Mərhəmət işığında

 

Xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və milli genofondunun qorunması bu gün dövlətimizin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi həyata keçirilən çoxşaxəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilib. Bu islahatlara yaxından dəstək və böyük töhfələr verən Heydər Əliyev Fondu da xalqımızın genetik fondunun qorunub saxlanması problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə yanaşı, öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə kömək göstərilməsinə yönəldir. Ona görə Heydər Əliyev Fondunu xeyirxahlıq və ümid fondu da adlandırırlar.

 

Kimsəsiz uşaqlara qayğı Fondun fəaliyyətində prioritet vəzifələrdəndir

 

 Dinamik inkişaf yolu tutan, yeniləşən Azərbaycanda ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın atdığı addımlar sırasında uşaq evlərinə, internat məktəblərinə yönəltdiyi böyük diqqət onun gerçək vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənrərvərliyinin danılmaz sübutudur. Bu baxımdan Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı xüsusi aktuallığa malikdir. Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəllərində Bakıda və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində olduqdan sonra bu proqramın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab edib. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram ötən illərdə Heydər Əliyev Fondunun fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi diqqəti cəlb edib. Bu layihəni həyata keçirməklə Fondun məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etmək idi.

Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrindəki problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirildi. Belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğundan ilk növbədə texniki dəstək istiqaməti üzrə işlərə başlandı. İndiyədək 30-a yaxın uşaq evi və internat məktəbində yenidənqurma və tikinti-təmir işləri aparılıb. Onların zəruri avadanlıqlarla təmin edilməsi, kitabxanaların yeni ədəbiyyatla zənginləşdirilməsi, müasir informasiya texnologiyalarının uşaqların ixtiyarına verilməsi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması, o cümlədən yay istirahət düşərgələrinin inşa edilməsi də diqqət mərkəzində olub.

Layihənin həyata keçirilməsi gedişində Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi, Şamaxı internat məktəbi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün respublika yardımçı internat məktəbi, beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi və bir sıra digər uşaq müəssisələri yenidən qurulub, onlarda sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılıb. Proqram iştirakçılarınının gərgin əməyi, yorulmaz səyi nəticəsində uşaq evləri ən müasir səviyyədə yenidən qurulub və valideyn himayəsindən məhrum olan körpələr və uşaqlar ən gözəl şəraitə malik evlərdə yaşamağa başlayıblar. Proqram çərçivəsində uşaqların ərzaq təminatı və geyim kimi məsələlərində bütün çatışmazlıqlar aradan qaldırılıb. Mehriban xanım Əliyeva bu tipli müəssisələrə mənsub olan torpaq sahələrinin qanunsuz özəlləşdirilməsi barədə şikayətlərə də diqqətlə yanaşıb və belə halların yolverilməz olduğunu bildirib.

Heydər Əliyev Fondu bu proqramı təqdim edəndə bəlkə də bir çoxu uşaq evləri ilə bağlı cəmiyyətdə uzun illərdən bəri formalaşmış stereotiplərin qısa zaman kəsiyində kökündən dəyişəcəyini güman etmirdi. Amma Mehriban xanım Əliyeva sübut etdi ki, inam, iradə, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

 

Respublikada analoqu olmayan uşaq evi

 

"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində tamamilə yenidən qurulan uşaq evlərindən biri də Bakının Nizami rayonundakı 1 saylı uşaq evidir. Bura 1961-ci ilə qədər körpələr evi kimi fəaliyyət göstərib, sonradan isə uşaq evinə çevrilib. Uşaq evinin ötən əsrin 50-ci illərində tikilmiş binası uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə binada "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb, uşaq evi müasir avadanlıqla təmin olunub və yeniləşmiş proqramla fəaliyyət göstərməyə başlayıb. Uşaq evinin direktoru Nərminə Zöhrabovanın sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva birinci dəfə 2004-cü ilin əvvəllərində bura gələrək valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkib, onların sosial vəziyyəti, uşaq evinin maddi-texniki durumu ilə yaxından maraqlanıb. Heydər Əliyev Fondu yarandıqdan sonra həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı bu uşaq evini də əhatə edib. Yüksək səviyyədə aparılan təmir işlərinin son mərhələsi ötən il yekunlaşıb. Üç min kvadratmetr sahəsi olan uşaq evi bütünlüklə əsaslı təmir edilib. Bina xarici ölkələrdə istehsal edilən ən müasir texniki avadanlıqlarla təchiz olunub.

