Ümumxalq səsverməsinin demokratikliyi üçün bütün zəruri tədbirlər görülür

 

Azərbaycan Respublikasının Konstitusiyası respublikamızda dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olmasını, xalqın öz müqəddəratını müstəqil olmaqla həll etməsini onun suveren hüququ kimi təsbit edir. Azərbaycan xalqı bu suveren hüququnu ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilən seçkilərlə həyata keçirir.

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi-ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ - ümumi seçki hüququ adlanır. Səsvermə zamanı hər bir vətəndaşın bir səsi olmaqla, bu səslərin eyni hüquqi qüvvəyə malik olması bərabər seçki hüququnun əsasını təşkil edir. Vətəndaşların seçkilərdə namizədin, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə səsverməsi birbaşa seçki hüququnu ehtiva edir. Başqasının yerinə səsvermənin qadağan olması isə şəxsi səsvermə deməkdir.

Azərbaycan Respublikasının vətəndaşlarına ölkənin Əsas Qanunu ilə verilən seçki hüquqları Konstitusiyanın əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuş III fəslinin 56-cı maddəsində göstərilmişdir. Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi referendum yolu ilə həll olunduğu halda, 155-ci maddənin tələblərinə əsasən 3-cü fəsildə nəzərdə tutulmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüquqları və bu hüquqlara qoyulan müəyyən məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsi, eləcə də 85-ci və 100-cü maddələrinin tələbləri, həmçinin beynəlxalq seçki hüquqlarına söykənməklə qəbul olunmuş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin başlıca anlayışlarından olan referendum Konstitusiya ilə müəyyən edilən məsələlər üzrə ölkə vətəndaşlarının səsverməsinin təşkil olunması və keçirilməsi qaydalarını tənzim edir.

Seçkilərin (referendumun) keçirilməsinin təşkil və təmin edilməsini kollegial orqan olan seçki (referendum) komissiyaları həyata keçirir. Seçki (referendum) komissiyaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təşkil edilir. Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendum) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin etməklə, həmin hüquqlara riayət olunmasına nəzarət edir. Seçki (referendum) komissiyaları seçki prosesinin həyata keçirilməsində tam sərbəstdirlər və dövlət orqanlarının, bələdiyyə qurumlarının, ictimai-siyasi təşkilatların, eləcə də onların vəzifəli şəxslərinin seçki (referendum) komissiyalarının fəaliyyətinə müdaxilə edilməsinə yol verilmir. Belə hallar baş verərsə həmin şəxslər Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər. Seçki (referendum) komissiyaları seçicilərə seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin gedişi, nəticələr haqqında məlumat verilməsini dövlət avtomatlaşdırılmış informasiya sistemilə təmin edir. Seçki (referendum) komissiyalarının qəbul etdiyi qərarlar və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bələdiyyə qurumları, ictimai-siyasi təşkilatlar, referendum üzrə təşviqat qrupları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir. Eləcə də yuxarı seçki komissiyalarının qərarları aşağı seçki komissiyaları üçün məcburidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin əsas anlayışlarından biri də seçki (referendum) dairələridir. Seçki (referendum) dairələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşamaqla qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyələrlə birgə Mərkəzi Seçki Komissiyasına verdikləri məlumatlar əsasında 5 ildən bir 125 seçki dairəsi yaradılır. Seçicilərin orta təmsilçilik norması onların sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Verilmiş ərazi vahidində yaradılan seçki dairələrində seçicilərin sayı orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox olmamaq şərtilə yaradılır. Seçki dairəsinin yaradılması sxemini, qrafik təsvirini, hüdudlarını Mərkəzi Seçki Komissiyası tərəfindən mütəxəssislərdən ibarət olmaqla yaradılan komissiya hazırlayır və bu komissiyanın işinə Mərkəzi Seçki Komissiyası sədrinin müavini rəhbərlik edir. Həmin komissiya üzvlərinin yalnız 13-i dövlət qulluğunda ola bilər. Seçki dairələri hər beş ildən bir vahid seçicilər siyahısı tərtib edildikdən sonra 30 gün müddətində yaradılaraq MSK tərəfindən təsdiqlənir. Seçki dairələri seçkilərin (referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, onların sxemi və qrafik təsviri seçkilər (referendum) gününə azı 70 gün qalmış təsdiqlənməli və azı 65 gün qalmış dərc edilməlidir. Bu zaman seçki dairələrinin sxemi və qrafiki təsvirləri ilə yanaşı onların adı, nömrəsi, inzibati mərkəzi də göstərilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin başlıca anlayışlarından biri də seçki hüququdur. Seçki hüququ aktiv və passiv seçki hüquqlarını özündə ehtiva edir. Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyə seçkilərinin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, Seçki Məcəlləsində nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərdə iştirak etmək hüququ - aktiv seçki hüququ adlanır.

