Hicri-qəməri təqvimi və müsəlman ayları

 

Yerin təbii peyki olan Ayın Yer ətrafında 12 dəfə dövr etməsini 12 sinodik aya ilk dəfə bölən b.e.ə. 3000-2500-ci illərdə babillilər olub. Onların qəbul etdiyi bu təqvim Qəməri (Ay planetinin ərəbcə adı) adlanıb. Bu tərtibi Quran: "Həqiqətən Allah yanında ayların sayı 12-dir" ayəsilə təsdiq edir. Həmin təqvimə əsasən 1 il 354,3 gündür. Yəni Ay planetinin Yer ətrafında 12 dəfə tam dönməsi 354,3 gün ərzində baş verir. Yeri gəlmişkən, bir təzə ayla ikinci təzə ay arasındakı müddəti 29,5 gün müəyyənləşdirib, onu vaxt vahidi (bir ay) qəbul edən də babillilər olub.

  

   Hicri-qəməri təqvimi

  

   Ərəblər də hələ eramızdan 1000 il əvvəl Qəməri təqvimindən istifadə ediblər. Onlar sonradan, yəni miladi 622-ci ildə həz.Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsini yeni tarixin hesablanma anı, müsəlman erası və Hicri-Qəməri təqviminin başlanğıcı kimi qəbul ediblər.

   Bu təqvim 639-cu ildə həz. Əlinin təklifilə xəlifə həz. Ömərin aşağıdakı fərmanı ilə qüvvəyə minib: "Ey müsəlmanlar! Bundan sonra hər kəs rast gəldiyi hadisəni tarix başlanğıcı kimi qəbul etməsin. Rəsul Əkrəmin hicrət etdiyi il (miladi 622-ci il-V.C) İslam təqviminin birinci ili, səhabələrin ilk dəfə hicrət etdiyi Məharram ayı isə ilin birinci ayı qəbul edildi".

   Hicri-qəməri təqviminin bir ili Şəms (Günəş) təqviminin bir ilindən 11 gün azdır. Həmin səbəbdən eyni müsəlman gün və bayramları hər il Miladi təqviminin müxtəlif günlərinə təsadüf edir.

  

   Hicri-qəməri təqvimində ayların ad və mənaları

  

   Hicri-qəməri təqvimində ayların adları və mənaları, ardıcıllığı və günlərinin sayı belədir: 1) Məharram; 2) Səfər; 3) Rabiuləvvəl; 4) Rabiulaxır; 5) Cəmədiyuləvvəl; 6) Cəmədiyulaxır; 7) Racəb; 8) Şəbən; 9) Ramazan; 10) Şəvval; 11) Zulqadə; 12) Zulhiccə.

   Müsəlman təqviminin bütün tək ayları əksər hallarda 30 gündən, bütün cüt ayları isə 29 gündən ibarətdir. Yalnız 12-ci ay - Zulhiccə ayı istisna təşkil edir. Həmin ay ilin uzun və ya qısa olmasından asılı olmayaraq 30 gündür.

   1) Lüğəti mənası "haram" "qadağan edilən" olan Məharram ilin birinci ayıdır. O, bir ay kimi bərəkət (çoxluq, bolluq), yaxşılıq, xeyir, fayda, əmin-amanlıq, barışıq və əhdləşmə simvoludur. Bu ayın ilk günü Hicri-qəməri təqvimilə yeni ilin başlanqıcı olduğundan, müsəlmanlar yeni ilin xeyirli və bərəkətli olması üçün dua edər, bir-birini yoluxar, bayramlaşar, küsülülər barışar, hədiyyələr verilər, görüləcək işlər planlaşdırılar və s.

   Məharram ayı Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir. "Həqiqətən Allah yanında ayların sayı, göyləri və Yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Onlərın 4-ü (Racəb, Zulqadə, Zulhiccə və Məharram) haram aylarıdır. Ona görə həmin aylarda özünüzə zülüm etməyin" (Tövbə 36). Hələ İslamdan əvvəl bu dörd ayda hərb etmək haram-qadağan olunduğu üçün, ərəblər təcavüzlərinə haqq qazandırmaq məqsədilə bəzən bilərəkdən ayların yerlərin dəyişdirirdilər. Həmin səbəbdən Rəsuli Əkrəm(ə) vida həccində buyurdu: "Ey əshabım! Ayların sırası Allahu-Təalənin yaratdığı zamandakı kimidir".

