Azərbaycanın beynəlxalq inteqrasiyasında yeni istiqamət açılıb

 

Kontinental qurumlarla əməkdaşlıq bizə verə bilər?

 

Fuad Muxtar-Ağbabalı: "Kontinental təşkilatlarla əməkdaşlıq, ən azından, ölkənin tanıdılması baxımından faydalıdır"

 

Vaqif Arzumanlı: "Təbii ki, Azərbaycan kontinental təşkilatlarla əməkdaşlıq edərsə, bunun ölkəyə ancaq xeyri dəyə bilər"

 

Tarix boyu Azərbaycan xalqı min bir faciə ilə üzləşib. Bir sıra istilaçı hücumlar nəticəsində zaman-zaman malik olduğu tarixi əraziləri itirmək məcburiyyətində qalıb. Bu da millətimizin yaddaşında acı izlər buraxıb. Xüsusən də ötən yüz il ərzində millətimizin başına bir sıra müsibətlər gəlib və nəticədə xalqımız olmazın iztirablara, əzab-əziyyətə düçar olub.

İndinin özündə də o yaralar sağalmaq bilmir ki, bilmir. Tarix nə qədər amansız olsa da, bütün bu baş verənləri heç cür unutmaq olmaz.

Məsələ ondadır ki, XIX-XX əsrlər bununla bağlı ən faciəli və dramatik hadisələrin baş verməsilə yadda qalıb. Belə ki, 1813-cü ildə İranla Rusiya arasında imzalanan Gülüstan, daha sonra 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrilə böyük Azərbaycan iki yerə bölünərək işğal edildi. Yüzlərlə kənd yandırıldı, tarixi abidələr məhv edildi və s. Nəticədə xeyli sayda soydaşımız doğma yurdunu tərk etməli oldu. Bununla kifayətlənməyən rus imperiyası şimali Azərbaycanda erməniləri məskunlaşdırmağa başladı. 1918-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, bunun ömrü çox uzun olmadı. İyirmi üç aydan sonra bolşevik Rusiyası Azərbaycan Demokratik Respublikasının müstəqilliyinə son qoydu. ADR ölkənin o dövrdə bir sıra beynəlxalq qurumlarda tanınması üçün böyük iş gördü. Məhz həmin işlərin nəticəsi idi ki, 1920-ci ilin yanvarında Versal konfransında iştirak edən ölkələr Azərbaycanın müstəqilliyini tanıdı. Ondan sonrakı dövrdə Azərbaycan işğal olunduğuna görə, ölkəmizin beynəlxalq qurumlarda təmsil olunmasına imkan olmadı. Ancaq 1991-ci ildə ölkə müstəqilliyinə qovuşandan sonra bir sıra beynəlxalq təşkilatlara üzv oldu. Belə ki, Azərbaycan BMT-yə, ATƏT-ə, Avropa Şurasına, İslam Konfransı Təşkilatına və s. nüfuzlu beynəlxalq qurumlara üzv qəbul olundu.

Nə qədər ədalətsiz, ikili standartların hökm sürdüyü bir dünyada yaşasaq da, Azərbaycan həqiqətlərinin beynəlxalq qurumlar vasitəsilə dünyaya çatdırılması istiqamətində səy göstərməliyik. Ölkə mənafelərinin beynəlxalq hüquq çərçivəsində qorunması istiqamətində yorulmadan, qətiyyətlə mübarizə aparmalıyıq. Bu yöndə bütün beynəlxaq hüquq normalarının tələblərindən istifadə edərək, fəaliyyətimizi gücləndirməliyik. O da məlumdur ki, dünyada bir sıra beynəlxalq qurumlarla yanaşı, kontinental xarakterli təşkilatlar da var. Həmçinin sözügedən təşkilatlar, regional xarakterli olmalarına baxmayaraq, dünyada, kifayət qədər nüfuza malikdir. O cümlədən, həmin kontinental xarakterli təşkilatların dünyada gedən proseslərə müəyyən təsiri var. Məsələn, ABŞ, Meksika və Kanadanın təmsil olunduğu Azad Ticarət Assosiasiyası, Afrika Birliyi Ölkələri Təşkilatı, cənub-şərqi Asiya ölkələrini özündə birləşdirən ASEAN təşkilatı ən tanınmış və nüfuzlu kontinental təşkilatlardan hesab olunur. Azərbaycan günbəgün genişlənən beynəlxalq əlaqələri çərçivəsində sözügedən kontinental təşkilatlarla əməkdaşlıq etməlidir. Ən azından, Azərbaycanın haqlı maraqlarının qorunması baxımından həmin təşkilatların faydası dəyə bilər. Həmin kontinental təşkilatlarla əməkdaşlıq etməklə, ölkəmizin potensial imkanları haqda bir sıra dövlətləri doğru-düzgün məlumatlandıra bilərik. Bunu etsək, o zaman müstəqil dövlət olaraq ciddi dönüşə nail ola bilərik. Bu yöndə görülən işlər həm də azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə xidmət edir.

