Görkəmli alim, böyük xeyriyyəçi

 

Faydalı işlə məşğul olan və sivilizasiyalı insanlar şəxsiyyət hesab olunurİlham Rəhimov adi şəxsiyyət deyil, böyük şəxsiyyətlərdəndir. Hər işə öz zəhməti və yüksək qabiliyyəti ilə nail olan şəxsiyyət İlham Rəhimov 1951-ci ildə Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub, Leninqrad Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib, həmin ali məktəbin cinayət hüququ üzrə aspiranturasında oxuyub, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

   1988-ci ildə Leninqrad Universitetində doktorluq dessertasiyasını müdafiə edərək, keçmiş SSRİ-də cinayət hüququ üzrə doktorluq dessertasiyasını müdafiə edən ən gənc hüquq elmləri doktoru alimlik dərəcəsi alıb. 100-ə yaxın elmi məqalənin, hüquq elminin müxtəlif sahələrinin fundamental problemlərinə həsr edilmiş 10 monoqrafiyanın müəllifidir. O, Məhkəmə Hüquq İslahatları Konsepsiyasının ilk müəllifi olmaqla yanaşı, cinayətkarlığa qarşı mübarizənin dövlət proqramını hazırlayıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Elmi Tədqiqat Məhkəmə Ekspertizası, KriminalistikaKriminalogiya problemləri institutunun direktoru olub. İlham müəllim Rusiyanın ən nüfuzlu akademiyalarından olan Təhlükəsizlik, Müdafiə və Qanunvericilik Akademiyasının böyük elmi şurasının iclasında həmin akademiyanın akademiki adına layiq görülüb, oranın II dərəcəli Böyük Pyotr Ordeni ilə təltif olunub. Rəhimov Rusiyanın bu akademiyasının ali mükafatını alan ilk azərbaycanlıdır. O, Qara dəniz, Xəzər dənizi əməkdaşlıq və tərəfdaşlığı üzrə Beynəlxalq Fondunun diplomunu alan ilk azərbaycanlıdır. Bu təşkilat Qara dəniz və Xəzər dənizi ətrafı ölkələrinin yaratdığı bir fonddur. Amma burada başqa dövlətlər də iştirak edə bilər. Hər bir dövlətin orada bir nümayəndəsi iştirak edir, Azərbaycandan da o fondun rəsmi nümayəndəsi İlham müəllimdir. Onun əsas biznes işi Rusiya, konkret olaraq Moskva ilə bağlıdır. İ.Rəhimov bir neçə ən böyük ticarət və digər hotel komplekslərinin - "Avropa", "Qrand", "Ukrayna", "Moskva"-nın təsisçilərindəndir. Hotellərin açılış mərasimlərində Rusiyanın vəzifəli şəxslərindən Moskva meri Yuri Lujkov, Azərbaycan Respublikasının səfiri Polad Bülbüloğlu və başqaları iştirak edib. O, həm də, təkcə Rusiyada deyil, o cümlədən MDV ölkələrində yaşayan soydaşlarımızın işlə təmin edilməsində, onların himayə olunmasında, hüquqlarının müdafiəsində müxtəlif problemlərinin həllində yaxından iştirak edir. İmkanlı azərbaycanlıların içərisində Rusiyada yaşayan azərbaycanlılara onun Putinlə dostluq əlaqələrinin olması çox kömək edir.

   İlham Rəhimov Rusiya və Türkiyə dövlətləri arasında gözəl münasibətlərin yaranması üçün də əlindən gələni edib. Rəhbərlər arasında şəxsi münasibətlərinin yaranmasına çalışıb. Təbii ki, bu proseslərin yüksək səviyyədə qurulmasının əleyhdarı da olub. Lakin Rusiya rəhbərliyi işə müsbət yanaşdı. İ.Rəhimov Rusiyanın o zamankı prezidenti, indi baş naziri Putinin kitabını Türkiyədə türk dilinə tərcümə etdirib. Sonra türk millət vəkillərinin iştirakı ilə Moskvada həmin kitabın təqdimat mərasimi keçirildi və kitabı Putinə təqdim etdilər. Həm Putin, həm də Ərdoğan praqmatik siyasətçilərdir. Bu praqmatizmin nəticəsi o oldu ki, dövlət rəhbərlərinin qarşılıqlı səfərləri baş tutdu. Rusiya-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Bu, ilk növbədə, həmin dövlətlərin mənafeyindən irəli gəlir. Hazırda hər iki dövlət arasında ticarət dövriyyəsi yüz milyard dollar təşkil edir. Rusiya Türkiyənin ən nəhəng partnyoruna çevrilib. Türkiyənin regionda aparıcı güclü dövlət olmasının bir şərti də Rusiya ilə bağlıdır. Türkiyədə insanların Rusiyaya münasibəti Amerikaya olan münasibətdən daha yaxşıdır. Türkiyənin regionda apardığı indiki müstəqil siyasət Azərbaycan üçün çox vacibdir. Türkiyənin mövqeyinin daha da güclənməsi Qarabağ probleminin həllində şərtlərdən biridir. Rusiya və Türkiyənin Qarabağ məsələsinin həllində mövqelərinin üst-üstə düşməsi çox mühümdür.

   Ermənilər İ.Rəhimovun Putin ilə yaxın dostluq münasibətlərinə çox qısqanc yanaşır. Bu münasibətləri pozmaq İ.Rəhimovun nüfuzuna xələl gətirmək üçün tez-tez qəzet səhifələrində müxtəlif məqalələr yazırlar. Azərbaycan - Rusiya münasibətlərinin durumunu yüksək qiymətləndirən İ.Rəhimovun qənaətincə, Rusiyanın Ermənistanla daha isti əlaqələri buna mane ola bilməz. O bildirdi ki, "onu da nəzərə almaq lazımdır ki, Türkiyənin Rusiya ilə yaxınlaşması İrəvanı Rusiya üçün strateji müttəfiqdən adi müttəfiqə çevirəcək".

