Medianın inkişafında İKT-nin rolu

 

  Medianın müdaxiləsi olmadan hansısa bir məlumatın, xəbərin kütləvi yayılması mümkünsüzdür. İnsanlar müxtəlif media vasitələrinin verdiyi imkanlardan yararlanaraq dəqiq, düzgün informasiya ala bilir. Dünyanın istənilən guşəsində baş verən önəmli hadisələr çox qısa zaman ərzində media tərəfindən oxuculara, dinləyicilərə, tamaşaçılara çatdırılır. Bəlkə də heç olayın baş verməsindən 1 saat ötməyib, amma hadisə artıq hər kəsə məlum olur.

   Bu, mediamızın xəbər emalı sahəsində irəli getməsinin təzahürüdür. Çağdaş Azərbaycan mediası inkişaf səviyyəsinə, əldə etdiyi bir sıra nailiyyətlərə görə öz keçmişindən çox fərqlənir.

   Medianın son illər bu səviyyədə inkişaf etməsinin kökündə, təbii ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) durur. Bu nailiyyətlər mediamızı daha böyük sürətlə irəli aparmağa qadirdir. İki-üç il əvvələ qədər İKT mediamıza tədricən sirayət etsə də, bu gün tam gücü ilə bu sahədə oturuşub. İnformasiyaKommunikasiya Texnologiyalarının, müasir texniki nailiyyətlərin jurnalistlərin peşəkarlığına böyük təsiri var.

   Yüz il bundan əvvəl də, Sovet dönəmində mövcud olan mətbuatımızda da İKT-nin rolu olmayıb. Media klassikləri, sabiq həmkarlarımız bir çox şeylərə əl əməyinin gücü ilə nail olub. O dövr mətbuatında, sözsüz ki, hazırkı maddi-texniki bazadan söhbət belə gedə bilməzdi. İndiki səviyyədə peşəkar, xəbər çatdırma sahəsində çevik, operativ müxbirlər də o dönəmlərdə bəlkə də yox idi. Bu da xəbərləri operativ olaraq ünvanına çatdırmaq sahəsində vasitəçi məhsulların olmamasından irəli gəlirdi.

   Medianın iri addımlarla, daha doğrusu sıçrayışla irəliləməsində hərəkətverici qüvvə İKT-dir.

   İKT-nin inkişafı ilə əlaqədar olaraq medianın yeni sahələri yaranmağa başlayıb. Vaxtilə radionun meydana gəlməsi mətbuatımızda böyük bir hadisə idisə, 1954-cü ildə əsası qoyulan televiziya daha böyük nailiyyət hesab edirdi. Bu sahənin inkişafı əsasən keçən əsrin 50-80-ci illərinə aid ibtidai mərhələ sayılır. Keçən yüzilliyin 90-cı illərində isə mediamız yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Efir televiziyası radiosu ilə paralel olaraq sputnik, kabel, internet-rəqəmsal televiziyalar yarandı. Artıq mobil telefonlar vasitəsilə televiziya kanallarını seyr etmək mümkündür. Bu sahələrin formalaşması İKT nailiyyətləri ilə bağlıdır. Hazırda Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi fəaliyyət proqramları əsasında internet portalları, saytlar, bloqlar yaranıb. Bu sahələr öz ətrafına kifayət qədər insan resursu cəlb edə bilib.

   İKT ilə medianın mövcud formalarının imkanları genişlənib. Bu özünü maneəsiz informasiya əldə edilməsində, çap yayım materiallarının hazırlanmasında göstərib. Bu materialların hazırlanması texnologiyası tamamilə dəyişib asanlaşıb. Məsələn, 15-20 il əvvəl çapa hazırlanan materialların, efirə yayımlanacaq audio-video materialların ərsəyə gətirilməsilə indiki arasında böyük fərq var... İllər öncə qəzetdə çap olunacaq bir yazını hazır vəziyyətə gətirmək üçün jurnalistdən daha çox vaxt tələb olunurdu. Yazı qəzet səhifəsinə çıxana qədər böyük çətinlikləri adlayırdı. Bu qayğılar əsasən taxniki vasitələrin elə güclü olmaması ilə bağlıdır. Televiziya radio verilişlərinin hazırlanması sahəsində problemlər olardı. Bəzən elə hallar olurdu ki, kamera çatışmazlığı ucbatından, montaj otaqlarının məşğul olması üzündən bir verilişin hazırlanması günlərlə uzanırdı.

   Medianın inkişafında müasir tipli telefon-faks avadanlıqlarının da rolu danılmazdır.

   Media üçün İKT imkanlarının daha geniş açılmasında Rabitə İnformasiya Texnoologiyaları Nazirliyinin rolu çox böyükdür. Nazirliyin bu sahəyə diqqət yetirməsi sayəsində bir sıra məsələlər reallaşıb. Nazirlik dəfələrlə mobil telefon tariflərinin, internet xidmətlərinin ucuzlaşdırılması təklifilə çıxış edib buna nail olub. Redaksiyaların stasionar telefonlaşdırılması çox asanlaşıb.

