Qəlb necə möhürlənir?

 

  İmanın vətəni qəlb olduğu üçün iman və küfr də qəlblə əlaqəlidir. Bu baxımdan, imanın lüğəti açılışının "bir şeyə tərəddütsüz inanıb qəlbən ona bağlanmaq" anlamında işlədilməsi təsadüfi deyil. Bədən və ruh vəhdətində olan insanın maddi aləmlə əmr aləmi (mənəvi aləm) arasında körpü rolunu oynayan qəlb, həmişə bədən və ruhun da, özünün də Sahibini axtarır.

   Axtarır ki, Onu tapıb özündə sakin etsin. Nurlu və pak qəlb Rəbbə təslimi sevər. Bu zaman rahat olan qəlb, Allahın evi və gözəl əxlaqın məskəninə çevrilər. İslama görə, qəlb nəzərgahı - İlahidir. Allah insana onun qəlbilə baxar və O, bəndəsilə rabitəni məhz qəlbə görə qurar.

 

   Göz yaradılanı görüb, bəsirət Yaradanı görməzsə...

 

   Qəlb gözünün açıqlığı, qəlbin nəzəri isə bəsirətdir (gözüaçıqlıq, dərrakəlik). həmin səbəbdən, bəsirət müqəddəs nurla parlayan qəlbin qüvvəsidir. Qəlb məhz bu dəyərlə əşya və hadisələrin daxilini, mahiyyətini, mənasını, həqiqətini görür (bilir). Fitratən insanın gözündə əşyanı görmə qabiliyyəti, qəlbində də həmin əşyanın Yaradıcısını bilmə xususiyyəti var. Göz görmə fəaliyyətini icra etmək üçün işığa möhtacdırsa, qəlb də ancaq iman nuru ilə nurlandığı təqdirdə bəsirət sahibi olur və mahiyyəti görə bilir. Əksinə, bəsar (göz) yaradılanı görüb, bəsirət Yaradanı görməzsə, onda qəlb çox çirkin olar və Rəbb də həmin məkandan imtina edər. Zədələnmiş qəlb təcili tövbə edib iman nuru ilə işıqlanmasa, bəndəni küfrə də sürükləyə bilər. Bu məqamı bizə həm Rəbbin: "Pərvərdigara! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizə şəkk-şübhə salma!" (Ali-İmran 3) kəlamı, həm də Həz.Peyğəmbərin: "Ey qəlbləri əyildib düzəldən Allahım! Qəlbimi dininlə sabitqədəm və möhkəm et!" duası xatırladır.

   "İnsan qəlbi ağacın budağından asılan nazik bir ipin ucundakı tük kimidir" Peyğəmbər kəlamıdır. Göründüyü kimi, çox həssas və kövrək olan qəlb, sahibinin iman, ağıl və iradəsindən asılı olaraq imanı da, küfrü də və onların arasında vurnuxan münafiqliyiqazana bilər. İmandan məhrum olub küfrmünafiqliyi qazanan bəndənin isə Allah qulağını kar, qəlbini möhürlü edər. Rəbbimiz belə talesiz bəndələri barədə buyurub: "(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: "Bu qədimlərin əfsanələrindən başqa bir şey deyildir!" - deyərlər" (Ənam 25). Kafirlərin dünyadakı dönüklüyünü və axirətdəki vəziyyətini bəyan edən Rəbbimiz, onlardan bəzilərinin imana gəlməyəcəklərini də buyurub. Yeri gəlmişkən, Beydavi (v.e. 1286) və Alusi (v.e. 1853) Ənam 25 ayəsinin nazil olma səbəbi barədə yazır: "Peyğəmbər(ə) Quran oxuyarkən Əbu Süfyan, Vəlid bin Mucirə, Nədr bin haris, Əbu Cəhl, Utbə bin Rabia, Şəybə bin Rabia və Uməyyə kimi müşriklər ona qulaq asırdılar. Heyət içində Peyğəmbər(ə)-yə az çox yaxın olanı Nədr idi. Həmin səbəbdən onlar Nədrdən soruşdular: "O nə deyir?" Nədr cavab verir: "Nə dediyini bilmirəm. Dilini tərpədərək bəzi sözlər deyir. Söylədiyi də mənim sizə keçmiş əfsanələrə aid dediklərimdən başqa bir şey deyil".

