Ən qədim torpaqlarımızın Azərbaycanla birgə vahid xəritəsi yaxınlarda çap olunacaq

 

Tarixi Azərbaycan torpaqları indiki eyni adlı dövlətin sərhədlərindən qat-qat geniş bir əraziyə malik olub. Bu torpaqlar şimalda Dərbəndə, cənubda Həmədana, şimal-qərbdə isə indiki Gürcüstanın Borçalı mahalına qədər uzanırdı. Bundan başqa, indiki Ermənistanın bütün ərazisi də vaxtilə Azərbaycan torpaqları idi. Bu əraziləri birlikdə götürsək, tarixi Azərbaycan torpaqlarının 400 min kvadratkilometrdən çox olduğunu görə bilərik.

Hazırda isə Azərbaycanın ərazisi 86 min kvadrat kilometrdir. Hər bir dövlətin ərazilərinin tanıdılmasında xəritələrin böyük rolu var. Xəritə vasitəsilə istənilən ölkə, onun indiki ərazisi, qədimdə hansı torpaqlara malik olduğu barədə geniş məlumat almaq mümkündür. Xəritələr istənilən şəxs üçün ölkənin hər hansı bir hissəsinə getməkdə bələdçi rolunu da oynayır. Ölkəmizin də tanıdılmasında xəritələrin mühüm yeri var. Xüsusən də indiki şəraitdə. Bildiyimiz kimi, mənfur qonşularımız olan Ermənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmən tanınan torpaqlarımızın 20 faizini iki onillikdən çoxdur ki, işğal edib. Bütün dünyaya da bu ərazilərin guya onlara məxsus olduğu barədə car çəkirlər. Hətta buraxdıqları xəritələrdə də Dağlıq Qarabağı, ümumiyyətlə Kür çayının cənub hissəsindəki bütün ərazilərimizi qədim Ermənistan torpaqları kimi göstərirlər. Bununla da dünya ictimaiyyətini aldatmağa çalışırlar. Hətta indiki Ermənistan torpaqlarının vaxtilə Azərbaycana məxsus olmasına baxmayaraq, buradakı türk yer adlarını tamamilə dəyişdirərək erməniləşdiriblər. Uzağa getməyək, Yerevan vaxtilə İrəvan adlanırdı. Çünki türk torpağı idi. Amma buna baxmayaraq, ermənilər xəritələrdə belə həmin şəhəri qədimdən bəri Yerevan kimi təqdim edirlər. Azərbaycan adlanan torpaqda ən qədim mədəniyyət mərkəzləri, insan məskənləri olub. Azərbaycan xalqı bu ərazidə zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb. Burada ilk ibtidai insanların yaşadığına dair 1,7-1,8 milyon il bundan əvvələ aid ən qədim arxeoloji materiallar tapılıb. Azıx, Tağlar, Daşsalahlı, Damcılı mağaraları ölkəmizin ən qədim insan yaşayış məskəni olduğuna bir sübutdur. Bundan başqa, Azərbaycan 5 min illik dövlətçilik tarixinə malikdir. Burada ilk dövlət quruluşu hələ eramızdan əvvəl IV minilliyin sonu-III minilliyin əvvəlində Urmiya gölü hövzəsində təşəkkül tapıb. Kuti, lulubəy tayfalarının qədim dövlətləri məhz bu ərazilərdə formalaşıb. Sonradan eramızdan əvvəl I minillik-eramızın I minilliyin əvvəlində sözügedən ərazilərdə Manna, Atropatena, Albaniya kimi dövlətlər yaranıb. Eramızın ilk yüzilliklərində türk dili başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Bu dil şimalla cənub arasında birləşdirici rol oynayırdı. Sasani və ərəb işğalının bitməsilə Azərbaycan torpaqlarında sırf türk dövlətləri olan sacilər, salarilər, şəddadilər, rəvvadilər, şirvanşahlar kimi dövlətlərin əsası qoyulur. Bu dövrdə həmin ərazidə yaranmış dövlət qurumları arasında tamamilə türk əsilli olan Eldənizlər dövləti daha möhtəşəmliyilə seçilib. