Azərbaycanın saxta xəritələrinin çapı etirazlara yol açdı

 

  Ekspertlər "əks hücuma" keçməyin zəruri olduğu qənaətindədir

 

  Hər bir dövlətin ərazisinin tanıdılmasında onun sərhədlərini göstərən xəritələrin çapı önəmli əhəmiyyət daşıyır. Yəni dövlətin tanınmasında xəritələrin də rolu danılmazdır. Xəritələr bir növ bu və ya digər dövlətin ərazisinin hardan başlayıb, harda qurtardığını bildirən sənəddir. Başqa dövlətlərdə yaşayan insanlar da digər ölkənin ərazisini məhz xəritələr vasitəsilə müəyyənləşdirir, ona uyğun xəritələr tərtib edirlər.

   Bir-birinə düşmən dövlətlər isə, bəzən xəritələrdən də istifadə edərək, rəqibinə qarşı təbliğat kampaniyası həyata keçirir. Məsələn, vaxtilə Hitler Almaniyası qonşu ölkələri işğal etməzdən öncə Avstriya, Çexiyanın Sudes və Polşanın qərb torpaqlarının özlərinə məxsus olduğunu iddia edən xəritələr buraxdırmışdı. Buradan belə başa düşmək olar ki, bəzi xalqlar xəritələri saxtalaşdırmaqla da məşğuldur. Onlardan biri də farslarla ermənilərdir. Uzun illərdir, mənfur qonşularımız olan ermənilər ölkəmizə münasibətdə hərtərəfli saxtakarlığa qol qoyur. Onlar tərtib etdikləri xəritələrdə tarixən Azərbaycana məxsus torpaqları özlərinki kimi göstərərək dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Bunun üçün erməni diasporası hələ çox-çox illər əvvəldən fəaliyyət göstərir. Çar Rusiyası zamanından belə xarici ölkələrdə azərbaycanlılara məxsus ərazilərin guya qədimdə ermənilərə aid olduğu barədə xəritələr çıxırdı. Müstəqil Azərbaycan Xalq Cumhuriyyəti dövründə belə Ermənistan dövləti saxta xəritələr buraxmaqla məşğul idi. Dünya ölkələrini də bu yolla aldatmağa çalışırdılar. Son zamanlar isə xaricdə Azərbaycan barədə saxta xəritələrin dərc olunması prosesi genişlənib. Bu işdə əcnəbi ölkələrin bəzi qeyri-hökumət təşkilatları da ara-sıra ermənilərə dəstək olur. Həmin xəritələrdə Azərbaycan torpağı olan ərazilər, Dağlıq Qarabağ, Naxçıvan, hətta Gəncə şəhəri belə Ermənistan ərazisi kimi göstərilir. Ermənilər tərtib etdikləri saxta xəritələrdə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" xülyasında bulunur. Bununda onlar bir tərəfdən özlərinin gələcək nəslini türk millətinə qarşı nifrət ruhunda tərbiyə edir. Çünki bu xəritə ilə tanış olan erməni gəncin düşüncəsində Azərbaycan torpaqlarının böyük bir hissəsinin guya Ermənistana məxsus olduğu fikri formalaşır. Həmin saxta xəritələrin çapında maraqlı olan qüvvələr dünya ölkələrinin xalqlarını da bu üsulla yanlış yola sürükləməyə çalışır. Yəni onlarda Dağlıq Qarabağın, Naxçıvanın və digər qədim azəri torpaqlarının guya sırf erməni ərazisi olduğu illüziyasını yaradır. Cənub qonşularımız farslar da zaman-zaman buraxdıqları bəzi xəritələrdə İndiki Şimali Azərbaycan ərazisini İran dövlətinin torpağı kimi təqdim etməyə çalışırlar. Yəni digər məsələlər kimi, bu işdə də onlar müsəlman qardaşları olan azərbaycanlılara düşmən çıxaraq, ermənilərlə əlbir hərəkət edir. Bütün bu saxta hərəkətlərin qarşısı yerindəcə alınmalıdır ki, dünya ictimaiyyəti belə yalanlara uymasın. Bunun üçünsə, Azərbaycan tərəfi də adekvat addımlar atmalıdır. Ən azından, saxta xəritələr üzə çıxan kimi onların yalan olduğu barədə ictimaiyyəti məlumatlandırmaq lazımdır. Bununla bağlı müvafiq qurumlar yeri gələndə cavab tədbirləri görür. Eyni zamanda, Azərbaycanın qeyri-hökumət təşkilatları da son illər saxta xəritələrin faş edilməsi istiqamətində ardıcıl addımlar atır. Amma əvvəllər heç bunlar da yox idi. Sovet dövründə "Azərbaycan tarixi" dərsliyində ölkəmizdə mövcud olan qədim və orta əsr türk dövlətlərinin ərazisini göstərən bir xəritəyə belə rast gəlinmirdi. Hətta 1918-1920-ci illər ərzində mövcud olan və sonradan müstəmləkəçi rejimi müstəqillikdən üstün tutan Nərimanovun başçılığı altında işğala məruz qalan Azərbaycan Xalq Cumhuriyyəti zamanı mövcud olan torpaqlarımızı göstərən xəritə belə yox idi. Ermənistan isə hələ sovet dönəmində saxta xəritələr buraxırdı. Hazırda Azərbaycanın ərazisi Birləşmiş Millətlər Təşkilatı tərəfindən 86 min kvadratkilometrlik ərazisində tanınsa da, həmin saxta xəritələrdə ərazilərimiz qat-qat kiçik göstərilir. Burada bir daha xatırlatmaq yerinə düşər ki, indiki Ermənistanın yerləşdiyi ərazilər də bir vaxtlar bütünlüklə Azərbaycan torpaqları olub. Yəni ermənilər hazırda yaşadıqları əraziyə əslində gəlmədirlər. Ümumiyyyətlə, Azərbaycanın orta əsrlərdə ərazisi 400 min kvadratkilometrlik bir sahəni tuturdu. Mütəxəssislərdən ölkəmiz barədə xaricdə dərc olunan saxta xəritələrin qarşısını bütünlüklə necə ala biləcəyimizi soruşduq.