   İKT-nin verdiyi imkanlar nəticəsində media mənsublarının işi xeyli yüngülləşib, onların yazıları, verilişləri maneəsiz öz ünvanına, yəni oxucu tamaşaçılara vaxtında çatır. Xüsusilə çap məhsullarının yayımlanmasında İKT-nin oynadığı rol çox böyükdür. Bildiyimiz kimi, qəzetləri, jurnalları paytaxtda çap edib rayonlara daşımaq çox çətindir. Dünya mediasında tətbiq edilən sistemə nəzər salsaq görərik ki, orada qəzetlərin virtual variantı hazırlanır internet vasitəsilə bölgələrə ötürülür. Həmin variant yerlərdə fəaliyyət göstərən mətbəələr tərəfindən çap edilir. Bizdə isə yerli mətbəə sistemi, demək olar ki, inkişaf etməyib, qəzetlərin bölgə tirajları böyük səviyyədə deyil. Təbii ki, bu da İKT-nin günahı deyil. Bu texnologiya bizə hər cür imkan verir ki, onun nailiyyətlərindən istifadə edərək işimizi qura bilək. Yəni məmurların mətbəə sistemini inkişaf etdirməsinə ehtiyac var.

   Qeyd edək ki, mütəxəssislərin hamısı İKT-nin medianın inkişafında oynadığı rolun misilsiz olduğunu deyir. Amma bunun bəzi sui-istifadə halları yaratdığını deyənlər var. Mətbuata dəfələrlə kopüterlərdən onun çeşidli proqramlarından istifadə etmək yolu ilə plagiatlıq hallarına yol verildiyi haqda ekspertlərin fikirləri yer alıb. Onların fikrincə, bəzi media təmsilçisi adını daşımağa layiq olmayanların başqalarının yazılarını, məlumatlarını götürərək istinad etmədən öz adı ilə verməsi faktlarına da rast gəlmək mümkündür. Bu hal xoşagələn olmasa da, təəssüf ki, mövcuddur... Bəzi ekspertlərin qənaətinə görə isə, bu texnologiyaların inkişafı, onun mətbuata dərindən sirayət etməsi media sahəsində təhlil, araşdırma xarakterli yazıların sırasının seyrəlməsinə səbəb olur. Bu istisnalar nəzərə alınmasa, İKT-nin inkişafı jurnalistlərin fəaliyyətinə dəstəkdir. Məsələ burasındadır ki, jurnalist redaksiyanı tərk etmədən istənilən xəbəri telefon vasitəsilə ala bilir, internetdən yararlanaraq da. Yaxud jurnalist iştirak etdiyi tədbirdən birbaşa yazı hazırlayaraq redaksiyaların elektron poçtuna ata bilir. Bu da əlavə vaxt itkisinin qarşısını alır, işi yüngülləşdirir, xəbərin "isti-isti" oxuculara, tamaşaçılara çatdırılmasını təmin edir.

   Medianın inkişafında İKT-nin rolunu yüksək qiymətləndirən Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövləti mətbuatın müstəqilliyinin, maddi-texniki bazasının, maliyyə təminatının möhkəmlənməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun yüksəldilməsində maraqlıdır. M.Əmirovun sözlərinə görə, son illər media sahəsində görülən işlər buna əyani sübutdur.

   M.Əmirov xatırlatdı ki, qloballaşma dövründə dünya mediası, jurnalistikası yeni keyfiyyət mərhələsinə qədəm qoyub ki, Azərbaycan da dünyanın bir parçası kimi bundan kənar deyil: "Bu da informasiyanın maksimum operativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə bağlıdır.

   Hazırda Azərbaycan mətbuatı, mediası da bəşəriyyətin ən qabaqcıl texnologiyalarından ideyasından bəhrələnir, beləliklə, getdikcə təkmilləşir. Bu gün bütün sahələrin inkişafında əvəzsiz rol oynayan müasir texnologiyalar mətbuatdan, jurnalistikadan da yan ötməyib. XXI əsrin belə bir güclü meyli göstərir ki, informasiya texnologiyasının yeni inkişaf tempi mətni, qrafik formanı, səsi, bunların hamısını rəqəm formasına keçirməkdir. Bu mənada jurnalistikada daha bir termin işlək olmağa başlayıb: digitallıq, rəqəmləşmə, məzmunun müasir kompüter dilinə çevrilməsi. Bu proses informasiyanın yaradılması ötürülməsində, onun qəbul edilməsində bundan əvvəlki bütün ənənəvi maneələri arxada qoyur. Digitallıq ayrı-ayrı kütləvi informasiya vasitələri arasındakı fərqləri aradan qaldıraraq konvergensiyaya yol açır. Məhz bu mənada konvergensiya indi KİV-in gələcəyi haqqında müzakirələrin diskussiya obyektinə çevrilməkdədir. Belə bir elmi fikir meydana çıxıb ki, yaxın on ildə konvergensiya prosesi nəinki KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini tamamilə dəyişə bilər".