   Məharramin 10-cu günü Aşura isə həmin gündə baş vermiş hadisələr etibarilə ən müqəddəs günlərdən biridir. Belə ki, Adəm(ə)-nin tövbə etməsi, həz.İbrahim və İsa(ə)-nin mövludu, Musa(ə)-nin Ölü dənizi keçməsi və Fironun boğulması Aşura günündə olub. Həz.Nuhun 5-6 nəfərlə tufandan xilas olması da həmin günə təsadüf edir. Aşura həm də Peyğəmbər(ə) nəvəsi həz.Hüseynin iman və İslam dininin saflığı uğrunda şəhid olduğu, baba və atasının ucaltdığı etiqad atının yenidən şahə qaldırdığı gündür. Aşura-İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda 19 il mücadilə aparan İmam Hüseynin bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi"-ni yaratdığı gündür.

   "Ramazandan sonra orucların ən fəzilətlisi Məharram ayında tutulan orucdur" Peyğəmbər (ə) kəlamıdır.

   2) Hicri-qəməri təqviminin ikinci ayı Səfərdir. Səfərin Quranda iki anlamı var: yolçuluq və savaşa getmək, döyüş (bax: Tövbə 42-48). Səfərin ərəbcə lüğəti mənası isə "sarı"-dır. Əksər müfəssirlər hesab ediblər ki, Allah Yerdəki bitkiləri ilk dəfə yaratdıqdan sonra "sarı yarpaqların tökülməsi" həmin vaxta təsadüf etdiyi üçün, bu ay Səfər adlanıb. Buna payızın ilk ayı da deyilir.

   3) Təqvimin üçüncü ayı Rabiul-əvvəldir. Ərəbcə "Rabi" sözü "mövsüm", "kvartal", "dördə bir" mənalarını ehtiva edir və "dörd" kökündən əmələ gəlib. Müasir ərəb dilində bu sözlə "yaz", "bahar" ifadə edilir. Qədimdə isə bu söz "payız" mənasında işlədilib. Çünki Rabiul-əvvəl, yəni birinci Rabi payızın orta ayına təsadüf edib. Başqa sözlə, Hicri-qəməri ayları hər il 11 gün dəyişdiyi üçün bu ay ilk dəfə payızın ortasına düşüb. Əksər mənbələrə görə, bəşəriyyətin iftixar abidəsi Məhəmməd(ə) bu ayın 12-də bazar ertəsi gecəsi, səhərə yaxın, Məkkədə anadan olub.

   Qeyd: Məhəmməd(ə)-nin təvəllüdü İslam dini yarandıqdan yalnız 300 il sonra qeyd edilməyə başlanıb. Bəzi tədqiqatçılara görə, Mövlud bayramı xristianların Milad - İsa(ə)-nin anadan olması ilə əlaqədar - bayramının təsiri altında meydana gəlib. Həz. Məhəmmədin anadan olduğu gün dəqiq bilinmədiyi üçün Mövlud bayramı daha dəqiq günə - Peyğəmbər(ə)-nin vəfat etdiyi günə salınıb. Ümumiyyətlə, islamiyyətdə anadanolma günlərinin sadə keçirilməsi, hətta bəzən qeyd edilməməsi təqdir olunur. Vəfat günləri isə adətən əbədiyyətə qovuşmaq üçün doğuluş kimi təfsir olunduğuna görə, daha təntənəli qeyd olunur.

   4) Rabiul - axır dördüncü aydır. Bu ay ilk dəfə payız mövsümünün son ayına təsadüf etdiyi üçün, Rabiul - axır (ikinci Rabi) adlanıb. Bu ay ədəbiyyatda həm də Rabius - sani kimi işlədilir.

