Üçrəngli bayrağımızdakı işarə və təsvirlər əsl tarixi-fəlsəfi sistemdir...

 

  Bayraq - dövlətin atributlarından biri hesab edilir. Azərbaycanda ilk bayraq üzərində buynuzlu heyvanların rəmzi olan standart şəklində meydana gəlib. Heyvanlar seçilərkən onun 28 şərtə - ərəb əlifbasındakı 28 hərfə cavab verməsi vacib sayılırdı. Ən əsas şərtlərdən biri heyvanın buynuzlarının aypara şəklində olması idi. Azərbaycanda İslam dini qəbul edildikdən sonra heyvanların əksləri ləğv edildi və buynuz forması aypara şəklində simvol kimi əlavə edildi.

   İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlalının ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) hökuməti Gəncədə fəaliyyət göstərdiyi zaman istifadə olunan bayraq indiki Türkiyə Cumhuriyyətinin bayrağına bənzər qırmızı rəngdə olub. Qardaş ölkə ilə AXC-nin bayrağındakı fərq yalnız ulduzda olub. Belə ki, burada fərq ulduzların guşələrinin sayında idi. Bunu bəzən müəyyən tarixi faktlarla izah edənlər də var. Əsaslandırma belədir: "Azərbaycanı bolşeviklərdən xilas edən Türk ordusunun şərəfinə, türkçülüyümüz əsas götürülərək, 1918-ci ildə dövlət bayrağımız Osmanlı bayrağı ilə eyni müəyyən edildi. Lakin sonradan mövcud hökumətin sədri Fətəli Xan Xoyski Azərbaycanın qədim tarixi yolunu nəzərə alaraq, bayrağın dəyişdirilməsi məsələsini qaldırdı. Türkçülük, Avropa mədəniyyəti və İslamçılıqla əlaqədar bayraqda üç rəngin həkk olunması təklif edildi. Təqribən beş ay sonra həmin faktorlar əsas götürülərək, üçrəngli bayraq meydana gəldi. Beləliklə, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da AXC hökumətinin qərarı ilə qəbul edilib". 1920-ci il aprelin 28-də cumhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra ölkədə bu bayraqdan imtina olunub.

   Məlumdur ki, bayrağımız üç rəngdən ibarətdir. Bayrağın göy rəngi türkçülüyün, qırmızı müasir azadlıq ideologiyasının, yaşıl rəng isə İslamçılığın tərənnümüdür. Yəni "Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım" şüarı üç rəngin açmasıdır. Dövlət rəmzi kimi bayraq milli kimliyi, düşüncə tərzini və inancları özündə əks etdirir. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər bəlli olsa da, onun üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər mövcuddur. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Məsələn, bəzi alimlər hesab edir ki, bayraqdakı aypara türk xalqlarının simvoludur. Tədqiqatçılardan bir qismi düşünür ki, ay orta əsrlərdən bir sıra müsəlman dövlətlərində İslamın rəmzi kimi qəbul olunub. Ayla ulduzun bir yerdə olması isə xoşbəxtlik rəmzi sayılır. Səkkizguşəli ulduzun mənasına gəlincə, bunu "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlayanlar da var. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Ulduzun səkkizguşəli olması ilə bağlı müxtəlif versiyalar mövcuddur.

   Bayrağımızdakı ulduzla bağlı digər fikirlərə diqqət yetirək: "Səkkizguşəli ulduz "cənnətin səkkiz qapısı" anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə əlaqədardır. Bu, Azərbaycan əhalisinin çoxunun şiə məzhəbli olması ilə izah edilir". Alimlərdən bəziləri deyir ki, cumhuriyyət qurucularının məhz bu ideya əsasında bayraqda səkkiz guşənin yer alması barədə düşündüklərini demək çətindir və bu risq tələb edir. Yəni bunu mövcud ehtimallardan biri kimi qəbul etmək lazımdır. Versiyalardan başqa birində iddia olunur ki, Xalq Cumhuriyyətinin dövlət prinsipləri müəyyən edilərkən 8 prinsip əsas götürülüb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. İrəli sürülən fərziyyələrdən biri isə ondan ibarətdir ki, qədim türk mifologiyası həmin xalqların taleyində mühüm rol oynayır. Yəni ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib. Biz yalnız üçrəngli bayrağın üzərində əks olunan işarə və təsvirlərlə əlaqədar versiyalardan bir neçəsinin üzərində dayandıq. Onu da qeyd edək ki, üçrəngli bayrağın eninin uzunluğuna olan nisbəti 1/2-dir.

   Üçrəngli bayraqla bağlı Sovet dönəmində müəyyən faktlara da rast gəlinir. Nümunə üçün 1956-cı ildə yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu tərəfindən üçrəngli bayraq Qız Qalasının üzərinə qaldırılıb. Bu hərəkətinə görə Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edilib, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər dispanserinə salınıb.

   SSRİ İmperiyası əleyhinə meydanlarda qaldırılan bayrağa ilk hüquqi status 1990-cı ildə verilib. Həmin il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Qanun qəbul edib.

