1905-1992-ci illər dövrünü əhatə edən "Genosid qanunu"...

 

Niyə də erməniləri qabaqlamayaq?

 

Musa Qasımlı: "Tarixi həqiqətin bir daha üzə çıxarılmasından ötrü bu vacibdir"

 

Vaqif Arzumanlı: "Bizdə problemli məsələ soyqırım və deportasiyaya siyasi və hüquqi qiymətin verilməməsidir"

 

Torpaqlarımızı işğal edən, soydaşlarımıza qarşı soyqırım siyasəti yeridən Ermənistan yenə də öz fitnəkar ampluasındadır. Belə ki, onlar növbəti dəfə ictimai rəyi çaşdıran addım atmaq niyyətindədir. Ermənistan getdikcə dalana dirəndiyindən, yeni-yeni fitnə-fəsadlarla ictimai rəyi çaşdırmaq istəyir, beynəlxalq rəyi öz tərəfinə yönəltməyə çalışır.

Qeyd edək ki, Ermənistan parlamentində "Azərbaycanlıların ermənilərə qarşı 1988-1994-cü illərdə törətdiyi cinayətlərin soyqırım kimi tanınması haqqında" qanun layihəsinin müzakirəsi gözlənir. Belə bir qanun layihəsilə parlamentdə təmsil olunan "İrs" partiyası çıxış edib. Belə addım öz təcavüzkar niyyətlərini və azərbaycanlılara qarşı uzun illərdən bəri törətdikləri soyqırımı ört-basdır etməyə hesablanmış tədbirlərdir. Bununla ermənilər guya özlərinin əzilən xalq olduğunu, qonşuları tərəfindən təcavüz və milli qırğına tuş gəldiyini dünya miqyasında car çəkmək istəyir. Yəni əslində, öz çirkin əməllərini başqasının üstünə yaxmaqla, özlərini təmizə çıxarmaq, guya sivil xalq olduqlarını nümayiş etdirmək niyyətindədirlər. Bununla da sivil Qərbə sığınmaq eşqinə düşüblər. Əslində isə hamıya, o cümlədən dünyaya da bəllidir ki, proses tamamilə fərqlidir. Yəni soyqırım siyasətinə ermənilər deyil, məhz erməninin əli ilə azərbaycanlılar məruz qalıb. Özü artıq bir əsrə yaxındır ki, azərbaycanlılar erməni təcavüzü və soyqırımı ilə üzləşir. Hələ 1905-ci ildə Çar Rusiyasının fitvası ilə Qafqaza köçürülən ermənilər soydaşlarımıza qarşı amansız vəhşiliklərə yol verərək, minlərlə azəri türkünü qanına qəltan etmişdi. Hansı ki, həmin müsəlmanlar vaxtilə ermənilərə qucaq açaraq, onların dədə-baba torpaqlarımızda məskən salmalarına yardımçı olmuşdu. Yəni azərbaycanlılar Cənubi Qafqaza köçürülən ermənilərə hər cür yardımı belə əsirgəməmişdi. Bunun müqabilində isə ermənilər öz fitnəkar siyasətlərindən bərk-bərk yapışaraq, onlara yaşamaq üçün hər cür şərait yaradanlara arxa çevirərək, fitnəkarlığa əl atır. Bu hal erməninin xislətindən irəli gəlir. Belə olmasaydı, azərbaycanlılara qarşı soyqırım siyasətini daimi müstəviyə keçirməzdilər. Ermənistanın həmvətənlərimizə qarşı ikinci soyqırım siyasəti 1918-ci başladı. Bu zaman dünya miqyasında yaranmış situasiyadan "faydalanmağa" çalışan erməni daşnakları daha kəskin şəkildə soyqırıma yol verdi. 1918-ci ilin martında Bakı və ətraf rayonlarda bolşevik canisi Şaumyanın rəhbərliyi altında 10 minlərlə müsəlman vəhşicəsinə öldürüldü. Bu zaman ermənilər uşaq, qoca, qadın demədən hamını qırırdı. Hətta bir çoxlarını diri-diri torpağa basdırmaqdan belə çəkinmirdilər. Erməninin insan cəmiyyətinə yad olan bu üsullara əl atması onun həmin cəmiyyətdən məhrum bir məxluq olduğuna işarədir. Yoxsa belə etməzdilər. Bu azmış kimi, Şaumyanın cəlladları Bakının ardınca Lənkəran qəzası, Quba, Şamaxı, Gəncə və digər Azərbaycan torpaqlarında soydaşlarımıza münasibətdə analoji hərəkətlərini davam etdirdi. Bunun nəticəsində həmin dövrdə 50 mindən çox soydaşımız erməni soyqırımının qurbanı oldu. Qubadakı vəhşilikləri daha kəskinliyilə seçilirdi. Burada minlərlə insanı qanına qəltan edən ermənilər onları topa-topa, kütləvi şəkildə bir əraziyə basdırıblar. Həmin kütləvi soyqırım məzarlığı yaxın illərdə aşkar olunaraq, dünya ictimaiyyətinə kimin-kim olduğunu əyani surətdə göstərdi. Sonrakı dönəmlərdə də ermənilər öz bəd niyyətlərindən əl çəkmədi. 1948-1949-cu illərdə xaricdən ermənilərin köçürülməci bəhanəsilə 150 mindən artıq qərbi azərbaycanlı öz doğma el-obasından sürgün edildi. Bunun özü soyqırım siyasətinin nəticəsidir. Müasir dövrdə isə erməni vəhşiliyi özünün kulminasiya nöqtəsinə çatıb. Onların qəddarlığı, həyata keçirdikləri deportasiya siyasəti nəticəsində bu gün Qərbi Azərbaycanda bir nəfər olsun azərbaycanlı qalmayıb. 1988-1994-cü illərdə isə, mənfur ermənilər Azərbaycanın ərazisi olan Dağlıq Qarabağonun ətrafında soyqırımla məşğul olublar. Xocalı soyqırımı heç kimin yaddaşından silinməz. Həmin vaxt, uşaqlı-qadınlı-qocalı, 600-dən çox insan erməni vəhşiliyinin qurbanı oldu. Bu soyqırımın ermənilər tərəfindən necə həyata keçirildiyi hətta lentə də alınıb. Yəni bir əsrə yaxındır ki, məhz ermənilər bizə qarşı soyqırım siyasəti yürüdür. Amma özlərini elə aparırlar ki, sanki bizlər deyil, məhz özləri soyqırıma məruz qalıb. Bu yüz il ərzində ermənilər heç vaxt özlərinə məxsus olmayan torpaqlarımızı işğal etməklə yanaşı, yüz minlərlə soydaşımıza qarşı soyqırım da törədib. Amma buna baxmayaraq, bu adla özlərini məzlum göstərməyə çalışırlar. Ermənistan parlamentinin sözügedən uydurmada məqsədi, heç şübhəsiz, Dağlıq Qarabağla bağlı danışıqlar prosesini ləngitməyə, bu məsələdə öz mövqeyinin guya haqlı olduğunu üzə çıxarmağa hesablanmış addımdır.