   KİV-in, xüsusən də qəzetçiliyin gələcək inkişafı ilə bağlı fikirlərin haçalandığını deyən M.Əmirovun bildirdiyinə görə, keçən əsrin sonu və indiki yaşadığımız əsrdə dünya təcrübəsində qəzetin inkişaf meylləri, qəzet sənayesinin gələcəyi ilə əlaqədar proqnozlar müxtəlifdir.

   Nazirliyin mətbuat xidmətinin rəhbəri dünya mətbuat tarixinə nəzər salaraq dedi ki, keçmiş dövrlərdə media indiki kimi inkişaf etməyib: "Tarixə qısa bir ekskursi etsək görərik ki, Amerikada radionun 50 milyon auditoriya əldə etməsindən ötrü 38 il vaxt gərək olub. Televiziya bu qədər auditoriyanı 14 ildə qazanıb. İnternet isə ABŞ-da cəmi bir il müddətində 50 milyonluq abunəçiyə sahib olub. Beləliklə, yeni texnika və texnologiya əsrində daha çox jurnalistin əməyinin yüngülləşməsinə, onun topladığı, işlədiyi informasiyanı istehlakçının daha asan, daha tez qəbul etməsinə geniş imkanlar yaranıb. Əlbəttə, bu istiqamətdə çox uzun bir yol qət edilib". M.Əmirov bu inkişafın meydana çıxmasında ən böyük rolu İKT məhsullarının oynadığını bildirdi. Bu gün Azərbaycan mediasında da İKT-nin gücünün həddindən artıq hiss olunduğunu deyən müsahibimizin sözlərinə görə, bu, mediamızın inkişafından, peşəkarlıq səviyyəsinin artmasından xəbər verir: "Kütləvi informasiya vasitələri indiki səviyyəsinə heç də birdən-birə gəlməyib. Nəzərə almaq lazımdır ki, Azərbaycan mətbuatının zəngin və ibrətamiz tarixi, mübariz ənənələri, özünəməxsus prinsipləri, şərəfli vəzifələri var".

   Mediamızın sürət qatarının önündə İKT vasitələrinin getdiyini nəzərə çatdıran ekspertlərin bir çoxu hesab edir ki, rəqəmsallaşma texnologiyası bütövlükdə mediada öz əksini tapdıqdan sonra jurnalistlər öz işilə daha rahat məşğul ola biləcək. Redaksiyaların çoxu texnologiyanın ən son nailiyyəti olan kompüterlə, rəqəmsal diktafon və fotoaparatlarla, eləcə də 3G-nin əks olunduğu mobil telefonlarla təchiz olunub. Televiziya və radioların bir çoxunda rəqəmsal avadanlıqların quraşdırılması, günün tələblərilə ayaqlaşan montaj qurğularının olması, yeni növ kamera və mikrofonların mövcudluğu mediamızın qazancıdır.

   İKT-nin indiki vəziyyəti və inkişaf perspektivləri, informasiya texnologiyalarının ənənəvi KİV-in oxucu auditoriyasının formalaşdırılmasında, genişləndirilməsində və onun gəlirliliyinin artırılmasında xidmətləri, bu sektorda mobil texnologiyalar və kommunikasiyanın rolu daim ekspertlər tərəfindən müzakirə edilib. Məsələ burasındadır ki, bəzi ekspertlərin qənaətinə görə, İKT və elektron medianın inkişafı ənənəvi KİV-i sıxışdıracaq. Müəyyən qədəri isə güman edir ki, ənənəvi KİV paralel inkişaf etməkdə davam edəcək. Televiziyaların həyata keçirdiyi birbaşa yayımlar, telekörpülər və s. İKT sayəsində mümkün olur.

   Məlumatlara görə, telekanal və radioların əksəriyyətində İKT nailiyyətlərindən yararlanmaqla keçmiş sənətkarlarımızın ifası, o cümlədən də tamaşalar rəqəmsal vasitələrə köçürülür. Bu da ona əsas verir ki, o yaradıcılıq nümunələri əbədiyaşarlıq qazanır. İKT-nin dinamik inkişafı digər sahələrlə yanaşı, televiziya və radio, KİV-in rəqəmsallaşması, fəaliyyət sahəsinin genişlənməsi, KİV-in fəaliyyətində peşəkarlığın artırılması üçün böyük imkanlar yaradıb.

   Bəzi alimlər isə, hesab edir ki, İnformasiya Kommunikasiya Texnologiyalarının mediamıza tətbiqi internet jurnalistikanın da inkişafına səbəb olub. Mətbuatda yer alan fikirlərə görə, jurnalistlərə informasiya texnologiyalarından səmərəli və effektiv istifadə üsullarının öyrədilməsində yardımçı olmaq və s. məqsədlərlə hazırlanaraq çap olunan dərs vəsaitlərinin də rəqəmsal vasitələrdə yayılmasına ehtiyac var.

 

 

  Namiq QULİYEV

 

  Bakı xəbər.- 2011.- 21 noyabr.- S. 21.