Milli Azərbaycan ailəsində dayəlik institutu...

 

  Uşaqların təlim-tərbiyəsinin yaxşı olması əksər valideynlərin ən böyük arzusudur desək, yəqin ki, yanılmarıq. Ailədə böyüyən övlad həm valideynin, həm də nəslin davamçısıdır. Hər bir ata-ananın arzusudur ki, uşağını öz ailə qayda-qanunlarına uyğun formada böyüdüb tərbiyə etsin. Qan yaddaşı ilə gələn bir çox genetik daşıyıcılar uşaqların varlığına sirayət edir.

   Ancaq zaman dəyişdikcə bərabərində bir sıra yenilikləri gətirir ki, bu da, istər-istəməz, uşaqların tərbəyəsinə təsirsiz ötüşmür. Bu tendensiya ailələrə dayələrlə birgə daxil olub. Məlum olduğu kimi, bir sıra ailələrdə analar işlədiyi üçün, bəziləri isə sadəcə özünə əziyyət verməməkdən ötrü uşağını dayə himayəsinə verir. Çünki bir çoxları övladını bağçaya qoymaqdansa, dayə tutmağı üstün tutur. Adətən dayəlik edənlər xüsusi qabiliyyətə və bacarığa malik olmalıdır. Bizdə isə kim gəldi bu işlə məşğul olur. Bəlli bir məvacib müqabilində bu işlə məşğul olurlar. Faktiki olaraq, uşaqların tərbiyəsi həvalə edilən dayələrin yarıdan çoxu əslində bu iş üçün yararlı deyil. Bu gün nəinki imkanlı ailələr, hətta orta səviyyədə dolananlar da uşaqlarını dayəyə həvalə edir. Dayələrin isə, demək olar ki, heç biri uşaq tərbiyəsilə məşğul olmaqdan ötrü xüsusi təlim keçməyib. Sadəcə, işsizlik ucbatından uşaq saxlamağa meyl göstərirlər. Heç ailələr də onlardan soruşmur ki, sən mənim uşağımı hansı metodla tərbiyə edəcəksən, övladım nə dərəcədə mənim istəyimə uyğun inkişaf edəcək? Valideynin dayələrdən yeganə istəyi odur ki, uşağı normal qidalansın, yatsın, bir də gününü şən keçirsin. Qalanlar isə onu maraqlandırmır. Bəlkə də daxilində uşağında baş verən bəzi dəyişikliklər onu narahat edir. Ancaq işinin çoxluğundan bu məsələni üzə vurmur.

   Dayələr tərəfindən tərbiyə edilən uşaqlarla valideyn qanadı altında, yaxud uşaq bağçasında böyüyən uşaqlar arasında böyük fərq olur. Müşahidələr göstərir ki, dayələrin saxladığı uşaqlarda bir sıra dəyişikliklər hiss edilir. Bu da ondan ibarətdir ki, uşaq mənsub olduğu ailənin, ata-anasının xasiyyətini, genetik xüsusiyyətləri deyil, birbaşa o dayənin xasiyyətini götürür. Yəni uşaq öz genetik xüsusiyyətini itirərək dayəyə oxşamağa başlayır. Bu da dayənin uşağa öz xarakterini təlqin etməsindən irəli gəlir. Düzdür, bunu bütün dayələrə şamil etmək olmaz. Ancaq bu işlə məşğul olanlar sırasında qeyri-peşəkarların böyük çəkiyə malik olması narahatlıq doğurur. Dayəlik Azərbaycan ailələrində geniş yayılmasa da, olanların yuxarıda göstərilən tərzdə olması narahatlıq doğurmaya bilməz. Bütün hallarda uşağın mənəvi baxımdan öz ailəsilə əlaqəni itirməsi böyük faciədir. Uşağı dayə ilə başlı-başına buraxmaq olmaz ki, sən get mənim uşağımla istədiyini et. Ən azından, uşağın tərbiyəsinə valideynin bəlli bir nəzarəti olmalıdır. Yəni uşaq dayə himayəsində olanda belə, ana, nənə nəzarət etməlidir ki, o uşaq ailənin xarakterinə uyğun böyüsün. Problem ondadır ki, indiki dayələrin çoxu savadsızdır. Adi evdar qadınlar uşaqlara yüksək nə verə bilər ki? O üzdən ailələr dayə məsələsinə həssaslıqla yanaşmalı və son dərəcə diqqətli olmalıdır. Bir məqamı da nəzərə almaq lazımdır ki, dayənin işi təkcə uşağı yedirib-içirməkdən və geyindirməkdən ibarət olmamalıdır. Normalda uşağa baxan dayənin ilkin tibbi yardımdan tutmuş, uşağı necə tərbiyə etməli olduğuna qədər hər şeydən məlumatı olmalıdır. Necə deyərlər, o yarı psixoloq, yarı ata-ana olmalıdır. Təəssüflər olsun ki, bizdə peşəkar dayələr olmadığı üçün bu deyilənlər problem olaraq qalır. Əslində, dayə savadlı olmalıdır. Öz işini yaxşı bilməlidir ki, uşaqları tərbiyə etsin. Peşəkar dayə bilir ki, uşaqla necə rəftar etməlidir, onunla hansı formada məsafə saxlamalıdır. Dayə əvvəlcə ailənin strukturunu öyrənməlidir. Bilməlidir ki, bu ailə demokratikdirmi, mühafizəkardırmı, kosmopolitdirmi və s. Bütün bu xüsusiyyətləri öyrəndikdən sonra uşağı onun ailəsinin ruhuna uyğun tərbiyə etməlidir. Bu gün peşəkar dayələrin yetişməsinə böyük ehtiyac var.

