Qanunvericilikdəki dəyişikliklər torpaq üzərində hüquqi münasibətlərin şəffaflığını təmin edəcək

 

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, son illər iqtisadi artım üzrə Azərbaycan dünyanın ən islahatçı ölkəsi elan olunmuşdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda bu barədə demişdir: "Dünyanı bürümüş maliyyə və iqtisadi böhran böyük çətinliklər gətirmişdir. Müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük problemlərlə üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihəsi icra olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli inkişaf etmişdir və bunun nəticəsidir ki, ölkə 2008-ci ildə daha da güclənmişdir."

 

Torpaq islahatı xalqın rifahının yüksəlməsinə xidmət edir

 

Heç kəsə sirr deyil ki, Azərbaycanın dünyada ən islahatçı ölkəyə çevrilməsində ulu öndər Heydər Əliyevin adı ilə tarixə düşmüş torpaq islahatlarının xüsusi çəkisi var. Ümummilli lider ən qədim dövrlərdən bəri torpaq-əkinçi münasibətlərinin insanların yaşam tərzi olduğunu müstəqilliyimizin ilk illərində torpağı öz sahibinə, torpaq mülkiyyətçilərinə qaytarması ilə bir daha sübut etdi. "Torpaq islahatı haqqında" qanuna müvafiq olaraq, ölkəmizin vahid torpaq fondunun üç mülkiyyət formasına (dövlət, bələdiyyə və xüsusi) ayrılması işi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin biri digərini tamamlayan struktur vahidləri tərəfindən aparılan iri həcmli dövlət torpaq kadastrı və yerquruluşu tədbirləri əsasında təmin edildi. Mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının rəsmiləşdirilməsinə dair sənədləşmə işləri isə artıq tamamlanmaq üzrədir.

Torpaq islahatlarının başa çatdırılmasının birinci mərhələsində ölkədə mövcud olmuş 2042-yə yaxın təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edildi, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylandı. Hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd və dövlət aktları ilə rəsmiləşdirilərək naturada sahiblərinə tanıdıldı. Bu mərhələdə işğal olunmuş rayonlarımız istisna olmaqla, ölkəmizdə torpaq payı almaq hüququ olan 873.618 ailədən 869.268-nə torpaq payı verildi. Bu isə 3.442.778 subyekt deməkdir. Azərbaycanda torpaq islahatı artıq demək olar ki, başa çatıb, bu islahat nəticəsində formalaşan üç mülkiyyət hüququ müəyyənləşib. Ölkədə vahid torpaq fondunu təşkil edən 8.641.506 hektar torpaq sahəsindən 4.913.639 hektarı, başqa sözlə desək, 56,9 faizi dövlət mülkiyyətində saxlanılıb, 2.032.744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə verilib, 1.695.123 hektarı (19,6 faizi) isə xüsusi mülkiyyətə ayrılıb.

Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial-ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətləri yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə və onun ayrılmaz tərkib hissəsi olan ərzaq təminatına nail olmaq və Azərbaycan xalqının maddi rifah halını yüksəltməkdən ibarət olmuşdur. Məhz buna nail olmaq üçün ölkədə 1996-cı ildən başlayaraq mükəmməl hüquqi baza yaradılmışdır. 150-dən artıq fərman, sərəncam, qanun və digər normativ hüquqi güvvəyə malik sənədlər qəbul olunmuşdur. Həmin normativ hüquqi aktların hər biri ayrı-ayrılıqda torpaq islahatının reallaşması tarixində özünəməxsus əhəmiyyət kəsb etmişdir. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin "Aqrar sahədə islahatların dərinləşdirilməsinə dair əlavə tədbirlər haqqında" 1999-cu il 22 mart tarixli fərmanı torpaq islahatının birinci mərhələsində əvəzsiz pay torpağı əldə etmiş kənd təsərrüfatı məhsulları istehsalçıları arasında torpaq-istehsal münasibətlərinin formalaşdırılmasının əsasını qoymuşdur.

Heydər Əliyev siyasi kursunun ardıcıl davamçısı olan Prezident İlham Əliyev də ölkəmizin digər siyasi-iqtisadi məsələləri ilə yanaşı, aqrar sektoru daim diqqət mərkəzində saxlayır. Prezidentin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanı, regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) və 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarını təsdiq etməsi bunu sübut edir. Cənab İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədilə qəbul olunan həmin sənədləri təsdiq edərkən həmçinin nəzərə almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaq başlıca və əvəzedilməz amildir.

