Soyqırım iddiası məsələsində türk xarici siyasəti üçün TƏKLİF

 

  Türkiyənin xarici siyasət sahəsində hər il aprelin 24-ü qarşılaşdığı ən böyük problemlərdən biri "erməni soyqırımı" iddialarıdır. Bu məsələ ilə bağlı istər elmi dairələrdə, istərsə , mediada yazılanlar özündən əvvəlkindən fərqli deyil. Siyasi problemlərin həll edilməsi istiqamətindəki çətinliklər bu məsələni bir "qanqren" halına gətirib. Bu gün adı keçən problemin həlli üçün makro təsirə malik siyasət konsepsiyası qəbul etmək zərurəti ortaya çıxmıb.

   Bu məqalədə bilinənlərin təkrarından qaçılacaq, bu məqsədlə "soyqırım" iddialarının tarixi perspektivinə girilməyəcək. Məsələnin, Ermənistan və Türkiyə başda olmaqla, bilavasitə əlaqəsi olan ölkələrdə daxili siyasətə təsiri, bunun ikitərəfli münasibətlərdə əks olunması, ABŞ faktoru və Azərbaycan-Türkiyə münasibətlərinə təsirləri analiz edilməyə çalışılacaq.

   Bu günə qədər soyqırım iddiası məsələsində Türkiyədə dilə gətirilən təkliflər, görülən tədbirlər:

   Məsələyə ümumi olaraq baxıldıqda rəsmi yanaşmada heç vaxt soyqırım kəlməsi tək tələffüz edilməmiş və qarşısına "qondarma" ifadəsi də gətirilmişdir. Bu ifadə parlamentdəki əksəriyyəti təmsil edən siyasi partiyaların, medianın, qeyri hökumət təşkilatlarının və xalqın dəstəyini almışdır.

   Türkiyəli tədqiqatçılar, ingilis dili başda olmaqla, fərqli dillərdə mövzu ilə bağlı fikirlərini dünya ictimaiyyətinə bildirmiş, ancaq "subyektiv" deyə xarakterizə olunan bu məlumatlandırmalar, dərindən araşdırılmadan, "tərəfdar toplama" olaraq qiymətləndirilmişdir. Obyektiv və azad olduğunu irəli sürən Qərb dünyası qarşısına qoyulan sənədləri diqqətə almama, inanmama yolunu seçmiş (Fransadakı kimi) soyqırım olmadığının söylənməsinə belə qanunlarla maneəçilik törətmiş, dolayısı ilə bu baxımdan mövzuya açıqlıq gətirmə və həll yolları əvvəlcədən bağlanmışdır.

   "Türkiyə Respublikasının arxivləri açılsın, elm adamlarının müstəqil, tərəfsiz araşdırma aparmaları təmin olunsun" təklifi də Ermənistan tərəfindən dəstəklənməmiş və problemin həllinə kömək etməmişdir.

   10 oktyabr 2010-cu il tarixində Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol, dünya ictimaiyyətinin diqqətini çəkmiş, ancaq Ermənistan Konstitusiya Məhkəməsinin "soyqırım" məsələsilə bağlı qəbul etdiyi qərar nəticəsində bu məsələni həlli yenə də əngəllənmişdir.

   Bir başqa ifadə ilə, iki ölkə arasında diplomatik, siyasi və iqtisadi münasibətlər, bu məsələ səbəbilə təxirə salınmışdır. Qısa, orta və uzun müddətə də məsələnin həllinin qeyri müəyyənliyini qoruması müşahidə edilməkdədir. Bu məqalədə məsələnin həllinə dair real təklif gətirilməsinə çalışılacaq. Məsələ Türkiyə və Ermənistan xaricindəki əlaqədar ölkələr arasında da qiymətləndiriləcək.