   Bütün bu deyilənlərin və deyilməyənlərin fonunda bu gün Azərbaycanda dayəlik institutunun vəziyyəti necədir? Hansı problemlər daha qabarıq şəkildə özünü göstərir? Bu sahənin inkişafı üçün hansı işlərin görülməsinə ehtiyac var?

   Məsələyə münasibət bildirən tanınmış sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan səviyyədə deyil: "Dayəlik məsələsi bu gün Azərbaycanda ən aktual məsələlərdən biridir. Çünki müstəqil dövlət olaraq bizim qarşımızda duran ən mühüm məsələ layiqli yeni nəsil yetişdirməkdir. Bu layiqli yeni nəsli yetişdirməkdə ən mühüm rol oynayanlardan biri valideynlər və dayədir. Bilirsiniz, dayə yaxın qohum, yad adam da ola bilər. Bütün hallarda bu adam gələcək şəxsiyyətin formalaşmağında əlahiddə xidməti olan bir adamdır. Çünki, bir qayda olaraq, dayəni körpə uşaq sevir, onu təqlid edir, hərəkətlərini təkrarlayır, ondan enerji alır, gələcək həyat üçün nümunələr, vərdişlər götürür və s. Ona görə də biz uşaq üçün tutulan dayənin kimliyinə çox ciddi fikir verməliyik. Bizim İslam tarixində, nağıllarda buna çox diqqət edirdilər. Yəni dayənin özü halal bir adamdırmı? Hansı nəsildəndir və s. İndi isə görünən odur ki, bu kimi xüsusiyyətlərə o qədər də əhəmiyyət verilmir. Biri rus dayəsi götürür, digəri isə əcnəbi dayəyə üstünlük verir. Elələri də var ki, kim gəldi onu dayəliyə götürür. Nəzərdən qaçırırlar ki, dayə uşağın taleyini formalaşdırmaqla yanaşı, onun həyatında da mühüm rol oynayır. Ona görə də hesab edirəm ki, Azərbaycanda dayələr hazırlayan xüsusi məktəblər və kurslar olmalıdır. Bütün valideynlər anlamalıdır ki, hər adamdan dayə olmaz. Dayə çox vətənpərvər və savadlı adam olmalıdır. Dayənin uşağa qulluq etmək səliqə-sahmanı, qabiliyyəti olmalıdır. Bütün hallarda uşağa xüsusi məhəbbəti olmalıdır. Ən başlıcası, dayə savadlı olmalıdır. Şəxsən mən hesab edirəm ki, savadsız dayə ümumiyyətlə uşağa yaxın buraxılmamalıdır. Hazırkı dövrdə dayəliklə bağlı xeyli kitab var. Ancaq təəssüf ki, bu kitabların çoxu Azərbaycan dilində deyil. Doğulan gündən başlayaraq uşaqla nə cür rəftar etməklə bağlı çoxlu elmi kitab var. Dayə bu kitabları oxuya biləcək səviyyədə olmalıdır. Çünki bir var kimsə özündən nəsə fikirləşib edir, bir də odur ki, başqalarının təcrübəsini öyrənir. Bilir ki, uşağa yataqda nə cür qulluq etmək, havasını nə cür dəyişmək olar. Xəstələnəndə nə etmək olar. Ona görə də dayəlik adi məsələ hesab olunmamalıdır. İndiki vaxtda Azərbaycanda dayəliyin səviyyəsi qeyri-qənaətbəxşdir".

