Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi...

 

   İnsanların vətəni, qohumqrabası, yaxını-yadı olduğu kimi, bitkilərin də var. Bitkilər də qürbət acısı çəkir, yad nəfəslərdən darıxır, yağı çəkmələri altında əzilir, kədərlənir, əzaba düçar olur. Əvvəllər yaşlı adamlar deyəndə ki, ağaclar, güllər, otlar, bitkilər nəfəs alır, ətrafda baş verənləri duyur, insanlara alqış və qarğış edir, buna inanmaq istəmirdik, elə bilirdik ki, onlar nağıl, əfsanə danışır.

   Ancaq mütəxəssislərlə söhbət zamanı deyilənlərin quru söz olmadığını anladıq. Doğrudan da bitkilər danışır, gülür, ağlayır, insanları təhlükədən qoruyur. Azərbaycan torpaqlarında bitən bitkilər də eyni hissləri yaşayır. Elə bitkilər-flora növləri var ki, məhv olma təhlükəsilə üzləşib. Vaxtında onların mühafizəsi təşkil olunmasa, "bitkilərin ölümünə" təbiət birdəfəlik yas tutmalı olacaq. Vətənimizin təbiətində bitən flora növləri də qorunmasa, qayğısı çəkilməsə analoji vəziyyətlə qarşılaşa bilər. Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi rəsmi qurumları da, müvafiq elmi və ictimai təşkilatları da ciddi düşündürməlidir. Məlumatlara görə, hazırda Azərbaycan təbiətində çoxlu sayda nəsli kəsilmək təhlükəsilə üzləşən bitki növü var. 1989-cu ildə nəşr olunan Azərbaycan Respublikasının "Qırmızı Kitab"ında nəsli tükənmək təhlükəsində olan 140 bitki növünün adı qeyd edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı" təsdiq edilmiş, onun 1.1.3-cü bəndində 2009-cu ildə "Qırmızı Kitab"ın II nəşri nəzərdə tutulmuşdur. Əldə etdiyimiz məlumata görə, "Qırmızı kitab"ın II cildinə nadir və nəsli kəsilmək təhlükəsində olan 338 bitkinin adı salınacaq.

   Azərbaycan təbiəti öz zənginliyi ilə könül oxşasa da, ekoloji tarazlığın pozulması, bölgələrdə bitkilər aləminə elə də böyük qayğı göstərilməməsi flora növlərimizi ciddi təhlükə ilə üz-üzə qoyur.

   Nadir və nəsli kəsilməkdə olan flora növlərinin hansı səviyyədə mühafizə olunduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatlarında öz əksini tapır. Amma hazırda işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq Qarabağın nadir və nəsli kəsilməkdə olan flora növlərini araşdırdıq. Onların dünənki vəziyyəti, bu günü haqda bilgilər əldə etməyə çalışdıq. Uğurumuza nə çıxdısa, onu da sizinlə bölüşəcəyik.

   Öz nəzarətimizdə olan torpaqlarımızda bəzi bitki növlərinin vəziyyətinin kritik olduğu bildirilirsə, onda görün, erməni işğalında olan Dağlıq Qarabağın florasının vəziyyəti necə ağırdır. Onlar barədə əlimizdə ətraflı məlumat olmasa da, zəbt olunmuş torpaqlarımızın başına gətirilən oyunlar bitki örtüyünün necə böyük fəlakətə düçar olduğunu düşünməyə əsas verir.

   Keçmişə nəzər salsaq deyə bilərik ki, burada bitən yüzlərlə ağac, gül-çiçək, ot və s. növlərinin dünyada analoqu olmayıb. Elə bitkilər var ki, yalnız Qarabağda bitirdi. Bu fikirləri keçmiş zamana aid etməyimiz bəlli məsələdən doğur. Bu gün nəinki o torpağın didərgin sakinləri, hətta adi vətəndaşlar belə Qarbağ florasının erməni daşnaklarının əlində salamat qalacağına inanmır. Torpaqlar yandırılırsa, meşələrə od vurulursa bitkilərin də çox hissəsinin əvvəlki vəziyyətdə qalması şübhə doğurur. Qarabağ torpağı işğal olunarkən, əhalisi didərgin düşməyib. Onun florası, bitkilər aləmi də işğala məruz qalıb və yad nəfəsləri duyduqca acılar çəkir. 20 ilə yaxındır ki, Qarabağ florasından bir xəbər yoxdur. Yerli botanika alimlərinin əlində olan məlumatlar isə işğala qədərki dövrü əks etdirir. Mütəxəssislərlə söhbət zamanı məlum olur ki, tapdaqda olan yurd yerlərimizin bitki aləminin hazırkı taleyi Allah ümidinə qalıb. Onları qorusa, yalnız Yaradan qoruya bilər. Əsirlikdə olan, erməni çəkmələri altında əzilən flora növləri barədə geniş məlumata keçməzdən əvvəl qeyd etmək istəyirik ki, "Qırmızı kitab"ın ikinci cildində Qarabağ florası haqda yeni məlumat verilməyəcək. Çünki Qarabağ yağı qaynağındadır, bu səbəbdən də alimlərimizin ayağı o torpağa dəyə bilmir.

