Övladsız ailə problemi, ailələrin övladsızlıq problemi...

 

   Ruhəngiz Hüseynova: "Övladın olmaması qadınla bağlıdırsa, ailə başçısı, oğlanın anası, qohumları tərəfindən ailədə gərginlik yaradılır"

 

   "Birbaşa olaraq övladı olmayan ailələrlə bağlı maarifləndirmə işləri indiyə qədər aparılmayıb"

 

   Ailənin müqəddəs məfhum olduğunu nəzənə alsaq, onun qorunmasına xüsusi önəm verilməsi hər zaman diqqət mərkəzində olmalıdır. Bunun üçün də ailə bütöv olmalıdır. Yəni hər cəhətdən ailə bir-birini tamamlamalıdır. Ancaq həyat elədir ki, hər şey insanın istədiyi kimi olmur. Heç kəs deyə bilməz ki, qarşıdan onu hansı tale gözləyir.

   Son illər Azərbaycanda boşanmalar kontekstində müşahidə olunan ailə zəminində münaqişələr narahatlıq doğurur. Həmçinin, bu istiqamətdə artım tendensiyası ictimaiyyətin bir çox zümrələrini düşündürməyə başlayıb. Bununla bağlı müxtəlif müzakirələr aparılır, fikirlər bildirilir. O cümlədən, ailədə baş verən bu təbəddülatlar bir sıra obyektiv və subyektiv faktorlarla izah olunur. Praktiki olaraq bu faktorların hərəsi özünəməxsus çəkiyə malikdir. Düzdür, Azərbaycanda ailədaxili gərginliklər çox vaxt sosial-iqtisadi səbəblərlə bağlı olur. Yəni sözügedən problemlər ailə-məişət münasibətlərində mövcud olan bu kimi problemlərdən qaynaqlanır. Məsələ ondadır ki, işsizlik, az qazanc və bunların fonunda ailəni dolandırmağın çətinliyi konfliktlərə yol açır. İşsiz olan ailə başçısı günboyu evdə olduğundan, qadına zor tətbiq edir və s. Hədər demirlər ki, iş insanı bir sıra pis vərdişlərdən saflaşdırır. Bir çox ailələr işsizlik, evsizlik üzündən dağılır. Cavanlar ciddi mənəvi travmalar alır, vaxtında ailə qura bilmir və s. Sonrakı dövrdə ailə quranda da bir sıra əlavə problemlər ortaya çıxmağa başlayır. Bütün bunlar üst-üstə gələndə, istər-istəməz, ailədaxili problemlərin ortaya çıxması üçün zəmin yaranmağa başlayır. Problem həm də ondadır ki, indiki cavanlar bu kimi çətinlikləri keçməkdə səbrsizlik göstərir. Bu da, təbii ki, ailədaxili münasibətlərdə özünü göstərməyə bilməz. Ümumən ailə münasibətləri o qədər mürəkkəb və spesifik xüsusiyyətlərə malikdir ki, bu münasibətləri uzun müddət dayanıqlı əsaslar üzərində saxlamaq heç də asan məsələ deyil. Görürsən ki, illərdir bir damın altında yaşayan ailə münasibətlərini hələm-hələm uyğunlaşdıra bilmir. Bu cür ailələrdə münasibətlərin müəyyən çərçivə daxilində oturuşması vaxt aparır. Yaxud da tərəflər, uzun müddət bir arada yaşamalarına baxmayaraq, sonda ayrılmağa qərar verir. Bəzən görürsən ki, normal şərtlər daxilində ailə qurulur. Bu zaman hansısa səbəblərdən, ən adi bir anlaşılmazlıqdan ailədə ciddi münaqişələr yaranır. Vəziyyət o dərəcədə kritikləşir ki, ailə üzvlərindən biri cinayətə əl atmalı olur. Ya qısqanclıqdan, ya da arvadın deyingənliyindən bezən kişi qətl törətməyə belə əl atır. Son illər bu kimi halların, nə yazıq ki, az-çox şahidi oluruq. Nəticədə sağalmaz yaralara gətirib çıxaran hadisələr baş verir.