Yuxarıda sadalanan bütün bu faktorların vəhdəti bir daha onu sübut edir ki, Azərbaycanın uğurlarını şətləndirən mühüm amillərdən biri də beynəlxalq qurumlar vasitəsilə ölkə həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Maraqlıdır, mütəxəssislər Azərbaycanın kontinental təşkilatlarla əməkdaşlığını necə qiymətləndirir? O cümlədən, sözügedən təşkilatlarla əməkdaşlığın ölkəmizə hansı fayda verəcəyi qənaətindədirlər?

Politoloq Fuad Muxtar-Ağbabalının fikrincə, kontinental təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin maraqlarının qorunması baxımından faydalıdır: "Kontinental regional beynəlxalq təşkilatlar dünya siyasətində kifayət qədər böyük çəkiyə malikdir. O cümlədən, bunların biri digərindən fərqlənir. Bu nöqteyi-nəzərdən həmin təşkilatlarla əməkdaşlıq, orada assosiativ üzüv olaraq təmsil olunmaq ölkəyə fayda gətirir. Ancaq bircə şeyi yadda saxlamaq lazımdır ki, sözügedən təşkilatlarla əməkdaşlıq və yaxud da üzüvlük Azərbaycanın bir sıra problemlərinin kökündən həll ediləcəyi anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, həmin təşkilatların yaranma prinsipləri də çox maraqlıdır. Yəni regional təşkilatlar o vaxt yaranır ki, bölgədə yerləşən aparıcı dövlətlər bunda maraqlı olsun. Həmçinin, müəyyən funksiyaların həyata keçirilməsini həmin təşkilatlara həvalə etsinlər. Bütün hallarda, mövcud olan beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək lazımdır. Çünki bu minvalla Azərbaycan bir sıra problemlərinin mövcud olduğunu onların diqqətinə dolğun çatdırmaq imkanı əldə edir. Eyni zamanda, problemlərin həll olunmasına yardım edilməsini istəyə bilir. Yəni ölkənin problemlərinin həmin təşkilatlar timsalında daha çox qabardılması, ölkədə qabaqcıl fikirlərin, ideyaların, siyasətin həmin ölkələrin diqqətinə çatdırılması lazımlı məsələlərdən biridir. O cümlədən, ölkənin adət-ənənələrinin dünyaya çatdırılması baxımından da kontinental təşkilatlarla əməkdaşlıq gərəkli sayıla bilər. Baxmayaraq ki, regional təşkilatlarda təmsil olunun ölkələr də, digər təşkilatlarda olduğu kimi, bütün hallarda öz milli maraqlarından çıxış edir. Buna rəğmən, əlaqələr qurmaq gərəklidir. Hesab edirəm ki, Azərbaycan daha çox həmin təşkilatlara üzv olarkən ölkənin milli maraqlarını var gücü ilə müdafiə etməyə çalışmalıdır. Onu da qeyd edim ki, Azərbaycandan coğrafi baxımdan uzaq olan regional təşkilatlara üzv olmaq mümkündür. Həmçinin, rəsmi üzv olmaq istəməyən ölkələrə əlavə bir müşahidəçi statusu da verilə bilir. Həmin statusdan istifadə edərək ölkənin bir sıra məsələlərini qaldırmaq olar. Bu minvalla siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığı təşviq və inkişaf etdirmək mümkündür. Kontinental təşkilatlarla əməkdaşlığı, ən azından, ölkənin tanıdılması baxımından faydalı hesab etmək olar. O üzdən burada pis bir şey görmürəm".

