Həzrəti
Peyğəmbər(ə)-yə şəfa edən iki surə
Çağdaş cəmiyyətin
marağına səbəb olan mövzulardan biri də sehr,
cadunun mümkünlüyü və onun təsirinin
qarşısının alınması məsələsidir.
Sehr və ya cadunun törətdiyi fəsadlar və onların
müalicəsi, tibbi sahəsi də daxil olmaqla, dünyəvi
elmlər vasitəsilə tarixən və indi də tam öyrənilmədiyi
üçün bəşər alternativ tövsiyələrdən
də istifadə edib. Metafizikaya söykənən bu
tövsiyyənin qaynağı isə Rəbb və Peyğəmbər(ə)
kəlamlarıdır.
Sehr, cadu
Sehr,
təbiət qüvvələri və dünyavi elmlər
xaricində gizli səbəblərlə qeyri-adi işlər
görməkdir. Xeyir
və şəri yaradan Allah olduğu üçün sehr və
ya cadunun təsiri hökmən deyil. Allah istəsə olar, istəməsə
olmaz. Peyğəmbər(ə) buyurub: "Kahinlik edən,
kahinə müraciət edən və sehr, cadu edən və
etdirən bizdən deyil"; "Müsəlman cadu etməz.
Allah saxlasın, imanı getdikdən sonra cadusu təsir edər".
Sehr, cadu bədən (cisim) və ruha təsir etdiyi
üçün insanları xəstələndirə, sevgi və
ya nifrətə səbəb ola bilər. Onun qadın və
uşaqlara təsir ehtimalı daha böyükdür. Əksər
İslam alimləri hesab ediblər ki, sehr və cadu edilərkən
küfürlü söz işlədilərsə, bu,
küfürdür. Küfürlü söz yoxdursa,
böyük günahdır. Müfəssirlərə görə,
göz (nəzər) dəyməsi də haqdır. Göz dəyməsi
bəzi adamların gözlərindən çıxan neqativ
şüaların canlı və ya cansız şeylərə
baxıb bəyəndikləri zaman onların pozulmasına səbəb
olmasıdır. Həmin səbəbdən nəzəri
(gözü) olan kəs, hətta hər kəs bəyəndiyi
bir şeyi və ya adamı gördükdə əvvəl
"məşəəlləh" (Allahu-Tələnin dilədiyi
kimi olsun) deməli, sonra həmin obyekt haqqında
danışmalıdır.
Peyğəməbr(ə)-yə
istinad edilən hədislərdə sehr və caduya
qarşı mənəvi dərman kimi Fələq və Nəs
surələrinin birlikdə oxunması tövsiyə edilib. Bunu
bilavasitə Həz.Peyğəmbərin həyatı ilə
bağlı bir çox olaylar təsdiq edir. Həmin səbəbdən
məzhəb və təriqətindən asılı olmayaraq
Mötəzilə (Qurani-Kərimi məxluq-yardılmış
hesab edən və bununla da Quranın Allahın əzəli kəlam
sifəti olduğunu inkar edən teoloji sistem. Sistem Bəsrədə,
Vasil bin Əta tərəfindən yaradılıb,v.e.
748)istisna olmaqla bütün İslam alimləri bu barədə
yekdil fikirdə olublar.
Muavvizətəyn
İslam
alimləri Fələq və Nəs surəsini "Muavvizətəyn"
("De:sığınıram"ayəsilə başlanan
iki surə), həmin surələrin İxləs surəsilə
birgə oxunmasını isə "Müavvizat"
("De": ayəsilə başlanan üç surə)
adlandırıblar. Hər üç surə pənah
aparılan, sığınılan surələr kimi məşhurlaşıb.
Onlara bu ad Fələq və Nəs surəsində insi-cinnin
(insan və cinlərin) və bütün məxluqatın
pisliklərindən Allaha sığınmaq əmri olunduğu
üçün verilib.