   Kafirlərin qəlblərindəki qalın pərdələr və qulaqlarındakı ağırlıq, verilən cüzi iradə ilə onların zəlaləti seçməsi, təqlidə yuvarlanması, gözəl və doğru bir təfəkkürdən məhrum olması səbəbindəndir. Onlar qəlblərində meydana gələn küfr, üsyan və günahdan xoşlanar, iman və itaətə isə nifrət edərlər. Həmin səbəbdən onların qəlblərində həqiqət olmaz, qulaqlarına söz girməz, bəsirətli insanların duyduqları İlahi möcüzələrindən xəbərsiz olarlar. Qurani-Kərim kafirlərdə olan bu halı bəzən bir xasiyyət, bəzən ilahi bir damğa, aldatma, qəflətə salma, bəzən də sona çatdırma, möhürləmə və üsyan etdirmə kimi təqdim edir. Rəbb tərəfindən qəlbləri möhürlənən, qulaqlarına ağırlıq verilən kafirlərin həqiqəti bilmək, haqqı dinləyib eşitmək istedadları olmaz. Əlbətdə, bütün insanlarda olduğu kimi onlarda da yaradılışdan verilən qəlb vardır. Fəqət onlar fitratdan verilən bu qəlbi zay ediblər. Və nəticədə, vərdişlərinə çevrilən pis əməllərilə qəlblərini bağlayan ikinci təbiət qazanırlar. Sonradan qazanılan bu təbiəti, xasiyyəti də sözsüz ki, Allahu-Təalə yaradır. Həmin səbəbdən onlar qururlarından, istək və həvəslərindən, nəfslərinin xoşladığı şeylərdən başqa heç nəyə meyl göstərmirlər. Artıq küfr Rəbbin bəxş etdiyi səlim (doğru, dürüst) və salim (sağlam) qəlbi silinməsi mümkün olmayan qara ləkə ilə bağlamış və nəticədə qəlb Cəhənnəmi reallaşdıran ikinci təbiəti qazanır. Həmin qəlbin sahibləri qüdsi qəlb kimi bir neməti itirdiyi üçün nəinki Quran möcüzəsini oxuyub dərk etməzlər, hətta təkəbbürləri səbəbindən onu dinləmək belə istəməzlər. Bundan başqa onların gözlərinə bir pərdə də çəkilir. Bu zaman onlar şəhadət aləmində görünən hər şeyi - təbiət və kainatdakı zənginliyi və bu izdihamlı müxtəliflikdə insanın həqiqi rolunu görməzlər. Belələri zina, rüşvət, qətl, oğurluq və digər haramlara uyarlar. Məsələn, hər gün səmaya baxarlar, Günəşi görərlər, fəqət Günəşin nə üçün yaradıldığının fərqinə varmazlar. Nemətdən istifadə edərlər, lakin mahiyyətdən, bərəkətdən bixəbər olarlar. Və nəticədə həmin dəyərlərin Sahibinə etinasızlıq edərlər. Bir sözlə, haqq və həqiqəti dərk etmək, eşitmək üçün yaradılan o qəlbin bütün fəaliyyət və potensial imkanlarını heyvani nəfs boğduğu üçün onun bəsirəti bağlanır, möhürlənir. Belə binəsiblərin axirəti barədə Rəbbimiz buyurub: "Onlar Cəhənnəmdə fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək, o əməlləri yox ki, (dünyada) edirdik. (Onlara belə deyəcəyik:)" Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə (Allahın əzabı ilə) qorxudan Peyğəmbər də gəlmişdi. Dadın (Cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!" (fətir 37).

 

   Qəlbin möhürlənməsi Allahdan yox, bəndədəndir

 

   Bəs qəlb necə möhürlənir? Möhürləmək kitabı və zərfi bağlamaq, qabın üstünü örtmək, qapını qıfıllamaq anlamına uyğundur. İnsanların qəlbləri də belədir. Eşitmə orqanı olan qulaq da bir qapı kimidir. Xəbərləri onun vasitəsilə qəbul edirik. Qəlbin möhürlənməsi kitabın, zərfin bağlanmasına, qulağın möhürlənməsi ilə qapının qıfıllanmasına bənzər. Peyğəmbər(ə) bu mövzu barədə buyurub: "Günah ilk dəfə işlədildikdə qəlbdə qara bir nöqtə, ləkə olur. Bu qəlbin sahibi peşiman olub tövbə edərsə, qəlb yenə də parlayar. Əksinə, peşiman olmazsa, o ləkə artar və arta-arta elə həddə çatar ki, qəlb tamam ləkəli, qara olar. Və nəticədə bu ləkə qəlbi tam örtər". Rəbbimiz isə paslanmış qəlblər barədə belə buyurub: "Xeyr, (belə deyil)! Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. Xeyr, o gün (onlar) Rəbbinin mərhəmətindən məhrum olacaqlar!" (Mütəffifin 14, 15). Ayədən göründüyü kimi, günahlar çoxaldıqca qəlbləri suvaq kimi bağlayır. Və bu zaman təcili tədbir görülməzsə, Allah həmin qəlbləri möhürləyər.