 

   ABŞ və soyqırım:

 

   Türkiyə və Ermənistan xaricində bu problemin həllində əhəmiyyət daşıyan və təməl daşlarından biri olan ölkə ABŞ-dır. Soyqırım iddiası məsələsi ABŞ-ın daxili siyasətində dəyərləndirilməkdədir. Bu ölkədə, istisnasız olaraq, hər dəfə prezident seçkilərində "soyqırım" məsələsi gündəmə gətirilmiş, namizədlər bununla bağlı müxtəlif vədlər vermişlər. Bugünkü prezident Barak Obamanın 4 noyabr 2009-cu ildə seçki kampaniyası ərəfəsində "ABŞ-ın dürüstcə erməni soyqırımından bəhs edən bir prezidentə layiq olduğunu" dilə gətirməsi dediklərimizi ən yaxşı nümunədir.

   Soyqırım iddiaları Vaşinqton sərhədləri xaricində də seçki siyasətinin gündəmində yer almış, ictimaiyyətdə siyasi fiqurlar arasında sərt müzakirələrə səbəb olmuşdur. Jean Schmidt - son seçkilərdə Ohayo ştatı, 2-ci Bölgədən Nümayəndələr Palatasına girmişdir - seçki kampaniyalarında bu məsələ ilə bağlı fikirlərini bu şəkildə ifadə etmişdir: "Sahib olduğum tarixi məlumatlara görə, 1915-ci ildə yaşanan faciəli hadisələrə soyqırım deyilmir. Bu məsələ müzakirəsiz deyil. Amerika və dünyada çox sayda mötəbər tarixçi tam tərsini söyləməkdədir. Bu məsləni ABŞ Konqresi deyil, müəyyən bir beynəlxalq komissiya həll etməlidir".

   Schmidtin eyni bölgədən rəqibi, erməni əsilli David Krikorian isə Schmidti bu fikirlərinə görə "Türklərdən soyqırımı inkar üçün (qan pulu) aldığı" şəklində ittiham etmişdir. Bununla bağlı bir başqa nümunə ABŞ Konqresi Nümayəndələr Palatası xarici əlaqələr müdiri Howard Bermandır. O da ABŞ-ın qondarma erməni soyqırımının tanınması zamanının gəlib çatdığını ifadə etmişdir.

   Bütün bunlar soyqırım iddialarının okeanın o tayındakı bir ölkənin seçki kampaniyalarına önəmli dərəcədə təsir etdiyinə, eyni zamanda, erməni lobbisinin liderlər səviyyəsində uğurlu olduğuna dair nümunələrdir.

   Seçki öncəsi verilən vədlər ermənilərdə bir ümidə səbəb olmuş, bu, Türkiyə Respublikasının qondarma soyqırımı tanıması nöqtəsində təsirli bir təzyiq vasitəsi olaraq görülmüşdür.

   Prezident seçkisi sonrasında isə verilən soyqırımı tanıma vədlərinə hər dəfə Türkiyənin geosiyasi, strateji önəmi diqqətə alınmışdır.

   Seçkiqabağı kampaniya dövründə məsələni dəstəkləyənlərdən biri olduğu təəssüratı bağışlayan Barak Obama 24 aprel mesajında, "soyqırım" yerinə, ermənicə "böyük fəlakət" mənasını verən Meds Yeghern terminindən istifadə etmişdir. Bu da dünya mətbuatında təəccüblə qarşılanmışdır. Məsələn, Financial Times: "Obama Türkiyə ilə münasibətləri qorumaq üçün vədinə əməl etmədi. ...."; BBC: "Prezident seçilənə qədər soyqırım kəlməsini tez-tez dilə gətirən Obama bu kəlmədən istifadədən yayındı"; AP: "Obama "soyqırım" deməyərək, tənqid etdiyi Buş hökumətinin daha bir diplomatik manevrini etmiş oldu". Məsələnin başqa bir tərəfi də bu cür siyasi ifadənin ermənilərdə yaratdığı böyük məyusluqdur.

