İrəvanı necə vermişiksə, elə də almalıyıq...

 

Musa Qasımlı: "AXC bir neçə istiqamətdə mübarizə aparmaq iqtidarında deyildi"

 

Yunus Oğuz: "Bu, tarixin səhvi idi"

 

Azərbaycan torpaqlarının zaman-zaman, fürsət düşdükcə düşmən qüvvələr tərəfindən parçalandığı hamıya bəllidir. Onun nəticəsidir ki, vaxtilə 400 min kvadrat kilometrlik əraziyə malik məmləkətimiz bu gün 86 min kvadrat kilometr sahəyə malik dövlət kimi tanınır. Onun da 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Azərbaycandan qoparılıb alınan torpaqlar arasında İrəvan və onun ətrafı da var. Vaxtilə İrəvan ətrafı torpaqlar Ermənistana verilib.

Proses, 1918-ci ildə, Zaqafqaziya Seyminin dağılmasından sonra, Qafqazda müstəqil dövlətlərin yaranması ilə başlanıb. Belə ki, Gürcüstanın ardınca 1918-ci il mayın 28-də Azərbaycan və Ermənistan da öz müstəqilliyini elan edir. Hiyləgər ermənilərin paytaxt şəhəri olmadığından, onlar Azərbaycan tərəfə müraciət edərək, İrəvanın onlara güzəşt edilməsini təklif edir. Həmin vaxt çətin durumda olan, ordusu olmayan yeni Azərbaycan hökuməti belədə sözügedən qədim türk şəhərini ermənilərə güzəştə getməli olur. Əvəzində isə Ermənistandan Azərbaycanın digər torpaqlarına ərazi iddiasında olmayacağı vədini alır. Hansı ki, qısa zamandan sonra Ermənistan bu vədinə də xilaf çıxaraq, ölkəmizin digər ərazilərinə, xüsusən də Qarabağa dəfələrlə təcavüz edir. İrəvan isə o zaman Ermənistana verilir ki, indi bunun ziyanını çəkirik. Yuxarıda qeyd etdiyimiz kimi, həmin dövrdə hələ formalaşmaqda olan Azərbaycan hökuməti Ermənistanın bu istəyinin qarşısını almaq iqtidarında deyildi. Ordusu yox idi. Azərbaycanın ürəyi olan Bakı hələ də Nərimanov-Şaumyan bolşevik-daşnak cütlüyünün işğalı altında idi. Hətta Azərbaycanı öz himayəsinə götürən Osmanlı Türk İmperiyası da bu işdə ölkəmizə dayaq durmadı. Çünki onlar da düşünürdü ki, ermənilər İrəvan ətrafında öz dövlətini yaratmaqla Türkiyə ərazisinə olan iddialarından imtina edəcək. Amma sonrakı proseslər göstərdi ki, bu da yanlış mövqe idi. O ki, qaldı İrəvana, Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər bu ərazidə ermənilər olsa da, onlar əksəriyyət təşkil etmirdi. 1828-ci il işğalına qədər mövcud olan İrəvan xanlığı sırf türk xanlığı idi. Burada olan az sayda erməni də bu xanlığın tərkibində yaşayırdı. Yəni bu onu göstərir ki, İrəvan heç bir halda - nə tarixi, nə qədimi, nə də coğrafi-siyasi baxından erməni şəhəri olmayıb. Ermənilər bura gəlmə xalqdır. Buradan tapılan qədim tarixi abidələr də bunu sübut edir. Yalnız çar işğalından sonra, Azərbaycanın digər ərazilərinə olduğu kimi, İrəvan torpağına da çoxsaylı erməni ailəsi köçürüldü. Belədə, tədricən də olsa, İrəvanda ermənilərin sayı artmağa başladı və bu fürsətdən istifadə edən mənfur qonşularımız sonda İrəvanı əlimizdən almağa nail oldu.