Buxari
(v.e.870), Müslim (v.e.875), İbni Mace (v.e.903) və Əhməd
İbn Hənbəlin (v.e.856) topladığı hədislərə
görə, Rəsululləh(ə) həm bir rahatsızlıq
hiss edəndə, həm də yatağına girdiyi zaman bu
üç surəni oxuyub əllərinə üfləyərək
mübarək başını və üzündən
başlayaraq aşağıya doğru bütün vücudunu
məsh edərdi. O bunu üç dəfə təkrarlayardı.
Fələq
və Nəs surəsinin eyni vaxtda nazil olmasında fikir
ayrılığı yoxdur. Lakin "bu surələrin Məkkə
və ya Mədinədə nazil olmasında müxtəlif
fikirlər var" (Fəxrəddin Razi, v.e.1210; Zəməxşəri,
v.e.1144 və başqaları). İbni Abbasdan (v.e.687) gələn
rəvayətə görə, hər iki surə Mədinə
surələridir. Digər hədisdə deyilir: "Doğrusu
budur ki, Muavvizətəynin nazil olma səbəbi yəhudi Ləbir
bin Əsamın sehrilə əlaqəlidir" (Buxari). Alusi
(v.e.1853) yazıb: "Ləbid bu sehri Mədinədə etdiyi
üçün hər iki ayə Mədinədə nazil
olub". Lakin bəzi müfəssirlərə görə
"bir surə və ya ayənin filən yerdə, filən
olayla bağlı nazil olması söylənmişsə, bu,
heç də o demək deyil ki, həmin surə və ya ayə
ilk dəfə nazil olub. Bəzən daha öncə göndərilən
bir surə və ya ayənin müəyyən bir hadisə səbəbindən
Rəsululləhə təkrar oxunması bildirildiyi
üçün, həmin kəlamlar yenicə nazil olunub kimi zənn
edilə bilər. Belə yanaşma Muavvizətəyn
üçün də keçərlidir. Lakin hər iki surənin
üslubu açıq-aydın Məkkə dövrünün
başlanğıcına işarə edir. Çünki o
zamanlarda Rəsululləhə qarşı güclü
müxalifət var idi. Mədinə dönəmində yəhudilərin,
münafiq və müşriklərin Peyğəmbər(ə)-yə
qarşı pis niyyətləri çoxaldıqda, ona bu surələri
təkrar oxumaq təlqin edilib. Belə ki, Mədinədə Rəsululləhə
sehr edildiyi üçün o, xəstələnmişdi. Bu
zaman Cəbrail(ə) Allah əmrilə gələrək,
Peyğəmbər(ə)-yə Fələq və Nəs surəsini
təkrarlamağı tövsiyə etdi. Həmin səbəbdən
"surələr Məkkədə nazil olub" deyənlərin
sözü daha doğrudur. Lakin Fələq surəsində
sadəcə bir ayənin sehirlə əlaqədar, digər ayələrin
isə sehirlə əlaqəsi olmadığı
üçün, surənin məhz sehrə görə nazil
olmasını demək də doğru olmazdı. Bütövlükdə
Nəs surəsinin də bilavasitə sehirlə əlaqəsi
yoxdur" (Əbul Alə Məvdudi)
Nazil olma səbəbi və yeri.
Klassik
təfsirçilər Muavvizətəynin nazil olma səbəbini
muxtəlif hadisələrlə əlaqələndiriblər.
Bunların ən geniş yayılanı
aşağıdakı rəvayətlərdir: 1) "Həz.Cəbrail
Rəsululləh(ə)-nin yanına gəlib dedi": Cinlərdən
pis bir ifrit sənə pislik etmək istəyir. Yatağına
girdikdən sonra Muavvizətəyn surələrini oxu". Bu
varianta görə, surələr Məkkədə də, Mədinədə
də nazil ola bilər. 2) Gözdən nəzərdən
qorunmaq üçün nazil olub. Rəvayətə görə
Qureyş: "Elə edək ki, Muhammədə göz dəysin"
dedi. Sonra da: "Nə sağlam vücudun, gözəl
üzün var" deyib, nəzər toxundurmaq istədilər.
