Qonaqpərvərlik - Azərbaycançı olmağın mühüm əlaməti kimi...

 

  Çar Rusiyasının, sovet hakimiyyətinin dövründə indi qonaqpərvərlik

 

  Bütün tarixi dövrlərdə qoruyub saxladığımız bu keyfiyyət ölkənin tanınmasında böyük rol oynayır

 

  Azərbaycanda tolerantlığın üstün səviyyədə olmasını şərtləndirən parametrlər yetərincə çoxdur. Bu haqda zaman-zaman deyilib yazılıb. Bütün bunların fonunda məlum olan odur ki, Azərbaycan xalqı həqiqətən humanist bəşəri dəyərlərə sadiq olan müdrik xalqdır. Çünki ölkəmizdə tolerantlığın səviyyəsinin, region digər ölkələrlə müqayisədə, üstün olmasını sübut edən bir sıra faktorlar var.

   Məhz həmin faktorların vəhdət halında olmasının nəticəsidir ki, ölkədə yaşayan azsaylı xalqların bir-birilə münasibəti təbii olaraq qarşılıqlı hörmətə əsaslanır. Bu xüsusda diqqətçəkən məqamlardan biri də Azərbaycanın digər MDB dövlətlərilə müqayisədə daha üstün çəkiyə malik olmasıdır. Məsələ ondadır ki, Azərbaycan milli tərkibinə görə daha rəngarəng palitraya malikdir. Yerli xalqın gəlmələrə, ayrı-ayrı milli azlıqlara münasibəti həmişə yaxşı olub. Digər tərəfdən, tarixə nəzər salsaq görərik ki, hansı ictimai formasiyanın olmasından asılı olmayaraq, Azərbaycanda əcnəbilərə münasibət həmişə yaxşı olub.

   Afanasi Nikitinlərin, Müsyö Jordanların, Dümaların Azərbaycanda hansı ürək açıqlığı ilə qəbul olunduqlarına dair nə qədər faktlar göstərmək olar? Kimliyindən asılı olmayaraq, istənilən əcnəbi özünü burada rahat hiss edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan xalqının əcnəbilərə qarşı sərgilədiyi insani münasibət hansısa ictimai formasiya ilə bağlı deyil. Bu, xalqımızın genindən, bağlı olduğu kökdən qaynaqlanır. İllər keçdikcə, bu isti münasibət daha da inkişaf edib və mentalitetimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Məsələn, Azərbaycan Çar Rusiyasının işğalı altında olanda XIX əsrin birinci yarısına qədər malakanlar, almanlar ölkəmizə sürgün olunub. Azərbaycanın qərb bölgəsində məskunlaşan adıçəkilən xalqlar qısa müddətdə ölkəmizdəki mühitə adaptasiya olundular. Göstərilən isti münasibət onların daimi olaraq Azərbaycanda yaşamasına və xalqımızla qaynayıb qarışmasına gətirib çıxardı. Yeri gəlmişkən onu da qeyd edək ki, almanlar Azərbaycana yeni əmək vərdişləri gətirdi. Belə ki, onların Gədəbəy mis mədənlərində o dövr üçün tətbiq etdiyi yeni iş metodları, hazırki Göygöl rayon ərazisində saldıqları üzüm plantasiyaları, zəhmətsevərliyi yaddaşlardan silinməyib. Bununla belə, o zaman Bakıda neft mədənlərində işləmək üçün çoxlu sayda müxtəlif millətlərin nümayəndələri gəldi ki, onlara da çox normal mühit yaradıldı. Daha sonra Azərbaycan kommunist işğalına məruz qaldı və ölkədə tamamilə fərqli - sosializm quruluşu bərqərar oldu. Yetmiş illik sosializm dönəmində də Azərbaycanda əcnəbilərə qarşı isti münasibət dəyişməz olaraq öz rolunu qoruyub saxladı. Ən nəhayət, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq münasibətləri yeni müstəvidə inkişaf etməyə başladı. Məsələ ondadır ki, ölkənin neft və digər sektorlarına qoyulan xarici sərmayə ölkəyə əcnəbi miqrant axını üçün şərait yaratdı. Hazırda ölkəmizdə, dinindən, irqindən asılı olmayaraq, müxtəlif ölkələri təmsil edən əmək miqrantları fəaliyyət göstərir. Onların bir çoxu Azərbaycanda daimi məskunlaşmağa qərar verib. Həmçinin, ölkəmizdə məskunlaşan əcnəbilər yerli insanlarla nigaha girir. ABŞ-ın "Sülh korpusu" proqramı çərçivəsində əcnəbi vətəndaşlar ölkənin müxtəlif bölgələrində tədris işi həyata keçirir və s. Onlara olan xoş münasibətin nəticəsidir ki, əcnəbilər heç bir problemlə üzləşmir və hansısa xoşagəlməz insident baş vermir. Bu bir daha onu göstərir ki, xalqımızın humanistliyi gendən, kökdən gəlir.