 

   Türkiyə və soyqırım:

 

   ABŞ prezidentlərinin hər il yayımladığı 24 aprel mesajında "soyqırım" kəlməsinin istifadə olunmaması üçün Türkiyədə adətən bir səfərbərlik başladılır. Milli Məclisdə təmsil edilən partiyaların ingilis dilini yaxşı bilən və ABŞ-ı tanıyan nümayəndələrindən qruplar yaradılmaqdadır; bunlar Vaşinqtona gedərək, siyasi qərar mexanizmindəki fiqurlarla üzbəüz danışmaq üsulu ilə Türkiyənin soyqırım fikrinə dəstək axtarmaqdadırlar. Bundan başqa, Türkiyə adına məsələ ilə bağlı lobbi fəaliyyətini davam etdirməsi üçün ABŞ şirkətlərinə böyük məbləğdə pul ödəyirlər.

   Türkiyədə prezident və baş nazirin təxminən dekabr ayından başlayaraq ABŞ prezidentlərilə apardığı telefon danışıqları mətbuatda "Hörmətli Prezident/Baş nazir ABŞ prezidentilə görüşüb, Türkiyənin fikrini dilə gətirmişdir" şəklində əks edilməklə, bu və buna bənzər ifadələr və alınan cavablar bir neçə ay ölkə gündəmində yer almışdır.

   Son zamanlar Türkiyədə Ermənistan və soyqırım iddiaları ilə bağlı universitetlər bazasında araşdırma mərkəzləri yaradılmış və önəmli əsərlər ortaya qoyulmuşdur. Bunlar ingilis dilinə tərcümə edilmiş, ancaq elm dairələrindən və beynəlxalq siyasi qərar mexanizmlərindən gözlənilən dəstək gəlməmişdir. Türkiyəyə soyqırım iddiaları ilə bağlı edilən təzyiqlər davam etmişdir.

 

   Ermənistan və lobbilərinin uğuru:

 

   Erməni lobbiləri dünyanın müxtəlif ölkələrindəki parlamentlərin soyqırım iddiasını tanımasını təmin etmişdir. ABŞ-ın 42 ştatı buna nümunə ola bilər. Digər nümunələr İngiltərə, Rusiya və s.dir. Vatikanın da bu qrupa qatılması nəzərəçarpan bir hadisədir. Türkiyənin qonşusu Yunanıstanda 24 aprel tarixinin "Türklərin I Dünya Müharibəsində qətl etdiyi erməniləri anma günü" olaraq qəbul edilməsi də qanunun makro ölçüsünə sadəcə bir örnəkdir.

 

   Türkiyə Respublikasının ifadələrə etirazı:

 

   Bildiyimiz ifadədən kənara çıxılmayıb; bu da qondarma soyqırımı tanıyan ölkələr arasındakı münasibətlərə zərər verməsi və sərt şəkildə qınanması olaraq özünü göstərib. Yenə ritorik çərçivədən kənara çıxmamış, ancaq alınan qərarların heç birində geriyə dönüş təmin edilə bilməmiş, bu da ölkənin mötəbərliyinə kölgə salmışdır.

   Son örnək də Norveç Parlamentinin 2010-cu il mart ayında soyqırımın tanınmasına istiqamətlənmiş qərarıdır. Bunun ardınca Türkiyənin bilinən nəticəsiz reaksiyası gəlmişdir. Başda mətbuat olmaqla, ictimaiyyətin reaksiyası sona çatınca da iki ölkə arasındakı siyasi-iqtisadi, mədəni münasibətlər fasiləsiz olaraq davam etmişdir.

 

   Türkiyə, Ermənistan, Soyqırım

 