Siyasi şərhçi, professor Vaqif Arzamanlı da Azərbaycanın kontinental təşkilatlarla əməkdaşlığına müsbət yanaşdığını bildirdi: "Ümumiyyətlə, profilindən asılı olmayaraq, dünyada mövcud olan beynəlxalq təşkilatların hər birilə əlaqələrin qurulması vacib və faydalıdır. Ümumdünya Ticarət Təşkilatından tutmuş, hər hansı digər xırda beynəlxalq təşkilat da Azərbaycanla əlaqə saxlayırsa, bu ölkəmizin xeyrinədir. Eyni zamanda, belə əlaqələr Azərbaycanın gələcək inkişafı üçün stimul rolunu oynaya bilən bir amildir. Çünki Azərbaycan, bir sıra müstəqil və böyük dövlətlərlə müqayisədə, müasir dövlətçilik ənənələri baxımından cavandır. Təbii ki, Azərbaycan kontinental təşkilatlarla əməkdaşlıq edərsə, bunun ölkəyə ancaq xeyri dəyə bilər. Məsələn, dünyada Beynəlxalq Aviasiya Birliyi var.

Azərbaycan sözügedən birliyin üzvü olmasaydı, bu gün ermənilər yenidən bərpa etdikləri Xocalı aeraportuna birbaşa bir sıra ölkələrdən təyyarə uçuşlarının həyata keçirilməsinə nail olardılar. Nəticədə ermənilər öz məqsədlərinə nail olmaq üçün istədikləri kimi davranardılar. Azərbaycanın həmin təşkilatda təmsil olunması ermənilərin arzularını ürəyində qoydu. Azərbaycan razılıq vermədən heç vaxt Xocalı aeraportuna aviareys təşkil edə bilməzlər. Yaxın Orta Şərqdə, Mərkəzi Asiyada və digər bölgələrdə olan regional təşkilatların hamısı ilə əməkdaşlıq etməyi vacib hesab edirəm. Ona görə ki, əlaqələrin olması ölkəyə heç vaxt ziyan gətirmir. Əksinə, daha çox xeyir gətirir. Ola bilər ki, regional təşkilatlardan birinin bu gün bizə xeyri var, digərinin, ola bilər sabah xeyri dəyəcək. Deməyim odur ki, bu kimi məsələlərə son dərəcə kompleks yanaşmaq lazımdır. Məsələn, götürək elə GUAM təşkilatını. Bu təşkilatda biz təmsil olunmaqla nə itirmişik? Faktiki olaraq heç nə. Regional münaqişələrin gündəmə gətirilməsində həmişə bu təşkilatın bizə faydası dəyib. Hətta GUAM-ın xarici işlər nazirlərinin təkidilə təşkilat Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında məhəlli münaqişələrin aradan qaldırılması məsələsini qaldırdı. Nəticədə pis-yaxşı bu məsələ bir sıra dövlətlər tərəfindən müdafiə olundu.

Bir var Azərbaycan təkcə öz imkanları çərçivəsində hansısa problemi gündəmə gətirsin, bir də var ki, bir sıra ölkəni özündə birləşdirən təşkilatın vasitəsilə buna çalışsın. O üzdən, regional təşkilatlarla əlaqələrin qurulmasını lazımlı hesab edirəm. Həmin təşkilatların Azərbaycanla bağlılığı nə qədər möhkəm olarsa, biz bir o qədər bu əlaqələrdən faydalana bilərik. Yəni həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həm də ölkənin özünün sosial-iqtisadi, elmi-mədəni inkişafı üçün bu vacibdir.

Onu da nəzərə almaq lazımdır ki, kontinental təşkilatlarda təmsil olunan ölkələr imkanlarına görə dünya siyasətində müəyyən çəkiyə malikdir. Bəzən elə olur ki, hansısa böyük dövlətin ortaya qoyduğu mövqe proseslərin axarına bu və ya digər dərəcədə öz təsirini göstərir. O üzdən, bu kimi faktorlardan çıxış edərək, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına dəstək vermək lazımdır".

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

 

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.- 2011.-16 fevral.- S.12.