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu dövrdə isə Azərbaycanın, bütöv olmasa da, geniş ərazisinin vahid bir tam halında birləşdirilməsinə nail olundu. Bütöv Azərbaycanın bir bucaq altında birləşdirilməsinə isə Səfəvilərin dövründə nail olundu. O zaman Azərbaycan vahid mövqedən çıxış etməsi səbəbindən siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində dinamik inkişafda idi. Sonrakı dövrlərdə isə Azərbaycan yavaş-yavaş ərazilərinin böyük hissəsini itirməyə başladı. Cənubda geniş bir ərazi İranın işğalı altına keçdi. Dəmir qapı Dərbənd və ona bitişik torpaqlar Rusiyaya qismət oldu. Borçalı mahalı Gürcüstana verildi. Qərbi Azərbaycan isə büsbütün Ermənistana ilhaq olundu. Bir sözlə, Azərbaycanın tarixi torpaqlarında qədimdən bəri azəri türk etnosuna məxsus çoxsaylı dövlətlər yaranıb. Həmin dövlətlərin sərhədləri barədə dolğun informasiya almaq üçün xəritələrin olması vacibdir. Sovet dövründə Azərbaycan tarixinin geniş səpkidə, xüsusən də onun 28 aprel işğalından əvvəlki dövrünün təbliği qadağan idi. Ona görə də qədim dövrün Azərbaycan torpaqları barədə xəritələr də, demək olar ki, yox idi. Amma ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra bu xəritələrin işıq üzü görməsi olduqca vacib bir məsələyə çevrilib. Tarixi həqiqət ondan ibarətdir ki, biz heç bir başqa ərazi işğal etməmişik, əksinə, torpaqlarımızı itirə-itirə gəlmişik. Bunun özünü göstərmək, həqiqətin nədən ibarət olduğunu yaymaq üçün də tarixi Azərbaycan torpaqlarının vahid xəritəsinin hazırlanması vacibdir. Ermənilər onların olmayan əraziləri özlərinki elan edərək saxta xəritələr buraxır. Bununla da guya özlərinin qədim sivilizasiyaya məxsus, bölgənin ən qədim xalqı olduğunu aşılamağa çalışırlar. Hətta müəyyən mənada onlar təbliğatları vasitəsilə buna, saxta olsa belə, nail də olublar. Məhz bu saxta mifi yox etmək, həqiqəti ortaya qoymaq üçün dövlətçiliyimizə aid geniş həcmdə xəritələrin buraxılmasının mühüm əhəmiyyəti var. Dünyanın hansı məskənində kimlərin yaşadığı, bu ərazilərin kimlərə məxsus olduğunu müəyyənləşdirməkdə, sözsüz ki, xəritələrin rolu danılmazdır. Xəritələr ölkə, onun tarixi, xalqı, yaşayış yerləri, şəhər və qəsəbələrinin adları barədə geniş məlumat kitabçasıdır. Ona görə də tarixi Azərbaycan torpaqlarının vahid xəritəsi hazırlanıb, məktəb və ali təhsil ocaqlarında təbliğ olunmalıdır. Adətən ali təhsil ocaqlarında tarix və coğrafiyaya aid kitabların içində xəritələr verilir. Bu yaxşı haldır. Amma sovet dönəmində hər hansı bir tarixi kitabla yanaşı, həmin dərsliyə uyğun xəritə də buraxılırdı. İndi isə bu yoxdur. Bundan başqa, keçirilən dərslər zamanı lövhədə ona uyğun olan xəritələr də asılmır ki, şagird yaxından tanış ola bilsin. Bu bizim özümüzə də lazımdır ki, kim olduğumuzu, əcdadlarımızın bizə nə qoyub getdiyini, millətimizin hansı ərazilərdə məskunlaşdığını, torpaqlarımızın qədimdən indiyə kimi kimlər tərəfindən işğala məruz qaldığını əzbər bilək.

Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov tarixi Azərbaycan torpaqlarına aid xəritələrin 2007-ci ildən çap olunduğuna diqqət yetirdi: "Tarixi Azərbaycan torpaqları ilə bağlı vahid xəritələrimiz hazırdır. İngilis və rus dillərinə də tərcümə olunub. Dəqiqləşdirmələr aparılıb, yaxınlarda çap olunacaq. 2007-ci ildə də belə xəritələr çap olunub. Ondan əvvəl də çox cildlik Azərbaycan tarixində çap olunub. Biz artıq elmi müəssisə olaraq mənbələr əsasında xəritələr hazırlayıb nəşr etmişik. Elmi tədqiqat idarəsi olaraq bu sahədə öz təbliğatımızı yerinə yetirmişik. Burada, hətta əlavə olaraq, bizə qarşı yönəldilən soyqırım cinayətləri xəritəsi də tərtib olunub. Belə iki ədəd xəritə var".

Tarix elmləri doktoru Rafiq İsmayıl belə xəritələrin olduğunu, amma bu istiqamətdə də ermənilərdən geri qaldığımızı dedi: "Düşmənlərimiz olan ermənilər Azərbaycan ərazilərinə iddialarını tarix etibarilə yaxın vaxtda qoymayıb. Vaxtilə XIX əsrdə Fransada, ardınca da Moskvada mərkəz açmaqla köhnə erməni kitabları və alban kitablarını istədikləri formada tərcümə edərək, Azərbaycan və digər türk torpaqlarının guya özlərinə aid olması barədə, uzun müddətdir ki, elmi sahədə fəaliyyət göstərməklə yayıblar. Hətta bu yaxınlarda mətbuatda çıxan məlumata görə, yaşadığımız dövrdə Azərbaycanda özünü görkəmli elm adamı hesab edənlərin mövcudluğu şəraitində belə Gəncəbasar zonası və digər yerlər Böyük Sovet Ensklopediyasında erməni torpaqları kimi verilib. Yəni hələ o vaxt reaksiya verilməyib. Bizim ictimaiyyət bu məsələdə çox gecikib. İndi Azərbaycan Tarixi İnstitutunda tarixi torpaqlarımız barədə müəyyən xəritələr hazırlanıb. Tarixi Azərbaycan torpaqlarını əks etdirən xəritələr var. Amma bu xəritələrin nə qədər geniş yayılması, xaricdə elmi dövriyyəyə buraxılması, beynəlxalq aləmin onu nə qədər ciddiyyətlə qəbul etməsi kimi məsələlərin aydınlaşdırılmasına ehtiyac var. Biz ermənilərin torpaqlarımızı erməniləşdirməsi və bu zaman xəritələri saxtalaşdırması məsələsinə həmişə barmaqarası baxmışıq. Bu işə başlayan Ziya Bünyadov olub. Onun "Azərbaycan VII-IX əsrlərdə" kitabında ermənilərin saxtakarlıqları müəyyən qədər ifşa olunub. Bu hal xəritələr məsələsində də öz əksini tapıb. O, bir sıra erməni dilində olan mənbələri də dilimizə tərcümə edib. Amma geniş miqyasda götürsək, buraxılan tarixi Azərbaycan torpaqlarına dair xəritələr erməni tarixşünaslığının gördüyü işlərdən çox azdır. Orta məktəblərdə də müəyyən mənada vahid torpaqlarımızla bağlı xəritələrdən istifadə olunur. Amma bunu edəndə çox vaxt qonşu İran etiraz edir. Bizdə də bu istiqamətdə iş gedir, Amma prinsip etibarilə çox gecikmişik. Lakin onun erməni təbliğatı ilə müqayisədə nə qədər təsirli olduğu barədə, fikrimcə, düşünmək lazımdır".

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı bildirdi ki, tarixi torpaqlarımızla bağlı xəritələrin məktəblərdə təbliği müəllimin məsələyə necə münasibət bəsləməsi və milli hissin güclü olmasından asılıdır: "Yəni tarixçi müəllim Azərbaycanı ürəkdən sevirsə, onun tarixi torpaqları haqda hətta əlavə məlumatlar verə bilər. Belədə şagirddə Azərbaycanın bütövlüyünə məhəbbət yaranır. Azərbaycan tarixi proqramına Cənubi Azərbaycanla bağlı müəyyən mövzular salınıb. Babilər hərəkatı, Səttar xan, Şeyx Məhəmməd Xiyabani haqda məlumatlar verilir. Amma tarixi ərazilərimiz, torpaqlarımızın necə, hansı şəraitdə müxtəlif dövlətlər tərəfindən işğalı barədə xəritələrdə heç nə əks olunmayıb. Orta əsrlərə aid xəritələrimiz var. Xəritə vasitəsilə Səfəvilər dövləti və Nadir şahın yaratdığı imperiyanın ərazisilə tanış olmaqla uşaqda Azərbaycan dövlətinin böyüklüyünə olan məhəbbət arta bilər. Amma müasir dövrün xəritələrində bu nəzərə alınmır. Bunun da obyektiv səbəbi var. Tarixi ərazilərimizlə bağlı xəritələr buraxsaq, bu Rusiya, Gürcüstan və İran tərəfindən ərazi iddiası kimi qarşılana bilər. Nəticədə müəyyən problemlər yaşanar. Bununla belə, tarix müəllimləri Dərbənd, Borçalı, Cənubi Azərbaycan barədə tələbələrə məlumat verməyə borcludur. Müsbət haldır ki, Azərbaycan televiziyalarında hava barədə məlumat verilərkən Təbrizin də havası barədə danışırlar. Amma bu adətən xarici ölkələr barədə məlumat veriləndə deyilir. Lakin bəzi televiziya kanalları Təbrizin adını çəkəndə xüsusi vurğulayır və belədə məlumatı olmayanda da bu şəhərin Azərbaycanın qədim mədəniyyət və siyasi mərkəzi olduğu barədə informasiya formalaşır. Bu aparıcıdan, jurnalistdən, dərs deyən müəllimdən asılıdır. Dərsliyə və xəritəyə qalanda isə bunu etmək mümkün deyil. Çünki belə məlumatlar orada yoxdur".

  

 

Rüfət Sultan

 

Bakı xəbər.- 2011.- 4 may.- S. 15.