Hökumətin iqtisadi siyasətində regionların inkişafı mühüm yer tutur

 

Azərbaycan planetin elə əlverişli və münasib hissəsində yerləşir ki, burada təbiət onun azad və sərbəst inkişafı, əhalisinin isə firavan və rahat yaşaması üçün hər cür lazımi şərait yaratmışdır. İlk növbədə respublikanın bütün regionları hamısı bu və ya digər əhəmiyyətli sərvət növləri ilə zəngindir. Ərazisinin bir hissəsini tutan yüksək dağlıq sahələrini nəzərə almasaq, qalan yerlərinin hamısı insanların rahat yaşaması üçün xeyli yararlıdır. Lakin bütün bunlara baxmayaraq, Abşeron və ya Bakı-Sumqayıt iqtisadi rayonunda tarixən hər cəhətdən yolverilməz sıxlıq mühiti yaranmışdır.

Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan sənayenin ölkə üzrə ümumi məhsulunun 80-90 faizə qədərini həmin kiçik ərazidə yerləşən müəssisələr vermişdir. Bununla əlaqədar olaraq iqtisadiyyatın başqa sahələri, infrastruktur sisteminin əsas növləri də burada son dərəcə yüksək səviyyədə təmərküzləşmişdir. Təsadüfi deyildir ki, 1897-ci ilə nisbətən (Rusiyada əhalinin ilk siyahıyaalma dövrü) 1970-ci ildə Azərbaycanda yaşayan insanların sayı təxminən 2,3 dəfəyə qədər artdığı halda, bu müddət ərzində Bakı şəhərinin əhalisi 11 dəfə artmışdır. Ancaq keçən əsrin 70-80-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başçılığı ilə respublikada müəyyən edilmiş düzgün və uzaqgörən iqtisadi inkişaf kursu nəticəsində həyata keçirilən tədbirlər hesabına Azərbaycan iqtisadiyyatının hərtərəfli, kompleks artımı əsasında bütün regionlarda məhsuldar qüvvələrin güclü yüksəlişi baş verdi. Bu da onların qısa vaxt içərisində respublikanın ümumi sənaye istehsalında xüsusi çəkilərinin əvvəlki 20 faizdən 40 faizə yüksəlməsinə səbəb oldu. Abşeronun hüdudlarından kənarda yerləşən respublika regionlarında xalq təsərrüfatının başqa sahələrinin də əhatəli inkişafı həyata keçirildi və onlarda sosial-iqtisadi inkişafın bütün əsas problemləri o zamankı meyarlara uyğun səviyyədə həll edildi.

Ötən əsrin axırlarında Qorbaçovun Azərbaycanın milli mənafelərinə zidd siyasəti, ardınca xalqın uzun müddət həsrətində olduğu dövlət müstəqilliyinin əldə edilməsinin ilk illərində ölkənin idarəetmə sükanının səriştəsiz və bacarıqsız əllərə keçməsi nəticəsində regionların sosial-iqtisadi həyatı ən çox zərər çəkən sahələrdən biri oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızda başladığı yenidənqurma tədbirləri və iqtisadi-hüquqi islahatlar Azərbaycanın dünyada mövqeyini möhkəmlətdi, habelə ölkənin hərtərəfli parlaq gələcəyini təmin etdi. İlk növbədə böyük rəhbərin ərsəyə gətirdiyi beynəlxalq əhəmiyyətli "Əsrin müqaviləsi" Azərbaycan həyatının bütün sahələrində olduğu kimi, regionların inkişafı baxımından da çox əlamətdar hadisə oldu. Heydər Əliyevə çox yaxşı məlum idi ki, Azərbaycan müxtəlif təbii sərvətlərlə son dərəcə zəngin ölkədir. Lakin uzun müddət onun bu imkanlardan səmərəli istifadə etməyə nə müstəqil fəaliyyət göstərmək hüququ, nə də kifayət qədər maliyyə vəsaiti olmuşdur. Şübhəsiz, ulu öndər Heydər Əliyev yeni neft strategiyasını hazırlayıb həyata keçirərkən ilk növbədə Azərbaycanın hərtərəfli inkişafını düşünmüşdür. Hələ 1997-ci ildə ümummilli lider Amerikaya etdiyi rəsmi səfəri zamanı oradakı söhbətlərin birində bu ölkənin şirkətlərinin nümayəndələrinə demişdir: "İndi biz ölkəmizə xarici sərmayələr cəlb edirik, ancaq gələcəkdə gəlirlərimiz çox olanda onlar respublika iqtisadiyyatının inkişaf etdirilməsinə, əhalinin yaşayışının yaxşılaşdırılmasına sərf ediləcəkdir".