   Ailədaxili gərginliklərdən biri də övladla bağlı yaranır. Müşahidələr göstərir ki, Azərbaycanda övladın olmaması üzündən ailədə ciddi münaqişələr yaşanır. Xüsusən də qadınlara münasibətdə bu heç də xoşagələn səviyyədə deyil. İş ondadır ki, hər hansı bir səbəbdən qadının uşağı olmursa və aparılan müalicə işləri bir nəticə vermirsə, qadın əməlli-başlı diskriminasiyaya məruz qalır. Bu kimi qadınların zorakılığa, həqarətə, psixoloji təzyiqlərə, qohum-qonşu dedi-qodusundan doğan tənələrə məruz qalması çox geniş yayılıb. Ən çox da uşağı olmayan qadınlar ailə başçısı tərəfindən zorakılığa məruz qalır. Məlum məsələdir ki, elmi-texniki tərəqqinin naliyyətləri hər keçən gün bizim həyatımıza təsir göstərir. Bu inkişaf çərçivəsində bir sıra xəstəliklərin müalicəsinə əlac tapılır və s. O cümlədən, son illər sonsuzluğun qarşısını almaq üçün istifadə olunan vasitələrdən biri də süni mayalanmadır ki, bir sıra ailələr illərlə övlad həsrəti problemindən bu cür yaxa qurtarır. Ancaq təəssüflər olsun ki, Azərbaycanda övladı olmayan ailələrin heç də hamısı bu kimi üsullardan istifadə etmir. Cəmiyyətdə şüuraltı belə bir rəy formalaşıb ki, guya süni mayalanma yolu ilə dünyaya gələn uşaqların mənşəyi məlum deyil. Əslində övlad hər iki valideynin izdivacından yaranır. Sadəcə, tərəflərin birində olan problem üzündən müvəqqəti laboratoriyalardakı vasitələrdən istifadə olunur. Bu kimi hallardan istifadə olunmaması ailədaxili gərginliklərə və s. xoşagəlməz hallara yol açır. Ailələrdə övlad olmaması üzündən yaşanan problemlər bəzən çox acı nəticələrə gətirib çıxarır.

   Məsələyə münasibət bildirən "Qadınlar Arasında Həmrəylik" İctimai Birliyinin rəhbəri Ruhəngiz Hüseynovanın da sözlərinə görə, övlad olmaması üzündən Azərbaycan ailələrində bir sıra gərginliklər yaşanır: "Xüsusilə də övladın olmaması qadınla bağlıdırsa, ailə başçısı, oğlanın anası, qohumları tərəfindən ailədə gərginlik yaradılır. Bu səbəbdən ailədə yaşanan bənzər münaqişələr əksər hallarda ailənin dağılmasına gətirib çıxarır. Hesab edirəm ki, bu kimi səbəblərə görə qadınları gözüm-çıxdıya salmaq doğru deyil. Belə hallara yol vermək qadınların hüquqlarının açıq-aşkar pozulması deməkdir. Çünki övlad olmayanda tək qadınlar deyil, kişilərin özləri də yoxlamadan keçməlidir. Çox vaxt qadın gedir həkimə, müalicə olunur, amma uşağı olmur. Bu zaman düşürlər qadının üstünə. Ay aman sənin uşağın olmur və s. Halbuki, qadınla bərabər kişi də müalicədən keçməlidir. Bütün bunlar baş vermədiyindən, çox qısa müddətdə qadını boşayırlar ki, bəs onun uşağı olmur. Mənə elə gəlir ki, bu məsələdə bir az səbrli, təmkinli olmaq lazımdır. Biz bir tərəfdən övlad istəyiriksə, o biri tərəfdən də fikirləşməliyik ki, Allahın bir qisməti var. Allaha inanan adamlar fikirləşməlidir ki, Tanrının qismətindən qaçmaq olmaz. Doğrudan da qismətində övlad varsa, Allah gec-tez onu sənə bəxş edəcək. Ona görə də övlad olmadığı üçün ailədə gərginlik yaratmaq, münaqişələrə rəvac vermək doğru deyil. Mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır".

