Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, sammitlər şəhərinə və qlobal layihələrin təşkilatçısına çevrilib

 

Son illər yüksək sürətli inkişaf nəticəsində güclü dövlətə çevrilmiş respublikamız regional layihələrin iştirakçısı olmaqla yanaşı təşkilatçı funksiyasını da artırmışdır. Ölkəmizdə bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa rəvac verən forumların keçirilməsi, mötəbər toplantılara ev sahibliyi edilməsi həm də Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Ötən il respublikamızda təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat, elm və təhsil, siyasət sahələrini əhatə etməklə bahəm sivilizasiyalararası dialoqu reallaşdıran qlobal sosial problemlər də diqqətdən kənarda qalmadı.

 

Dövlət quruculuğunun meyarları

 

Azərbaycan Parlamentinin 90 illik yubileyi dünya ölkələrinin ali qanunverici orqanları arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İyunun 19-da bu münasibətlə keçirilən təntənəli yığıncaqda iştirak edən Gürcüstan parlamentinin sədri David Bakradze, Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayev, Pakistan Parlamenti Senatının sədri Mühəmmədmian Sumro müstəqil Azərbaycan parlamentinin inkişaf etdirilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xidmətlərindən danışaraq qarşılıqlı parlament səfərlərinin zəruri olduğunu qeyd etdilər. Pakistan Parlamenti Senatının sədri Mühəmmədmian Sumro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləməkdə davam edəcəyini söylədi.

Polşa Senatının sədri Boqdan Boruseviç qeyd etdi ki, Azərbaycan özünün İstiqlal Bəyannaməsində xalqların öz müqəddəratını təyin etməsi, demokratiya, milliyətindən və dinindən asılı olmayaraq vətəndaşların hüquqlarının müdafiəsi prinsiplərini bəyan etmişdir. Moldova parlamentinin sədri Marian Lupu, Rumıniya Senatının sədri Nikolae Vekeroyu beynəlxalq aləmdə Azərbaycanın əlaqələrinin genişləndiyini bildirdilər. Tədbir iştirakçıları ölkələrin ali qanunverici orqanları arasındakı əlaqələrin möhkəmləndirilməsi zəruriliyinə toxunaraq təntənəli yığıncağın qarşılıqlı əməkdaşlığa təkan verəcəyini söylədilər.

 

Qarşılıqlı faydalılıq əmsalı: Avropa İttifaqı-Xəzər hövzəsi nəqliyyat dəhlizi

 

Respublikamızın dinamik inkişafı aydın şəkildə göstərir ki, mütəşəkkil rəhbərlik, əhatəli yanaşma sayəsində ölkə tərəqqiyə doğru irəliləyir. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər bir çox ölkə üçün nümunədir.

Noyabrın 14-də Bakıda keçirilən IV Enerji sammitində Türkiyə Prezidenti Abdulla Gül, Litva Prezidenti Valdas Adamkus, Ukrayna Prezidenti Viktor Yuşşenko, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Polşa Prezidenti Lex Kaçınski, Bolqarıstanın vitse- prezidenti Angel Marin, Macarıstanın Baş naziri Ferents Dyurçan son illərdə Azərbaycanın qazandığı nailiyyətlərə toxunaraq bunun davamlı proses olduğunu bildirdilər. 21 ölkənin nümayəndələrinin və diplomatların iştirak etdiyi Bakı sammiti beynəlxalq enerji təhlükəsizliyi problemlərinə həsr olunmuşdu. Xəzər hövzəsində hasil edilən enerji daşıyıcılarının Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin yaradılması və digər məsələlərin müzakirə edildiyi tədbiri açan Prezident İlham Əliyev Azərbaycanda geniş beynəlxalq əməkdaşlığın olmasının hazırkı sürətli iqtisadi inkişafda mühüm rol oynadığını söylədi. Dövlət başçısı qeyd etdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi və eyni zamanda Qara dəniz sahilinə çıxan Bakı-Supsa boru kəmərinin istismarı Xəzər regionunda beynəlxalq tərəfdaşlığın mərhələlərini təşkil edir.

Azərbaycanı dünya dövlətlərini bir araya gətirən mərkəz adlandıran Gürcüstan Prezidenti Mixeil Saakaşvili Avropanın demokratik dövlətlərinin enerji təhlükəsizliyinin gələcəyinin hamı üçün vacib olduğunu dedi. O bildirdi ki, Avropa İttifaqı-Xəzər hövzəsi nəqliyyat dəhlizi hər iki tərəf üçün fayda verəcək. Litva Prezidenti Valdas Adamkus Azərbaycanın bölgədə artan mövqeyinə toxunaraq nəqliyyat dəhlizinin gələcək perspektivlərindən bəhs etdi. Toplantının enerji sahəsindəki regional əməkdaşlığa daha geniş perspektivdən yanaşmağa imkan verəcəyini bildirən Türkiyə Prezidenti Abdulla Gül Bakı-Tibilisi-Ərzurum təbii qaz boru xəttini Şərq-Qərb enerji dəhlizinin ikinci tərkib hissəsi kimi səciyyələndirdi.