   5) Təqvimin beşinci ayı Cəmədiyul - əvvəldir. "Cəmədə" sözü "bərkimək", "donmaq" kökündən əmələ gəlib. Qədim ərəblər qış aylarını adlandırmaq üçün bu termindən istifadə ediblər. Həmin səbəbdən Cəmədiyul - əvvəl qışın başlanğıcını göstərən aydır.

   6) Cəmədiyul - axır Hicri - qəməri təqviminin altıncı ayıdır.

   Bu ay ilk dəfə qışın orta ayına təsadüf edib.

   7) Racəb - möhtərəm, qiymətli, hörmətə layiq, muazzam (böyük) mənalarını ehtiva edir. Təqvimə görə yeddinci, məntiqlə qışın sonuncu 30 gününə təsadüf edən aydır. Rəcəb həm də mübarək üç aylardan birincisidir. Onun lüğəti mənası, "qorxusuz" deməkdir. Ayın ümumi anlamı isə "təcavüzdən əl çəkmək"dir. Bu ayda hərb etmək haramdır, yəni qadağandır. Çox möhtəşəm və fövqəlbəşər hadisə - Peyğəmbər(ə)-nin meracı bu ayda, Rəcəb ayının 26 - dan 27 - ə keçən gecədə olub (bax: surə İsra).

   Həz.Rəsuli Əkrəm buyurub: "Rəcəb ayına sayğı göstərənə Allahu-Təalə dünyada və axirətdə sayğı edər".

   Racəbin birinci cüməsinin gecəsi leylətul-raqaib-arzuların yerinə yetirilməsi və ya "hədiyyələr, ehsanlar" gecəsi adlanır. Bu gecədə edilən dualar qəbul olunar. Rəcəbin bu gecəsində həm də həz. Peyğəmbərin valideynləri ailə qurublar.

   8) Hicri - qəməri təqvimində Şəbən səkkizinci aydır. Hərfi mənası "ayrılmaq", "bölünmək", "müxtəlif yerlərə getməkdir". Şəbən mübarək üç aylardan ikincisidir. "Hər kim Şəbən-i şərifdə üç gün oruc tutsa, Allah ona Cənnətdə bir yer verər" (hədis). Peyğəmbər buyurub: "Şəbən mənə məxsus aydır. Allahu-Təalə mələklərinə buyurdu: "Ey mənim mələklərim, gördünüzmü Mənim qullarım Həbibimin (Həz.Peyğəmbərin-V.C) ayına necə hörmət edirlər?! Mən həmin qullarımı əfv edəcəm". Şəbən ayının 15-ci gecəsi Vərat (bəraət almaq) gecəsidir. Peyğəmbər(ə) buyurub: "Cəbrail(ə) mənə dedi: "Qalx namaz qıl, dua et! Bu gecə Şəbənin 15-ci - Bəraət gecəsidir. Müşriklər, əyyaşlar, fal və cadu ilə məşğul olanlar, sələmçilər, xəsislər, zina və valideynlərinə hörmətsizlik edənlər istisna olmaqla, Allah bu gecədə ibadət edənlərin hamısını əfv edər". Hicrətin 2-ci ilində (623 il) qiblənin Qüdsdən dəyişdirilməsi Şəbənin 15-ci günündə olub. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" Rəbb əmri (Bəqara 183-185)də Mədinədə, hicrətdən 1,5 il sonra, Şəbən ayının 10-cu günü verilib.

   9) Ramazan İslam təqvimində doqquzuncu aydır. Hərfi mənası "isti", "yanmaq" olan Ramazan müqəddəs 3 ayların sonucusu, oruc tutulduğu və Quranın ilk ayəsinin nazil olduğu aydır. Buradakı "yanmaq" termini oruc tutan və tövbə edənlərin günahlarının yanmasına, bağışlanmasına işarə edir. Ramazan İslam dininin namus pərdəsi, 11 ayın sultanıdır. Qədr gecəsini də ehtiva edən "Ramazanın əvvəli rəhmət, ortası məğfirət, sonu Cəhənnəmdən qurtuluşdur" (həz.Peyğəmbər).