Uşaq evində təmir və yenidənqurma işlərinin ən yüksək səviyyədə aparılmasını həyət darvazasından içəri daxil olan kimi hiss edirsən. Həyətdə geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri uşaqların düzəldilib. Geniş həyətin bir tərəfində uşaqların asudə vaxtlarını mənalı keçirmələri üçün son dərəcə nəfis tərtibatda süni örtüklü idman meydançası və yay səhnəsi yaradılıb. Həyətin tən ortasında ona sərinlik gətirən səkkizguşəli hovuz inşa olunub. Yeni təmirdən çıxmış bina ikimərtəbəlidir. Binanın yüksək zövqlə təmiri foyedən və estetik tərtibatı baxımından diqqəti cəlb edən vestibüldən hiss olunur. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Vestibülün gözəlliyini isə sözlə ifadə etmək çətindir. İnsanı bir başqa dünyaya aparan bu gözəlliyi görmək üçün hökmən bura baş çəkmək lazımdır. Burada hər şey uşaqların bədii-estetik zövqlərinin formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə hesablanıb. Vestibüldən ikinci mərtəbəyə qalxdıqda isə sol tərəfdəki stend diqqəti cəlb edir. Stenddə ulu öndər Heydər Əliyevin müxtəlif illərdə uşaqlarla keçirdiyi görüşlərini, Prezident İlham Əliyevin məxmərəyə qarşı kampaniya zamanı bu uşaq evində keçirilən mərasimdə iştirakını, Mehriban xanım Əliyevanın burada uşaqlarla görüşünü əks etdirən fotolar toplanıb.

Ölkəmizdə 2006-cı il fevralın 27-dən martın 12-dək keçirilmiş qızılca və məxmərəyə qarşı milli immunlaşdırma kampaniyasına 1 saylı Uşaq evindən başlanılmışdı. Bu münasibətlə 2006-cı il fevralın 27-də burada keçirilən mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev də iştirak etmişdi. Kampaniyanın təşkilatçılarından biri Vişnevskaya-Rostropoviç Fondu idi. Mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev demişdi: "Azərbaycanda artıq neçə illərdir işləyən Vişnevskaya-Rostropoviç Fondu uşaqların xəstələnməməsi üçün çox mühüm, çox nəcib bir missiyanı - uşaqların peyvəndlənməsi missiyasını həyata keçirir. Uşaqların xəstələnməməsi üçün, sağlam böyüməsi üçün, özlərini yaxşı hiss etməsi üçün, bizim gələcəyimiz olan yeni nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması üçün dünyada bundan da nəcib missiya ola bilməz".

Mehriban xanım Əliyeva indiyədək bir neçə dəfə 1 saylı uşaq evinin sakinlərinin görüşünə gəlib. Mehriban xanım Əliyeva 2005-ci il noyabrın 24-də ikinci dəfə bu uşaq evinə gələrək təmir və yenidənqurma işləri ilə tanış olub. Daha sonra Mehriban xanım Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir neçə dəfə uşaqların görüşünə gəlib. O, hər dəfə bu uşaq evində yeniliklər gördüyünü bildirərək yaradılmış nümunəvi şəraitdən razı qalıb. Mehriban xanım kimsəsiz uşaqların gələcəkdə cəmiyyətdə layiqli yerlərini tutmaları üçün dövlət tərəfindən bundan sonra da hər cür tədbirlərin görüləcəyini bildirib.

Mehriban xanım Əliyeva 1 saylı Uşaq evində bu il yanvarın 22-də də olub. Həmin gün Mehriban xanım "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Maştağa qəsəbəsindəki "Təbəssüm" uşaq sanatoriyasının, Nərimanov rayonundakı 38 nömrəli musiqi məktəbinin və Nizami rayonundakı 1 saylı Uşaq evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün inşa edilmiş 50 mənzillik, 100 nəfərlik yaşayış binasının açılışında iştirak edib. Mehriban xanım Əliyeva rəmzi qırmızı lenti kəsdikdən sonra binadakı otaqlarda yaradılmış şəraitlə tanış olub. Bu binanın istifadəyə verilməsi çoxdan bəri ictimai narahatlığa səbəb olan ciddi bir problemin həllinə yönəlib. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin hökmünə buraxıldığından onların sonrakı həyatını izləmək bir çox halda mümkün deyildi. Yeni yaşayış binası bu problemin həllinə xidmət edəcəkdir. Binadakı bütün mənzillər müvafiq mebel, televizor, paltaryuyan maşın və digər məişət avadanlığı ilə təmin edilib. Mehriban xanımın bu gəlişində Heydər Əliyev Fondu tərəfindən Uşaq evinə "Hyundai" markalı avtobus hədiyyə edilib.