Ulu öndər Amerikanın nüfuzlu şirkətlərinin rəhbərlərinə çatdırırdı ki, respublikanın iqtisadi imkanları təkcə Xəzərin enerji ehtiyatları ilə məhdudlaşmır, onun çoxsahəli iqtisadiyyatı var. Bununla da Heydər Əliyev ölkənin müxtəlif regionlarının böyük sərvətlərinin istifadəsini nəzərdə tuturdu. Ona görə də ölkəyə rəhbərliyin ikinci dövründə ulu öndər regionların hərtərəfli sosial-iqtisadi inkişaf kursunu fəaliyyətində prioritet məsələ kimi gündəmə gətirdi: "Çıraq" yatağından 1997-ci ildə ilk mənfəət neftinin çıxarılmasından sonra bu sahədə də böyük dönüş yarandı. "Əsrin müqaviləsi"nin tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikilib istifadəyə verilməsi nəticəsində Xəzərin karbohidrogen yataqlarından daha geniş miqyasda istifadə olunması ilə artan gəlirlər hesabına regionların sosial-iqtisadi inkişafı daha da sürətləndirildi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev regionların ardıcıl yüksəlişi məsələsinə göstərilən səyləri artırdı. Cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkisi ərəfəsində regionların inkişafında həlledici əhəmiyyət kəsb edən əsas məsələdə - yəni qarşıdakı 5 ildə ölkədə 600 min yeni iş yerlərinin açılmasına təminat verdi. Prezident seçildikdən sonra isə dövlət başçısı dərhal "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın təsdiq edilməsi haqqında fərman imzaladı. Bundan sonra ölkənin regionlarında olan əlavə tədbirlərin həyata keçirilməsi üçün daha 19 sərəncam imzaladı. Ölkədə xüsusi investisiya şirkətinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və qeyri-neft sektorunun artımına üstünlük verilməsi regionların sosial-iqtisadi inkişafının sürətini xeyli artırdı. Bu cəhətdən dövlətin və Heydər Əliyev Fondunun dəstəyi ilə miqyaslı və məqsədəuyğun tədbirlər həyata keçirilməyə başlandı. Dövlət proqramından irəli gələn son dərəcə çoxşaxəli vəzifələrin həlli kompleks şəkildə, mərhələlərlə gerçəkləşdirildi.

Etiraf etmək lazımdır ki, ona qədər regionlarda görülən işlər obyektiv səbəblər üzündən həm məhdud olmuş, həm də əsasən ayrı-ayrı ərazidə günün ancaq zəruri tələblərinin ödənməsinə xidmət etmişdi. Bu şəraitdə hazırda görülən işlərdə üstünlük regionlarda tam əhatəli infrastruktur şəbəkəsini yaratmağa verilir. Məsələ ondadır ki, vaxtilə fəaliyyətdə olan bu sistem uzun müddət istismar nəticəsində köhnələrək ya sıradan çıxmış, ya da müasir tələblərə cavab verməyən vəziyyətdə idi.

Son zamanlar ölkənin bütün regionlarında qazlaşdırma və elektrikləşdirmə şəbəkələri genişləndirilir, yüzlərlə yeni məktəblər, müalicə mərkəzləri və idman qurğuları tikilir, minlərlə kilometr uzunluğunda yol çəkilir və müasirləşdirilir, Naxçıvanda, Zaqatalada, Lənkəranda dünya standartlarına cavab verən beynəlxalq təyyarə limanları inşa edilir və digər sosial obyektlər istifadəyə verilir. Regionların sosial-iqtisadi inkişafının indiki mərhələsində üstünlük əsasən infrastruktur şəbəkələrinin müasirləşdirilməsinə verilsə də, eyni zamanda yeni istehsal müəssisələri də yaradılır. Bu istiqamətdə hazırda regionlarda energetikanın, qara və əlvan metallurgiyanın yeni keyfiyyətdə müxtəlif (yerli xammaldan hazır məhsullar hasil etmək) sahələrinin, çeşidli tikinti materiallarının, maşınqayırma, kənd təsərrüfatı xammalının emalı üzrə müəssisələrin yaradılması da geniş vüsət almışdır. Çox əlamətdardır ki, elektroenergetikanın əsasən regionlarda yerli istehsal bazası yaradılır. Mingəçevir, Şirvan, Şəmkir, Gəncə elektrik-energetika mərkəzlərinin sırasına Astara, Xaçmaz, Şəki, Naxçıvan və digər iri elektrik stansiyaları da daxil olmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı qəbul edildikdən sonra respublikanın bölgələrində böyük quruculuq işləri həyata keçirilir, bütün sahələrdə müsbət dəyişikliklər baş verir. 2007-ci ildə fəaliyyətdə olan 2759 sənaye müəssisəsinin 1092-si və ya 40 faizi rayonların payına düşür ki, onlar da 2000-ci ilə nisbətən (692) 1,6 dəfə çoxdur. Cənab İlham Əliyevin respublikada 600 min yeni iş yerinin açılması barədə verdiyi vəd 5 il tamam olmamış yerinə yetirilmiş, respublikamızda 768 min yeni iş yeri açılmışdır. Onların əsas hissəsi regionlarda fəaliyyət göstərən müəssisələrin hesabınadır. Təsadüfi deyildir ki, bu regionlarda sənaye sahəsində çalışan işçilərin sayı respublikada 2003-cü ilə nisbətən 2007-ci ildə 12,5 faiz artmışdır. Bu rayonlarda kənd təsərrüfatı sahələrinin xeyli yüksək səviyyədə inkişafını da xüsusi qeyd etmək lazımdır. Bir çox sahələr (taxılçılıq, tərəvəzçilik, kartofçuluq, meyvəçiilk, ət, süd, yun istehsalı) elə yüksək səviyyədə inkişaf etmişdir ki, hətta əvvəlki illəri xeyli ötüb keçmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında regionların inkişafı sahəsində əldə olunan uğurlardan söz açmışdır: "Kənd təsərrüfatı, sənaye istehsalı sahəsində böyük nailiyyətlər var. Azərbaycanda yeni, böyük müəssisələr açılır. 2008-ci ildə Bakıda və bütün bölgələrdə yeni müəssisələrin açılışında iştirak etmişdik. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıbdır. 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilib və proqrama o vaxt nəzərdə tutulmamış bir çox məsələ əlavə olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün bölgələrdə yeni infrastruktur layihələri həyata keçirilib, iş yerləri açılıbdır, yeni müəssisələr fəaliyyətə başlayıbdır. Son beş ildə 766 min yeni iş yeri açılıb ki, bunların 548 mini daimidir. 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır".

