İlk nikah yaşının 18-ə qaldırılması genofondumuzun inkişafı ilə bağlı məsələdir

 

 

Azərbaycan ailəsinə məxsus zəngin adət-ənənələrin qorunması vacib əhəmiyyət kəsb edir. O baxımdan, bütün mümkün vasitələrlə çalışmaq lazımdır ki, bu adət-ənənələrə xələl gəlməsin. Unutmaq olmaz ki, bu adət-ənənələrimizi şərtləndirən bir sıra faktorlar var ki, onların hər biri özünəməxsus spesifik xüsusiyyətlərə malikdir.

Məsələ ondadır ki, Azərbaycan ailəsini möhkəmləndirən amillərdən birionun milli xüsusiyyətlərə söykənməsidir. Çünki bizdə millilik ailənin fövqündə dayanır. Uzun müddət idi ki, Azərbaycanda qızların nikah yaşının 18-ə qaldırılmasının vacib olduğu barədə fikirlər səslənirdi. Bu səpkidə fikirlər həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə dəfələrlə vurğulanıb. Nəhayət, Milli Məclis son iclasında bu məsələyə nöqtə qoydu. Belə ki, Ailə Məcəlləsinə edilən dəyişikliklə qızların nikah yaşı da, oğlanlarda olduğu kimi, 18-ə çatdırıldı. Qeyd edək ki, hələ bir müddət əvvəl belə bir təkliflə Ailə, Qadın və Uşaq Problemlərinin həlli üzrə Dövlət Komitəsi parlament qarşısında məsələ qaldırmışdı. Onlar da nikah zamanı yaş fərqinin aradan qaldırılmasının vacibliyini vurğulamışdı. Qurum hesab edir ki, həmin fərqin aradan qaldırılması həm xalqımızın gələcəyi, həm də qoşulduğumuz beynəlxalq sənədlərə sadiqliyin nümayişi baxımından düzgün addımdır. Sirr deyil ki, qızların 17 yaşında ərə getməsi onların bir çox hallarda təhsildən yayınmasına səbəb olur. Çünki ailə qurduqdan sonra qızların başqa qayğıları artdığından, onların təhsillə məşğul olmağa vaxt və imkanları olmur. Ölkədə indi, gizliolsa, qızların təhsildən uzaqlaşması halları müşahidə olunur. Müəyyən yerlərdə qızların təhsildən yayınması halları baş verir. Bu da, heç şübhəsiz, 17 yaşına çatan kimi onu ərə vermək niyyətilə bağlı idi. Ona görə də nikah yaşının qaldırılması qızların tam orta təhsil alması, hətta sonradan ali məktəblərə üz tutması yolunda geniş imkanlar açır. Nikah yaşının 17 olmasından istifadə edərək bir çox ailələrdə qızların daha erkən, 13-15 yaşlarından ərə verilməsi faktları da ölkəmizi bürüyüb. Belə vəziyyət özünü əsasən cənub bölgəsi, son zamanlar isə Bakı kəndlərində də göstərməyə başlayıb. Bundan başqa, uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyada da göstərilir ki, oğlan və qızın nikah yaş həddi bərabər-18 yaş olmalıdır. Azərbaycan da həmin konvensiyalara qoşulduğundan, nikah yaşı məsələsində olan fərqin aradan qaldırılmasına getməli idi. Azərbaycan Respublikasının məsələ ilə bağlı olan bütün sənədlərində uşağın yaş həddi kimi 18 yaş götürülüb. Yəni bu yaşa çatmayanlar hələ uşaq sayılır. Bunun özü də qızların evlilik yaşının 18 qaldırılmasını vacib edirdi. Artıq Milli Məclisin son dəyişikliyindən sonra nikah yaşındakı bu qeyri-bərabərlik, belə demək mümkünsə, aradan qalxdı. Qeyd edək ki, sovet dönəmində də aşağı evlilik yaşı kimi 18 yaş götürülmüşdü.

İndiyə qədər qızların nikah yaşının artırılmasında yaşanan gecikmə onunla bağlı idi ki, bu məsələyə yanaşmada müəyyən tərəddüdlər vardı. Bir çoxları qızların nikah yaşının 17-də qalmasında israrlı idi. Bəzilərinin bununla bağlı arqumenti belə idi ki, nikah yaşı artırılsa belə, praktiki olaraq vəziyyət elə də dəyişməyəcək. Yəni onsuz da 15-16 yaşda qızını ərə vermək istəyən valideynlər öz bildiyini edəcək. Digər tərəfdən, bu fikirdə olanlar erkən nikahların qurulmasını həm də maddi vəziyyətlə əlaqələndirirdi. Onu da vurğulayaq ki, adətən ziyalı ailələr qızların yaş həddinin oğlanlarla bərabərləşdirilməsinin tərəfdarı olduğu halda, əsasən savadsız valideynlər 17 yaşın üstündə israrlı idi.