Sözügedən dövlət proqramlarında irəli sürülən vəzifələrin icrasında komitəyə tapşırılmış tədbirlərin müəyyən edilmiş müddətlərdə və qanunamüvafiq şəkildə tənzimlənməsi üçün biz idarəetmə strukturunda bir sıra zəruri təkmilləşdirmə işləri aparmışıq. Tədbirlərsə az deyil. Ərzaq təhlükəsizliyi Dövlət Proqramının əsas hədəfləri dənli bitkilərin əkin sahələrini 900 min hektara, ümumi məhsul istehsalını 2,8 milyon, ət istehsalını 340 min, süd və süd məhsullarının istehsalını 204 milyon, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə, kartof istehsalının həcmini 1,12 milyon, tərəvəz və bostan bitkiləri məhsulunun istehsalını 1,72 milyon, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahələrini 135 min, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sahələrini 500 min hektara və yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını isə ildə 2 milyon tona çatdırmaqdan ibarətdir.

Bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, adambaşına 0,18 ha torpaq sahəsi düşən Azərbaycanda torpağın qorunması və mühafizəsi məsələsi daim diqqət mərkəzində saxlanılmışdır. Heç təsadüfi deyil ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1996-cı il tarixli fərmanı ilə digər həlli vacib tədbirlərlə yanaşı, torpaq islahatı aparılarkən torpaqların istifadəsi və qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsinin nəzərə alınması ümummilli lider Heydər Əliyevin qarşımızda qoyduğu mühüm vəzifələrdən biri olmuşdur. Məhz bu fərmanla verilmiş tapşırığın məntiqi davamı kimi ölkəmizdə ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarında yoxlama-nəzarət funksiyalarının ləğv olunduğu bir vaxtda ulu öndər Heydər Əliyevin 2000-ci il 28 noyabr tarixli fərmanı ilə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti baxımından Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə mühüm və yeni səlahiyyətlər verilməsi ümummilli liderin torpağa həssas münasibətindən irəli gəlmişdir. Həmçinin həmin fərman bir daha onu göstərdi ki, torpaqdan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti torpaq islahatının məqsədinə nail olunmasını şərtləndirməklə bərabər, bu təbii-tarixi sərvətin dövlət səviyyəsində qorunaraq gələcək nəsillərə yararlı vəziyyətdə çatdırılması təxirəsalınmaz bir vəzifədir.

 

Torpaqların hərrac və müsabiqələr vasitəsilə verilməsi

zərurətdən irəli gəlir

 

Görülən tədbirlərə baxmayaraq, torpaqlardan istifadə və onların mühafizəsində, eləcə də yerlərdən vətəndaşların ərizə, şikayət və müraciətlərinə səbəb olan problemlər yaranırdı. Xüsusən yerlərdə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsində və alqı-satqı zamanı qanun pozulur, qanunvericiliklə müəyyən edilmiş növbəliyə əməl edilmir, vətəndaşların üstün hüquqları nəzərə alınmırdı. İstər "Torpaq icarəsi haqqında", istərsə də "Torpaq bazarı haqqında" qanunlarında torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar və müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulmasına baxmayaraq, yerli icra hakimiyyətləri və bələdiyyələr yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük verir, "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nı pozaraq torpaqların hərrac və ya müsabiqəyə çıxarılması üçün təşkilatçıya - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmirdilər. Torpaqların açıq hərrac və müsabiqə yolu ilə satılması və ya icarəyə verilməsi məhz bu cür neqativ halların aradan qaldırılmasının zəruriliyindən irəli gəlmişdir.

Bu məqsədlə "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli qanunu qəbul olunmuşdur. Həmin qanun Prezidentin 10 dekabr 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.

 

Təşkilatçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir

 

Torpaq bazarının təşkili sahəsində komitənin səlahiyyət və vəzifələri aşağıdakılardan ibarətdir:

- dövlətin aqrar siyasətinin həyata keçirilməsi;

- torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair normativ-hüquqi sənədlərin işlənməsi və təsdiq edilməsi;

- torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin əhali arasında geniş formada təbliğ olunması;

- torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə aşkarlanması;

- torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət qeydiyyatı və sənədləşdirilməsi;

- torpaq əqdləri ilə bağlı dövlət rüsumlarının hədlərinin və onların ödənilməsi qaydalarının müəyyən edilməsi;

- inzibati-ərazi vahidləri üzrə yerli şərait nəzərə alınmaqla xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi və Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilmiş digər təşkilatçı səlahiyyətlər.

 

Torpaq bazarının təşkilindəki dəyişikliklər

 

"Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" sözügedən qanunun qəbul edilməsi ilə torpaq bazarının təşkilində bir sıra yeniliklər ediləcək. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu qanunun tətbiq edilməsi ilə bağlı fərmana əsasən, dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqların hərrac və ya müsabiqəsini keçirməklə yanaşı, onun rayon və şəhər şöbələri hərrac və ya müsabiqə nəticəsində dövlət torpağını icarəyə götürmək istəyən qalib çıxmış hüquqi və fiziki şəxslərlə "Torpaq icarəsi haqqında" qanunun 10-cu maddəsinə müvafiq olaraq torpaq icarəsi müqaviləsi bağlayacaq. Halbuki torpaq icarəsi müqaviləsini bağlamaq səlahiyyəti və icarəyə verən tərəf kimi çıxış etmək indiyədək müvafiq yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilirdi.