   10) Lüğəti mənası "gəzən", "köçəri" olan Şəvval onuncu aydır. Bu ayda ərəb qəbilələri daimi yaşayış yerlərindən müvəqqəti çıxardılar. Şəvval ayının ilk künü Ramazan bayramıdır. "Ramazanda oruc tutub, ardından da Şəvval ayında altı gün oruc tutan şəxs, bir il oruc tutana bərabərdir (həz.Peyğəmbər).

   11) On birinci ay Zulqadədir. "Qadə" ərəbcə "yerində oturmaq", "dayanacaq" mənalarını verir. "Zulqadə" isə "dayanacağın sahibi" anlamına uyğundur. Bu ayda ərəblər adətən bir yerdə dayanardılar. Zulqadə Həcc ziyarəti ərəfəsində olan aydır.

   12) Hicri Qəməri təqviminə görə, sonuncu-on ikinci ay Zulhiccədir. Mənası "Həccin sahibi", "Həcc ziyarətçisi" olan Zulhiccəni bütün dünya müsəlmanlarının "konqresi" anlamı kimi də qəbul etmək olar. Çünki hər ilin bu ayında milyonlarla müsəlman buraya yığışıb Kəbəni ziyarət edirlər. Bu ayın 9-u Ərəfə günü, 10-u isə Qurban bayramıdır. Bəzi müfəssirlərə görə, "Zulhiccənin son 10 günündə edilən hər bir ibadət ilin digər günlərindən daha fəzilətlidir".

  

   Miladi və hicri-qəməri təqvimləri arasında münasibət

  

   Miladi təqvimindən hicri-qəməri təqviminə keçmək üçün: 1) Miladi təqviminin hər hansı ilindən 622 (Miladi təqvimilə həz. Peyğəmbərin Məkkədən Mədinəyə gəldiyi il) çıxılır; 2) Qalıq 32-yə bölünür; 3) Alınan qismət qalığın üstünə cəmlənir. Hesablamalar zamanı qalan kəsirlər yarıdan azdırsa, nəzərə alınmır; yarıdan çoxdursa, ümumi rəqəmin üstünə bir vahid artırılır. Məs., Miladi 2012-ci ilin Hicri-qəməri təqviminin hansı ilinə müvafiq olduğunu bilmək üçün : 1) 2012-622=1390; 2) 1390:32=43; 3) 1390+43=1433. Deməli, 2012-ci il Hicri-qəməri təqvimilə 1433-ci ilə uyğundur.

   Hicri-qəməri təqvimindən Miladi təqviminə keçmək üçün: 1) Hər hansı müsəlman ili 33-ə bölünür; 2) Həmin müsəlman ilindən alınan qismət çıxılır; 3) Alınan qalığın üstünə 622 əlavə olunur. Məs., Hicri-qəmərilə 1433-ci ilin Miladi təqviminin hansı ilinə müvafiq olduğunu bilmək üçün: 1) 1433:33=43; 2) 1433-43=1390; 3) 1390+622=2012. Deməli, Hicri-qəməri təqviminin 1433-ci ili, Miladi təqviminin 2012-ci ilinə uyğundur.

   Sözsüz ki, yaradılış baxımından Rəbbimiz ilin ay və günlərini eyni dəyərdə yaradıb. Onun ayların sayını 12 ədəd müəyyən etməsi bəşərə bir xatırlatmadır ki, insan necə yaşamasını və ömrünü nəyə həsr etməsini bilməlidir. Bu baxımdan İslam aləmi keçmişdəki mövqeyini bərpa edib iman, elm və iradə atını bir daha şahlandırmalıdır ki, ümmətlər içində Məhəmməd(ə) ümmətini şərəfləndirib dünyaya örnək olsun.

   Bunun üçün isə İslam dünyası zamana sahib çıxmalı, verilən İlahi sərmayəni dəyərləndirib onu yaxşı xərcləməli, yeni üsul və metodlara yiyələnməlidir. Unutmamalı ki, bu dəyərlərə sahib çıxmayan cahil bir adam və ya cəmiyyət üçün zamanın-ay və günlərin necə gəlib ketməsinin heç bir fərqi yoxdur.

  

 

   Vaqif Cəliloğlu

 

   Bakı xəbər.- 2011.-21 noyabr.- S. 15.