"Aqrolizinq" şirkətinin böyük dəstəyi ilə əkin sahələrinin vaxtında becərilməsi, yüksək məhsul almaq üçün onların təminatında və mexanikləşdirilməsində görülən işlər son dərəcə yüksək səmərə verir. Respublikanın bütün regionları indi geniş tikinti meydanına çevrilmişdir. Fəaliyyətdə olan tikinti müəssisələrinin hazırda 46 faizə qədəri rayonlarda yerləşmişdir. Şamaxıda avtomobil və televizor zavodu, Ordubadda dəyirman, Qaxda fındıq emalı sexi, Astarada tomat istehsal edən konserv zavodu, Babəkdə beton zavodu, İmişlidə şəkər zavodu, Vayxır hidroqovşağında su elektrik stansiyası, Lənkəranda tikiş fabriki, Mingəçevirdə kompüter zavodu, Naxçıvanda əlvan metal zavodu, Qazaxda bentonit zavodu və iqtisadiyyatın digər sahələrini əhatə edən obyektlər tikilmişdir.

Dövlət başçısı regionların sosial-iqtisadi inkişafını yaxın gələcəkdə sürətləndirmək məqsədilə 2009-2013-cü illəri əhatə edən yeni proqramın hazırlanmasına göstəriş vermişdir. Son zamanlar yerlərdə istehsalın inkişafı üçün möhkəm zəminin yaranması, milli sahibkarlığın hərtərəfli fəaliyyəti üçün zəruri şəraitin olması, qeyri-neft sektorunun respublika iqtisadiyyatında getdikcə daha hakim mövqe tutması və ölkənin davamlı inkişafına sərmayə qoyuluşunda daxili investisiyaların üstünlüyü böyük nəticələr verir. Qarşıdakı illərdə regionlarda zəruri infrastruktur şəbəkəsini bundan sonra da davam etdirmək üçün üstünlük əsasən yeni istehsal sahələrinin yaradılmasına veriləcəkdir. Respublikada bu istiqamətdə görüləcək həlledici tədbirlərin artıq möhkəm əsası qoyulmuşdur. Gəncə şəhərində tikilən alüminium zavodu və polad kompleksi, Şirvan və Qubada yeni elektrik stansiyalarının yaranması, Gədəbəydə qızıl xammalı çıxarılması və onun emalı üzrə istehsalın qurulması, Ağstafada sement zavodunun, müxtəlif regionlarda kənd təsərrüfatı məhsulları əsasında emal müəssisələrinin inşası yerlərdə güclü sənaye kompleksinin təşəkkülündə əhəmiyyətli rol oynayacaqdır.

Regionların inkişafı nöqteyi-nəzərindən çox əlamətdar bir məqamı da qeyd etmək lazımdır: indi milli sahibkarlar taleyüklü iri quruculuq layihələrinin gerçəkləşdirilməsində böyük imkanlara malikdirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan regionlarının da beynəlxalq iqtisadi-mədəni əməkdaşlıq fəaliyyətinin genişləndirilməsində genişmiqyaslı üfüqlər açacaqdır.

Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası bir daha göstərdi ki, regionların hərtərəfli inkişafı üçün dövlət ardıcıl və məqsədyönlü siyasəti uğurla həyata keçirir. Bu istiqamətdə reallaşdırılan siyasətin uğurlu bəhrələri bir inamı daha da möhkəmləndirir ki, tezliklə regionların sosial-iqtisadi inkişafında mühüm şərtlərdən olan əhalinin ümumi məşğulluq səviyyəsinin yüksəldilməsinə və bu əsasda onların maddi rifahının yaxşılaşdırılmasına nail olunacaqdır. Bu da adamların lüzumsuz olaraq daha mərkəzə getməyə səy göstərməsi əvəzinə, əksinə, onların mərkəzdən müxtəlif regionlara miqrasiya etmək meyillərini xeyli gücləndirə bilər.

 

 

Asəf Nadirov

akademik, əməkdar elm xadimi

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 5.