Ukrayna Prezidenti Viktor Yuşşenko Xəzər, Qara və Baltik dənizləri regionunda enerji əməkdaşlığı ilə irəli sürülən təşəbbüsün davam etdirildiyini söyləyərək Azərbaycanın qlobal layihələrdəki səylərini alqışladı. Bolqarıstanın vitse-prezidenti Angel Marini, Estoniyanın Baş naziri Andrus Ansip, Macarıstanın Baş naziri Ferents Dyurçan, ABŞ-ın energetika naziri Samuel Bodman təbii qaz sahəsində respublikamızda olan yataqların qlobal irəliləyişi əldə etməyə imkan verəcəyini bildirdilər. Sammitdə qəbul olunan Bəyannaməyə qoşulanlar arasında Avropa İttifaqının üzvü olan 9 dövlətlə yanaşı Avropa Komissiyası da var. Sənəd gələcək əməkdaşlıq perspektivləri üçün geniş imkanlar yaradır və bunun davamlı proses olmasına rəvac verir.

 

Avropa və İslam tarixində ilk mədəniyyətlərarası dialoq

 

Prezident İlham Əliyevin respublikamızda mədəniyyət və turizm sahələrinin inkişafı, dünya miqyasında təbliği üçün 100-dən çox fərman və sərəncam imzalaması bu sahələrə olan qayğı və diqqətinin göstəricisidir. Qeyd etmək lazımdır ki, dövlət qayğısı nəticəsində hazırda mədəniyyət və turizm sahələrinin dünya miqyasında tanınması üçün daha əlverişli şərait mövcuddur. 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq saziş və konvensiyanın imzalanması bunu deməyə əsas verir. Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin, habelə onun bir hissəsi olan İslam mədəniyyətinin tərkib hissələrindən olduğuna görə, Bakı 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan olunub.

Dekabrın 2-də respublikamızda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı mədəniyyət nazirlərinin ilk toplantısı idi. "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında inkişafın və sülhün əsasıdır" mövzusunda işə başlayan tədbirdə Avropa Şurasının üzvü olan, habelə müşahidəçi ölkələrin, Avropa Mədəniyyət Konvensiyasını imzalamış dövlətlərin, qonşu regionları təmsil edən 10 ölkənin, YUNESKO-nun, Avropa Komissiyasının, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası Ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) yüksək rütbəli rəsmiləri, müxtəlif fondların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də daxil olmaqla ümumilikdə 250-dən çox nümayəndə, 16 nazir, 18 nazir müavini və 10 beynəlxalq təşkilatın başçısı iştirak edirdi. Bakı konfransı nəinki respublikamızın və Qərbin, eyni zamanda Şərqin mədəni həyatında mühüm hadisə idi. Çünki konfransın mövzusu, iştirakçıların tərkibi və əhatə etdiyi regionların miqyasına görə Avropa və İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbir idi.

Konfransda nitq söyləyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycanın dini, milli və etnik tolerantlıq məsələlərində böyük uğurlara nail olduğunu, millətlərarası münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət ayırdığını söylədi. Dövlət başçısı qeyd etdi ki, müstəqillik əldə olunandan sonra və dünya birliyinə inteqrasiya edəndən sonra Azərbaycanda müasir siyasi sistem formalaşır, aparılan islahatlar iqtisadi gücümüzü daha da artırır.

Avropa Şurasının baş katibi Terri Devis Azərbaycanı müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi kimi səciyyələndirdi və ölkəmizin Şərq və Qərb, Şimal və Cənub arasında təbii körpü olduğunu söylədi. O qeyd etdi ki, respublikamızın ev sahibliyi etdiyi beynəlxalq tədbir Avropa Şurasının özünün mədəniyyətlərarası dialoqa dair "Ağ kitab"ının yaradılmasından, qanunlar sənədinin hazırlanmasından sonra nazirlər səviyyəsində keçirilən ilk konfransdır.

Tədbir iştirakçıları Bakı konfansının yüksək səviyyədə təşkil olunduğunu söyləyərək bu tədbirin Avropanın mədəni proseslərində yeni bir istiqamətin - "Bakı prosesi"nin əsasını qoydu. Avropa Şurasının "Aralıq dənizində mədəniyyət" proqramının direktoru Fifi Benaboud konfransda təmsil olunan dövlətləri Aralıq dənizinin şimalı və cənubu ilə əməkdaşlığa dəvət etdi. Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkov Bakı konfransını mehribanlıq əlaqəsi adlandırdı.

Konfransda qəbul edilmiş Bakı Bəyannaməsi ilk sənəd idi ki, konkret mövzuya həsr olunurdu və gələcəkdə də belə tədbirlərdə bu sənədə istinad olunacaq. Bəyannamədə ilk dəfə olaraq Avropa və ona qonşu regionlar arasında dialoqun praktik vasitələrlə həyata keçirilməsi nəzərdə tutulur.

2008-ci ildə keçirilən beynəlxalq forumlara, sammitlərə və konfranslara ev sahibliyi edən Azərbaycan sülhpərvər və təşkilatçılıq missiyasının daimi olduğunu nümayiş etdirməklə yanaşı ölkəmizin qlobal layihələrin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi. Regionda təcavüzkar siyasət yürüdən və Cənubi Qafqazın inkişafına maneçilik törədən Ermənistan isə regional layihələrdən və bunun nəticəsi olaraq iqtisadi inkişafdan kənarda qalmışdır.

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 3.

 

(Əvvəli qəzetin 27 və

28 yanvar tarixli nömrələrində)