   İki ölkə arasında münasibətlərin fonunda qondarma soyqırım məsələsi, sanki yol göstərən kompas vəzifəsini yerinə yetirməkdədir. Ermənistan milli hərəkatının lideri və Ermənistanı müstəqilliyə qovuşduran Levon Ter-Petrosyanın Türkiyə siyasətində bu kompas istisna olaraq istifadə olunmamış, Petrosyan Türkiyə ilə quruluşçu, müsbət bir dialoq axtarma prosesi başlatmaq istəmiş, bu da Ankara tərəfindən dəstəklənmişdir. Ermənistan Parlamentinin 11 avqust 1991-ci ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsinin 11-ci maddəsindəki "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı dövlətində və Qərbi Ermenistanda törədilən soyqırımın beynəlxalq aləmdə qəbul edilməsi üçün aparılacaq işləri dəstəkləyəcəkdir" maddəsi Ankara-İrəvan münasibətlərində özünü göstərməmişdir. Petrosyan diasporun Ermənistan üzərindəki təsirini qırmaq, hətta 1991-ci il dekabr tarixində Vaşinqtonda Erməni diaspor lobbisinin qabaqda gələnlərindən Türkiyə əleyhdarı siyasətlərini yüngülləşdirmələrini də istəmişdir.

   Yenə onun dövründə Ermənistan 1992-ci ildə ATƏT-ə üzv olmuş, maddələr arasında olan "sərhədlərdə dəyişiklik istənilməyəcək" şərtini də qəbul etmişdir. Petrosyanın bu siyasəti Ermənistanda özünə tərəfdar tapmamış, liderin sonunu hazırlayan ən önəmli səbəblərdən biri olaraq sayılmışdır. İki ölkə arasında əsən sülh rüzgarları 1998-ci ildə iqtidara gələn Robert Köçəryanla birlikdə sona çatmış, onun "barışaq, ancaq keçmişi də unutmayaq" sözü ilə yenidən başa qayıdılmışdır. Xələfi Sarkisyanın 10 oktyabr 2009-cu il protokolları ilə əlaqədar olaraq "soyqırım mövzusunda güzəşt yoxdur" şəklindəki açıqlaması da problemin gündəmindəki yerini və əhəmiyyətini bir daha gözlər önünə sərmişdir.

 

   Türkiyə, Azərbaycan, protokol

 

   10 oktyabr 2009-cu il tarixində imzalanan və Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol iki dost ölkə olan Azərbaycan və Türkiyə əlaqələrinə, loru dildə desək, zərbə vurmuşdur. Protokolda ifadə olunan Türkiyənin sərhədlərini Ermənistana -şərtli də olsa-açma ehtimalı Azərbaycanda dərin kədərə səbəb olmuş; Bakının Ankaraya bəslədiyi güvənin zədələnməsinə gətirib çıxarmışdır.

   Üstəlik, Azərbaycan və Rusiya arasında imzalanan təbii qaz müqaviləsi regionda Rusiyanın təsirini artırmışdır.

   Türkiyənin qardaş ölkə ilə yaşadığı müvəqqəti gərginlik siyasət baxımından regional təsirini təhlükəyə salmışdır.

   Türkiyə təbii qaz təminində Rusiyadan yüzdə 60 nisbətində asılı vəziyyətdədir; bu sahədə asılılıq Qərb və Avropa ölkələri üçün də eynidir. Rusiyanın enerjidəki monopoliya gücünü qırmaq adına ortaya atılan "Nabucco" layihəsi əhəmiyyətlidir. Təbii qazın Azərbaycan, Türkmənistan və Qazaxıstandan alınması və Rusiya kənarlaşdırılaraq, boru xəttinin Türkiyə üzərindən Avropaya çatdırılması planlanan bu proyektdə Azərbaycan açar ölkələrdən biridir. Sözügedən Bakı - Moskva enerji yaxınlaşması da bu proyektə vurulacaq əhəmiyyətli zərbələrdən biri olması etibarilə əhəmiyyətlidir.

   Türkiyənin Ermənistan açılımı ilə Cənubi Qafqazda Bakı-Ankara dostluq əlaqələrilə qurduğu bilavasitə təsir gücü də təhlükəyə girmişdir. Türkiyənin bəlkə də ən böyük itkisi Azərbaycan ictimaiyyətindəki müsbət təəssüratını əhəmiyyətli dərəcə zədələməsi olmuşdur.