   Siyasi şərhçi, professor Vaqif Arzumanlı öncə bildirdi ki, Azərbaycan coğrafiyası, tarixi, ölkənin inzibati-ərazi vahidilə bağlı son illər ölkə hüdudlarından kənarda buraxılan xəritələrdə müəyyən naqisliklər özünü büruzə verir: "Bu da əsasən Dağlıq Qarabağ münaqişəsindən sonra baş verən hadisələrdir. Bəzi xüsusi broşüralarda, turist bukletlərində, bir sıra ermənipərəst dövlətlərin rəsmi çaplarında Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi hallarına rast gəlinib. Tarixi xəritələrdə Naxçıvan Muxtar Respublikasının ərazisi Ermənistan torpağı kimi verilirdi. Buna qədər də belə təxribatlar olub. Məsələn, XIX əsrin 60-70-ci illərindən başlayaraq ermənilər dənizdən-dənizə, üç dəniz arasındakı əraziləri Böyük Ermənistan ərazisi kimi təqdim etməyə çalışır. Bura nəinki Azərbaycanın, hətta Gürcüstanın da torpaqlarını daxil edirdilər". Həmsöhbətimizə görə, bu sahədə onlara ən tutarlı cavab dövlət xəritəçəkmə təşkilatları qarşısında məsələnin qaldırılması olardı: "Onlar vasitəsilə ölkəmizin tarixini, qədim, orta əsrlər və müasir dövrü əhatə edən zamanı özündə əks etdirən xəritələrin tez-tez nəşr olunması vacibdir. Özü də proses müxtəlif dillərdə aparılmalıdır ki, dünya ictimaiyyəti geniş şəkildə tanış ola bilsin. Bu yaxınlarda Çexiyada olarkən burada "Azərbaycanın tarixi və maddi-mədəniyyət abidələri" adlı bir xəritənin böyük buklet şəklində Praqada nəşr olunduğunun şahidi oldum. Həmin nəşr çex və ingilis dillərində idi. Bu bukletdə Azərbaycanın eramızdan əvvəlki dövründən tutmuş hazırkı günə qədər dövrü əhatə edən xəritələri, yəni 2005-ci ilə qədər olan memarlıq, tarixi, maddi-mədəni abidələrimiz gözəl şəkildə əks olunmuşdu. Burada coğrafi və inzibati-ərazi məqamları da verilib. Həmin istiqamətdə xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz çox iş görə bilər. Bu cəhətdən Azərbaycanın Çexiyadakı səfirliyinin fəaliyyəti diqqətə layiqdir. Belə xəritələr ingilis dilində başqa Avropa ölkələri və Amerikada da nəşr olunmalıdır ki, ermənilərin saxta xəritə diplomatiyasına sarsıdıcı zərbə vurulsun. Azərbaycan təkcə daxildə yox, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik təşkilatları və missiyaları ilə də bağlı belə addımlar atmalıdır". Onun fikrincə, sözügedən təbliğat Ermənistan-Azərbaycan münaqişəsindən sonra daha güclü aparılmalı idi: "Bunu bir müddət diqqətdən qaçırdıq. Bir xəritə çap etdik, "Azərbaycanın işğal olunmuş əraziləri". Amma bu az idi. Azərbaycanın qədim, orta əsrlər və XX əsrə aid xəritələrini də tez-tez çap etdirməliyik. Təəssüf edirəm ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründəki ölkəmizin ərazi-inzibati vəziyyətini əks etdirən xəritələrimiz olduqca azdır. Bu dövrün, ölkəmizin ərazisinin 113 min kvadratkilometr olduğunu göstərən xəritələrin çapı, əlbəttə, çox vacibdir. Özü də dönə-dönə, dəfələrlə". V.Arzumanlı çoxsaylı Vahid Azərbaycan xəritəsinin buraxılmasını da vacib bildi: "Xarici ölkələrdə vahid Azərbaycan, məsələn, Dərbənddən başlamış, Həmədana qədər olan ərazilərimizin xəritəsinin çapını da həyata keçirirlər. Həmin xəritələrdən birini 1994-cü ildə Almaniyanın paytaxtı Bonnda "Ana dili" qəzetinin baş redaktoru Nurəddin bəy Qərəvi ilə birgə çap etmişdik. Xarici ölkələrdə yaşayan cənublu soydaşlarımız, az-az olsa da, belə xəritələri çap edib. Bu işi iki istiqamətdə aparsaq daha xeyirli olar. Biri tarixi xəritələrimiz, bir də, xüsusən 1918-1920-ci illərin bütün Şərqin ilk demokratik dövləti olan Xalq Cumhuriyyəti dövrünün və Bütöv Azərbaycanın xəritəsini. Bununla bağlı İrandan çəkinmək lazım deyil. Cənub qonşumuzda Cənubi Azərbaycanı İran ərazisi kimi göstərən çoxsaylı xəritələr çap edilib. Biz də Dərbənddən Həmədana qədər ərazinin Azərbaycana məxsusluğu barədə geniş həcmli xəritələr buraxmalıyıq. Reallıq bundan ibarətdir ki, Türkmənçay və Gülüstan müqavilələrindən sonra parçalanmışıq. Amma buna qədər Borçalının bir tərəfdə qalması, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ərazi məsələlərilə bağlı təbliğatı güclündirsək, bu ümumi işin xeyrinə olar. Belədə ermənilərin işğalçı və düşmən siyasəti dünya ictimaiyyətinə daha aydın şəkildə təqdim oluna bilər".