   2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Milli Məclis isə noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

   Tarixçi-alim Nəsiman Yaqublu "Bakı-Xəbər"ə verdiyi müsahibədə fikirlərini belə bölüşdü: "O zaman Azərbaycan Milli Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan bayrağı qırmızı rəngdə olub. Həmin vaxtlarda türklərin də bayrağı qırmızı rəngdə idi, sadəcə, onlarda ulduz beş, bizdə isə səkkiz guşəli kimi qəbul edilib. Sonradan isə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Nazirlər Şurasının qərarı ilə bayrağımız dəyişdi, yəni üçrəngli bayraq məqbul sayıldı. İslamçılıq, müasirlik və türkçülüyü ehtiva edən dövlət bayrağımız qəbul olundu. Bayrağın üçrəngli olmasının əsas ideoloji rəhbəri, ideloji fikir banisi Əli bəy Hüseynzadə sayılır. O zaman Əli bəy Hüseynzadə Türkiyədə olarkən ilk dəfə bu düsturu verib. Düsturun da siyasi mənasını ortalığa çıxaran və reallaşdıran Məhəmməd Əmin Rəsulzadə olub. Yəni İslam ümmətindən, türk millətindənəm. Biz müasirləşirik, çağdaşlaşırıq və dünyanın şərtlərinə uyğun inkişaf edib öz maddi dövlətimizi qururuq mənasını da qırmızı rəng verir. Bayraqdakı rənglərin mənası budur.

   N.Yaqublu bayrağın üzərindəki ay və ulduzla bağlı bir neçə versiyanın olduğunu deyir: "Bayrağın üzərindəki ay-ulduzla bağlı müxtəlif fikirlər var. Məsələn, Osmanlı türklərinin vaxtında ay işarəsi Konstantinopolun gerbi kimi qəbul edilib. İkinci tərəfdən, ay həm də təqvim kimi götürülür. İslamda buna Qəməri təqvimi deyilir. Buradakı səkkizguşəli ulduzla bağlı ayrı-ayrı versiyalar da mövcuddur. Bəziləri bunu "cənnətin səkkiz qapısı olur" kimi əsaslandırır. Digər versiyaya görə, həmin ulduz "Odlar Yurdu" deməkdir, yəni bunu ərəb əlifbası ilə səkkiz hərfə yazmaq mümkündür. Hətta Cəfər Cabbarlının şeirlərinin birində də bu məsələyə rast gəlinir. Amma bunun elmi izahında türk təqvimi əsas götürülür. Osman Qazinin vaxtında türklərdə türk təqvimi deyilən sistem var idi. Yəni hər səkkiz ildən bir üç dəfə ayın təqvimini 2-ci, 5-ci və 7-ci ilin ilk ayında bir gün geri çəkirdilər. Bunu isə ayın bərabərləşməsi məqsədilə edirdilər. Yəni ildə 365 günün alınması üçün belə addım atılırdı. Ay təqvimi müsəlmanlıq, səkkizguşəli ulduz isə 8 illik təqvim mənasını verir. Mən bu mənaya daha çox üstünlük verirəm. Digər tərəfdən, əvvəllər də türklərin bayraqları səkkizguşəli olub. Sonradan onlar beş guşəyə keçməyi qərara aldılar".

   Millət vəkili, professor Musa Qasımlı deyir ki, Xalq Cumhuriyyətinin ilk bayrağı haqqında hökumət qərarı 1918-ci il iyunun 24-də verilib: "Həmin bayraq qırmızı rəngdə olub və üstündə aypara və 8 guşəli ulduz öz əksini tapıb. Bu bayraq Osmanlı bayrağına bənzəyib. Hələ Bakı bolşeviklərdən azad edilməmişdi və Bakıda Sovet hökuməti var idi. İyun ayında Gəncəyə türk hərbçiləri gəlmişdi. Yəni ilk bayraq 1918-ci ilin noyabrın 9-dək mövcud olub. O zaman ingilislər Bakıya gəlməzdən öncə indiki bayraq qəbul edilib. Bayrağımızla bağlı digər mülahizələr də var. Mülahizələrdən biri onunla bağlıdır ki, guya ərəb qrafikasında Azərbaycan məfhumu səkkiz hərflə ifadə olunur. Başqa bir mülahizəyə görə, guya dövlətin təməl prinsipləri səkkizguşəli ulduzda əks edilib. Həmin prinsiplər bunlardır: "türklük, müasirlik, İslam dəyərləri, dövlətçilik, demokratikləşmə, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Hər halda, mən bununla bağlı qəti və dəqiq fikrə rast gəlməmişəm".

   "Bayrağımızdakı mavi rəng türklüyümüzü, köklərimizi, qırmızı müasirliyi, qabaqcıl dünyadan geri qalmamağı, modernləşməni göstərir. Yaşıl rəng dinimizə bir işarədir. Bayrağımızın üzərində əks olunmuş aypara yeni doğulmuş müsəlman ölkə mənasını bildirir. Biz ölkə olaraq müsəlman ölkəsi, dövlət kimi dünyəvi və demokratik dövlətik. Bayrağımızdakı səkkizguşəli ulduzun çox dərin mənası mövcuddur. Onun tarixi kökləri olduqca qədimə gedib çıxır. Səkkizguşəli ulduz əbədiyyət rəmzi kimi qəbul olunur. Bu sonsuzluq, möhtəşəmlik, davamlılıq və davamiyyət rəmzi sayılır. Səkkizguşəli ulduza bir sıra qədim dövlətlərin rəmzlərində də rast gəlmək mümkündür. Hər halda, oxuduğum müxtəlif mənbələrdə səkkizguşəli ulduzun mənası əsasən əbədiyyət, dövlət və xalqın daim var olması, yaşaması rəmzi kimi göstərilib" - deyə M.Qasımlı bildirdi.

  

 

   Zaur Zahidoğlu

 

   Bakı xəbər.- 2011.- 13-15 may.- S. 15.