Ramazan ayının 18, 19 və 20-ci günlərinin duasına qısa şərh                        

 

  XVIII dua: "Allah, məni bu gündə açılan səhərlərin bərəkəti ilə xəbərdar et! Mənim qəlbimi o səhərlərin ziyası ilə işıqlandır! Mənim bütün üzvlərimi bu günün əmrlərinə tabe olmağa sövq et! Ey ariflərin qəlbini nurlandıran Allah!"

   Oruclu bəndə imsak vaxtına, yəni oruca başlamaq vaxtına qədər səhər yeməyini tamamladıqdan sonra dua edir ki, Rəbb onu açılan səhərlərin bərəkətinə qovuşdursun. Çünki bəndə bilir ki, səhər vaxtı edilən dua rədd edilməz.

   Onun bu əminliyinə səbəb, "səhər vaxtında və namazdan sonra edilən dua qəbul olunur" Peyğəmbər(ə) kəlamıdır. Ümumiyyətlə, səhər vaxtının fəzilətinə aid Quranda kifayət qədər ayələr mövcuddur. "Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər" (Zariyət 17, 18). Səhər vaxtının çox əziz və bəndə üçün bir fürsət olmasını Rəbbin səhərə and içməsi də təsdiq edir: "And olsun səhərə" (Zuha 1).

   Məlumdur ki, Allah rizası üçün səhər evdən çıxan bəndə gün ərzində pis və yaxşı şeylərlə qarşılaşır. Yaxşı niyyəti əmələ çevirmək və pis hadisələrə qarşı mübarizə aparmaq üçün bəndənin mütləq hamisi sözsüz ki, Allahdır. Həmin səbəbdən, o, dərin hüzn və yalvarışlı bir səslə: "Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən" (Fələq 1, 2) deyib, sözügedən ayəni özünə sipər edir. Əslində, səhər vaxtı deyilən bu ayə Allahı sevindirən ən mükəmməl bir xahiş, yalvarış və duadır. Onun qəbul olunmaması qeyri-mümkündür. Zira Rəsuli-Əkrəm(ə) buyurub: "Üç səs var ki, onları Allahu-Təalə sevir: Zikr edənən səsini, Qurani-Kərimi oxuyanın səsini və səhər vaxtında istiğfar (Rəbbdən günahlarını bağışlanmasını diləmək) edənin səsini". Səhər tezdən Allahın məskəni olan hüzünlü qəlbin gözdən çıxartdığı iki damla cövhərin nəyə qadir olduğunu imam Rəbbani (v.e.1624) belə qələmə alıb: "Minlərlə top-tüfəng edə bilməz əsla, göz yaşının səhər vaxtı etdiyini".

   Ramazan günündə səhərin bərəkəti dedikdə, ilk öncə orucun mükafatı və o mükafatın Sahibi nəzərdə tutulur. Rəbb buyurub: "Oruc sırf Mənim üçün edilən ibadətdir və onun mükafatını da Mən verəcəyəm".

   Bərəkətin dini anlamı isə Allahu-Təalənin nemət və ehsanı, bolluq, az maldan çox istifadə etmək mənalarını ehtiva edir. Bərəkət barədə Quran buyurur: "Biz onu da (İbrahimi), Lutu da aləmlər üçün mübarək etdiyimiz (bərəkətlər verdiyimiz) yerə qovuşdurduq" (Ənbiyyə 71); "Allah yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq, orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi" (Fussilət 10).

   Məgər səhər tezdən yataqdan salamat qalxmaq, günəşin çıxmasını görmək, sevdiyin işin dalınca getmək, ailə və dostlarla ünsiyyət qurmaq bərəkət deyilmi?!

   Duada səsləndirilən "ziya" sözü işıq, aydınlıq, nur, feyz və mərifət deməkdir. Ən böyük ziya(nur) Qurani-Kərimdir. Nur həm də Allahın isimləşmiş sifətlərindən biridir və bəndə də Allah istəyilə bu nurun bir zərrəsini özündə daşıyır. Deməli, Allahın nur vermədiyi adam, münəvvər (nurlu) ola bilməz. Elm də nurdur. Səhərin ziyası isə bərəkəti, feyzi, tutulan oruc və deyilən duaların fəzilətini ehtiva edir. Bəndə dua edir ki, onun bütün üzvləri Ramazan gününün tələblərinə cavab versin. Ramazan isə həm Şeytana "veto", həm də nəfsə köləliyi yox, nəfsin köləliyini təşviq edən aydır. Həmin səbəbdən bəndə sadəcə mədə ilə yox, qəlb, vicdan, göz, əl, ayaq və digər dəyərlərlə oruc tutmaq üçün Allahdan kömək istəyir. İstəyir ki, pis işlərdən - qeybət, həsəd, rüşvət, yalan və digər haramlardan uzaq olub, ailəsinə və mənsub olduğu cəmiyyətə fayda versin.