   Mütəxəssislərin sözlərinə görə, Qarabağda, Kəlbəcərdə, Laçında elə zəngin bitkilər aləmi mövcud olub ki, dünyanın heç yerində onun təkrarı yoxdur. Heç Azərbaycan ərazisində də o bitkilərin çoxuna rast gəlinmir. Çünki onlar endemikdir, yəni sırf o torpağa uyğundur.

   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun əməkdaşları bildirir ki, əməköməcikimilər fəsiləsinə aid olan sağsağan gülxətmisi ancaq Yuxarı Qarabağ - Şuşa, Xankəndi şəhərləri ətrafında, Saxsağan dağı və Cıdır düzündə bitirdi. Yalnız Zəngilan rayonu Pirçevan kəndində bitən və nadir endemik növ olan Zəngilan gəvəni, eləcə də bu rayonun Sağar dağı ətəyində göyərən Ağşüalı dağçiçəyinə başqa bölgələrdə rast gəlinmir.

   Daralagöz stenoteniyasına Xankəndinin Daşaltı kəndində, endemik növ olan gözəl təkəsaqqala isə Əsgəran rayonu Topxana meşəsində rast gəlinirdi. Ağıriyli Ardıc, Araz palıdı kimi ağac növləri də ancaq işğal olunmuş Zəngilanda bitirdi. Əfsanəvi Şərq çinarı da Qarabağın Cəbrayıl, Zəngilan və digər yerlərində qorunurdu.

   Fişer Şternbergiyası da Füzuli, Ağdam, Şuşa torpağına xarakterik idi. Yoxa çıxmaqda olan Kuznetsov əsmərinə ancaq Cənubi Qarabağda təsadüf olunurdu. Azərbaycanda yalnız Zəngilanda bitən Şoranyer Qarğasoğanı da endemik növdür. Endemik növə aid olan Qarabağ dağlaləsi də başqa bölgələrdə bitmir. Sayı məhdud olan Uzunyarpaq tozbaş səhləbə əvvəllər Xankəndi ətrafında rast gəlinərdi. Füzuli rayonunun Dövlətkərlı ərazisində bitən Qafqaz Xədicəgülü də Qarabağ torpağının bağrında bitirdi. Nadir bitki olan Gözəl telekiyası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində, çox az rast gəlinən Təkdənli buğda isə Xankəndi, Şuşakənd, Şuşa və Laçında becərilirmiş. Tükənməkdə olan endemik növ-Şimit dağlaləsi Xocavənd rayonu, Kuropaktin kəndi, Qaraçul dağı, Şuşanın Topxana meşəsi, Cəbrayıl rayonunun Soltanlı kəndinə xarakterikdir. Qara dovşanalması yalnız Zəngilanın Ağbədən kəndində olub. İşğala qədərki dövrdə yox olmaq təhlükəsi qarşısında olan nadir növ Adi meşəgilası Laçının Əyridağ, Ağdərənin Şırşır dairəsində, Qırmızı dubulqa isə ancaq Şuşada-Daşaltında bitib. Giləli qaraçöhrəyə Füzulinin Domu kəndində, Vələsyarpaq azata isə Xankəndi, Şuşa ətrafında, Füzuli rayonlarında təsadüf olunurdu. Alp vudsiyası Cəbrayılın Xoca-əlif təbii sərhədində olurdu. Qarabağda bitən bitkilərin sayı, çeşidi heç də təqdim etdiyimiz siyahı ilə məhdudlaşmır. Orada hələ növü müəyyənləşməmiş yüzlərlə bitki vardı.