   Əslində həmin qəlb mürəkkəb töküldükdən sonra silinməsi mümkün olan kağıza bənzər. Doğrudur, ağ kağızdan mürəkkəbin silinməsi iz buraxdığı kimi, sözsüz ki, tövbə edildikdən sonra da qəlbdə neqativ bir iz qalır. Lakin günahların çoxalması həmin kağızın bütün yerini qara edər və ağ kağız qara kağıza çevrilməklə ikinci təbiətini alar. Bu zaman qara ləkələrin silinməsi mümkün olmaz. Qəlb də belədir. Paslaşmış, kirlə örtülmüş qəlbdə nə iman kimi bir cövhər, nə də küfrdən qurtuluş olar. Əlbətdə, qəlbin möhürlə xətmi (bağlanması) bəndədən, onun yaradılması isə Allahdır. Lakin qəlbin möhürlənməsinin Allaha isnad edilməsi doğru deyil və burada cəbrilik, məcburiyyət yoxdur. Bəndənin qəlbi öz əməlinə görə möhürlənir. Yəni bəndə bunu öz istəyinə görə etdiyi üçün, Allah bunu yaradır. Zira Allahdan başqa yaradan yoxdur.

   Sözügedən ayə və hədis əxlaqda ehtiyat məsələsini çox gözəl anladır, əxlaq və dinin qiymətinin davamlılıqda olduğunu göstərir. Bu nöqtə tərbiyə məsələsinin sirridir. Şəriət baxımından bir günaha israr etməklə, isrardan imtinanın fərqi də bundadır. Elə haramı halal qəbul etməyin böyük günah, küfr olması da bununla əlaqəlidir. İman məsələsində pis vərdişin israrı kafirlər üçün ikinci təbiətdirsə, saleh əməl məsələsində bu israrlılıq möminlər üçün bir qaydadır. Yəni küfr edən küfrünə vərdiş edibsə, möminüçünsaleh əməlinə vərdiş etməsin...

 

   İnsan fitrata görə sorumludur

 

   Məlumdur ki, yaxşı işlər görmək vərdişi ilk yaradılışın tələbidir. Pis işlərə vərdiş isə ilk yaradılışa zidd olduğu üçün, o, fitrata zidd ikinci bir təbiətin, xasiyyətin məhsuludur. İnsanın dünya və axirətdəki qiyməti də bu vərdişə münasibətdən asılıdır.

   İlkin fitratda bəşərin iradəsi yoxdursa, sonrakı əməllərdə isə onun iradəsi mühümdür. Yəni bəndənin əməllərində İlahi cəbrilik yoxdur. Allahu-Təalə kafirlərə qəlb verməsəydi və ya möhürlü qəlb versəydi, o zaman cəbrilik olardı. Halbuki şərh olunan ayə belə buyurmur. Burada ikinci bir sual da meydana çıxır. Rəbbimiz kafirlərin iman etməyəcəyini bildiyi halda, nə üçün onları yenə də imanla mükəlləf edib? Allahın elminin əksinə heç bir şey olmayacağı halda, onların imanla təklifdə mükəlləf olması nə dərəcədə doğrudur? Cavab belədir: Bu təklif sonradan qazanılan ikinci təbiətə görə yox, ilkin fitrata görədir və onun üçün vacib bilinib. Çünki Allahu-Təalə Adəm(ə)-ni yaradarkən qiyamətə qədər olacaq nəsillərini onun belindən çıxarıb, onlara: "Mən sizin Rəbbiniz deyilənmi?" buyurub. Və onlardan da: "Bəli, Rəbbimizsən" cavabını alıb. Adəm(ə) və ondan törənən gələcək nəsillər də məhz "Bəli" dedikdən sonra mükəlləf (sorumlu, cavabdeh) olublar. Yeri gəlmişkən, Xaliq ilə xalq (Allahla bəndə) arasındakı bu əhdnamə, müqavilə, sual-cavab İslam aləmində "Ələstu birabbikum, Qalu bələ" əhdi-peyman məclisi adlanır.

   Beləliklə, Rəbbimiz yaratdığı bəşəri Yerdəki xəlifəsi etmək üçün səməvi kitablar, peyğəmbərlər göndərib. Haram və halalın sərhədlərini onlar vasitəsilə bildirib. Təbir caizsə, Rəbbimiz nazil etdiyi kitabların müəllifi, göndərdiyi peyğəmbərlər Onun bəşər üçün seçdiyi müəllimlər, yaratdığı Yer kürəsi isə auditoriyalar, siniflərdir. Kitabların Müəllifi məlum, müəllim məlum, auditoriya məlum. Bəndəyə düşən vəzifə isə bu fürsətdən istifadə edib iman, elm və saleh əməl vəhdətinə nail olmaqdır. Əks təqdirdə, bəndəni qəlbinin möhürlənməsi gözləyir... Bu həm də Rəbbə ünvanlanan : "Daş qəlbli insanları neylərdin, İlahi!" (M.Ə.Sabir, v.e. 1911) təəssüfünün açılışıdır.

 

 

Vaqif Cəliloğlu

 

Bakı xəbər.- 2011.- 3 oktyabr.- S. 15.