   "Ey ariflərin qəlbini nurlandıran Allah!" ifadəsindən aydın olur ki, dua edən bəndə adi insan yox, əxlaq, mərifət sahibidir, arifdir. Peyğəmbər(ə) kəlamlarına görə, belə insanların yuxusu da ibadətdəndir. Arif bilən, tanıyan, irfan sahibi (Allahı dərk edən) olmaq deməkdir. Həz.Peyğəmbər buyurub: "Hər şeyin qaynağı var. Təqvanın (haramlardan çəkinməyin) qaynağı ariflərin qəlbləridir". Arif olan şəxs əbəs yerə danışmaz. O həmişə Allahı düşünər. Arifin özünü tənqid etməsi, özündən razı olmaması, zahirən başqalarından fərqlənməməsi böyük nemətdir. Ariflik mərifətin ən uca nöqtəsidir. Arifin alimdən fərqi, qəlbinin hüznlü olmasındandır. Ümumiyyətlə, arifin əlamətləri əsasən bunlardır: susmaq, təfəkkür, gördüklərindən ibrət almaq və Allahu-Təalənin razı olduğu şeyləri istəmək.

   Elə isə, ya Rəbb! Bəndənin bu günkü duasının fəzilətini xalqımıza və ümmətimizə nəsib et! Ramazan rəhmətini bütün il ərzində bizdən əskik etmə!

   XIX dua: "Allah! Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi bu gün artıq et! Xeyir əməllərin yolunu mənim üçün asanlaşdır! Ey haqq yolunu Göstərən, mənim yaxşı əməllərimi qəbul et!"

   Ayın keçmiş günlərinin duasında bərəkət və xeyir əməllər barədə açıqlama verildiyi üçün, bu gün xeyir əməllərin yolu barədə izaha ehtiyac var. Bəndə dua edir ki, Allah onu haqqı göstərən yola sövq etsin. Bu yol isə Quranın xülasəsi Fətiha surəsində göstərilib və o, "İhdinəs-siratal mustəqim" yoludur. Bəli, hər gün namazında Fətiha surəsini oxuyan oruclu bəndə, bu ayə hikmətilə Ondan xeyir əməllərin yolunu istəyir. Lakin bu istək birdən-birə edilmir. Duasını bismilləhlə başlayan bəndə həmddən tərbiyəyə - Onun Rəbbliyinə (fətihadakı I ayə), tərbiyədən rəhmətə (II ayə), rəhmətdən axirətə imana (III ayə), bu inamdan Allaha qulluq və Ondan kömək diləməyə(IV ayə) qədər yol keçir. Bu mərtəbələr elə lətif, məntiqli, dəqiq, rəvan və ülvüdür ki, həmin ahəng və bərəkətlə ucalmamaq mümkün deyil. Zira, əvvəlki ayələrlə ona bir fürsət verildiyini dərk edən oruclu bəndə həmin imkandan maksimum istifadə edərək, Rəbbdən yeni bir nemət - doğru yol tələb edir. Həmin tələb isə Cənnətə aparan hidayət yoludur.

   "İhdinə" sözünün dilimizdəki tərcüməsinin "bizə hidayət ver" anlamı, yanlışlar içində orijinala ən yaxın olanıdır. Lüğəti mənası "doğru yola çağırma", "rəhbərlik etmək" olan hidayət, möhtac olan insana ehtiyaclarını ödəyəcək şəkildə Allahın cavab verməsi və himayəsidir. Yəni hidayətin sahibi O olduğu üçün, hidayəti də yalnız O verir. Cəsəd və ruh vəhdətimiz, maddi-mənəvi dəyərlərlə təchizimiz, kainatın bəşər üçün yaradılışı, haqqı batildən, xeyiri şərdən ayırd etmək üçün ağlın verilməsi, səməvi kitab və peyğəmbərlərin göndərilməsi, Cənnət bağçaları Onun hidayətlərindəndir.

   Məlumdur ki, Rəbbdən gələn və Ona aparan bütün yollar Allah və Ondan qaynaqlanan bəşər qanunlarının icrası üçündür.