   Tanınmış şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, əcnəbilərə Azərbaycanda xoş münasibətin olmasının kökləri dərindir: "Ona görə ki, xalqımız mənəvi cəhətdən təmizdir və pakdır. Qədim dövrdən üzübəri xalqımız digər millətlərin nümayəndələrinə dözümlü münasibətilə seçilib. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda dinlərarası, millətlərarası tolerantlıq üstün və cəlbedici səviyyədə olub. Hətta İslam dininin özündə belə, tolerantlıq dünyanın heç bir ölkəsində olmayacaq qədər yüksək səviyyədədir. Bütün bunların həmahəng olması xalqımızın gen yaddaşından irəli gəlir. Hansısa ictimai quruluş burada önəmli rol oynamır. Elə olsaydı, bədnam ermənilər digər millətlərə dözümlü yanaşardı. Fikir verin, ermənilər o qədər rəzil insandır ki, orada rusların belə, yaşamasını rəva görmədilər. Halbuki, məhz Rusiya yoxdan Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Bu cür pis xislətin nəticəsidir ki, hazırkı Ermənistan monoetnik dövlətə çevrilib. Azərbaycan xalqının əcnəbilərə münasibətdə sərgilədiyi tolerant münasibət, dini dözümlülük bu xalqın genofonundan qaynaqlanır. O cümlədən, bu xalqın milli heysiyyətindən doğan mərhəmət hissidir. Bu kimi məsələlərdə, düşünürəm ki, Azərbaycan xalqı, həqiqətən də digər xalqlardan, özünü demokratiyanın beşiyi sayanlardan qat-qat üstündür. Etiraf etməliyik ki, əcnəbilərə xoş münasibətin olmasında mövcud ölkə hakimiyyətinin də xidmətləri böyükdür. Ona görə də bu xidmətləri də danmaq olmaz. Əsrlərdir, Azərbaycanda digər xalqların nümayəndələri yaşayıb və yerli xalqla qaynayıb-qarışıb. Bir sıra əcnəbilərin nümayəndələri var ki, xalqımızla sıx qohumluq əlaqələrinə malikdir. Xalqımızın mentalitetindən qaynaqlanan humanizm bu əlaqələrin möhkəmlənməsinə və daha da inkişaf etməsinə xidmət göstərir. Fikir verin, Azərbaycanda müşahidə olunan iqtisadi inkişafla əlaqədar olaraq bir çox dövlətlərin vətəndaşları ölkəmizdə əmək fəaliyyətilə məşğuldur. Azərbaycanda qanuni əmək miqrantları ilə yanaşı, elələri də var ki, müvafiq dövlət qurumlarında qeydiyyatdan keçmədən əmək fəaliyyətilə məşğuldur. Bütün bunlara baxmayaraq, onlara qarşı hər hansı bir ayrı-seçkiliyin olmasını təsəvvür belə etmək olmaz. Ona görə ki, xalqımız qonaqpərvərdir, humanistdir. Bir növ onları da başa düşürük. Çünki əcnəbilər bir parça çörək qazanmaqdan ötrü ölkəmizə pənah gətirib".

   Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyevin sözlərinə görə, bütün dövrlərdə azərbaycanlılar əcnəbi millətlərə münasibətdə dözümlü davranış ortaya qoyub: "Bu bizim ən mühüm dəyərlərimizdən biridir. Çünki hamı Allah tərəfindən yaradılıb və tanrı qarşısında bərabərdir. Əlbəttə ki, insanlar hansısa dini baxışlarına, irqinə, dilinə, əqidəsinə, bioloji görüntülərinə görə fərqlənə bilər. Ancaq bütün hallarda bu münasibət bir tolerant münasibət olub. Digər tərəfdən, xalqımızda olan bu insani münasibət insanlara olan sevgi ilə bağlı məsələdir. Yəni bizim xalqın digər xalqlara olan sevgisilə bağlıdır. Həmçinin bu, xalqımızın bir yaşam tərzidir. Yarandığımız gündən genlərimizə daxil olan bir xüsusiyyətdir. Hətta ən ağır vəziyyətlərdə, əziyyətli günlərdə belə, iynənin ucu qədər biz kiminsə xətrinə dəyən kütləvi çıxışlar etməmişik. Ermənilərin ərazimizi işğal etmələrinə baxmayaraq, onlara qarşı belə, bəzən tolerantlıq nümayiş etdiririk. Sovet rejiminin yüz cür fitnə-fəsad törətməsinə rəğmən, xalqımız əcnəbilərə olan xoş insanı duyğularını itirmədi. Bununla yanaşı, uzun illərdir yəhudilərlə çox yüksək səviyyədə tolerant münasibətlər şəraitində yaşayırıq. Baxmayaraq ki, ortada fərqli din ayrılığı var. Ancaq bir-birimizə çox yaxınıq. Təsadüfi deyil ki, dünyada istənilən yəhudi Azərbaycanı özünə doğma vətən hesab edir. Rus ordusunun torpaqlarımızın işğal olunmasında müstəsna xidmətləri olmasına baxmayaraq, bu günün özündə belə, tərəflər arasında gözəl münasibətlər var. Bütün bunlarla yanaşı, bizim bir məsuliyyətimiz var. Ona görə ki, xalqımız böyük olduğu üçün, digərlərini də himayə etməlidir. Bu gün Azərbaycanda vəzifədə olanların içərisində xeyli sayda digər xalqların nümayəndələri var. Bizdə bir ayrı-seçkilik yoxdur və ola da bilməz. Eyni zamanda, bu, Azərbaycan xalqının malik olduğu yüksək bəşəri keyfiyyətlərdən biridir. Allahın Azərbaycan xalqına verdiyi xüsusi keyfiyyətlərin nəticəsidir. Burada hansısa ictimai formasiya rol oynamır. Şəxsən mən hesab edirəm ki, belə olmalıdır və bu daha yaxşıdır. İnsan bu dünyaya insanlıq üçün gəlib. Bu prinsiplərdən çıxış edərək, yaxşılıq etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, əcnəbilər iş dalınca ölkəmizə üz tutduqları kimi, xeyli sayda azərbaycanlı da iş tapmaqdan ötrü dünyanın müxtəlif ölkələrinə səpələnib. Ona görə də bir-birini sevmək lazımdır. Xalqımız öz zəngin mədəniyyətinə, məişətinə söykənərək humanizm prinsiplərindən çıxış edir.

   Bəzən belə deyirlər ki, Azərbaycan xalqında aşırı dözümlülük var. Mənə elə gəlir ki, bunu pis mənada yozmamalıyıq. Azərbaycan xalqı əsrlər boyu mövcud olan qonaqpərvərlik, humanizm ənənələrini yaşatmalı və dövrün, zamanın tələblərinə uyğun olaraq inkişaf etdirməlidir. Bu yolda nə qədər çox uğurlara imza atsaq, bir o qədər bəşəri ideyaların fövqündə dayanmış olacağıq. Azərbaycan xalqının genetikasından qaynaqlanır ki, millətimiz heç bir zaman qonşularına biganə münasibət bəsləməyib. İmkanı daxilində qonşularına kömək əlini uzadıb. Biz xalqımızın malik olduğu bu bəşəri dəyərlərlə fəxr etməliyik".

 

 

  Vidadi Ordahallı             

 

  Bakı xəbər.- 2011.- 23 may.- S. 15.