Azərbaycan dünya azərbaycanlılarının vətənidir

 

  Dövlətimizin konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyümüzün bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə yanaşı, diaspor və lobbi quruculuğu kimi sahələr də prioritet istiqamətlərdən biridir.

   Diaspor quruculuğu və lobbiçilik xaricdə təmsil olunan xalqın və dövlətin maraqlarının müdafiəsində, həmin xalqa mənsub soydaşların təşkilatlanmasında əsas rol oynayır. Bu baxımdan, gənc olmasına baxmayaraq, Azərbaycan diasporunun ölkəmizdə baş verən dəyişiklikləri beynəlxalq ictimaiyyətə çatdırması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasındakı rolunu xüsusilə qeyd etmək lazımdır.

   Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə xaricdə yaşayan azərbaycanların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində görülən işlər diasporumuzun uğuru kimi qəbul edilməlidir. Bu uğurda diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fikir və əməkdaşlığın müzakirəsini xüsusilə qeyd etmək lazımdır. İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı, Türkiyə Cumhuriyyətinin Baş Nazirliyi və DİDK-in dəstəyilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda keçirilmiş Dünya Türk Forumu onlardan biridir.

   Diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı beynəlxalq aləmin daha çox məlumatlandırılması və bu faktın dünya dövlətinin parlamentlərinin müzakirəsinə çıxarılmasına nail olunması da xarici siyasətimizin diqqət yetirdiyi əsas məsələlərdən biridir.

   İslam Konfransı Təşkilatının (İKT) üzvü olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası bu il də bir sıra ölkələrdə etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlərlə öz işini davam etdirir. Bu kampaniyada diaspor təşkilatlarımız da fəal iştirak edir. Rusiyanın ictimai-sosial həyatında fəallıq göstərən Rusiya Azərbaycan Gəncləri Təşkilatı, həmçinin, orada yaşayan və təhsil alan gənclərimizin təşkilatlanmasında və onların cəmiyyətə inteqrasiyasında əsaslı addımlar atır.

   Yadda qalan uğurlardan biri də bir sıra diasporçuların mükafata layiq görülməsi oldu. Azərbaycanlı alim, Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyevin Meksikanın inkişafına töhfə vermiş şəxsiyyətlərin sırasına daxil edilməsi, Meksikanın Milli Miqrasiya İnstitutunun dərc etdiyi "Dünyanın bizə hədiyyə etdiyi 200 meksikalı" adlı kitabda onun barəsində məlumatın yer alması, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovun millətlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi işində ictimai fəaliyyətinə görə Moldovanın dövlət mükafatı olan "Gloria Muncii" ordenilə təltif edilməsi buna nümunədir.

   Gürcüstanda - öz tarixi Vətənində yaşayan azərbaycanlıların həmin cəmiyyətə inteqrasiyası və orada yaşayan gənclərin ölkəmizlə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha da geniş şəkildə məlumatlandırılması da diqqət mərkəzində olub.

   Gənclərimizin fəallığının artırılması istiqamətində digər ölkələrdə də mühüm işlər görülüb. 2010-cu il aprelin 24-də Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə bu şəhərdə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumunun keçirilməsi gənclərin həmrəyliyinin artırılmasında uğurlu addım olub. 2010-cu ildə Koreya Respublikasının Xarici Dillər Universitetinin Türk-Azərbaycan Dilləri fakültəsində "BUTA Azərbaycan Mədəniyyət Dərnəyi"nin fəaliyyətə başlaması isə ölkəmizlə bağlı koreyalı gənclərin daha ətraflı bilik almasına müsbət töhfə oldu.

   İlin ən yaddaqalan və mötəbər hadisələrindən biri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq, noyabr 27-28-də Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresi oldu. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclər və İdman Nazirliyilə birgə təşkil etdiyi bu tədbirdə xaricdə yaşayan azərbaycanlı həmvətənlərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olundu. Toplantının yekununda qəbul edilmiş üç mühüm sənəd- "Dünya Azərbaycanlı Gəncləri I Konqresinin Qətnaməsi", "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət" təqdirəlayiqdir.

   "Gənclər Dünya Azərbaycanlı Gənclərinin I Konqresindən nə gözləyir" sualını cavablandıran Prezident İlham Əliyev demişdir: "Diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız, xüsusilə də azərbaycanlı gənclər yaşadıqları cəmiyyətə uğurla inteqrasiya olunur. Dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin Avropa, Amerika və digər ölkələrdə fəaliyyəti onların həm də fərqli cəmiyyətlərdə Azərbaycanı təmsil etməsi deməkdir. Çünki hər bir əcnəbi Azərbaycanı onların simasında tanıyır, bu ölkənin mədəniyyəti, milli dəyərləri haqqında fikirləri də məhz soydaşlarımızın fəaliyyəti əsasında formalaşır. Odur ki, xarici ölkələrə mütəmadi səfərlər edən və ölkəmizdən kənarda yaşayan gənclərimizin üzərinə bir sıra vəzifələr düşür".