   Elə yol var ki, orada rüşvət alınır, zina edilir, həsəd, qeybət tüğyan edir, yaltaqlıq "ucalmağın" meyarı olur. Bu Şeytanın yoludur. Digər yol isə din, bayraq, haqq uğrunda mübarizədir. Bu isə Allahu-Təalənin yoludur. Bunlardan biri Onun qəzəbinə, digəri isə rizasına aparan yol olmasına baxmayaraq, hər iki yolu yaradan Allahdır. Lakin haram işlər görənləri və onları dəstəkləyənləri haqq naminə yerində oturtmaq da bir hidayətdir. Çünki Rəbb buyurur: "Yığın bir yerə zülm edənləri və onların həmtaylarını. Onları Cəhənnəm yoluna hidayət edin".

   Deməli, cəmiyyətin maddi-mənəvi dəyərlərini oğulayıb satan qəssab və dəllalların cavabını vermək cəmiyyət üçün bir qurtuluş və hidayətdir. Əks halda, cəmiyyət və cəmiyyəti təşkil edən ayrı-ayrı fərdlərin Allah rizasını qazanması müşkül olar. Bunu yalnız şəxsi ibadətilə məşğul olub, pisliyə qarşı mübarizə aparmayanların acı taleyi də sübut edir. Həmin səbəbdən bəndənin "Xeyir əməllərin yolunu mənim üçün asanlaşdır" duası, həm də pisliyə qarşı mübarizə kimi başa düşülməlidir.

   Unutmamalı ki, dua yalnız Rəbbin bəyəndiyi işlər üçün edilərsə, qəbul olunar. Elə qəflətdə olan bir çox insanların yanıldığı, aldandığı hikmət də budur.

   Bəndənin bugünki duası Rəbbə ünvanlanan növbəti məktub, xahişnamədir. Səmimi insan isə məktubundan bilinər. Elə isə xalis niyyətlə, Onun rizası üçün dua edib, məktubumuza cavab verilməsi arzusu ilə.

   XX dua: "Allah! Bu gündə Cənnətin qapılarını mənim üzümə aç, Cəhənnəmin qapılarını üzümə bağla! Quranı oxumağı mənə müvəffəq et! Ey möminlərin qəlbində aramlıq yaradan Allah!"

   Gəlişi və gedişi iradəsindən asılı olmayan insan üçün dünya bir mehmanxana, axirət isə əbədi evdir. "Dünya axirətin əkin yeridir" Peyğəmbər(ə) kəlamına görə, bəndənin axirətdə Cəhənnəm, Əraf və Cənnət əhli olmasını onun dünyadakı əməlləri müəyyənləşdirir. Necə deyərlər, insanlar əməllərinə uyğun diriləcəklər. Oruclu bəndə də dünyada bu hikmətlə yaşadığı üçün əməlinin müqabilinə uyğun məkan istəyir. Bu məkan isə Rəbbin ən böyük nemətlərindən biri olan Cənnətdir.

   Cənnət budaq və yarpaqları ilə göz oxşayan və dünyada analoqu olmayan bağ-bağçadır. "Etdikləri əməllərin mükafatı olaraq, (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib, saxlandığını heç kim bilməz!" (Səcdə 17). Cənnətin əsrarəngliyi barədə Rəsuli-Əkrəm(ə) buyurub: "Allah Cənnətdə qulları üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın təsəvvür etmədiyi nemətlər hazırlayıb". Göründüyü kimi, lüğətlərdə Cənnətin bağ-bağçaya bənzədilməsinə baxmayaraq, o, bəşər idrakının dərk edə bilməyəcəyi dərəcədə böyük, gözəl və gözlənilməzdir.

   Əksər İslam mənbələrinə görə, Cənnətin 8 dərəcəsi var: 1) Ağ incidən ibarət Dərul-Cəlal; 2) Dərul-Qərar; 3) Dərus-Sələm; 4) Dərul-Xul. Bu, Allahdan qorxaraq pis əməllərdən çəkinənlərin məskənidir; 5) Nəim Cənnəti. Bura iman gətirib, yaxşı əməllərə sahib olan müsəlman və əhli-kitab nümayəndələri üçündür; 6) Firdəvs Cənnəti. Firdəvs 7 qat göyün və kürsünün üstündə olub, maddi aləmin sonu, əmr-mənəvi aləmin başlanğıcıdır. "Elə isə Allahdan Cənnət istərkən, Firdəvs Cənnətini istəyin" (həz.Peyğəmbər); 7) Məva Cənnəti. Bu Cənnət merac vaxtı Rəsuli-Əkrəm(ə)-nin həz.Cəbraili gördüyü Sidratulmuntəhanın yanındadır. Sidratulmuntəha isə 7-ci göydəki ərşin sağındakı ağacdır. Bura mələklər, şəhidlər və müttəqilər məskənidir; 8) Ədn Cənnəti. Bu, cənnətlərin ən üstünüdür. Ədn Cənnəti peyğəmbərlər, şəhidlər və siddiqlər üçündür.