Bunun müqabilində Allahu-Təalə Muavvizətəyni
nazil etdi. Bu hədisə görə surələr Məkkədə
nazil olub". 3) Yəhudi Ləbid bin Əsamın sehri barədə
hekayə. Razi bu səbəbə "Təfsirçilərin
çoxluğunun fikri" deyib. Bu hekayə haqqında ən
məşhur rəvayət belədir: "İbn Abbas (v.e.687)
ilə Aişədən (v.e.687, Həz.Peyğəmbərdən
2210 hədis rəvayət edib) belə xəbər nəql
edilib: "Bir Yəhudi yeniyetməsi Həz.Məhəmmədə
xidmət edirdi. Yəhudilər bu cavandan Məhəmməd(ə)-nin
bir az saçının tükündən, bir neçə ədəd
də darağının dişindən gətirməyi tələb
etdilər. Gənc tələbi yerinə yetirdi. Yəhudilər
həmin əşyalarla Peyğəmbər(ə)-yə sehr
etdilər. Bu işin təşkilatçısı yəhudi
Ləbid bin Əsam idi. Ləbid saç və daraq dişlərilə
sehr etdikdən sonra onları bir quyuda gizlətdi. Hadisədən
sonra Allah Rəsulu(ə) xəstələndi və xəstəlik
6 ay davam etdi. Bəzən ona elə gəlirdi ki, görmədiyi,
etmədiyi bir işi görüb. Bir gün yuxuda ikən iki mələk
onun yanına gəlir. Biri baş tərəfində, digəri
ayaqlarının yanında oturur. Ayaq tərəfdə oturan
digərindən soruşur: "Bu adam niyə
narahatdır". Cavab: "Ona sehr edilib". "Sehri kim
edib"-sualına, baş tərəfdə oturan mələk
dedi: "Ona bu sehri Ləbid bin Əsam adlı yəhudi
edib". "Sehri nə ilə edib?" Digəri cavab verdi:
"Darağı və yerə düşən
saçları ilə". "Bəs indi onlar
hardadır"-sualına, ikinci mələk dedi: Filən
quyudakı daşın altında". Allah Rəsulu(ə)
yuxudan oyanıb Aişəyə dedi: "Allah mənə xəstəliyimin
səbəbini bildirdi". Sonra Peyğəmbər(ə) Həz.Əli,
Zubeyr və Ammar bin Yasiri ora göndərdi. Onlar həmin quyunu
tapıb daşın altından saçların və daraq
dişinin içinə iynə sancılan və 11
düyünlə bağlanan parçanı götürüb
Həz.Peyğəmbərə verdilər. Bu zaman Allah
düyünlərin sayı qədər olan 11 ayəni nazil
etdi. Bu ayələr iki surənin-Fələq və Nəsin
ayələri (Muavvizətəyn) idi. Peyğəmbər(ə)
hər ayəni oxuduqca bir düyünü açırdı.
O, son ayəni oxuyub son düyünü açdıqda yerində
ox kimi fırlanırdı. Bu zaman Cəbrail(ə) ona dedi:
"Sənə əziyyət verən hər şeyə, həsəd
edənə, nəzərə qarşı bu ayələri
oxuyub sənə üfləyəcəyəm. Allah da şəfa
edəcək" (Suyuti, v.e.1505)
Qeyd
edək ki, Buxari, Müslim və İbni Macenin hədislərində
Aişəyə istinadən bir rəvayətdə Mötəzilə
bunları qəbul etmək istəməsə də, fəqət
bütün hədis alimləri hadisənin həqiqət
olduğunu qəbul ediblər. Peyğəmbər(ə)-yə
sehr edilməsini qəbul etmək istəməyənlər
fikirlərini belə əsaslandırıblar ki, sehr, cadu Məhəmməd(ə)-nin
ismətinə zidd, peyğəmbərliyinə xələl gətirər.
Yeri
gəlmişkən, bu surələrdə sehr edənlərin
şərindən Allaha sığınma ifadəsi olsa da, fəqət
surələrin nazil olma səbəbinin yalnız sehrlə əlaqəsi
olmasını da qəbul etmək doğru olmazdı .
