kənarda Yazıçılar Birliyinin həyata keçirdiyi səmərəli işlər, bir sıra təşkilati tədbirlər Azərbaycan ədəbiyyatının inkişafında ciddi rol oynayır.

Azərbaycan Yazıçılar Birliyi 75 illik fəaliyyəti dövründə öz ətrafına mindən artıq yazıçı, şair, tərcüməçi, publisist toplamışdır. Birliyin Naxçıvan, Qazax, Quba, Şəki, Sumqayıt, Lənkəran digər bölgə bölmələri fəaliyyət göstərir.

Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan yazıçılarına xüsusi diqqət göstərərək istər onların yaradıcılıq fəaliyyətini dəyərləndirmək baxımından, istərsə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün müntəzəm olaraq sərəncamlar imzalayardı. İndi bu işi uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan yazıçılarının səmərəli fəaliyyət göstərmələri üçün onların yaradıcı əməyini yüksək qiymətləndirir. Neçə-neçə yazıçıya fəxri adlar, orden medallar, Prezident təqaüdləri, pul mükafatları, mənzillər verilmişdir. Məhz Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Yazıçılar Birliyinin yerləşdiyi qədim bina əsaslı təmir olunmuş, avadanlıqlarla təmin edilərək yaradıcı insanların ixtiyarına verilmişdir. İndi Azərbaycan ədibləri qədim ənənələrə söykənən, müasir standartlara uyğun gələn gözəl, yaraşıqlı binada müxtəlif görüşlər, müzakirələr, kitab təqdimatları, yubileylər keçirirlər. Hər dəfə rahat, isti, gözəl şərait üçün yazıçılar ölkə başçısına minnətdarlıq edirlər.

Qarşıdan Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyi gəlir. Ədəbiyyatşünas alim Əziz Mirəhmədov yazırdı: "Yazıçının həyat yolu! O, təkcə qələm əhli üçün yox, bəzən hətta milyonlarla sıravi oxucu üçün gərəkli ibrətamiz olur. Biri az, biri çox - hər halda ömrünü sənətə, insanların zehni, estetik tərbiyəsinə həsr edən həqiqi sənətkarın keçdiyi həyat yolu onun xələflərinə, mənsub olduğu xalqın balalarına şəksiz mənəvi səmərə verir". Biz bu niyyətlə qəzetimizin gələcək saylarından başlayaraq Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etmiş hər bir şair yazıçının yaradıcılığına işıq salacağıq: ilk sədri unudulmaz Məmməd Kazım Ələkbərlidən tutmuş hazırkı rəhbəri, xalq yazıçısı Anara kimi. Çalışacağıq ki, "Yaşıl qələm"dən başlanan yolun hansı döngələrdən, tufanlardan, təqiblərdən keçərək ədəbi çağlayışa necə qovuşduğunu doğru dürüst əks etdirək.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-27 yanvar.-S.6.