Ermənistanın bu saxta əməlinə qarşı 1905-1992-cü illər ərzində soydaşlarımıza qarşı törədilən erməni cinayətlərinin Azərbaycan parlamenti tərəfindən soyqırım kimi qiymətləndirilməsi vacibdir.

Millət vəkili, professor Musa Qasımlı da düşünür ki, tarixi həqiqətlərin üzə çıxması üçün belə bir sənədin qəbulu lazımdır: "Ermənistan və erməni silahlı dəstələri daim azərbaycanlılara qarşı soyqırım törədib. 1905-1907-ci illərdə, Birinci Dünya müharibəsi dövründə, 1988-ci ildən bəri bizə qarşı belə soyqırım halları daim olub. Hesab edirəm ki, həmin məsələ bizdə də qaldırılmalı və müvafiq sənədlər qəbul olunmalıdır. Hər halda, belə sənədlərin qəbulu tarixi həqiqətlərin üzə çıxmasına kömək edər. Tarixi həqiqətin bir daha üzə çıxarılmasından ötrü bu vacibdir. Ermənistanın hərəkəti isə onun işğalçılıq siyasətindən diqqəti yayındırmağa yönəlib".

Siyasi şərhçi, professor Vaqif Arzumanlı Ermənistan parlamentində sözügedən qondarma məsələ ilə bağlı səslənən fikirləri adi təklif sayır: "Ermənistanın budəfəki addımı ilk növbədə onunla bağlıdır ki, artıq dünya ictimaiyyətinə, ABŞ başda olmaqla, dünyanın ən böyük dövlətlərinə ermənilərin 1915-ci ildə baş vermiş olayları soyqırım adlandırmasının qondarma hadisə olduğu gün kimi aydındır. Tarixi faktlar sübut edir ki, belə bir soyqırım olmayab, bu uydurmadır. Əksinə, o dövrdə daha çox soyqırıma məruz qalanlar Anadolu və Azərbaycan türkləri olub. Bu məsələlər dərindən araşdırılsa, erməninin özünə mənəvi və maddi zərbə dəyəcəyi göz önündədir. Belədə erməninin iç üzü tamamilə açılar. Artıq dünyanın ən inkişaf etmiş ölkələrinin öndə gedən informasiya agentlikləri bildirir ki, 1915-ci ildə Türkiyədə bu hadisələr baş verən zaman, yəni ermənilərin kütləvi şəkildə Türkiyənin şimalından cənuba köçürülməsi dövründə heç bir ingilis, alman, fransız və ya rus müxbiri olmayıb. Sadəcə olaraq, ermənilər guya kütləvi şəkildə qırıldıqları barədə istədikləri, özü də həqiqətdən uzaq xəbəri ötürüb, sonradan isə dünya ictimaiyyətinə yayıblar. Ondan sonra ermənilər havadarlarının köməyi sayəsində Qafqazda soyqırım törətməyə başladı. Təkcə burada deyil, onlar rusların köməyilə, eyni zamanda, 1915-1917-ci illərdə Cənubi Azərbaycanın Urmiya gölü ətrafında da təxminən 150 minə yaxın soydaşımızı ruslarla əl-ələ verərək soyqırıma məruz qoyub. Ermənistan parlamentində səslənən bu təklifi adi təklif sayıram". Həmsöhbətimiz bildirdi ki, ermənilərin sonrakı dövrlərdəki hərəkətlərini, yəni 1918-ci ildə Bakı, Quba, Şamaxı, Zəngəzur, Göyçə və İrəvanda törətdikləri soyqırımlar və 1988-ci ildən bəri azərbaycanlıların artıq 4-cü dəfə soyqırıma məruz qalması faktlarından yayınmaq və onların üstünü ört-basdır etmək üçün Ermənistan parlamenti indi belə bir təşəbbüs göstərir: "Bunu bilənlər bilir ki, belə təşəbbüslərin heç bir hüquqi əhəmiyyəti olmayacaq. Çünki, xüsusən də, 1988-89-cu illərdə soydaşlarımızın Ermənistandan vəhşicəsinə qovulması və öldürülməsi faktını dünya ictimaiyyəti çox yaxşı bilir. İndiki hadisələr çağdaş insanların gözü qarşısında baş verib, ona görə də onları bu uyğurmalara inandırmaq mümkün deyil. Çünki 1988 və ondan sonrakı dövrün erməni vəhşiliyini ingilis, alman, fransız, türk, rus, azərbaycan informasiya agentlikləri öz gözlərilə görüb və bunlar dünya ictimaiyyətinə çatdırılıb".

