Ömrünün 43 ilini elmə fəda etmiş cəfakeş alim 70-i haqladı

 

   Kimya elmləri doktoru Məmmədbəyli Eldar Hüseynqulu oğlu

 

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-kimya Prosesləri İnstitutunun (NKPİ) baş elmi işçisi, kimya elmləri doktoru, "Optiki aktiv maddələrin sintezi və tədqiqi" qrupunun rəhbəri Məmmədbəyli Eldar Hüseynqulu oğlunun 2011-ci il yanvar ayının 22-də 70 yaşı tamam olur. O, 1941-ci ilin yanvar ayının 22-də Gədəbəy rayonunun Arısu kəndində anadan olub.

   1957-ci ildə Miskinli kənd orta məktəbini bitirib. 1965-ci ildə Azərbaycan Tibb İnstitutunun (indiki ATU) əczaçılıq fakültəsini bitirib. Təyinatla Gədəbəy rayonunda aptekdə əvvəlcə reseptar, sonra isə aptek müdiri işləyib.

   1967-ci ildə Azərbaycan SSR EA NKPİ-də istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub. Aspiranturanın axırıncı təhsil ilində (1970-ci il) EA Prezidiumunun qərarı ilə Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının (EA) Kimyəvi-Fizika İnstitutuna (KFİ) göndərilib. Aspiranturanı bitirdikdən sonra 1971-ci ildən NKPİ-nin Sumqayıt Filialında (sonradan Azərbaycan SSR EA Xlor-Üzvi Sintez İnstitutu) kiçik elmi işçi vəzifəsində işləyib. 1978-ci ildə SSRİ EA-nın Element-Üzvi Birləşmələr İnstitutunda (EÜBİ) namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 1983-cü ildə SSRİ EA-nın Preziudumunun qərarı ilə E.H.Məmmədbəyliyə "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi (indiki dosent) diplomu verilib. 1986-cı ildə Azərbaycan EA-nın Prezidiumunun qərarı ilə NKPİ-də böyük elmi işçi vəzifəsinə keçirilib. 2002-ci ildə NKPİ-də aparıcı elmi işçi vəzifəsinə seçilib.

   2004-cü ildə BDU nəzdindəki Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsini alıb. 2005-ci ildə onun doktorluq dissertasiya işinin xülasəsi ilin ən yaxşı işi kimi AAK-ın bülletenində çap olunub.

   E.H.Məmmədbəylinin elmi maraq dairəsi olduqca geniş və rəngarəngdir: Dils-Alder reaksiyası, asimmetrik sintez, optiki aktiv funksionaləvəzolunmuş alitskilik birləşmələr, fizioloji aktiv maddələr, azot və kükürd tərkibli birləşmələrin Manmix reaksiyası ilə sintezi, Azərbaycan neftlərinin, o cümlədən Naftalan neftinin optiki aktivliyinin tədqiqi, metalkomplekslərin, o cümlədən ferrosen və simantrenin müxtəlif törəmələrinin sintezi. O, uzun illər ərzində xiral katalizatorların iştirakı ilə aparılan asimmetrik sintez sahəsində geniş elmi tədqiqat işləri aparır. Təbii birləşmələr əsasında ekoloji təmiz üsulla yeni xiral katalizatorlar sintez edərək, alınan katalizatorları asimmetrik dien sintezində tətbiq edib. Onun rəhbərliyi və iştirakı ilə alitsiklik sırası yeni bioloji aktiv maddələr optiki fəal və fərdi stereo-izomerlər şəklində sintez edilib. Bu maddələrin bir çoxu yeni sintez olunmuş xiral katalizatorların iştirakı ilə aparılan Dies-Alder reaksiyaları vasitəsilə alınıb. Sintez olunmuş maddələrin bioloji aktivliklərinin quruluşlarından asılı olaraq dəyişməsinin tədqiqi də onun elmi maraq dairəsinə daxildir.

   İşlədiyi dövrdə 230-dan çox elmi əsərləri dərc olunub. Bunlardan 12-si SSRİ müəlliflik şəhadətnaməsi, 4-ü asimmetrik sintezə həsr olunmuş icmal məqalələridir.