Söz yox ki, Ailə Məcəlləsinə edilən bu dəyişiklik müsbət addımdır. Ancaq təkcə bu amilin ölkədə erkən nikahların qarşısını alacağını düşünmək də doğru olmazdı. Çünki Azərbaycanda çox vaxt erkən nikahlar 16-17 yaşlarında deyil, daha tez, 13-15 yaşlarında baş verir. O baxımdan heçtam şəkildə arxayın olmaq olmaz ki, təkcə yaşın qaldırılması ilə bu sahədə olan problemlər avtomatik olaraq öz həllini tapacaq. Prinsipcə, nikah yaşının 18-ə qaldırılması qızların dünyagörüşünün artırılması üçün əlverişli vaxtdır. Nəticə etibarilə düzgün yanaşma olsa, qızlar bu bir ildən faydalı şəkildə istifadə edə bilər. O cümlədən, bu halda valideynlər də qızları düzgün yönləndirmək baxımından bundan istifadə etmək üçün əlavə vaxt qazanır. Burada əsas məsələ, heç şübhəsiz, ondan ibarətdir ki, verilən qərar milli genofondundemoqrafik proseslərin inkişafında müsbət mənada rol oynaya bilsin. Bunu nəzərə alaraq, həmin amilin milli genofondun və cəmiyyətin demoqrafik inkişafına təsiri proseslərini dəyərləndirmək üçün ekspertlərə müraciət etdik.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva düşünür ki, qızların cəmiyyət və ictimai həyatda daha fəal olmaları baxımından nikah yaşının 18 olması təqdirəlayiqdir: "Atılan bu addım qızların təhsil almaq imkanlarını istər-istəməz genişləndirəcək. Belə olduqda artıq qızların böyük hissəsi və onların valideynləri orta məktəbdən sonra təhsili davam etdirmək barədə daha dərindən düşünməyə başlayacaq. Qızlarımız öz üzərində işləməyi bacaracaq, daha çox çalışacaq. Düşünürəm ki, nikah yaşının qızlar üçün də 18-ə qaldırılmasının onların hərtərəfli inkişafı baxımından müsbət mənada böyük rolu olacaq. İndilikdə isə qızlar 10 yaşını keçən kimi dərhal ailə qurmaq barədə düşünür. Təbiətin onlara verdiyi digər imkanlardan bəhrələnmək barədə isə düşünmürlər. Ailələrdə qızlara münasibətdə əksər hallarda belə düşüncələr formalaşdırılmır. Bu da qızların gələcəyi baxımından zərərlidir. Ona görə də, fikrimcə, qızların nikah yaşının 18-ə çatdırılması cəmiyyətdə onların oğlanlarla bərabər yer tutması və bərabər imkanlar əldə etməsinə şərait yaradacaq. Erkən yaşlarda evlənən qızlar isə avtomatik olaraq cəmiyyətdən kənarlaşdırılır. Belə ailələr bir çox hallarda uğursuz olur. Ona görə də yaş həddinin qaldırılmasını müsbət dəyərləndirirəm. Düşünürəm ki, dəyişiklik qızların erkən nikahlara girməsi hallarının azalmasına, qismən də olsa, təsir edəcək. Evlilik yaşı 17 olanda qızların bir çoxu 15-16 yaşında nikaha daxil olurdu. Gender münasibətləri baxımından bərabərhüquqluluq anlayışına görə də atılan addımın mühüm əhəmiyyəti var. Ümumiyyətlə, qızların özlərinin inkişafı, cəmiyyətdə müəyyən yer tutmalarına şərait yaratmaq baxımından lazımlı addımdır".