   Millət vəkili Fərəc Quliyev qeyd etdi ki, indi Azərbaycanın istənilən dövlətə təsir etmək imkanları var: "Azərbaycan bir halda ciddi təpki göstərsə, qalan hallarda belə davranışlar olmayacaq. Hər hansı bir ölkə Azərbaycan xəritəsi və ərazisilə bağlı təhriflərə yol verəcəksə və bu gələcəkdə təkrarlanarsa, nota verməklə bütün münasibətlərə yenidən baxma tələbilə çıxış edilərsə, onda bu məsələyə, düşünürəm ki, birdəfəlik son qoyulacaq. Azərbaycanın siyasi həyatında fəaliyyət göstərən təşkilatlar da ona öz münasibətini bildirməlidir. Diasporumuz da həmçinin. Eyni zamanda, belə hallara münasibətdə adekvat addımlar da atılmalıdır. Ən azından, mütəxəssislərimiz qarşılıqlı olaraq "səhvlər" edər və həmin dövlətlər başa düşər ki, etdikləri əməllər əbəsdir. Bu yaxınlarda Ramiz Mehdiyevin nəşr etdirdiyi kitab da göstərdi ki, Azərbaycan hakimiyyətində məmurlar da bir vaxtlar bizim bildiyimiz gerçəklikləri qəbul edir və onun doğrudan-doğruya ictimailəşməsinin labüd olduğu qənaətindədir. Çünki bu məsələləri rəsmi şəkildə ortaya qoymadıqda İran kimi dövlət ölkəmizin ərazilərinə iddia edəcək, başqaları da ərazi iddiasında bulunacaq, xəritələrimizə toxunacaq. Milli Elmlər Akademiyasının özündə müvafiq strukturlar var. Bütün dövrlərə aid ərazilərimizlə bağlı xəritələrimizi əcnəbi dillərdə olmaqla kitablar halında müxtəlif ölkələrin kitabxanalarına, universitetlərinə, senatorlar və dövlət adamlarına göndərməklə də özümüzü tanıtmağı bacarmalıyıq. Amma haqqımızda xəritədə təhriflər olursa, dövlət tərəfindən ciddi ölçü götürülməlidir. Məsələn, şərt qoymaq olar ki, mövcud kəm-kəsir qısa zamanda düzəlməsə, təkzib verilməsə, üzr istənilməsə neft müqavilələrinə yenidən baxmaq məcburiyyətində qalacağıq. Dünya iqtisadiyyat dünyasıdır və bu baxımdan istifadə etmək lazımdır".

  

 

  Rüfət SULTAN

 

  Bakı xəbər.- 2011.- 4 aprel.- S. 15.