   Rəbbdən Cənnət diləyən bəndə bilir ki, Cənnət həm də vicdan rahatlığı istisna olmaqla, bəndədən səbr, iman, fədakarlıq tələb edən çox məşəqqətli bir yolla hasil olur. "Siz, sizdən öncələrin başına gələnlərin başınıza gəlməyəcəyinizi güman edib, Cənnətə girəcəyinizi düşünürsünüz?" Rəbb kəlamı da, Cənnət sevdasının çox baha olmasına işarədir.

   Cənnət diləyən bəndə təbii ki, Cəhənnəm əzabından çox qorxduğu üçün həmin odlu, irinli məkanın qapılarının üzünə bağlanmasını istəyir. Peyğəmbər(ə)-nin: "Cəhənnəm və Cənnət sizə təsəvvür etdiyinizdən daha yaxındır" kəlamına söykənən bəndə onu da bilir ki, onun axirətdəki durumunu əməllərinə görə, yalnız Allah müəyyən edir. Cəhənnəm iman gətirməyənlərin, yəni Allaha, peyğəmbərlərə, səmavi kitablara, qəza-qədərə, axirət və mələklərə inanmayanların, eləcə də dində əməl və iman baxımından küfr sayılan şeyləri edənlərin yeridir. Cəhənnəm odunun miqyas, dəhşət və vəhşətini xarakterizə edən İmam Rəbbani (v.e.1624) deyib: "Cəhənnəmdən bir qığılcım dünyaya düşsəydi, bütün yer üzü məhv olardı". Ümumiyyətlə, Təbəri (v.e.923) başda olmaqla, bütün müsəlman təfsirçiləri Qurana istinadən qəbul ediblər ki, Cəhənnəmin 7 təbəqəsi var: Cəhənnəm, Ləza, Hutamə, Sair, Səqar, Səhim və Haviyə. Beləliklə, etdiyi yaxşı əməllərin günahlarından çox olduğunu vicdan və qəlbi ilə bilən və Allah rəhmətindən naümid olmayan bəndə, Ramazanı ilahi bir fürsət bilərək, Cənnət sevdası ilə yaşayır.

   Günün duasında sonuncu dilək: "Quran oxumağı mənə müvəffəq et!" münəcatıdır. "(Ya Peyğəmbərim!) De: əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər" (İsra 88).

   Məlumdur ki, Qurani-Kərim yalnız mənası ilə deyil, ləfzilə də möcüzədir. Dua edən bəndə bu möcüzədən bəhrələnmək naminə, Quranı nazil olan dildə - orijinalda oxumağı arzu edir. O həm də bilir ki, Quran oxuyana savab verilməklə yanaşı, onu dinləyənlər də bu savabı qazanırlar. Həmin səbəbdən o, həm özünə, həm də cəmiyyətə xeyir gətirmək üçün bu müqəddəs ayda Allahdan Quranı oxumağı ona müvəffəq etməsini diləyir. Müqəddəs kitabı oxuyan və dinləyənlərin savabı barədə Peyğəmbər(ə) buyurub: "Qurani-Kərimi oxuyanın ata-anası kafir olsa belə, onların əzabları yüngülləşər"; "Kim beş vaxtı namazda Qurani-Kərimi oxusa, Allah bir hərfə görə, ona yüz savab verər. Kim namaz xaricində Quran oxusa, hər hərfinə on savab verər. Kim Quranı dinləyərsə, hər hərfinə görə, bir savab verər. Kim Quranı xətm etsə, həmin şəxsin duasını Allah qəbul edər".

   Əlbəttə, Quranı orijinalda - ərəb dilində oxuya bilməyənlər onu ana dilində (tərcümədə) oxuyarkən savab qazanırlar. Burada əsas şərt oxunanları yaşamaq, Quran hikmətinə uyğun fəaliyyət göstərməkdir.

   Beləliklə, qəlbinin aramlı, xatircəm olması üçün bəndə Allaha dua edir ki, Cəhənnəm qapılarını onun üzünə bağlayıb, Cənnət qapılarını açsın. Sonra isə o, Quran möcüzəsindən xəbərdar olmaq eləcə həm özü, həm yaxınlarının savaba sahib olması üçün, Allahdan Quran oxumağı ona müvəffəq etməsini istəyir. Biz bəndə duasına qoşularaq deyirik: Ya Rəbb, bizim iradəmizi Cənnəti reallaşdıran əməllərə yönəlt. Bizi Quran oxumağa, oxuduqlarımıza əməl etməyə sövq et. Millət ümmətin dua oruclarını qəbul et!

  

 

Vaqif Cəliloğlu

 

Bakı xəbər.- 2010.-27-28 avqust.- S. 12.