Çünki onların öncə Məkkədə nazil olma
ehtimalı daha qüvvətlidir. Yəni Ləbidin Peyğəmbər(ə)-yə
sehr etməsi Mədinədə olub. Bu zaman Rəbbimiz Öz
Peyğəmbərinə Məkkədə nazil etdiyi surələri
Mədinədə şəfa kimi oxumağı tövsiyə
edib. Həmin səbəbdən bəziləri elə zənn
ediblər ki, surələr Mədinədə nazil olub.
Hədislərə görə Muavvizətəynin
fəzilətləri
1)
"Peyğəmbər(ə) buyurub": Mənə elə
ayələr göndərildi ki, onların tayı-bərabəri
yoxdur"(Müslim). Səhabə Uqbə bin Əbi Əmirdən
gələn rəvayətdə deyilir: "Rəsululləhlə
səfərdə idik. Mənə dedi: "Ey Uqbə, sənə
iki xeyirli surə öyrədimmi?" Və mənə Fələq
və Nəs surələrinin öyrətdi" (Əbu Davud
v.e.889)
2)
Digər mənbəyə görə: "Sevgili Peyğəmbərimiz(ə)
Muavvizətəyn nazil olunana qədər insanların nəzərindən
və cinlərdən müxtəlif dualarla Allaha
sığınardı. Fələq və Nəs surələri
nazil olunandan sonra bu iki surəni oxuyardı" (Tirmizi,v.e.893;
İbni Mace və b. ) 3) "Uqbə İbn Əmir deyir":
Biz Rəsululləh (ə) ilə Cuhfə və Əbvə
arasında yol gedirdik. Birdən fırtına qopdu və
qaranlıq oldu. Rəsululləh Fələq və Nəs surələrilə
Allaha sığınmağa başladı və mənə
dedi: "Sən də bu iki surə ilə Allaha
sığın. Zira Allaha sığınan heç bir kimsə
bunlar qədər sığınmayıb" (Əbu Davud,
Beydavi v.e.1286). 4) Həz.Aişə deyib: "Allah Rəsulu(ə)
hər dəfə yatağına girərkən Fələq və
Nəs surələrini oxuyub, əllərinə üfləyərdi.
Sonra bütün bədənini əllərilə məsh edərdi"
(Buxari və b. ). 5) "Rəvayətə görə,
Peyğəmbər(ə) Uqbə ibn Əmirə hər
namazın əvvəlində Fələq və Nəs surələrini
oxumağı əmr edib" (Əbu Davud). 6) Quran katiblərindən
olan səhabə Ubeyy ibn Kəb deyib: "Kim İxləs, Fələq
və Nəs surələrini oxusa, sanki o, Məhəmməd(ə)-yə
göndərilənin hamısını oxumuş kimi olur"
(İbn Hacər əl-Askalani v.e.1448). 7) Aişədən gələn
rəvayətə görə: "Allah Rəsulu rahatsız
olanda İxləs, Fələq, və Nəs surələrini
oxuyar və əllərinə üfləyib bədənini məsh
edərdi" (Buxari). 8) Səhabədən Cabir bin Abdullah belə
deyib: "Allah Rəsulu mənə dedi":Ey Cavid oxu!" Mən:
"Anam, atam sənə qurban olsun nə oxuyum?"
soruşdum. O: "Qul əuzi bi rabbilfələq və qul əuzu
bi Rabbinnəs (De: "Pənah aparıram sübhün Rəbbinə!
"De": Pənah aparıram insanların Rəbbinə!")
surəsini oxu"-dedi. Mən də hər iki surəni oxudum.
Peyğəmbər(ə) buyurdu: "Sən bu iki surənin bənzərini
heç vaxt oxumamısan" (Nəsai v.e.916).
Muavvizətəynin Quran surələri
olub-olmamasına dair fikirlər
İbn
Kəsir (v.e.1377) və Suyutiyə görə, Quran nüsxəsini
yazan səhabə Abdullah ibn Məsud, Fələq və Nəs
surəsini öz mushafına (kitabına, Quranına) daxil etməyib.