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı həmin vaxt Azərbaycan hökumətinin bunun qarşısını almaq iqtidarında olmadığını dedi: "1918-ci il mayın 28-də Qafqazda heç bir zaman mövcud olmayan Ermənistanın da dövlət müstəqilliyi elan edildi. Yeni yaradılan dövlət Ararat Respublikası adlanırdı. Cənubi Qafqaz sovetləşdikdən sonra bolşeviklərin hazırladığı "Daşnaksütyun Partiyasının əksinqilabi rolu" adlı tarixi arayışda Ermənistan Respublikasının Yeni Bəyazid, İrəvan və Aleksandropol qəzalarının hissələrindən yaradıldığı yazılırdı.Azərbaycanlılara məxsus torpaqlarda yaradılan həmin respublikanın ərazisi 9 min kvadrat kilometr idi. Lakin qısa müddətdə təcavüzkarlıq siyasəti nəticəsində Ararat Respublikasının ərazisi xeyli genişləndirildi. Ermənistanın ərazisi barədə Tiflisdəki ABŞ konsulu Smit dövlət katibinə 1918-ci il 15 iyul tarixli teleqramında məlumat verərək yazırdı ki, Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə, sərhədləri isə Dilicandan cənub-qərbdə Alagözə, oradan da Eçmiədzinin cənubundan İrəvanın şərqinə, buradan isə Sevan gölünə qədərdir. Yeni yaradılan Ararat Respublikasının paytaxtı yox idi. Erməni Milli Şurası Azərbaycana müraciət edərək, İrəvanın paytaxt kimi onlara verilməsini xahiş etdi. Çünki o vaxt Aleksandropol (Gümrü) Türkiyənin əlində idi. Müraciət Azərbaycan Milli Şurasının mayın 29-da Tiflisdə keçirilən iclasında müzakirə edildi. Məsələ üzrə çıxış edən Nazirlər Şurasının sədri Fətəli xan Xoyski ermənilərlə bu barədə aparılan danışıqlar haqda məlumat verərək, ermənilərin dövlətinin yaradılması üçün onlara siyasi mərkəzin lazım olduğunu, Aleksandropolun Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyini, İrəvanın güzəştə gedilməsinin qaçılmaz olduğunu söylədi. Səsvermə nəticəsində güzəştin lehinə 16, əleyhinə isə 1 nəfər səs verdi, üç nəfərsə bitərəf qaldı. İrəvanı paytaxt alandan sonra ermənilər sakitləşməyərək, ərazilərini genişləndirməyə və azərbaycanlılara qarşı kütləvi qırğınları davam etdirdilər. İngilis nümayəndəsi Koks 1918-ci il 30 oktyabrda Tehrandan Böyük Britaniya Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda 1918-ci ilin martında Cənubi Qafqazda 118 Azərbaycan kəndinin dağıdıldığını və onların öldürüldüyünü yazırdı. "Daşnaksütyun Partiyasının əksinqilabi rolu" adlı arayışdan aydın olur ki, 1918-ci ildən Ermənistanda hökmranlıq edən daşnakların 30 aylıq hakimiyyəti dövründə azərbaycanlı əhalinin 60 faizi yer üzündən silinmiş, Ermənistanın bütün türk əhalisi qanundankənar elan edilmiş, burada yaşayan azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə ölkəni erməniləşdirmək ideyasını həyata keçirib. 1918-ci ildə başlanan bu siyasət nəticəsində Ermənistanda türklərin sayı 77 faiz azalaraq 60 min nəfər olmuşdu. Həmin dövrdə Azərbaycan hökuməti hələ Tiflisdə idi və müvəqqəti paytaxtı Gəncəyə köçməmişdi. Hökumətin əsas məqsədi, Gəncəyə gələrək, sonra baş şəhər, siyasi, dini, mədəni, elmi, ictimai fikir mərkəzi olan Bakını azad etmək idi. Hökumətin əsas hədəfi bu idi. Lakin bunun üçün ölkənin kifayət qədər gücü yox idi, ordu hələ formalaşmamışdı. Belə şəraitdə hökumətin İrəvanı verməməsi xeyli çətin idi. Bizə yaxın ölkələr də Ermənistanla dil tapmağı tövsiyə edirdi. Düşünürdülər ki, İrəvan paytaxt olaraq güzəştə gedilsə, Ermənistan bəlkə sakitləşə. Azərbaycanın onu müdafiə etməyə gücü yox idi, digər tərəfdən də ermənilər artıq İrəvanı paytaxt elan edib oturmuşdu. Belə şəraitdə hökumətimiz bir neçə istiqamətdə hərbi qüdrəti və imkanı daxilində mübarizə aparmaq iqtidarında deyildi".

"OLAYLAR" İnformasiya Agentliyi və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuz sözügedən ərazinin ermənilərə verilməsini tarixin səhvi kimi dəyərləndirdi: "İrəvan azərbaycanlılar yaşayan bir ərazi idi. Bildiyiniz kimi, 5 dövlətlə həmsərhəd olduğumuz məkanlarda tarixən azərbaycanlılar yaşayıb. O cümlədən, Ermənistan da soydaşlarımızın məskənidir. O zaman Ermənistan Respublikası elan olunanda paytaxtı Gümrüdə yerləşirdi. Sonradan paytaxtın İrəvana köçürülməsinə Azərbaycan Demokratik Cumhuriyyətinin razılıq verməsi bir məqsəd daşıyırdı. Fikirləşirdilər demokratik bir cumhuriyyətdə yaşayan ölkələr genosid, deportasiya kimi məsələlərlə məşğul olmayacaq. Bu da tarixin səhvi idi. Çünki artıq 1903-cü ildən başlayaraq azərbaycanlılara qarşı istər Türkiyə və Güney Azərbaycanı, istərsə də hazırkı Azərbaycan ərazilərində ermənilər tərəfindən qətl-qiyam həyata keçirilməyə başlandı. 1918-ci ildə İrəvanı verməklə düşünürdülər ki, burada kompakt yaşayan əsas əhali olan azərbaycanlılar gec-tez əsas hakimiyyət qüvvəsi olacaq. Təəssüf ki, bunda yanıldılar. Sonradan SSRİ-nin tərkibində olanda yerdə qalan soydaşlarımız da oradan deportasiya olundu". Həmsöhbətimiz Azərbaycan hökuməti tərəfindən güzəştlə bağlı atılan bu addımı yanlış hesab edir: "Azərbaycan Demokratik Respublikası və onun Milli Məclisində azərbaycanlı ruhunda olmayan kifayət qədər deputat vardı.

