"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə gedən yol

 

Bu bayramın ehtiva etdiyi ideyaya çatmaq üçün çəkdiyimiz iztirabları yalnız bircə fakt unutdurur ki, nəticə uğurlu olub, dünyanın dörd bir yanında məskunlaşan soydaşlarımız vahid ideologiya ətrafında birləşib.

  

   Qarşıdakı bayrama hansı uğurlarla gedirik...

  

   Xalqımızın və dövlətimizin həyatında əlamətdar hadisələrlə zəngin olan daha bir il tarixə qovuşmaq üzrədir. Qarşıdan gələn əlamətdar bayramımızın - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əlini möhkəmcə sıxmağa mənəvi haqqımız vardır.

   Müstəqil Azərbaycan dövləti bu il də bir çox sahələrdə ciddi uğurlara imza atmış, hərtərəfli və dinamik inkişaf etmişdir. Azərbaycan son yeddi ildə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Təkcə 2004-2008-ci illərdə ölkəmizin iqtisadiyyatı 2.7 dəfə, dövlət büdcəmiz 10 dəfədən çox artmışdır. Bu, 2009-cu ildə dünya maliyyə böhranı şəraitində iqtisadi gərginlik keçirdiyi halda, Azərbaycanın yeni-yeni uğurlara imza atdığını ehtiva edən parlaq bir göstəricidir.

   Deyirlər, ümmanlar damlalardan yaranıb. Bu kontekstdə son illər ölkəmizdə qazanılmış nailiyyətlərə diqqətlə nəzər yetirsək, görərik ki, onların araya-ərsəyə gəlməsində hər bir vətənpərvər, yurdsevər, dövlətsevər soydaşımızın özünəməxsus xidməti, əməyi vardır. Hər bir vicdanlı azərbaycanlı ölkədə geniş vüsət alan quruculuq, abadlıq işlərində yaxından iştirak edir.

  

   Dünyanın 42 ölkəsində strukturlaşmış Azərbaycan diasporu var

  

   Sonuna yaxınlaşdığımız ildə Azərbaycan dövləti və xalqı üçün xüsusi məna daşıyan bir neçə təqvim günü, o cümlədən Xocalı faciəsinin ildönümü tarixi dünyanın əksər ölkəsində ilk dəfə olaraq sistemli şəkildə, dünyanın bütün nöqtələrində eyni tarixdə qeyd edildi, Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Əvvəllər pərakəndə halda keçirilən bu tədbirlərin ilk dəfə sistemli şəkildə qeyd olunması ciddi effekt doğurdu. Bu sistemli iş dünyanın müxtəlif ölkələrində təşkilatlanmış, strukturlaşmış Azərbaycan diaspor təşkilatlarının əməyi nəticəsində baş tutdu. Məsələ ətrafında araşdırma apararkən Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat aldıq ki, hazırda dünyanın aparıcı 42 ölkəsində kifayət qədər təşkilatlanmış, strukturlaşmış diaspor təşkilatımız var. Əvvəllər bu cür təşkilatlar qarşısında dayanan prioritet vəzifə təşkilatlanmanı sürətləndirmək, xaricdəki soydaşlarımızı müxtəlif strukturlara cəlb etmək idisə, indi prioritet məsələ təşkilatlanmış, strukturlaşmış qurumların fəaliyyətini Azərbaycanın maraqlarının təmin edilməsinə yönəltməkdir.

   

   Azərbaycan diasporu tarixdə və bu gün

  

   Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasının tarixi xronologiyasını hazırlatdırıb. Xronoloji topluda qeyd edilir ki, Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi hələ VII əsrin sonu - VIII əsrin əvvəllərindən başlayıb. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda, onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış, bu proses diasporun yaranmasının təməlini qoymuşdur.

   İkinci mərhələ isə X - XIX əsrləri əhatə edir. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.

   Azərbaycan diasporunun formalaşmasının III mərhələsi Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır. 1920-ci ildən sonrakı ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.

   Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır. 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı əsirlikdə olan və Sovet cəza maşınının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.

   Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.

   Nəhayət, XX əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış, eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın Vətənlə təmaslarının artmasına, milli mənafe naminə birləşməsinə şərait yaratmışdır.

   Amma min illik tarixinin olmasına baxmayaraq, Azərbaycan diasporu heç vaxt Azərbaycan dövləti, xalqı ətrafında indiki qədər sıx birləşməmiş, milli mənafeyə bu qədər yaxın, milli şüura bu qədər sahib olmamışdır. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O, xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, müxtəlif xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Heydər Əliyevin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.

   Qurultaydan bir neçə ay sonra, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dünyada fəaliyyət göstərən Azərbaycan icmaları ilə məşğul olan dövlət orqanının yaradılması və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirmiş, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etmiş, ölkəmizin tarixi və müasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul vermişdir.

   Xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı, demək olar ki, prosesdə dönüş nöqtəsi olmuşdur. Bu tarixdən sonra Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində ciddi dönüş olmuş, onların vahid Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi daha da sürətlıənmiş, bu təşkilatlar Azərbaycan mənafeyinin müdafiəsi üçün hərəkətə keçmişlər.

  

   Həmrəylik Gününün daxili təməli

  

   Sonuna yaxınlaşdığımız ildə Vətənimiz iki cəsur oğul itirdi, iki Milli Qəhrəman qazandı. Mübariz İbrahimov və Fərid Əhmədov Azərbaycan xalqının gen yaddaşını oyatdılar, Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha dünyaya və düşmənə göstərdilər.

   Ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri, məncə, vətənsevərliyi şüarçılıqdan gerçək fəaliyyətə çevirməsi oldu. Vətən sevgisi sözdə deyil, işdə, əməldə, fəaliyyətdə bəllənir.

   Mən bu sətirləri yazarkən gözlərimin önünə 1993-cü ilin isti, təlatümlü yay günləri gəlir. Həmin vaxt bizim cənub bölgəsi çətin, qanlı-qadalı günlər yaşayırdı. Dövlət müstəqilliyimiz təhlükə altında idi. Azərbaycan yenidən parçalanmaq təhlükəsilə üzləşmişdi. Ölkədə xaos hökm sürürdü. Bədnam "Talış- Muğan Respublikası"nın yaraqlıları bölgəmizdə əl-qol açmışdılar. Bu üzdəniraq separatçılar xalqımızın minillər boyu arzusunda olduğu və igid övladlarımızın qanı hesabına əldə etdiyi milli sərvətimizə - yenicə ayaq üstə duran müstəqil dövlətimizə qənim kəsilmişdilər. Bölgənin sərvətləri bu quldur dəstə tərəfindən talanıb dağıdılır, namuslu insanlar işgəncə və təzyiqlərə məruz qalırdılar. İcra strukturları iflic vəziyyətində idi. Yerli mətbuat vətən xaini Ələkrəm Hümbətovun sərsəm tədbirlərini işıqlandırmağa təhrik edilirdi. Yaxşı yadımdadır, o vaxt "Talış-Muğançıların" "səlahiyyətli" yaraqlılarından olan Etibar adlı bir nəfər avtomat silahla redaksiyamıza gəlib mənə göstəriş verdi ki, qəzetinizin növbəti nömrəsində "Bəy"in (yəni Ə.Hümbətovun) şəklini və tərcümeyi-halını dərc edin, qoy cəlilabadlılar onu yaxından tanısın. Həmişə dövlətçilik mövqeyindən çıxış edən "Yeni gün" o zaman qaragüruhçulara baş əymədi, əksinə, növbəti sayımızda yazdıq ki, Ə.Hümbətov separatçıdır, düz yolda deyil. Azərbaycanı parçalamaq olmaz. Qəzetimizin bu çıxışı onları bərk qəzəbləndirmişdi. Həmin ağır günlərdə dövlətimizi, dövlət rəmzlərimizi canından çox sevən mərd, qorxmaz ziyalılarımız-qocaman tarix müəllimi Rəşid Əsgərov, şair Abbasağa, politoloq Mübariz Əhmədoğlu, dövlət qulluqçusu Nəriman Cəfərov və onlarla başqaları "Yeni gün"ün yanında idi. Rayon Sovetinin sessiyasında qəzəblənmiş başabəla polkovnik qəzetimizin ünvanına böhtanlar deyəndə bu mərd, vətənpərvər insanlar onun layiqli cavabını vermişdilər. Onlar açıq şəkildə demişdilər ki, rayon qəzeti düz yazır, Ələkrəm, sən düz yolda deyilsən, Azərbaycanı parçalamaq olmaz.

   Dövlətçiliyimiz üçün həmin o təhlükəli, narahat günlərdə "Talış-Muğan Respublikası"nın bədnam liderini yerində oturdan, bizim cənub bölgəsini yaraqlı quldurlardan xilas edən Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev idi. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev özünün uzaqgörən siyasəti nəticəsində Azərbaycanı parçalanmaq, yenidən tayfalara bölünmək təhlükəsindən xilas etdi. Ulu rəhbərin bir çağırışı ilə bölgəmizin mərd, mübariz, vətənpərvər övladları ayağa qalxıb "ələkrəmçiləri" bir göz qırpımında süpürüb tarixin qoxumuş zibilliyinə atdılar. Azərbaycan tarixində yeni era başladı.

   Bu gün Azərbaycan xalqı daxili çəkişmələrlə yox, beynəlxalq aləmdə öz haqqını almaq və qorumaqla məşğuldur. 2010-cu ilin sonunda "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə gedən yolda ən böyük uğurumuz da məhz budur.

      

Böyükxan Bağırli

 

Bakı xəbər.- 2010.- 6 dekabr.- S. 12.