   Ə.Qəşəmoğlu dayəliklə bağlı vəziyyətin Azərbaycanda qeyri-qənaətbəxş səviyyədlə olmasını bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqələndirdi: "Lap əvvəllər bununla bağlı müəyyən bir ənənə var idi və hesab edirdilər ki, hər adamdan uşağa dayə olmaz. Ancaq sovet vaxtında və son 20-25 il ərzində dünya çox dəyişdi. Dünya artıq başqa dünyadır, qabaqkı dövr deyil. Əvvəlki adət-ənənələr də indiki deyil. Bu gün Azərbaycanda normal dayəlik institutunun oturuşmamasının səbəblərindən biri də odur ki, valideynlərin özü bu sahədə lazımi səviyyədə maariflənməyib, təsəvvürü yoxdur. O üzdən, bu sahədə bir pərakəndəlik hökm sürür. Milli müstəqil dövlətdə humanitar problemlərin həlli ilə bağlı ciddi elmi təhlillərə söykənən fəaliyyət proqramları olmalıdır. Problem ondadır ki, bu kimi məsələlərə Azərbaycanda elmi baxış, fəaliyyət proqramı, diqqət yoxdur. Ona görə də bu gün dayəlik institutu ilə bağlı vəziyyət olduqca arzuolunmaz səviyyədədir. Fərz edək ki, biri gedib Filippindən uşağına dayə gətirib. Həmin dayənin uşağa verdiyi tərbiyə nə olar? Belə şeylər olmamalıdır. Mütləq ölkədə dayə hazırlayan xüsusi kurslar olmalıdır. Bu məsələyə düşünülmüş, ağıllı şəkildə baxmaq və yanaşmaq lazımdır. Çünki buna çox böyük ehtiyac var. Yaranmış ehtiyacdan çıxış edərək, dayə hazırlayan kursların yaradılmasına ehtiyac var. Onu da qeyd edim ki, bu sahə pedaqoji profilə yaxın olduğu üçün Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində belə bir kurs açmaq mümkündür. Bir növ sözügedən mövzunu qabartmaqla mənə ideya vermiş oldunuz. O baxımdan özüm də sözügedən məsələ ilə bağlı araşdırma aparacağam. Lazım gələrsə, bu haqda ali məktəb rəhbərlərindən biri ilə də danışacam. Ən azından, belə kursların təşkil olunması ilə bağlı ehtiyacı nəzərdən keçirmək olar. Bütün hallarda Pedaqoji Universitet sözügedən kursların təşkil olunması üçün daha uyğun ali məktəbdir.

   Hazırda Bakı Dövlət Universitetinin sosial iş fakültəsində dərs deyirəm. Bəzən deyirlər ki, sözügedən fakültəni bitirənlər gedib dayəlik etməlidir. Bu tamamilə yanlış yanaşmadır. Çünki ali təhsillilər dayəlik deyil, sadəcə bu işi təşkil etməlidir. Dayəlik işinin icraçıları kursları bitirən adamlar olmalıdır. Bunun üçün vacib deyil mütləq qeyri-adi ali məktəb qurtarasan. Dayəlik etmək üçün 1 illik kurs oxumaq yetərlidir. Əsas odur ki, dayə savadlı, geniş dünyagörüşlü olsun.

   Ən başlıcası isə, uşağı milli ruhda, Azərbaycan ailəsinə xas olan səciyyəvi xüsusiyyətlərin təsiri altında tərbiyələndirsin. Bunlar olmadan dayə tutmağa dəyməz. Bir məqamı da nəzərə almaq lazımdır ki, bir çox xarici dövlətlərdə dayələrin uşaqla aqressivcəsinə davranması ilə bağlı faktlar ortaya çıxır. Dayə götürərkən bu kimi məqamlara da xüsusi diqqət və nəzarət etmək lazımdır ki, sonra hansısa xoşagəlməz hadisələrin baş verməsinə zəmin yaranmasın".

 

 

  Vidadi ORDAHALLI

 

  Bakı xəbər.- 2011.- 22 noyabr.-S.12.