Azərbaycan parlamentində adekvat olaraq erməni soyqırımı ilə bağlı qərarlara gəldikdə, V.Arzumanlı qeyd etdi ki, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub: "Bununla bağlı dəfələrlə, konkret olmasa da, məsələ müzakirə olunub. Ölkə prezidentləri səviyyəsində 1993 və 1998-ci illərdə fərmanlar imzalanıb. Hər il Xocalı soyqırımı və 31 Mart qırğını ərəfəsində parlamentdə müzakirələr gedir və müəyyən qərarlar qəbul olunur. Yəni bu məsələ bizim parlamentdə 1993-cü ildən bəri, demək olar, mütəmadi şəkildə müzakirə olunur. Xocalı soyqırımı, 31 Mart qırğını ilə bağlı dünya ictimaiyyətinə müraciətlər qəbul olunub. Qərbi Azərbaycandan son deportasiya ilə də bağlı parlamentdə hər il dinləmələr olub. Bütün bunlar onu göstərir ki, həmin məsələ bizim parlamentdə dəfələrlə müzakirə obyekti olub. Ermənilərin son addımının iflasa uğrayacağına inanıram. Onlar bununla heç nə qazana bilməyəcək. Onlar indi seytnot vəziyyətdədir. Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun təkliflərini qəbul etməmək üçün ağıllarına nə gəldi ortaya atır. Amma aydındır ki, heç bir nəticə verməyəcək. Azərbaycan parlamentində 1905-ci il hadisələri, 1918-ci ilin soyqırımı, 1948-ci ildə soydaşlarımızın dədə-baba yurdlarından qovulması, 1988-ci ildən üzü bəri olan hadisələr və Xocalı soyqırımı dəfələrlə müzakirə olunub. Belədə onları cəm şəkildə müzakirə etməyə ehtiyac yoxdur. Xocalı soyqırımının mahiyyəti bir başqadır, 31 mart qırğınının və ya 1905-1906-cı illər hadisələrinin mahiyyəti bir başqadır. Sonuncu deportasiya məsələsi bilavasitə Ermənistanın rəhbərliyi altında olubsa, 1905-1906-cı illər hadisələri Çar Rusiyasının ikibaşlı siyasətinin, 1918-ci il qırğını isə Lenin və Şaumyanın baş planının bir hissəsi idi. Onlar Bakını Rusiyaya ilhaq etmək və Azərbaycanın qalan ərazilərində Ermənistan dövləti yaratmağı düşünürdülər. Bolşevizmin siyasəti nəticəsində zaman-zaman torpaqlarımız ermənilərə verildi". Onun fikrincə, indiyə kimi erməni soyqırımı ilə bağlı verilən fərman və qərarlar kifayətdir: "Erməni özündən bir qondarma təklif irəli sürürsə, biz də onun ardınca gedib qondarma təklifi irəli sürmək cəhdində bulunmamalıyıq.

İstərdim ki, Xocalı soyqırımı ilə bağlı məsələ Milli Məclisdə daha geniş şəkildə müzakirə olunsun və müraciətimizdən sonra bütün dünya parlament və ölkələrində buna hüquqi və siyasi qiymət verilsin. Bizdə problemli məsələ soyqırım və deportasiyaya siyasi və hüquqi qiymətin verilməməsidir. Hər şeyi öz adı ilə demək və tələb etməkdən nədənsə çəkinirik. Məsələn, nə üçün Köçəryanın cinayət məsuliyyətinə cəlb olunmasını düşünmürük? Qorbaçov nədən Haaqa Məhkəməsinə verilmir? Belə bir konkretlik bizdə çatmır".

 

 

Rüfət SULTAN

 

Bakı xəbər.- 2011.- 9 fevral.- S.11.