Aktiv seçki hüququna məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və Seçki Məcəlləsinin 12.2-ci, 12.4-cü maddələrində müəyyən edilir. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə və referendumda iştirak edə bilməzlər. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər seçkilərdə və referendumda səsvermədə iştirak edə bilərlər. Eləcə də, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları yalnız bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər.

Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş prezidentliyə, deputatlığa, bələdiyyə üzvülüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə (bu tələblər Konstitusiyanın 85-ci və 100-cü maddələrində şərh olunur) Milli Məclisin deputatı, prezident, bələdiyyə üzvü seçilmək hüququ, eləcə də aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının (RüTQ) yaradılmasının təşəbbüsçüsü olmaq - passiv seçki hüququ adlanır.

Azərbaycan Respublikası Konstitusiyasının 56.3-cü, 85-ci və 100-cü maddələrinə uyğun olaraq ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının, xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının passiv seçki hüquqları yoxdur.

Göstərilən istisnalar nəzərə alınmaqla, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər. Həmçinin əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin seçkilər, eləcə də referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşəbbüs qruplarının üzvü və ya təşəbbüsçüsü olmaq hüququ yoxdur. Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirak etmədikləri hallar aşağıdakılardır. Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmir yolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar, eləcə də, üzən gəmilərdə və Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında olan vətəndaşlar məntəqə seçki komissiyası yaradılmayıbsa, səsvermədə iştirak etmirlər. Neft platformalarında və üzən gəmilərdə seçicilərin sayı 50-dən çox olduqda səsvermə gününə azı 50 gün qalmış, MSK-nın müəyyənləşdirdiyi müstəsna hallarda isə səsvermə gününə azı 5 gün qalmış məntəqə seçki komissiyaları yaradıla bilər. Belə seçki məntəqələri yerləşdirildikləri yerdə və ya gəminin qeydiyyatda olduğu yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur. Bu məntəqə seçki komissiyaları yalnız referendum və prezident seçkilərində yaradılır.

Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə hərbçilərin sayı 50-dən çox olduqda və hərbçilərin ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılmasına 1 saatdan çox vaxt lazım olduqda məntəqə seçki komissiyası yaradılmasına icazə verilir.

Müstəsna hallarda DSK-nın qərarı ilə hərbi hissələrdə məntəqə seçki komissiyaları hərbi hissələrin komandirləri tərəfindən seçkilərə azı 5 gün qalmış seçicilərin olduğu ərazidə yaradılır. Bu cür seçki məntəqələri də referendum və prezident seçkilərində yaradılır.

Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, MSK-nın müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər və bu seçki məntəqələri MSK tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.

Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səsverməsi və səslərin sayılması, seçicilərin sayı 50-dən çox olduqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən seçki gününə azı 30 gün qalmış seçicilərin olduğu ərazidə seçki məntəqələri yaradılır. Bu cür seçki məntəqələri də referendum və prezident seçkilərində yaradılır.

Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısı, seçki komissiyalarının, səsvermə otaqlarının yerləri və telefonlar DSK-lar tərəfindən səsvermə gününə azı 45 gün qalmış, səsvermə gününə azı 5 gün qalmış yaradılan seçki məntəqələri haqqında məlumatlar isə onların yaradıldığı gündən ən geci 2 gün keçənədək dərc edilir.

Referendum üzrə təşviqat qruplarının (RüTQ) yaradılmasının təşəbbüsçüləri və üzvləri də Azərbaycan Respublikasının Seçki Məcəlləsinin əsas anlayışlarındandır. RüTQ yaradılması üçün təşəbbüs göstərməklə həmin qrupun yaradılması üçün müvafiq seçki komissiyasına təqdim edilməli olan bildirişi imzalayan Azərbaycan Respublikası vətəndaşları təşəbbüsçüləri, RüTQ-un qeydə alınması üçün zəruri olan imza vərəqələrində imza edən vətəndaşlar isə RüTQ-un üzvləri hesab olunur.

RüTQ yaradılmasının təçəbbüsçülərinin sayı 2 mindən çox olarsa yazılı bildiriş MSK-ya təqdim olunur. Təşəbbüsçülərin sayı 500-dən çox, 2000-dən az olduqda isə bildiriş təşəbbüsçülərin əksəriyyətinin yaşadıqları ərazidəki DSK-ya verilir. Bildirişdə təşəbbüsçülərin soyadı, adı, atasının adı, doğum tarixi, ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi və verilmə tarixi, əsas iş yeri və vəzifəsi, işsizdirsə fəaliyyət növü göstərilməlidir. Bildirişə RüTQ-un yaradılması təşəbbüsçülərinin səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı, RüTQ-u iclasının, həmçinin referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və nümayəndələrin müəyyən edilməsi üçün keçirilən yığıncaqların protokolları əlavə edilir.

RüTQ təçəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində təşviqat aparmaq üçün RüTQ-da üzvlüyə dair azı 40 min seçicinin imzasını, hər birində üzvlərinin sayı 100-dən az olmamaqla azı 60 seçki dairəsi ərazisində toplamalıdırlar. Əgər təşəbbüsçülər Azərbaycan Respublikası ərazisinin bir hissəsində referendumqabağı təşviqatın aparılması niyyətində olarsa, onlar təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin ərasində üzvlüyə dair azı 100 seçici imzası toplamalıdırlar.

Azərbaycan Respublikası Seçki Məcəlləsində seçkilərdə və referendumda iştirakının əsas prinsipləri Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak etməsini təmin etməsidir. Eləcə də vətəndaşların seçkilərdə və referendumda iştirakı azad və könüllüdür.

Seçkilər referendumla eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclis deputatlarının seçkiləri, Azərbaycan Respublikası prezidentinin seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz. Eləcə də Azərbaycan Respublikasının prezidentinin seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz.

Seçkilərin və referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilməlidir.

Seçkilərdə (referendumda) iştirak edənlər mətbuat azadlığına hörmət etməli, KİV nümayəndələrinin işinə mane olmamalı, seçkiqabağı (referendumqabağı) təşviqat materiallarının yayılmasına mane olmamalı, təşviqat plakatlarını və digər təşviqat materiallarını məhv etməməli, korlamamalı, kütləvi tədbirlərin keçirilməsinə mane olmamalıdırlar.

Bələdiyyə seçkiləri istisna olmaqla, seçkilər zamanı Azərbaycan Respublikasının hər bir vətəndaşı yalnız bir namizədin lehinə səs verə bilər. Referendumda iştirak edərkən hər bir vətəndaş referenduma çıxarılan hər bir suala yalnız bir cavab verə bilər.

 

 

Oktay Hümbətli

MSK üzvü

 

Azərbaycan.-2009.-31 yanvar.-S.6.