Uşaq problemlərinin həlli ilə bağlı 30-dan çox dövlət proqramı həyata keçirilir

 

  Bakıda çərşənbə günü Azərbaycanda Uşaqların II Forumu keçirilib. "Trend"in məlumatına görə, Forum Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb. Təbrik məktubunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.

   Sonra çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev bildirib ki, uşaq problemlərinin həlli Azərbaycanda həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. "Bu gün ölkədə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq dövlət proqramı həyata keçirilir. Bu proqramların arxasında uşaqların rifahı üçün ayrılan külli miqdarda maliyyə vəsaiti, dövlət qurumlarının böyük zəhməti durur" - o qeyd edib. Əfəndiyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət ayırdığını qeyd edib. "Uşaq problemlərinin qaldırılması və həlli həmçinin gələcək problemlərimizin həlli deməkdir" - Əfəndiyev deyib. Forumda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ölkədə əsas məqsəd bugünkü nəsildən estafeti qəbul edəcək ləyaqətli nəslin yetişdirilməsidir. "Bu gün yaşlı nəsil Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğuna əmin ola bilər. Çünki bu nəsil müstəqil Azərbaycan Respublikasının uşaqlarıdır" - o deyib. Muradova qeyd edib ki, Azərbaycanda uşaq qanunvericiliyi çox mükəmməl səviyyədədir. Onun sözlərinə görə, Azərbaycan Parlamenti tərəfindən uşaq hüquqlarının qorunması, yuvenal ədliyyənin həyata keçirilməsi üçün lazımi qanunverici baza hazırlanıb. Vitse-spiker təəssüflə bildirib ki, bu gün erməni təcavüzü nəticəsində həlak olan Şahmalıyeva Aygün, Bədəlov Fariz kimi uşaqlar bu Forumda iştirak edə bilmir.

   "Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün müvafiq şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev II Forum iştirakçılarına ünvanladığı təbrik məktubunda bildirib. Təbrik məktubunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub. "Azərbaycanda Uşaqların II Ümumrespublika Forumunun iştirakçılarını və bütün uşaqları səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı, xoşbəxtlik və həyatınızda nailiyyətlər arzulayıram. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Forumun iştirakçısı olan uşaqlar da məhz müstəqillik illərində göz açmışdır" - Prezident təbrik məktubunda deyib. Dövlət başçısının təbrik məktubunda daha sonra deyilir: "İnanıram ki, azərbaycançılıq ruhunda tərbiyə almaqla siz mənən zəngin bir nəsil kimi yetişəcək, Respublikamızın gələcək illərdə də inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz. Uşaqlarımızın ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin aparıcı istiqamətini təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasının başlıca müddəalarını özündə ehtiva edən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" qanunu 1998-ci ildə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən ötən müddət ərzində bununla əlaqədar milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsinə, onların geniş dünyagörüşlü və sağlam mühitdə böyüməsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Ümidvaram ki, Sizin Forum Respublikamızda uşaqlarla bağlı ardıcıl aparılan dövlət siyasətinin məntiqi davamına və tərkib hissəsinə çevriləcək. Forumun işinə uğurlar diləyir, hər birinizə müvəffəqiyyətlər arzu edirəm".

   Azərbaycanda uşaq əməyinin istismarı halları kəskin azalıb. "Trend"in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib.

   Onun sözlərinə görə, əvvəllər belə faktlara tez-tez rast gəlinirdi. "Onların sayı qat-qat azalıb. Referendumla Konstitusiyaya edilmiş dəyişikliklərdə birbaşa göstərilib ki, 15 yaşadək uşaqlar səhhətinə, təhsilinə, yaşayış tərzinə təsir edən ağır əməklə məşğul ola bilməz" - ombudsman deyib. Onun sözlərinə görə, 15 yaşadək uşağı işə cəlb edən təşkilatlar məsuliyyət daşıyır və cəzalandırıla bilər.

 

 

    Namiq QULİYEV

 

    Bakı xəbər.- 2011.- 17 noyabr.- S. 14.