   Bu baxımdan bu il noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresindən çox şey gözləyirik. Azərbaycan dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Formundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, respublikadakı gənclər təşkilatları rəhbərlərinin, xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin və fəal gənclərin, eləcə də xaricdə təhsil alan tələbələrin iştirak edəcəyi tədbir xüsusi önəm daşıyır. Qeyd edək ki, bu tədbiri Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi birgə təşkil edəcək.

 

   ...1991-ci ilin dekabrın 16-da Naxçıvandan başladı

 

   Keçən əsrdə məlum ciddi müqavimətlərə baxmayaraq, o vaxt "Sərhəd hərəkatı" adı ilə bir sıra siyasi aksiyalar həyata keçirilirdi. Nəticədə SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Beləliklə, 1989-cu il dekabrın 31-də dünya azərbaycanlılarının həmrəylik bayramı keçirildi. 1990-cı ildə həmin günün ildönümü respublikanın demokratik qüvvələri tərəfindən geniş qeyd edildi. 1990-cı il noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə, Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real nəticəsi kimi, milli birlik həmrəylik yolunda atılan mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zərurəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq, Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli iclasında bu məsələni müzakirə etdi. Qəbul olunmuş qərarda deyilirdi:

   1. 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi birlik günü elan olunsun hər il bayram edilsin.

   2. 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd olunması üçün qanunuvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilsin.

 

   Bu qərarı Ali Sovet 1991-ci il dekabrın 25-də rəsmiləşdirdi.

 

   Məhz bu tarixdən sonra Azərbaycançılıq, dünya azərbaycanlılarının həmrəyliyi, milli təəssübkeşlik ideyaları müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında sürətlə yayılmağa başladı. Yuxarıda adı çəkilən qərardan sonra dünyada yaşayan azərbaycanlılar, onların hansı dövlətlərin ərazisində yaşamaları s. barədə dəqiq məlumatlar toplanmağa başlandı. Hazırda bütün dünyada yaşayan azərbaycanlıların sayı 50 milyon nəfərdən çoxdur.

   YUNESKO-nun rəsmi məlumatına görə isə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır: Cənubi Azərbaycanda 23 milyon, Türkiyədə 3 milyonadək, Rusiyada 1,5 milyon, Ukraynada 500 min, Almaniyada 300 min, ABŞ-da 1 milyon, Kanadada 174 min, Fransada 170 min, Hindistan Pakistanda 350 min, İsveçrədə 40 min, İsveç, Norveç, Danimarka Hollandiyada 300 min, İraqda 700 min, Əfqanıstanda 430 min s.

   Beləliklə, əsrimizin əvvəllərindən təşəkkül tapan fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınmısı təbliği işində mühüm rol oynayır. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet jurnallar nəşr olunur, xüsusi radio televiziya verilişləri hazırlanır. Bu gün dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 100-dən artıq ictimai, milli mədəni cəmiyyət təşkilatı fəaliyyət göstərir. Belə birliklər ABŞ-da, Almaniyada, İngiltərədə, Belçikada, Türkiyədə, Hollandiyada, İsveçrədə, MDB ölkələrində daha güclüdür.

   İndi Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən beynəlxalq ictimai-siyasi təşkilatlarla sektoru, respublika EA Milli Münasibətlər İnstitutunda Azərbaycan diasporu şöbəsi s. strukturlar fəaliyyət göstərir.

   Diqqətəlayiq cəhətlərdən biri soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakıdır. Məsələn, ABŞ-ın Kaliforniya ştatındakı 300 minlik azərbaycanlı icması ilk dəfə qubernator seçkilərində öz namizədlərini irəli sürüb. Rusiya Federasiyasında seçkili orqanlarda vəzifə tutan həmyerlilərimizin sayı artır. Amerika Konqresinin bədnam "Porter əlavəsi"ni qəbul etməməsində oradakı diasporumuzun da müəyyən rolu olmuşdur. Lobbi diasporun inkişafı nəticəsində meydana çıxır. Almaniyada, Türkiyədə, ABŞ-da, İsveçrədə onun formalaşması, güclənməsi prosesi gedir. İftixarla qeyd edək ki, hazırda xarici ölkələrdə olan azərbaycanlıların hamısı Azərbaycanı xalqımızın mənəvi vətəni hesab edir.

   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 

 

   Vaqif Cəliloğlu

 

   Bakı xəbər.- 2011.- 25-27 fevral.- S.12.