Borçalıda Azərbaycan izlərinin silinməsinin acı tarixi...

 

Kərəm Məmmədov: "Borçalıda yer-yurd adlarının dəyişdirilməsi prosesinə 1801-ci ildən başlanıb"

 

Kamran Ramazanlı: "Gürcüstan hakimiyyətinin kənd, yer-yurd adlarını geri qaytarmaq fikri yoxdur"

 

Qafqaz qədim yaşayış məskənlərindən biri kimi tarixə düşüb. Qafqazın bir parçası olan Azərbaycan isə ilk insan beşiklərindən biridir. Azərbaycan xalqı digər xalqlardan öz qədimliyinə, milli-mənəvi dəyərlərinə, tarixinə görə xeyli fərqlənir. Azərbaycan türkləri yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarlarda da yaşayır. Ölkəmizin ərazisi indiki kimi 86, 6 kvadratkilometr olmayıb.

Torpaqlarımızın böyük bir hissəsi İran, digər iri hissəsi Ermənistan, müəyyən hissələrisə Gürcüstan və Rusiya ərazisinə qatılıb. Bir sözlə, tarixin müxtəlif dönəmlərində torpaqlarımız yadlar tərəfindən tikə-parça edilərək bölünüb.

Nadir Şah Əfşar tərəfindən gürcülərə hədiyyə edilən Borçalı Gürcüstan ərazisində yerləşir. Azərbaycan türklərinin kompakt yaşadığı bu mahalda on minlərlə azərbaycanlı ailəsi yaşayır. Onlar öz tarixi dədə-baba yurdlarında özlərinə binə qurub. Əsrlərlə kəndlərimizin, şəhərlərimizin, yer-yurd adları, toponimlər Azərbaycan dilində olub. İndi isə vəziyyət dəyişib. Son illər Azərbaycan kəndlərinin adları total şəkildə gürcüləşdirilir. Kənd adları dəyişdirilir, əvəzinə heç bir məna daşamayın gürcü adları qoyulur. Bu Gürcüstan rəsmiləri tərəfindən həyata keçirilir. Onlar bu prosesi həyata keçirməklə sanki Azərbaycan türklərinin buradan izini itirmək istəyir, onların bura sonradan gəldiyini "sübut" etməyə çalışır. Bu gün azərbaycanlıların əsrlərdən bəri sıx yaşadığı Bolus (Bolnisi) rayonunda 31 kəndin adı gürcüləşdirilib. Nəzərə alsaq ki, bu rayonda yaşayan əhalinin 96-98 faizi azərbaycanlılardır, bu adların dəyişdirilməsinə heç bir zərurət olmadığı ortaya çıxar. Amma Gürcüstan tərəf günü-gündən addəyişmə kampaniyasının miqyasını genişləndirir. Sarvan (Marneuli), Qarayazı (Qardabani), Qaraçöp (Saqareco), Başkeçid (Dmanisi) rayonlarının adlarının dəyişdirilməsi bu kampaniyanın tərkib hissəsidir. Ağbulaq rayonunun sonradan Tetri-Tskaro adlandırılması, Tiflis ətrafında yerləşən rayonların adlarının dəyişdirilməsi, kəndlərə gürcü adlarının verilməsi azərbaycanlıların öz ana dillərində təhsil alma hüququnun məhdudlaşdırılması, öz kənd-kəsəklərinin adının yad dildə eşitmələri mənfi haldır.

Məlumatlara görə, addəyişdirməyə ən çox Bolnisi rayonunun kəndləri məruz qalıb. Burada yalnız kəndlərin deyil, çayların, dağların, ərazilərin adları da gürcüləşdirilib. Deyilənə görə, Bolnisidə düz 31 kəndin adı dəyişdirilib. Sarvanın adı dəyişdirilərək Marneuli adlandırılsa da, hələlik kəndlərin adlarına toxunulmayıb. Başkeçid rayonunda da bu proses hələ sürətlənməyib. Amma digər rayonlarda addəyişmə kampaniyası davam edir.

Hətta deyilənə görə, artıq bir çox kəndlərin girişinə xaç işarələri qoyulur, bununla da burada yaşayan əhalini öz aləmlərində xristianlaşdırmağa çalışırlar.

Gürcüstanın 20-yə qədər rayonunda azərbaycanlılar kütləvi halda yaşayır. Gürcüstanda ermənilər də yaşayır, onlar bura sonradan köçürülsə də, bu məmləkəti çoxdan özününküləşdirməyə nail olublar. Bəzi gürcü ziyalıları deyir ki, azərbaycanlıların yaşadığı məskənlərin adlarının dəyişdirilməsində gürcülər günahkar deyil, bu işi gürcü soyadı daşıyan erməni əsilli məmurlar həyata keçirir. Belə çıxır ki, "quzu dərisi geyinmiş qurdlar" azərbaycanlıların kökünü öz doğma torpaqlarından kəsmək istəyir. Müşahidələr göstərir ki, Gürcüstanda bir dənə də olsun erməni kəndinin adı dəyişdirilməyib.