120 yerlik 1 saylı Uşaq evində hazırda 116 uşaq yaşayır. Onların 69-u oğlan, qalanı qızdır. Uşaq evinə qəbul 3 yaşından başlayır. Amma buranı tərk etmək üçün konkret yaş həddi yoxdur. Uşaqlar yaşlarına görə 5 qrupa bölünürlər. Hər qrupun öz müəllimi, tərbiyəçisi var. Sırf təlim-tərbiyə ilə 12 tərbiyəçi məşğul olur. Əvvəllər bura yerləşdirilən uşaqlar müəyyən yaş həddinə çatdıqlan sonra internat məktəblərinə göndərilirdilər. Amma bu sistem təcrübədə özünü doğrultmadığı üçün sonradan uşaqların yerlərinin dəyişidirilməsi, yaşları artdığı üçün digər uşaq evlərinə və internat məktəblərinə göndərilməsi məqsədəuyğun sayılmayıb.

 

Hər bir uşağın gələcəyi diqqət mərkəzindədir

 

Uşaqların bura gəlib düşmələri müxtəlif səbəblərlə bağlıdır. Bir qisim uşaq ya hər iki, ya da bir valideynini itirib, bəzilərinin isə ata-anası həbsxanadadır. Nə qədər acınacaqlı olsa da, burada valideynlərinin imtina etdiyi uşaqlar da var. Uşağın bura göndərilməsi məsələsinə əvvəlcə onun qeydiyyatda olduğu rayonun icra hakimiyyətində baxılır. Əgər onun Uşaq evinə yerləşdirilməsi labüddürsə, 2 icra hakimiyyəti bununla bağlı sərəncam verir. Sərəncamda uşağın hansı səbəblərdən uşaq evinə verilməsi göstərilir. Təhsil Nazirliyində də baxıldıqdan sonra sərəncam əsasında çıxarılan göndərişlə uşağı uşaq evinə yerləşdirirlər. Təcrübədə birbaşa polis orqanları tərəfindən də kimsəsiz uşaqların uşaq evinə verilməsinə rast gəlinir.

Qanunvericiliyə görə uşaqlar 16 yaşında buranı tərk etməlidir. Amma 16 yaş həddində Uşaq evini tərk etmək onlar üçün çox çətin olur. Ona görə Uşaq evi hər bir uşağın gələcəyi baxımından onların yaxınlarının, qohum-əqrəbasının olub-olmadığını tam dəqiqliyi ilə araşdırır. Nərminə Zöhrabovanın sözlərinə görə, 2003-cü ilin iyulunda bura direktor təyin olunanda uşaqların təxminən 90 faizinə qədərinin valideynləri, yaxın qohum-əqrəbası barədə heç bir məlumat olmayıb. Uşaq evi tərəfindən məktub şəklində ayrı-ayrı dövlət orqanlarına müraciət edildikdən sonra onların böyük əksəriyyətinin yaxınları barədə informasiyaları toplamaq mümkün olub. Bundan sonra hətta bəzi uşaqların valideynləri də tapılıb. "Bu informasiyaları topladıqdan sonra biz əlliyə qədər uşağı ailələrə qaytardıq. İnanın ki, onlara bir dünya sevinc bəxş etdik" - deyə Nərminə Zöhrabova bildirir. Bu günün özündə də hər hansı uşaq sərəncam əsasında Uşaq evinə göndərilirsə, onun ailəsi və qohumları barədə bütün məlumatlar toplanılır. Burda elə uşaqlar var ki, valideynləri vəfat edib və qohumlarının müraciəti əsasında uşaq evinə göndəriliblər. Amma həmin uşaqların nəinki qohumları axtarılıb tapılır, hətta valideynlərindən keçən mülkiyyətin də onlara verilməsi tələb edilir. Bu yaxınlarda Gəncədən olan iki bacının şəhər icra hakimiyyətinin yaxından köməyi ilə anası tapılıb. Gəncədən Uşaq evinə göndərilən məktubda göstərilib ki, ananın evi üzərində mülkiyyət hüququ bu bacılara məxsusdur. Vaxtında bu işin aparılması uşaqların böyüdükdən və uşaq evini tərk etdikdən sonra daimi yaşayış yeri ilə bağlı üzləşə biləcəkləri problemlərin qarşısını alır. Amma təəssüf ki, bəzi hallarda tapılan valideynlər uşağa yaxın durmaq istəmirlər. Belə olan halda Uşaq evi çalışır ki, ona vaxtilə göndərildiyi rayonda yaşayış üçün torpaq sahəsinin verilməsinə nail olsun.

Valideynlərinə həbs cəzası verilən uşaqlar baxılmaq üçün kimsələri olmadıqda məhkəmənin qərarı ilə də Uşaq evlərinə göndərilirlər. 1 saylı Uşaq evinin rəhbərliyi belə uşaqların mütəmadi olaraq valideynləri ilə görüşünü təşkil edir.

Uşaqların böyüdükdən və Uşaq evini tərk etdikdən sonra işlə təmin olunmaları da diqqət mərkəzindədir. Onların işlə təmin edilmələri ilə bağlı Uşaq evinin indiyə qədər müraciət etdiyi təşkilatların heç biri cavabsız qalmayıb.

 

 

(Ardı var)

 

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-31 yanvar.-S.3.