   Bir nüansı da nəzərinizə çatdıraq ki, ötən əsrin 70-ci illərinin sonlarından Qarabağ ərazisinin florasını öyrənən alimlərin böyük əksəriyyəti bir çox bitkilərin nəsli kəsilmək təhlükəsində olduğunu bildirirdi. Əsas problemlərdən biri isə yerli əhalinin mal-qarasının, qoyun-quzusunun o bitkiləri korlaması idi. Botaniklər qeyd edirdi ki, o bitkilərin mümkün qədər mühafizəsi həyata keçirilməlidir. O torpaqlar işğal edilməzdən əvvəl nadir və nəsli kəsilməkdə olan bitki növlərinin artırılması, yayılması, qorunması istiqamətində ciddi tədbirlər görülürdü. İndi isə o bitkilər öz vətənində mənəvi didərgin ömrü yaşayır. Bəlkə də "gəlin bizi xilas edin" - deyə haray çəkirlər. Heyf ki, səslərini eşidə bilmirik. Çünki o səs dağların arxasında burulğana düşüb boğulur.

   Mütəxəssislər deyir ki, torpaqlarımız işğala məruz qaldığından, orada nə baş verdiyindən xəbərləri yoxdur. Heç erməni alimləri də Qarabağın florasından danışmaq istəmir. Burada kifayət qədər nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin olduğunu bildirən mütəxəssislərin sözlərinə görə, erməni alimləri bu bitkilərin vəziyyətini öyrənib dünya elm ictimaiyyətinə məlumat verməkdə maraqlı deyil. Botaniklərin bildirdiyinə görə, erməni alimləri o bitkilərin onlara aid olmadığını yaxşı bildiyindən bu addımı atmaqdan çəkinir.

   AMEA-nın Botanika İnstitutunun direktoru Validə Əli-Zadə bildirdi ki, bu yaxınlarda Amerikanın Qafqaz ölkələrində nadir endem bitkilər üzrə layihəsi olub, onlar da həmin layihədə iştirak edib. Orada qeyd ediblər ki, Azərbaycan ərazisi olan Qarabağ torpağı ermənilər tərəfindən işğala məruz qaldığından, oranın florası haqda yeni məlumat yoxdur. V.Əli-Zadə bildirir ki, erməni alimləri bizim floraya qayğı göstərmir: "Erməni alimləri bizim flora haqda heç bir məlumat vermir. Bizim də əlimizdə yeni məlumatlar olmadığından, dünya ictimaiyyətinə informasiya vermirik. Torpaqlar işğalda olduğundan, Qarabağda bitən nadir və nəsli kəsilməkdə olan bitkiləri mühafizə edə bilmirik. Açığı, onların taleyindən nigaranıq. Erməni alimləri orada tədqiqat aparmasa da, bəzi rus alimləri, gizli şəkildə də olsa, bu məqsədlə işğal altında olan bölgələrə gedir. Bir müddət əvvəl Rusiya Elmlər Akademiyasının üzvü Anatoli Mixiyevin Rusiyanın "Botanika" jurnalında bir yazısı çap olunmuşdu. Məqələdə o, Qarabağda tapdığı nadir növ Zəngçiçəyindən bəhs edirdi. Mixiyev yazırdı ki, guya bu çiçəyi ötən əsrin 80-ci illərində tapıbmış. Belədirsə, görəsən o bu bitki haqda niyə indi danışır? Mən ondan soruşdum ki, Siz həqiqətən də Qarabağa getmisiniz? O ora getdiyini etiraf etdi. Rus alimlərinin ora getməsi yaxşı hal deyil. Elə bilməyin ki, biz bu hallara göz yumuruq. Xeyr. Bütün beynəlxalq elmi tədbirlərdə ermənilərin və ermənipərəstlərin cavabını veririk".

