Nağdsız alış-veriş bizdə iki səbəbdən geniş yayıla bilmir

 

   Nazim Məmmədov: "Bankların maraqlı olmaması və insanların prosesə hələ alışmaması..."

 

   Azərbaycanda əhali hələ də nağd əməliyyatlarla alış-verişə üstünlük verir. Əmanətlərin sığortalanması həyata keçirilsə banklarda kifayət qədər əmanətlər olsa da, əhali hələ nağd əməliyyatların aparılmasına meyllidir. Nağdsız hesablaşmalar çox cüzi səviyyədədir. Statistik hesablamalara görə, ölkədəki alqı-satqı əməliyyatlarının cəmi 10 faizi plastik kartlarla aparılır.

   Yalnız yanacaqdoldurma məntəqələrinin 90 faizi müştəriyə plastik kart vasitəsilə xidmət göstərir. İri ticarət obyektləri və otellərin əksər hissəsi də bu sistemə keçib. Hazırda 4 milyon vətəndaş plastik kart sahibi olsa da, onların yalnız 3 faizi nağdsız ödəmələrdə istifadə olunur. Hesablamalara görə, bu il yanvar 1-nə dövriyyədə olan pul kütləsinin həcmi 8 milyard 297,5 milyon manat təşkil edib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,5 faiz artıq deməkdir. Yanvarın 1-nə olan pul kütləsinin 5 milyard 455,8 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 263,1 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 578,6 milyon manatı isə müddətli depozitlərin payına düşüb. Bildiyimiz kimi, nağd pul kütləsinin çoxluğu inflyasiyaya gətirən amillərdəndir. Bundan xilas olmağın yollarından biri isə, sözsüz ki, qeyri-nağd pul əməliyyatlarına keçidi sürətləndirməkdir. Eyni zamanda, pulun hərəkəti üzərində şəffaflığın təmin edilməsi üçün də nağdsız vəsaitlərin artırılması vacibdir. Dünya miqyasında isə, artıq çoxdandır ki, əməliyyatlar nağdsız yolla həyata keçirilir. Belədə pulun kənar ciblərə getməsinin də qarşısı səmərəli şəkildə alınır. Bizdə isə görünən odur ki, ticarət, məişət və iaşə obyektləri nağdsız ödəmələrə maraq göstərmir. Hətta bununla bağlı qərar olsa da. 2006-cı ildə Nazirlər Kabinetinin nağdsız ödəmələrə keçidlə bağlı qərarına görə, min manatdan artıq aylıq dövriyyəsi olan ticarət obyektləri, ictimai iaşə və digər xidmət sahələri nağdsız ödəmələrə keçməlidir. Amma indiyə kimi bunun faydası olmayıb. Görəsən, ticarət, məişət və iaşə obyektlərinin nağdsız hesablaşmaya keçidinə mane olan nədir?

   İqtisadçı alim Nazim Məmmədov burada maneə olan bir çox amilləri sadalasa da, başlıca səbəb olaraq, bankların prosesdə maraqlı olmamasını göstərdi: "Nəzarət-kassa aparatlarından sonra pos-terminalların daha da şaxələnməsi üçün ilk növbədə böyük marketlər şəbəkəsi olmalıdır. Adətən, böyük marketlərdən sonra xırda obyekt sahibləri də onların nümunələrinə istinad edərək bu xidməti həyata keçirməyə maraqlı olur. Obyektiv səbəblərdən biri bankların bunda maraqlı olmamasıdır. Çünki bank sektoru ümumilikdə korporativ idarəetmə mədəniyyətindən uzaqdır və təklif etdiyi qiymətlər də kifayət qədər yüksəkdir. Ona görə də xırda mağazalarda, xidmət sahəsində pos-terminalların qoyulmasında banklar maraqlı olmur. Həmin səbəbdən sahibkarlar belə xidmətdən çəkinir. Səbəblərdən biri də, N.Məmmədova görə, insan amililə bağlıdır: "Hələ də insanlarımızın bu işə alışqanlığı tam təmin olunmayıb. Baxmayaraq ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqının verilməsi plastik kartlarla həyata keçirilir. Ancaq Azərbaycanda plastik kartlar, bir qayda olaraq, bir rol oynayır, bu da banklardan nağd şəkildə pul çıxarmaqdan ibarətdir. İstifadəçi nağdsız ödəniş etsəydi, bankomata da xidmət haqqı ödəməzdi. Yəni cibinə ziyan vurmazdı". Çıxış yolunu isə, maarifləndirmə işinin gücləndirilməsində görür: "Maarifləndirmə işi daha da gücləndirilməlidir. İnsanlara izah olunmalıdır ki, heç olmasa kommunal xidmətləri plastik kartlarla həyata keçirsinlər. Amma bunu da etmirlər. Qonşu ölkələrin təcrübəsinə baxdıqda balaca bir obyektdə bir neçə pos-terminalın qurulduğunun şahidi oluruq. Çünki banklar artıq rəqabət aparır, xidmət haqqını aşağı salır ki, məhz onun pos-terminalından istifadə etsinlər. Azərbaycanda isə adətən vətəndaş bankla işləməyə daha çox iqtisadi yollarla məcbur edilir. Banklar daha çox xidmət təklif etməlidir. Plastik kartlar təkcə pul vəsaitini idarəetmə üçün yox, həm də kredit kartları şəklində təklif olunmalıdır. Yəni istifadə edib, sonra vəsaiti ödəmək şəklində. Onda vətəndaş bankdan xırda borclanmaya gedər, bu da daha çox bankın özünün marağında olmalıdır. Bizdə isə banklar bir neçə şəxsə məxsus hüquqi forma olaraq fəaliyyət göstərir. Korporativ idarəetmə mədəniyyəti aşağıdır. Bankların prosesdə maraqlı olması üçün bu sektorda güclü rəqabət olmalıdır. Nağdsız ödənişlər üçün ilkin növbədə təşviqat xarakterli addımlar atılmalı, güzəştlər olmalıdır. Türkiyədə vaxtilə plastik kartlardan istifadə edən vətəndaşların kartları sonradan lotereya kimi oynanırdı. Başlıca səbəb isə bank sektorunda rəqabətin yüksək olmamasıdır". Özünə gəldikdə isə, bəzi hallarda plastik kartlardan istifadə edir: "4, 5 bankın müştərisiyəm. "Muğanbank"ın, Bank of Baku"nun, "Beynəlxalq Bankın, "Unionbank"ın plastik kartları var. Böyük marketlərdə alış-veriş edərkən kartdan istifadə etmək imkanı əldə edirəm. Təəssüf ki, yaşadığım yerdə bir ya iki pos-terminalı olan market var. Əfsus ki, çox yerdə həmin kartdan istifadə edə bilmirəm. Əhalinin gur olduğu yerlərdə bir neçə bankın bankomatları yanaşı olmalıdır. Hökumət bu sektorda daha çox təşviqedici addımlar atmalıdır".

 

 

   Rüfət SULTAN

 

   Bakı xəbər.- 2011.- 8 fevral.- S.15