Sosioloq Əhməd Qəşəmoğlu isə bu fikirdədir ki, qərarın genofondumuzun inkişafında heç bir rolu yoxdur: "Cəmiyyətdə daha artıq bu sahədə maarifləndirmə işlərinin çoxaldılmasına ehtiyac vardı. Amma respublikada azyaşlı qızların ərə verilməsi halları çoxalmışdı. Bunun qarşısını almaq üçün evlilik yaşını qızlar üçün də 18-ə qaldırdılar. Lakin burada nəzərdən qaçırılan məsələlər də var. Cəmiyyət dəyişib, gənclərdə əvvəlki əxlaqi normalar yox dərəcəsindədir. 18 yaş şimal ölkələri üçün, fikrimcə, daha münasib yaşdır. Amma Azərbaycan üçün bu həddin 18 yaşa qaldırılmasının tərəfdarı deyiləm. Çünki orta məktəbi qurtaran qız uşağı ailə qurmaq istəyirsə, onu bir il gözlətməyin məsələyə heç bir xeyri yoxdur. Burada əsas əhali arasında maarifləndirməni gücləndirməkdir. Amma bu məsələ yenə də açıq qaldı. Milli genofondun inkişafında bu yaş artımının elə bir rolu olmayacaq. Ümumiyyətlə, prosesin genofonda heç bir dəxli yoxdur. Qadın 13-14 yaşından ana olmaq imkanına malikdir. 17 yaşında onun ana bətni normal şəkildə formalaşır. 17 yaşdan 18 qaldırmaq, əksinə, ailə qurmaq məsələsində müəyyən qədər problem yaradacaq. Bu ümumi bir çıxış yolu deyil. Qızların təhsil məsələsinə gəldikdə, qərar onların tam orta təhsil almasına müəyyən qədər kömək edə bilər. Elə yerlər var ki, orada qızlar XI sinfə qədər oxuyur, onda onların evlənməsi üçün, təbii ki, 18 yaşın olması lazımdır. Lakin elə yerlər də var, IX sinifdən çıxırlar. Onların qalıb 18 yaşı gözləməsinin nə təsiri var? Daha çox qız və oğlanların orta məktəbdə savadlı olmasına fikir verməliyik. İnsan intellektual cəhətdən inkişaf etməlidir. Çünki hər bir qız gələcəyin anası, sabahın vətəndaşını yetişdirən insandır. Təhsilin keyfiyyəti yaxşı olanda qabiliyyətli adam onsuz da tələm-tələsik ərə getmir. Öz işini planlaşdırıb, bir çox məsələləri həll edir, sonra ailə qurmaq barədə düşünür. Bu sahədə də keyfiyyət öndə olmalıdır. Ona görə də nikah yaşını 17-dən 18-ə qaldırmaq, fikrimcə, daha çox problem yaradacaq, nəinki kömək edəcək".

Demoqrafik məsələlər üzrə mütəxəssis Azər Allahverənov isə genofondun inkişafında qərarın müsbət rolunun olduğunu dedi: "Müəyyən mənada nikaha girməklə bağlı yaş həddinin dəyişdirilməsi bir çox amillərlə bağlı məsələdir. Son zamanlar nikaha daxil olan qızların azyaşlı olması, bundan irəli gələn problemlər həmin məqamla bağlı hallardır. Erkən yaşlarda nikaha daxil olan qızlarda səhhətlə bağlı problemlər özünü daha qabarıq göstərir. Belədə onların dünyaya gətirdiyi uşaqlarda da analoji xəstəliklər yarana bilər. Bu da bütövlükdə millətin genofondu ilə bağlı məsələdir. Erkən nikahlar ölkənin genefondu üçün təhlükəli hallar idi. Ona görə də bu təhlükənin aradan qaldırılmasına ehtiyac vardı. Nikah yaşının 17-dən 18-ə qaldırılması da bu mənada, fikrimcə, düşünülmüş şəkildə atılan lazımi addımdır. 18 yaş o dövrdür ki, həmin vaxt gənc qızlar artıq yetkinlik yaşına çatır. Onların orqanizmində həmin dövrdə gedən fizioloji proseslər nəsil artırmaq funksiyasını layiqli şəkildə həyata keçirməyə imkan verir. Həm tibbi, həm də demoqrafik proseslərdən irəli gələn qənaətdir. Amma bundan sonra da ortalığa problemlər çıxır. Ona görə də 18 yaşdan sonra da bu sahədə geniş maarifləndirmə işlərinə böyük ehtiyac var. İnsanlara nəyə görə 18 yaş məsələsilə bağlı düzgün məlumatın verilməsinə zərurət yaranıb. İnsanlar verilmiş qərarı sadəcə olaraq parlament səviyyəsində müəyyən olunub ortalığa çıxan qərar kimi qəbul etməməlidir. Bu baxımdan tibböz sözünü deməlidir. Əldə hansısa bir tədqiqat materialı, əyani vəsait olanda insan da onun nə dərəcədə düzgün olduğunu daha artıq dərəcədə dərk edir. Amma təəssüf ki, bununla bağlı ortalıqda sanballı tədqiqat yoxdur".

 

Rüfət SULTAN

 

Bakı xəbər. - 2011.- 17 noyabr.- S. 15.