Bu gün "Məmməd Araz günüdür"..

 

"Biz Cənubi Azərbaycan, o "Azərbaycanın cənubu" deyirdi

 

Gülxanım Fətəliqızı böyük şairlə ailə qurmasının tarixçəsini bir daha xatırladı

 

Sinəsində Azərbaycan boyda ürək gəzdirirdi Məmməd Araz. 77 il əvvəl Şahbuzun Nurs kəndində, Arazın kənarında doğulmuşdu böyük şair. Arazın qanlı, həsrətli suları onu şair eləmişdi. Sağlığında iyirmiyə qədər kitabı nəşr edilmişdi. Hər kəs onun yazdıqlarını vətən nəğməsi bilib oxuyurdu. M.Araz vətəndaş şair idi.

2004-cü ildə dünyadan xalq şairi kimi köçən Məmməd Araz tükənməz söz sərvəti qoyub gedib xalqımıza. Həmkarı Tofiq Mütəllibov deyirdi: "İndi şairin dostları da, düşmənləri də etiraf etməyə məcbur olub ki, hər xalqın yaxşı şairləri olsa da, Məmməd Arazı yoxdur". Haqlı idi. 41 yaşında amansızlıqla çarəsiz xəstəlik sinəsinə çökmüşdü. Həkimlər bunun əsəblə bağlı olduğunu desə də, dərdinə əlac edə bilmirdi. Düz otuz il o bu xəstəliklə mübarizə apardı. Sonda ölüm qələbə çaldı, əcəl sevindi.

Oktyabrın 14-ü Məmməd Arazın doğum günüdür. Ailəsi xalq şairinin ad günündə onun məzarını ziyarət eləməkdən ötrü I Fəxri Xiyabana gedəcək. Qırx yeddi il xalq şairilə birgə ömür sürən həyat yoldaşı Gülxanım Fətəliqızı bizimlə söhbətində dedi ki, Məmməd Arazla yaşadığı illərə görə qətiyyən təəssüflənmir. Birgə həyatın sevinci də, ağrı-acısı da, söz-söhbəti də olub, lakin bir-birinin əlindən möhkəm yapışıblar ki, yıxılmasınlar: "Kim desə ki, ailəmdə söz-söhbət olmur, inanmayın. Təbii ki, xırda söz-söhbətlər yaşamışıq. O 30 il xəstə olub. 41 yaşında bu xəstəliyə düçar olmuşdu. 30 il bir xəstənin nazını çəkmək, ona qulluq eləmək çox çətindir. Amma mən heç vaxt onunla ailə həyatı qurmağıma təəssüflənməmişəm. Aramızda inciklik olsa da tez barışmışıq, Əliağa Kürçaylı demiş bir-birimizin əlindən tutub üzü küləyə doğru getmişik. O, məni özülə bir çox respublikalara aparıb. Ən böyük arzusu isə məni Orta Asiyaya aparmaq idi. Amma xəstəlik aman vermədi. Uşaqları qoymaq üçün yer tapan kimi gedirdik, səfərimiz maraqlı alınırdı".

Gülxanım Fətəliqızı ilə Məmməd Araz 1957-ci ildə tanış olub. Tələbə qız Məmmədi əməlli-başlı övsunlayıbmış. Gənc Gülxanım da Məmməd İbrahimin (o vaxt Məmməd Araz Məmməd İbrahim idi) əvvəlcə şeirlərinə, sonra isə özünə vurulubmuş":1957-ci ildə tanış olmuşduq. Həmin ərəfədə Məmməd Səid Ordubadinin "Qılınc və qələm" əsərini oxumuşdum. Orada Qətibənin Nizami haqda bir sözü vardı":Sənin yaratdığın incilər mənim boynumdan asılsın". O sözlər mənim daim beynimdə dolaşırdı. Tanışlıq zamanı Məmməd dedi ki, mən şairəm. Söhbətimiz tutdu. 1958-ci il noyabrın 8-də ailə həyatı qurduq. Bir ildən sonra noyabrın 9-da ilkimiz İradə doğuldu. O Məmməd İbrahimov idi. Sonra "ov"u atıb Məmməd İbrahim oldu. 1969-cu ilin sonu 1970-ci ilin əvvəllərində Araz təxəllüsünü götürdü. Özü deyirdi ki, mən Araz sahilində doğulmuşam, Araz dərdi mənim də dərdimdir. Biz "Cənubi Azərbaycan" deyirik. O isə həmişə "Azərbaycanın cənubu" deyirdi".