Prezidentin qeyd edilən fərmanı ilə verilmiş səlahiyyətlərin şəffaf və qanunamüvafiq şəkildə həyata keçirilməsi üçün komitə bir sıra təxirəsalınmaz tədbirlər görür. Eyni zamanda, komitədə torpaq hərrac və müsabiqələrinin keçirilməsi qaydalarının tətbiqi ilə əlaqədar lazımi mexanizm hazırlanır. Bundan əlavə, Prezidentin 2008-ci il 10 dekabr tarixli fərmanı ilə edilmiş dəyişikliklər və əlavələrlə birlikdə qüvvədə olan və dövlət başçısının 2003-cü il 23 oktyabr tarixli fərmanı ilə təsdiqlənmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nın 3-cü bəndi ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələrinin hazırlığı üzərində iş aparılır.

Məlumdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna və digər qanunvericilik aktlarına müvafiq hazırlanmış dövlət və ya bələdiyyə torpaqları üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərraclarının və müsabiqələrinin keçirilməsi qaydaları müəyyən olunmuşdur. Həmin qaydalarda göstərilir:

- torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqlarıdır;

- Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyətə və icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilməlidir. Bundan başqa, bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyətə və icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.

Prezidentin 2003-cü il 23 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı müsabiqələrin və hərracların keçirilməsi qaydaları isə dövlət başçısının 10 dekabr 2008-ci il tarixli fərmanında öz əksini tapmışdır.

Adları göstərilən qanunlarda da qeyd edildiyi kimi, bu sahədə bir sıra zəruri dəyişikliklər və əlavələr edilmişdir. Məsələn, "Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinə fərdi yaşayış evinin tikintisi üçün hərbi qulluqçulara bir dəfə pulsuz torpaq sahəsinin verilməsini nəzərdə tutan dəyişiklik olunmuşdur. Həmin şəxslərə icarəyə torpaq ayrılmasına dair münasibətdə isə qeyd edilən maddədən "torpaq icarə haqqından azad edilirlər" sözləri çıxarılmış, yalnız hərrac və müsabiqə zamanı onlara üstün hüququn verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, "Torpaq islahatı haqqında" qanunun 7-ci maddəsi üzrə edilmiş dəyişikliyə görə, bələdiyyə torpaqları istifadəyə yalnız bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara ayrıla bilər. Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları isə kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə yalnız icarəyə verilə bilər. Həmin qanunun 19-cu maddəsi üzrə əlavələrə görə, bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edə bilərlər.

Digər dəyişiklik "Torpaq icarəsi haqqında" qanunun 10-cu maddəsinə edilmişdir. Dəyişikliyə əsasən, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin qanunun 14-cü maddəsinin 6-cı hissəsi "Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı hərraca (müsabiqəyə) çıxarılan dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər" kimi yeni redaksiyada verilmişdir. Qanunun 19-cu maddəsinə edilmiş dəyişikliyə görə isə, bələdiyyə torpaqlarının əvvəllər bilavasitə icarəyə verilməsi müddəti bitdikdə həmin torpağın müddəti yalnız müsabiqə və ya hərrac nəticəsində uzadıla bilər. Hərrac və ya müsabiqədə təkliflər eyni olduqda ilkin istifadəçiyə üstünlük verilir.

"Torpaq bazarı haqqında" qanunun 4-cü maddəsinə də dəyişikliklər və əlavələr edilmişdir. Əvvəlki redaksiyaya əsasən, bələdiyyə mülkiyyətində olan torpaq üzərində istifadə hüququ da torpaq bazarının obyekti sayılırdı. Yeni redaksiyaya görə isə, bələdiyyə mülkiyyətində olan torpaq üzərində yalnız icarə hüquqları torpaq bazarının obyekti ola bilər. Həmin qanunun bələdiyyə torpaqlarının alqı-satqısı başlığında olan 9-cu maddəsi üzrə 5-ci və 6-cı hissələr yeni redaksiyada verilmişdir. Yeni redaksiyada göstərilir ki, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:

- bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə;

- yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

- sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;

- müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;

- müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

Bütün bunları təşkil etmək və həyata keçirmək üçün DTXK-da torpaq hərrac və müsabiqələrinin təşkili komissiyası yaradılması haqqında qərar qəbul olunmuşdur. Komissiyaya yerli rayon (şəhər) icra hakimiyyətindən bir, bələdiyyə üzvlərindən bir, rayon torpaq şöbələrindən iki və bir nəfər də ictimaiyyətin nümayəndəsi seçiləcək.

Hazırda müvafiq əmrlə təsdiqlənmiş hərrac və müsabiqə komissiyası barədə yerlərdə izahat işləri aparılır. Bundan əlavə, respublikada torpaq hərrac və müsabiqələrinin tənzimlənməsi üçün komitədə keçirilmiş geniş kollegiya iclasında bir sıra vacib təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.

 

 

Məmmədov  Qərib

 

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 5.