   Xülasə: Soyqırım məsələsi yalnız Ermənistan və Türkiyə arasındakı mikro siyasətə təsir göstərməmiş; mövzu erməni diasporu kanalı ilə okeanın o tərəfinə daşınmış, "soyqırım" iddialarının saysız ölkə tərəfindən gerçək qəbul edilərək tanınması ilə makro ölçüyə yüksəlmişdir.

   Türkiyə Respublikasının aldığı tədbirlər (elmi çalışmalar/ölkələr nəzdindəki siyasi təşəbbüslər/2009 Protokolu) soyqırım mövzusunu gündəmdən salmamış, Türkiyə üzərindəki soyqırım iddialarının tanınması istiqamətindəki təzyiqləri yüngülləşdirməmiş, əksinə, artırmışdır. Bunun yanında imperatorluq ənənəsindən gələn Türkiyə Respublikasının beynəlxalq ölçüdə mötəbərliyi zədələnmişdir. Ankara ritorik çərçivəni aşa bilməyən əks-arqumentlərdən əl çəkməli, daşındırıcı və qətiyyətli bir siyasət aparmalıdır.

   Bununla bağlı təqdim edilən təklif aşağıdadır və təklifdə əsas hədəf budur: "Soyqırım mövzusunun tanınması ilə bağlı Türkiyə Respublikası üzərindəki təzyiqlərin azalması, ya da ortadan qalxması. Dərin tarixi perspektivi olan, bu gün regional, qlobal ölkələr arasındakı əlaqələrə təsir etmə bacarığını göstərən bir mövzunun gündəmdən düşməsinin çətinliyi məlumdur.

   Veriləcək təklifin də buna nə dərəcə xidmət edəcəyi eyni şəkildə müzakirəyə açıqdır; ancaq xüsusilə ABŞ-dakı erməni diasporu tərəfindən yaradılan, Türkiyəni və ölkə vətəndaşlarını narahat edən mövcud "tanınma təzyiqi" qarşısında tutulan "passiv" mövqe Türkiyənin mötəbərliyinə zərər verərək, ölkə vətəndaşlarını narahat edir.

 

   Problemin həllilə bağlı təklif:

   Bu təklif üç ünsürü ehtiva etməkdədir:

 

   1. Türkiyə qətiyyətini nümayiş etdirməli və dövlət siyasətini ritorikdən konstitusiya xəttinə daşımalıdır:

   Şərhi: Konstitusiyaya əlavə edilərək soyqırım iddiaları qəti bir ifadə ilə "rədd" edilməlidir. Dövlət tərəfindən bunu dəstəkləyən bir bəyanat da verilməlidir. Bu bəyanatın məzmunu təxminən belə olmalıdır. "Türkiyə Respublikası Osmanlı dövlətində baş vermiş 1915-ci il hadisələrini bir "soyqırım" olaraq qiymətləndirməməkdədir. Bu hadisəni soyqırım olaraq qiymətləndirəcək ölkələrlə iqtisadi, siyasi, mədəni əlaqələrimizdə, başda "rəsmi qınama" olmaqla, heç bir reaksiya verilməməli, əlaqələr normal şəkildə davam etdirilməli, tanımaların qədəri Ankaranın siyasətini dəyişdirməməlidir.

   Bu dəyişikliyin əsas məqsədi bundan ibarətdir. Məsələnin konstitusiya səviyyəsinə çıxarılması Ankaranın qətiyyətini nümayiş etdirməsi baxımından vacib əhəmiyyet kesb edir. Buna paralel olaraq, edilən təzyiqlərdən nəticə alına bilməyəcəyi üçün, təbii olaraq azalmaya doğru gedəcək. Tam mənada üst-üstə düşməsə də, buna bənzər olaraq, İran konstitusiyasındakı bir normanı nümunə olaraq göstərə bilərik. İran Konstitusiyasına görə, xarici ölkə əsgərinin İranda yerləşdirilməsi qadağandır. Buna paralel olaraq, başda Rusiya olmaqla, Tehrandan gələ biləcək təzyiqlər zərərsizləşdirilmişdir.