   R.Hüseynovanın sözügedən məsələ ilə bağlı açıqlamasından o da məlum oldu ki, sonsuzluğun qarşısını almaq üçün Azərbaycan ailələri uşaq götürmək metodundan az istifadə edir: "Ailə planlaşması, reproduktiv sağlamlıqla bağlı ölkədə müəyyən proqramlar var. Ancaq birbaşa olaraq övladı olmayan ailələrlə bağlı maarifləndirmə işləri indiyə qədər aparılmayıb. Halbuki, bu kimi proqramların həyata keçirilməsinə çox böyük ehtiyac var. Həmçinin, belə maarifləndirici işin aparılması maraqlı olardı. Ancaq onu da nəzərə almaq lazımdır ki, sözügedən maarifləndirmə işlərinin aparılması təkcə qadın təşkilatlarının işi deyil. Eyni zamanda, bunu atalara, uşaqlara, cəmi valideynlərə keçmək lazımdır. Bu səpkili maarifləndirmə işlərini həyata keçirmək o mənada maraqlı olardı ki, övladın olmamasında qadının günahı yoxdur. Belə hallarda ailədə münaqişə yaratmaqdansa, yaxşısı odur gözləyəsən. Bəzən elə olur ki, insanın lap 10 ildən sonra da övladı ola bilər. Digər tərəfdən, övlad olmursa bunu dərd etməyə dəyməz. Ona görə ki, bütün dünyada övladı olmayan ailələr alternativ qaydalardan istifadə edir. Belə ki, həmin ailələr övlad götürür. Xarici dövlətlərdən fərqli olaraq, Azərbaycanda övladın götürülməsi çox ağrılı gedir. Bəzən ya qohumdan götürürlər, ya da uzun müddət növbəyə dururlar. Elələri də var ki, övlad götürmək istəmir. Övlad götürməkdənsə, sonsuz qalmağı üstün tutur. Bizdən fərqli olaraq, xaricdə bu məsələyə yanaşma tamamilə fərqlidir. Belə ki, ABŞ-dan gedib Vyetnamdan, Afrikadan övlad götürürlər. Yəni övlad övladdır. Məsələ onda deyil ki, mütləq övlad bioloji olaraq sənə məxsus olmalıdır. Əslində bu uşaqlara olan sevgidir və o üzdən, övlad götürmək olar. Burada nə var ki? Uşağı lap körpəlikdən götürün, olsun övladınız. Ona görə də doğrudan da bu sahəyə biz diqqət yetirməliyik. Bu yöndə məlumatlandırma, maarifləndirmə işini sistematik olaraq aparmaq lazımdır. Sistemli iş aparılsa, qismən də olsa, ailələrdə övladın olmaması üzündən yaşanan gərginlikləri minimuma endirmək olar. Cəmiyyətdə bu istiqamətdə geniş təbliğat işi aparmaq lazımdır ki, ictimaiyyətin böyük hissəsi bundan məlumatlı olsun. Məlum olduğu kimi, ailədə uşağın olmaması ən çox qadınlar üçün problemlər yaradır. Mənə elə gəlir ki, qadınların hüquqlarını qorumaq naminə buna getmək lazımdır. Çünki qadınların bir qismi məhz övladı olmaması üzündən məişət zorakılığına məruz qalır".

   Göründüyü kimi, cəmiyyətdə həlli çətin olan bir sıra problemlərin aradan qaldırılması üçün hamı bir-birinə dəstək verməlidir. Bu cür dəstəyi təmin etməyin başlıca mütərəqqi üsulu ciddi əsaslara söykənərək maarifləndirmə işini həyata keçirməkdən keçir.

 

 

  Vidadi ORDAHALLI

 

  Bakı xəbər.- 2011.- 19-21 avqust.- S. 15.