Qeyd edək ki, həz.Əli, Ubeyy ibn Kəb və ibn Məsud
hələ Rəsululləhin sağlığında mushaflar
tərtib etmişdi. Həmin kitablar tərtib baxımından
fərqli olmasına rəğmən, bəzi qüsurlardan da
xali deyildi. "Həz.Əli özü üçün
özəl bir nüsxə yazmış və burada surələri
nazil olma sırasına görə yerləşdirmişdi"
(Suyuti). Təfsirçilərə görə, İbn Məsudun
nüsxəsində Muavvazətəyn və Fətiha surələri
yoxdur.
Bəziləri
ibn Məsudun nüsxəsini qəbul etmiş, digər müfəssirlər
isə onu səhv adlandırıblar. Pis niyyətlilər isə
nüsxəni Quranın təhrifi kimi qəbul edib (Nəsəfi
v.e.1302). Çağdaş təfsirçilərdən
A.Aydüz hesab edir ki, "ibn Məsudun nüsxəsində Fətiha
və Muavvizətəynin olmaması Quranın təhrifə
uğradığını göstərməz. Həz.Məhəmmədin
davamlı olaraq beş namazda fətihanı oxuması, minlərlə
səhabənin bunu əzbərləməsi, ibn Məsudun da
beş namazda surəni iqrar etməsi və nəhayət həz.Osman
vaxtı vahid kitab halına salınan Quranda Fətihanın da
olmasına rəğmən, ibn Məsudun Fətihanı
öz nüsxəsinə salmamasını Quranın təhrifi
kimi qiymətləndirmək olmaz!".
"Müslimin
"Səhih"inə şərh verən imam Nəvəvi
(v.e.1277) yazıb: "Bütün müsəlmanlar Fələq,
Nəs və Fətihanın Qurandan olduğuna ittifaq və
icma ediblər. Bunu inkar edən kafir olar. İbn Məsuddan rəvayət
olunan bu hadisə batildir, doğru deyil" (Suyuti). Bu fikri Fəxrəddin
Razi də müdafiə edib. Məlum məsələyə
münasibət bildirən digər təfsirçilər hesab
ediblər ki, ibn Məsud sözügedən surələrin
Qurandan olduğunu inkar etməyib. Böyük ehtimalla o, Allah Rəsulundan
həmin surələrin yazılması əmrini eşitməyib.
Ümumiyyətlə
ibn Məsudun Mushafında Muavvizətəyn surələrinin
olmaması barədə aşağıdakıları demək
olar: 1)"Əshabdan heç kim bu kitabdan istifadə etməyib.
2) Həz.Osmanın rəhbərliyilə hazırlanan Quran, bu
gün dünyaya təqdim edilən Qurandır. 3) Rəsululləhdən
nəql edilən çoxlu rəvayət də onun surələri
namazda oxuduğu və başqalarına da tövsiyə etdiyi
bildirilir. 4) Hər iki surənin əvvəli "Qul" (de!)
əmrilə olması, həmin surələrin vəhy
olduğunu və Rəsululləhə göndərildiyini
sübut edir.
Bu,
sadəcə Peyğəmbər(ə)-yə verilmiş əmr
deyil. "Qul" sözü, kəlamın vəhy
olduğunu və bu kəlamı olduğu kimi ümmətə
çatdırmağı ehtiva edir. Yeri gəlmişkən,
Qurani-Kərimdə 300 ayə "Qul" sözü ilə
başlayır.
Beləliklə,
Rəbb və Peyğəmbər(ə) kəlamları
sübut edir ki, İslamda bəyənilməyən cadu və
sehr kimi neqativ vasitələr kiminsə əlində bir alətə
çevrilə bilər. Bu bəladan qurtarmağın
alternativ yollarından biri də, Fələq və Nəs surələrini
oxuyub əllərə üflədikdən sonra bədənin
bütün əzalarının məsh edilməsidir. Bunu həmişəcavan,
həmişəaktual Fələq və Nəs surələri,
bütün hədis alimlərinin Peyğəmbər(ə)-yə
istinadən topladıqları hədislər də təsdiq
edir.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 19 aprel.- S. 12.