   Botanika İnstitutunun herbari şöbəsinin müdiri, aparıcı elmi işçi, əslən qarabağlı olan Pərvanə Qaraxani bizimlə söhbətində dedi ki, Qarabağ təbiətinə dərindən bələddir və Cıdır düzünün florası təkrarsızdır: "İnanmıram ki, Şuşanın əsrarəngiz florası Azərbaycanın digər yerində olsun. Xüsusən də Topxana meşəsində, Xankəndində, Cəbrayılın bəzi yüksəkliyində elə flora növləri vardı ki, onlara başqa yerdə rast gəlməmişəm. Daşaltında gözəl bitki aləmi vardı. Həmin ərazidə ermənilər insanlarımızı kütləvi şəkildə qırmışdı. O insanlarla birgə bitkilər də "qətlə" yetirilmişdi. Orada elə relik bitkilər vardı ki, onlar tarixdə (təbiətdə) bir daha olmayacaq. Mənə belə gəlir ki, ağac bitkilərinin hamısını ermənilər məhv etməyib. Bu da ondan irəli gəlib ki, onlara əli çatmayıb. Şuşa dolaylarında elə bitkilərə rast gəlmişəm ki, onlar heç yerdə yoxdur. Qarabağda olan nadir və nəsli kəsilməkdə olan bitkilərin bir çoxu üçüncü dövr buzlaşmadan qalıb. Bitkinin hansısa bir torpaqda qədimliyi orada yaşayan xalqın özünün qədimliyindən xəbər verir. Bitkilər də bizim tariximizdir. Ermənilər ona görə onlara sahib çıxa bilmir ki, onların bu bitkilərlə əlaqəsi yoxdur. Bizim nadir, relik üzüm növlərimiz var ki, onlar başqalarında yoxdur. Qarabağ təbiəti çox zəngindir, düşünürəm ki, ermənilər onu tam məhv edə bilməyəcək, dağlarda, meşələrin dərinliklərində özünü qoruyub bizimlə görüşə saxlayan flora növləri də, erməni tapdağını, yağı nəfəsini, yad adamların hənirini qəbul etməyib "intihar edən" bitkilər də olacaq. Onlar ermənilərlə bir topaqda yaşamağı, nəfəs almağı öz qüruruna sığışdırmayan bitkilərdir. Qarabağdakı floramızı heç cür qoruya bilmirik. Torpaqlarımızı itirmişiksə, floramızı necə qoruya bilərik? Düşünürəm ki, heç onlar da bizim bitkiləri mühafizə etmir". P.Qaraxaninin dediyinə görə, barəsində əfsanələr dolaşan Xarı bülbül çiçəyi yalnız Şuşada - Cıdır düzündə bitir. Başqa bölgələrdə rast gəlinən və Xarı bülbül olduğu iddia edilən çiçəklər isə Xarı bülbülün özü yox, bənzəridir.

   AMEA-nın Nəbatat Bağının direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlının sözlərinə görə də, işğal altında olan Dağlıq Qarabağda, Laçında, Kəlbəcərdə bitən flora növləri ermənilər tərəfindən tamamilə məhv edilə bilməz. Bu flora növlərini valideyn tərbiyəsi görməyən uşaqla müqayisə edən alim deyir ki, onları həm toxumları ilə, həm də soğanları ilə artırıla bilər: "O bitkilərin məhv ola təhlükəsi var, amma inanmıram ki, onlar tamamilə o torpaqdan silinib getsin".

   Mütəxəssisin sözlərinə görə, o bitkilərin əksəriyyəti Nəbatat bağında əkilib becərilir. Oruc müəllimin dediyinə görə, o, vaxtilə torpaqlarımızı qarış-qarış gəzərək nadir və nəsli kəsilməkdə olan bitkiləri Nəbatat bağına toplayıb: "Xoşbəxtlikdən o bitkilərin bir çoxu Nəbatat bağındadır. Biz onlar üzərində tədqiqat işləri aparırıq. İnşallah, torpaqlarımız işğaldan azad edildikdən sonra biz o bitkiləri yerinə qaytaracağıq. Şərq çinarı, Qulançar və armud növləri var ki, onlar "Qırmızı kitaba" düşüb. Qarabağ bitkilərinin genofondunu hazırlayırıq".

   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nadir və nəsli kəsilməkdə olan flora növlərinin mühafizəsinə, onların qayğı ilə əhatə olunaraq çoxaldılmasına çalışdığını deyən alimlərin sözlərinə görə, gələcəkdə bu qurum işğaldan azad olunan torpaqlarımızda da yeni layihələr həyata keçirməyi nəzərdə tutur. Dağlıq Qarabağda, Laçın və Kəlbəcərdə bitən nadir və nəsli kəsilməkdə olan flora növləri haqda, qısa da olsa, məlumat verdik. Onların taleyi barədə səhih məlumata malik olmadığımız üçün xatirələri vərəqlədik, illər əvvəl çap olunmuş ədəbiyyata baş vurduq, alimlərin fikirlərinə istinad etdik.

  

 

   İradə Sarıyeva

 

   Bakı xəbər.- 2011.- 11 may.- S. 12.