Təəssüflər olsun ki, Gürcüstan hökuməti Azərbaycan adlarının dəyişdirilməsi prosesini dayandırmaq istəmir. Amma Azərbaycanda gürcülərin sıx yaşadığı bölgədə onlara məxsus heç bir şey dəyişdirilməyib. Ad dəyişənlər heç olmasa bundan nümunə götürüb, bu prosesi dayandırsınlar. Təsəvvür edin ki, dünənə qədər adı Azərbaycan dilində olan bir kəndin adı bu gün dəyişdirilir və camaata da bu neqativ halla barışmaq təlqin edilir. Təbii, özünə hörmət edən azərbaycanlılar kəndlərin adlarının geri qaytarılmasını tələb edir.

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədov "Bakı-Xəbər"ə bildirdi ki, gürcülər addəyişmə kampaniyasına hələ XIX əsrin əvvəllərindən başlayıb. Səbəb isə azərbaycanlıların bu torpaqlarla bağlılığını itirmək olub. K.Məmmədovun sözlərinə görə, Azərbaycan türkləri hazırkı Gürcüstan ərazisində aborigen xalqdır. "Gürcüstanda Azərbaycan mənşəli toponimlərin, yer-yurd, şəhər, kənd adlarının dəyişdirilməsi yeni deyil. Bu prosesə rus işğalı dövründən, 1801-ci ildən başlanıb. O zamandan bu proses yavaş-yavaş davam etdirilir. Ərcivan dağlarının adı dəyişdirilib Trialeti dağları edildi. Əvvəlcə insanların elə də geniş yaşamadığı, lakin strateji əhəmiyyət daşıyan bölgələrin adları dəyişdirilib. Addəyişmə kampaniyasının ikinci mərhələsi isə Sovet hakimiyyətinin ilk illərinə təsadüf elədi və Borçalı iki yerə bölündü. Bir hissəsi indiki Ermənistan Respublikasının ərazisinə qatıldı, digər digər hissəsi isə Gürcüstan ərazisində qaldı. Borçalının Loru-Pəmpək hissəsi Ermənistana verildi. Əvvəlcə yer adlarının dəyişdirilməsini orada ermənilər sınaqdan keçirdi. Yəni Baranı, Karvansara, Hamamlı, Taşır kimi türk mənşəli adlar qondarma erməni adları ilə əvəzləndi. Ermənistana qatılan Borçalı torpağında yerləşən kəndlərə, yaşayış məskənlərinə Stepanavan, Spitak, Quqark, Noyenberyan, İcevan və s. kimi bizə yad olan adlar qoyuldu. Bu virus, xəstəlik İkinci Dünya Müharibəsindən sonra Borçalının Şimal hissəsinə nüfuz eləməyə başladı. Ona qədər yalnız 1936-cı ildə Tiflisin adını dəyişmişdilər. Çünki Tiflis sözü gürcü dilində heç bir məna ifadə eləmirdi. Onu Tbilisi elədilər ki, heç olmasa "İsti" mənasını versin. Gürcülərə görə, Tbilisi sözünün mənası "isti su" deməkdir (güya ki, gürcü çarı Vaxtanq Qorqasari ov zamanı quş vurur və həmin quş suya düşüb bişir. Çar həmin ərazinin isti suya malik yer olduğunu dilə gətirir və oranı Tiflis adlandırır-İ.S). Gürcü çarı Vaxtanqın özünün gürcülərə heç bir aidiyyəti yoxdur. Atası Sasani mərzbanıdır, anası isə Bərdə hakiminin qızıdır. Onun gürcülərə nə bağlılığı var? İkincisi, şəhərin adı gürcü dilində olmalıydısa, onda o Teblisxali olmalı idi. Tiflisin adı dəyişdirildikdən sonra 1947-ci ildən digər iri yaşayış məntəqələrinin adları dəyişdirildi. Sarvan dönüb Marneuli oldu. İndiki Bolnisi adlandırılan Çörük Qəmərli rayonunun isə başına daha çox oyunlar gətirildi. 1818-20-ci illərdə ora almanları köçürdülər. Ora Valteyrim də adlanırdı, sonra Lüksemburq oldu. Almanlar oradan sürgün edildikdən sonra isə gürcülər ora qondarma Bolnisi adını qoydular. Başkeçidin adı da 1947-ci ildə Dmanisi oldu. Son addəyişdirmə dalğası isə Zviad Qamsaxurdiya dövrünə düşdü. Demək istəyirəm ki, addəyişmə prosesi bir neçə mərhələni əhatə elədi. Axır illər Bolnisi rayonunda bütün iri kəndlərin hamısının adları dəyişdirildi. Darvaz və bir-iki digər kənd istisna olmaqla. Kəpənəkçinin, Arıxlının, Qoçulunun, Fahralının və s. kəndlərin adları dəyişdirildi. Vaxtında buna qarşı təpki göstərilməsə, bu virus, xəstəlik yavaş-yavaş o biri rayonlara da keçəcək. Bolnisidəki kəndlərin adlarının dəyişdirilməsi strateji əhəmiyyət daşıyır. Bolnisi Başkeçidlə Sarvanı birləşdirən körpüdür. Onlar ortadakı rayona aid yaşayış məntəqələrinin adını dəyişdirməklə kənardakı rayonların əhalisinin gəlmə olduğunu göstərmək istəyirlər. Azərbaycan adlarının yerinə qoyulan gürcü adları da heç bir məna ifadə eləmir. Məsələn, Televari-Naxuduri sözünün heç gürcü dilində də mənası yoxdur".