Onlarda bu məsələdə çox aktiv iştirak edirdi. Son nəticədə əsrin əvvəlində İrəvanın verilməsilə, əsrin sonunda, üstündən 70 il keçəndən sonra nəinki Ermənistanda, onu əhatə edən rayonlarda və Qarabağda bir nəfər də olsun azərbaycanlı qalmadı. Görünür bu, millətimizin ziyalılarının tarixi yaxşı bilməməsi, tarixi araşdırma aparmadan buna razılıq verməsinin nəticəsi oldu. Hələ o zaman razılıq veriləndə ortada bir şey yox idi. Fikirləşirəm ki, nə Gürcüstanda, nə Ermənistanda, nə də Azərbaycanda demokratik respublika qurulmuşdu. İnsanlar fikirləşirdi ki, nə olacaq-olacaq, qonşularımızı, dostlarımızı özümüzdən küsdürməyək.

Azərbaycan Demokratik Cumhuriyyətinin inkişafı türklərin Bakını azad etməsi və onun paytaxt elan olunmasından sonra baş verib. Ona görə də insanlar fikirləşirdi ki, burada kağız üzərində iş aparılır və İrəvanın verilməsi elə bir böyük qəbahət olmaz. Amma təəssüf ki, sonradan bu tarixi fakta çevrildi və bununla barışmalı olduq. Azərbaycanda həmin dövrdə erməni, rus deputatları kifayət qədər idi. Onlar milli azlıqlardan olan deputatlar da vardı. Ermənilər cumhuriyyətin parlamentində aktiv iştirak edirdi. Milli azlıqları, qafasında millətçilik ruhu olmayan azərbaycanlıları öz tərəflərinə çəkə bilirdi. Burada gizlədiləsi bir şey yoxdur. O zaman Bakıda kifayət qədər erməni neft milyoneri yaşayırdı. Onlar öz işlərini görür, bəzi hallarda parlament üzvlərinin bir çoxunu da ələ alırdı. Bunu zaman-zaman görmüşük, dövrümüzdə də təkrar olunub. Sovetlər dövründə millətimizin əsl tarixini öyrənməyə qoymurdular. Ümumiyyətlə, demokratik cumhuriyyətdən söz açılmırdı. Ermənilərin hansı qətliam törətdiyini, torpaqların necə verildiyini yalnız bir-iki nəfər bilirdi ki, onlar da KQB-in icazəsilə arxivlərə girir, amma susmalı olurdu. Danışa bilənlər də Moskvaya xidmət edirdi".

Həmin dövrdə İrəvan verilməsəydi nə baş verə biləcəyinə gəldikdə, Y.Oğuz dünya güclərinin bunda maraqlı olmadığını bildirdi: "Azərbaycanla Osmanlı İmperiyasının sərhədlərinin boya-boy baş tuması o vaxtlar Türkiyənin də marağında idi. Dünya dövlətləri isə bunda maraqlı deyildi. O zaman Antanta qoşunları Türkiyə daxilinə girməyə başladı. Erməni diasporu özülərini bütün dünyada əzilmiş xalq kimi göstərirdi.

Olmayan hadisələri işıqlandırırdılar. Dünyaya bəyan etmişdilər ki, dövləti olmayan bir millət kimi ermənilər mövcuddur. Erməni diasporu XIX əsrin ortalarından siyasi, biznes və iqtisadi sahələrdə kifayət qədər lobbiçiliklə məşğul idi.

Bunun son nəticəsi olaraq dünya dövlətləri Ermənistan dövlətinin yaranması və İrəvanın onun paytaxtı olmasına razılıq verdi. O zaman Azərbaycan məsələsi dünya üçün ümumiyyətlə yox idi. Azərbaycan kimi yeni dövlətin yaranması onlar üçün faktiki olaraq nonsens oldu. Vaxtilə Rusiyanın əsarəti altında olan bu əraziləri dəyişmək və orada yeni dövlətlər yaratmaq bunların heç ağlına da gəlmirdi".

 

 

Rüfət Sultan

 

Bakı xəbər.- 2011.-17 fevral.- S.12.