   Bir konstitusiya maddəsinin dəyişdirilməsi hüquqi olaraq mümkündür. Ancaq ölkə ictimaiyyətinin yekdilliklə inandığı bir maddənin dəyişdirilməsinə təşəbbüs göstərilməsinin çətinliyi də aşkar şəkildə ortadadır.

   2. Elmi tədqiqatların fasiləsiz şəkildə aparılması təmin edilməlidir:

   Şərhi: Türkiyə Respublikasının "qondarma soyqırım" məsələsilə bağlı aparacağı elmi tədqiqatlar beynəlxalq səviyyədə fasiləsiz şəkildə davam etdirilməlidir. Məsələnin tədqiqində elmilik əsas götürülməli, bu təqdiqatların nəticələri, başda ABŞ olmaqla, dünya ictimaiyyətinə çatdırılmalıdır.

   3. Türkiyə Respublikası regional-qlobal çərçivədə aktiv xarici siyasət yürütməlidir.

   Şərhi: Bu maddə təklifin əsl maddəsi deyil; ancaq ilk iki maddəni tamamlayıcı əhəmiyyətli bir ünsürdür.

   Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin 1915-ci il hadisələrilə bağlı 4 Mart 2010 tarixli qanun layihəsilə əlaqədar olaraq, "Dünya və regional sülhə bu qədər töhfə verən bir ölkəni narahat edəcək bir qərar almaq, heç bir ağıl və məntiqə uyğun gələn davranış deyil" və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın təzyiqlərinə qarşı "Türkiyə əvvəlki Türkiyə deyil" ifadələri son maddənin əhəmiyyətini təkrar ortaya qoymaqdadır.

 

   Bu təklif bizə nə verə bilər?

 

   1. Azərbaycan ve Türkiyə arasındakı hazırkı müsbət siyasi, iqtisadi əməkdaşlıq davam edəcək.

   2. Qarabağın işğalı məsələsində Ankaranın Bakıya verdiyi dəstək davam edəcək.

   3. Qətiyyətli dövlət siyasətinin aparılması ABŞ-dakı erməni lobbisinin soyqırım iddialarının tanıdılması istiqamətindəki səyləri nəticə verməyəcək ve Türkiyə Respublikasına təzyiqlər azalacaq, hətta orta və uzun müddətdə ortadan qalxa biləcək.

 

   4. Bu məsələ, başda ABŞ-da prezident seçkiləri olmaqla, öz "cazibədarlığını" itirəcək, Ohayo ştatındakı kimi yerli seçkilərdə sui-istifadə edilməyəcək.

   5. ABŞ-la Türkiyə arasındakı müttəfiqlik əlaqələri zərər görməyəcək;

   6. ABŞ-da soyqırım məsələsində Türkiyə lehinə işlər görən lobbi şirkətlərinə maddi vəsait axını dayanacaq;

   7. Ermənistan-Türkiyə əlaqələrində ABŞ-dakı erməni diasporunun təsiri azalacaq, beləliklə, yeniden Petrosyan dövründəki münbit siyasi dialoq mühiti yaranacaq;

   8. ABŞ kimi böyük bir ölkədə hər il gündəmə gələrək, xüsusilə erməni gəncliyində mövcud olan "soyqırım törədilmişdir" fikrinin daha da oturuşmasına və nəsildən-nəsilə köçürülməsinə vasitə olması önlənəcək;

   9. Soyqırımı tanıyan ölkələrin sayında azalma ola biləcək;

   10. Soyqırımı tanıyan ölkələrlə siyasi və iqtisadi əlaqələr zərər görməyəcək;

   11. Türkiyə Respublikası soyqırım məsələsində "təyin edici" mövqeyə keçəcək, ölkənin nüfuzu qorunacaq.

   Türkiyənin Akdeniz Universiteti Beynəlxalq Münasibətlər Fakültəsinin müəllimi Yrd. Doç. Dr. Necati İyikan

 

 

   Ülviyyə Filiyeva

 

    Bakı xəbər.- 2011.- 8 fevral.- S.14-15.