Gülxanım Fətəliqızının sözlərinə görə, M.Arazın şeirlərini qəzet kanarından bir yerə yığıb üzünü köçürürmüş":Onun rəhmətə gedənə qədər evi oldu, əvvəl bir şəraitimiz yox idi. Heç yazı masasını qoymağa evdə yer tapa bilmirdik. Məmməd şeirlərini qəzet küncünə, ora-bura yazırda, mən də onu köçürürdüm. Məndən başqa heç kəs onun xəttini oxuya bilmirdi. Şeirlərini bir yerə mən toplamışam, özü isə çap etdirib. Mən ona bir həyat yoldaşı kimi deyil, bir vətəndaş, ədəbiyyat müəllimi kimi yanaşmışam. Onun haqqında yazılan bütün məqalələri, yazıları toplayıb böyük bir kitab çap etdirmişəm. Onun sevgi və təbiət lirikasını ayrıca bir kitab şəkilində çap etdirmək istəyirəm".

G.Fətəliqızı dedi ki, Məmməd Araz bütün fəxri adlara layiq görülsə də, xəstəlik onu sevinməyə qoymayıb":Xəstə olduğu üçün heç bir fəxri adı onu sevindirməyib. "İstiqlal" ordenini ilk alanlardandır Məmməd. Yalnız nəvələrinin dünyaya gəlməsi onu sevindirib. İradənin oğlu Toğrul doğlulanda Məmmədin sevincinin həddi-hüdudu yox idi. Bundan əvvəl deyirdi ki, mənim oğlum yoxdur, qəbir evinə yadların çiynində gedəcəyəm. Oğulsuzluğu ona çox pis təsir edirdi. Biz əkiz oğlanlarımızı körpəykən itirmişdik, o, bunu özünə böyük dərd edirdi. Nəvələr dünyaya gələndən sonra isə əməlli-başlı təsəlli tapdı. Yeri gəlmişkən, bəzi televiziyalarda müxbirlər şairlərin şeirlərini səhv salır. Bir jurnalist Məmməd Arazın məşhur "vətən daşı olmayandan olmaz ölkə vətəndaşı şeirini" Bəxtiyar Vahabzadənin şeiri kimi təqdim eləmişdi. Bu mənə pis təsir elədim".

Məmməd Arazın amansız xəstəliyə tutulmasında bədhaxlarının "zəhməti"nin çox olduğunu deyən həyat yoldaşının sözlərinə görə, onun vətənpərvərliyi, ana dilimizə sevgisi çoxlarını qane eləmirdi. Barəsində Mərkəzi Komitəyə "danos" yazanların az olmadığını bildirən G.Fətəliqızının bildirdiyinə görə, bunun nəticəsində M.Araz işdən çıxırılıbmış, bu da ona çox pis təsir edirmiş: "Onun millətçiliyi, vətənsevərliyi Kommunist Partiyasının nökərlərinə xoş gəlmirdi. İşdən çıxarılması ona pis təsir edirdi. Elə olurdu ki, o günlərlə yatmırdı. Əsəbləşmək onu o vəziyyətə saldı. Bununla yanaşı onun şeirlərini böyük ürəklə çap edən oğullar da vardı".

  

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2010.- 14 oktyabr.- S. 14.