Toponimlərimizin gürcüləşdirilməsi siyasətinin kökündə hansı mətləblərin durmasına gəlincə, K.Məmmədov da gürcü ziyalıları kimi bu işin erməni mənşəli insanlar tərəfindən həyata keçirildiyini bildirdi: "Üç manatlıq gürcülər, yəni ermənilər bu məsələdə maraqlıdır. Dərindən fikir versək görərik ki, Bolnisinin özündə elə də gürcü yoxdur. Gürcü soyadı daşıyanların çoxu gürcüləşmiş ermənidir. Onlar vaxtilə ora Xaçın tərəfdən köçürülüb".

K.Məmmədovun sözlərinə görə, gürcüləşmiş ermənilər bir millət, toplum olaraq gürcülərin genefondunu təhlükə altına atıb. O bildirdi ki, bir millətin özü olaraq sayının azlığı təhlükə deyil, amma əslində sayı az olub, amma şişirdilmiş rəqəmlə təqdim edilmək millətin faciəsidir.

Bu siyasətə "dayan, dur" deyilməsin vaxtı çatdığını deyən K.Məmmədovun bildirdiyinə görə, addəyişdirmə kampaniyasının dayandırılması üçün mütləq o bölgənin tarixi öyrənilməli və kitab halında nəşr edilməlidir: "Şəxsən burada mənim də çiyinlərimə böyük yük düşür. Bölgənin tarixi yazılsa, oradakı toponimlər istər-istəməz burada öz əksini tapacaq. Toponimlərin adları qeyd ediləcək və bundan o adları dəyişdirənlərin özləri xəcalət çəkəcək. Nizaminin bir sözü var: "Elmlə hünərlə, başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz". Bu şeyləri elmi cəhətdən izah eləmək lazımdır, yoxsa qol gücünə heç nə eləmək mümkün deyil. Olub ki, gürcü məmurların yanında bu torpaqların tarixən Azərbaycan xalqının yaşadığı bir ərazi olduğunu dəfələrlə qeyd eləmişəm. Başkeçidin çox böyük bir şairi var-Mədəd Coşğun. Onun yubileyi keçirilirdi, mən orada Dumanisi əmirliyi haqda danışdım. Bu əmirliyin 400 il tarixi var. Onun özünün sikkəxanası olub, gerbi olub, həmin gerbin üzərinə "Allahu-Əkbər" yazılıb. O məclisdə rayonun perefekti də iştirak edirdi. Bu söhbət onu çox narahat edirdi. Bu məsələ bizim ziyalıların özləri üçün məlum deyildi. Dumanisi sözünün gürcülərlə heç bir əlaqəsi yoxdur. Dumanisi sözünə qaynaqlarda VI əsrdə rast gəlinir. Bu şəhər Bizans imperatoru Yüstünyan tərəfindən salınıb. Adını da yerli əhalinin dililə Dumanlı adlandırıb. İndinin özündə də Dumanisidən duman-sis əskik olmur".

K.Məmmədovun sözlərinə görə, artıq Borçalının tarixi yazılmağa başlayıb. O dedi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudlunun təşəbbüsü ilə bu institutunun nəzdində Qafqazşünaslıq bölümü fəaliyyət göstərir, onun da bir strkuturu borçalışünaslıqdır: "Burada hardasa 12 nəfər işləyir. Allah qoysa, Borçalının tarixi uzaqbaşı bir ilə yazılmalıdır".

Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı da Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgələrin, toponimlərin adlarının gürcüləşdirilməsindən narazı olduğunu dedi. K.Ramazanlının sözlərinə görə, bir neçə dəfə Azərbaycandan Gürcüstana gedən nümayəndə heyətinin tərkibində olub və bu məsələyə öz etirazını bildirib: "Təəssüflənirəm ki, yalnız Bolnisi rayonunda 31 kəndin adı dəyişdirilib. Çoxları kənd adlarımızın dəyişdirilməsini Zviad Qamsaxurdiya ilə bağlayır, əslində isə bu ondan əvvəl də olub, sonra da. Şevardnadzenin də addəyişdirmə prosesinin gücləndirilməsində rolu var. O da günahkardır. Bəzi kəndlərin adı elə onun hakimiyyəti dövründə dəyişdi. Eduard Şevardnadze o vaxt Bakıya rəsmi səfərə gələrkən Borçalı əsilli ziyalılarla görüşmüşdü. Həmin vaxt ziyalılar ondan dəyişdirilən adların yenidən bərpasını tələb eləmişdi. O isə demişdi ki, gəlin, əvvəlcə o biri problemləri həll edək, bu bir az ağrılı məsələdir, gözləyək. Amma o, hakimiyyəti dövründə bir dəfə də olsun bu məsələnin üstünə qayıtmadı. Bu proses indi də davam etdirilir. Bolnisi rayonunda dəyişdirilən adların, toponimlərin bərpa edilməsini bir yana qalsın, hətta kəndlərin girəcəyində, qəbristanlıqların yaxınlığında xaçlar qoyulur. Fahralı, Kəpənəkçi, Qoçulu kəndlərində var, yol üstündə yerləşən kəndlərin əksəriyyətinə də xaç yerləşdirilib".

K.Ramazanlı deyir ki, bir neçə il əvvəl Nəsib Nəsibli, Gültəkin Hacıbəyli, Musa Urud, Elçin Şıxlı və digər ziyalılarla Borçalıya səfər zamanı da Borçalı qubernatoru və digər rəsmilər qarşısında bu məsələ qaldırılıb, onlar isə, bunun külli məbləğdə maliyyə vəsaiti tələb etdiyini bahanə gətirib, problemi həll etməkdən boyun qaçırıb: "O zaman bizim heyətdən kimsə təklif elədi ki, maliyyə tələb olunursa, biz pul taparıq, təki adlar bərpa olunsun. Onda da bəhanə elədilər ki, guya kənd camaatı tarixi adların geri qaytarılmasını istəmir. Biz görüşlərdə camaatdan soruşduq, onlar isə məmurların yalan danışdığını dedilər. Kəpənəkçidə görüş zamanı "ay camaat siz kəndinizin adının Kvemo-Bolnisi olmasını istəyirsiniz, yoxsa Kəpənəki" deyə onlardan soruşduq. Hamısı bir ağızdan "Kəpənəkçi" dedi. Belə deyək, Gürcüstan hakimiyyətinin kənd, yer-yurd adlarını geri qaytarmaq fikri yoxdur. Onlar müxtəlif bəhanələr gətirməklə prosesi uzadırlar".

K.Ramazanlının dediyinə görə, Bolnisi rayon rəhbərliyi azərbaycanlılar yaşayan bütün kəndlərin arxivini rayona apararaq yox etdirib. Onun sözlərinə görə, bu da birbaşa xalqımızın tarixinin itirilməsinə xidmət edir. Gürcüstanda bir dənə də olsun erməni kəndinin adının dəyişdirilmədiyini bildirən K.Ramazanlı dedi ki, Bolnisi millətçiliyin, şovinizmin mərkəzi olduğundan, oradakı azərbaycanlılar daha çox mənfiliklərlə üzləşir. K.Ramazanlı həmçinin bildirdi ki, Azərbaycanda yaşayan gürcülərin sayının az olmasına baxmayaraq, bizim hökumət onlara tələb olunan hər şeyi verir. Gürcüstan hökuməti isə azərbaycanlılara qarşı ədalətsizlik edir. Tiflis ətrafında yerləşən Kaspi rayonunun əhalisinin böyük hissəsinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, onların ana dilində təhsil almaq hüququndan məhrum edildiyini deyən K.Ramazanlı 37 min nəfərin öz dilində oxumaq hüququnun bərpa edilməsinə tərəfdar olduğunu bildirdi.

Yazı Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə vəsaitilə çap olunub

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2011.- 8-9 mart.- S. 12.