   İlham Rəhimov respublikamızın indiki inkişaf mərhələsində yüksələn templə davam edən quruculuq prosesində siyasi - iqtisadi problemlərin həllində iştirak etməyi hər birimizin borcu hesab edir. İ.Rəhimov bildirdi ki, "ilk növbədə ümummilli liderimiz, rəhmətlik Heydər Əliyevin apardığı uzaqgörən siyasət münasibətlərin dönməzliyini təmin edib. Hazırda cənab İlham Əliyevin gərgin və çox düzgün siyasi kursu Rusiya-Azərbaycan yaxınlaşmasının daha da inkişafına səbəb olub. Yüz minlərlə soydaşımızın Rusiyada çalışmasının özü də ölkə başçısının düzgün siyasi kursunun nəticəsidir".

   Onun böyük və hərtərəfli fəaliyyətinin ancaq bir hissəsini sadaladım.

   İlham müəllim azərbaycanlıların yüksək qabiliyyətini nəinki Rusiya Federasiyasında, dünyanın digər ölkələrində tanıtdıran şəxsiyyətlərindəndir. Onun Rusiya Federasiyasının prezidenti, indi baş naziri Vladimir Putin ilə dostluq əlaqələri diqqətə layiqdir. O, Putin ilə Leninqrad Universitetində bir qrupda oxuyubonun sinif nümayəndəsi (starosta) olub. Putin tələbəlik illərində kəndə gəlib, prezident seçilən ilin yayında (2000-ci il) Bakıda onun dənizkənarı bağında istirahət edib. Vladimir Putin İ.Rəhimovun Moskvada övladının toy mərasimində prezident kimi iştirak edib, ona öz xeyir-duasını verib, Azərbaycan xalqına böyük hörmətlə yanaşdığını bildirib. Putin intervülərinin birində İlham Rəhimovun ən yaxın dostlarından biri olduğunu bildirib. Məhz Putin birinci dövlət səfərini Bakıya edib. Rəhimov Azərbaycan - Rusiya əlaqələrinin daha da möhkəmlənməsi yönündə böyük fəaliyyət göstərir. İ.Rəhimov vətəninə, elinə, obasına, Azərbaycana ürəkdən bağlıdır, xeyriyyəçiliyini sadalamaqla bitmir, xəstələrə, imkansızlara daim kömək edir, xəstəxanalar tikdirir, yollar çəkdirir. O, doğma kəndi Cilovdarlıda xəstəxananın tikintisini başa çatdırıb, kənd yoxsullarına maaş verir. Tovuz rayonundakı xəstəxanalardan birini rekonstruksiya etdirib. İlham müəllimin anasına qarşı yüksək qayğıkeşliyi digər övladlara nümunədir. O deyir: "Mən xeyriyyəçilik işlərilə ona görə məşğul olmuram ki, kiməsə danışım, özümü reklam edim. Mən bu addımı atmaqla insanlar qarşısında öz mənəvi borcumu yerinə yetirmək məqsədi güdürəm". Onun təsis etdiyi Uşaqların Xoşbəxt Gələcəyi adlı təşkilat son ildə 165 xəstənin əməliyyat olunmasına və həyata qayıtmasına yardım edib. Bir il ərzində ürəyi qüsurlu 90 uşağın üzərində uğurlu cərrahi əməliyyat aparılıb. İndi hər ayda onlarla xəstə əməliyyat olunur, dərmanlarla təchiz edilir və yardım göstərilir. Təkcə son ildə 12 tələbənin bütün təhsil xərclərini öz üzərinə götürüb. Onlardan 8-i Rusiyada, 1-i Ukraynada, 3-ü isə Azərbaycanda təhsil alır.

   Ən müxtəlif sahənin təmsilçilərinin - mədəniyyət elm adamlarının, xəstələrin, imkansızların, idmançıların, tələbələrin, şagirdlərin, ahılların qocaların konkret problemlərin həllinə yardımçı olur. O, 5 elmlər doktoru, 20-dən artıq elmlər namizədinin elmi həyata vəsiqə almasına zəhmət çəkib.

   Mən bu ailəyə yaxşı bələd olan şəxs kimi bildirirəm ki, İlham müəllim Azərbaycan xalqının gözəl adət-ənənələrini avropalıların sivilizasiyasını özündə cəmləşdirən yüksək mədəniyyətli alim böyük xeyriyyəçidir. O, ancaq insanlara humanistcəsinə yanaşma, kömək etmək, xalqına xidmət etmək məqsədilə yaşayır.

   Hazırda Azərbaycan Hüquqşünaslar İttifaqının sədri, "FİNA" LLP hüquq firmasının prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, SUNDRO-RUİ Karate DO Azərbaycan Federasiyasının prezidentidir. Avropada vəzifəyə keçən, yüksələn insanlar xasiyyətini dəyişmir. Orada belə misal var: "O, vəzifədən asılı olmayaraq, necə var elə qalır". İlham müəllimin mənim evimə (müəllifə) zəng vurub ailə vəziyyətimlə maraqlanması bir daha onun böyüklüyünü göstərir.

  

 

Musa HƏSƏNOV,

Tarix elmləri doktoru,

professor

 

Bakı xəbər.- 2010.- 24 avqust.- S. 7.