   Son 5 ildə E.H. Məmmədbəylinin Rusiya EA-nın nüfuzlu jurnallarında 30 məqaləsi dərc olunub. O, bir çox beynəlxalq simpoziumların və konfransların iştirakçısıdır.

   Üzvi kimya elminin müasir variantlarından biri olan asimmetrik sintez sahəsində, xüsusən xiral katalizatorların iştirakı ilə aparılan asimmetrik reaksiyalar üzrə çalışan dünyanın bir çox görkəmli alimləri: yaponiyalı K.Koqa, amerikalı alimlər Q.B.Kaqan (Kimya üzrə Nobel mükafatı laureatı) və S.H.Rent, fransalı O.Riant, macarıstanlı N.Noqradi E.H.Məmmədbəylinin öz müəllimlərilə birgə apardığı elmi işləri yüksək qiymətləndirmiş, onun bu sahədə pionerlərdən biri olduğunu qəbul etmiş və öz əsərlərində istinad kimi göstərmişlər.

   E.H.Məmmədbəyli elmi əməkdaşlıq çərçivəsində Respublikanın bir çox elmi-tədqiqat və təhsil institutları ilə birgə elmi iş aparır. O, Azərbaycan Pedaqoji Universitetinin "Üzvi kimya və kimya texnologiyası kafedrasında" və bu kafedranın nəzdində olan "Yeni bioloji aktiv maddələr" elmi-tədqiqat laboratoriyasının əməkdaşları ilə birlikdə bioloji aktiv maddələrin sintezi və xassələrinin öyrənilməsi sahəsində, AMEA Kimya Problemləri İnstitutunun əməkdaşları ilə birlikdə isə yeni metal üzvi komplekslərin alınması sahəsində elmi-tədqiqat işlərinin aparılmasında rəhbərlik və iştirak edir. Bitirdiyi Azərbaycan Tibb Universtitetinin "Tibbi mikrobiologiya və immunologiya" kafedrasının və "Ümumi və toksikoloji kimya" kafedrasının əməkdaşları ilə sintez olunmuş yeni bioloji aktiv maddələrin antimikrob xassələrinin öyrənilməsi və bitkilərdən alınmış təbii birləşmələrin quruluşlarının müasir fiziki üsullarla təyin edilməsi sahəsində tədqiqat işlərinin aparılmasında iştirak edir.

   AMEA ilə Rusiya EA arasında 2005-ci ildə bağlanan elmi-texniki əməkdaşlıq Sazişinin tematik planına Məmmədbəylinin iki elmi işi daxil edilib. O, bu Saziş çərçivəsində AMEA NKPİ ilə REA-nın EÜBİ və KFİ arasında bağlanmış ikitərəfli elmi-texniki müqavilələrin koordinatoru və məsul icraçısıdır. Bu Saziş və müqavilələrə əsasən o, həmin institutlarla birlikdə asimmetrik sintez, alınmış maddələrin quruluşlarının müasir, yüksək həssaslı müasir cihazlar vasitəsilə öyrənilməsi, Azərbaycan neftlərinin, xüsusən Naftalan neftinin optiki aktivliyinin öyrənilməsi, Azərbaycan sənaye bitkilərinin mikrokapsulnlaşdırılması və sınaqdan keçirilməsi sahəsində birgə tədqiqat işləri aparır. Alınmış elmi nəticələr birgə nəşr olunur.

   Elmi işlərlə yanaşı, Eldar müəllim tələbələrin təhsilinə də vaxt və əmək sərf edir. O, Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsində "Biokimya" fənnini tədris etmişdir. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin buraxılış işlərinin müdafiəsi üzrə dövlət komissiyasının sədri olmuşdur.

   Məmmədbəyli E.H., elmi fəaliyyətindən əlavə, ictimai işlərlə də məşğul olur. 1999-cu ildən başlayaraq uzun müddət AR Səhiyyə Nazirliyinin əczaçılıq müəssisələrinə nəzarət edən daimi komissiyanın üzvü olub. 2000-ci ildə Ukrayna Respublikasında olan Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olub. Bir çox populyar və publisistik məqalələrin müəllifidir.

   Məmmədbəyli E.H. NKPİ-nin Elmi Şurasının və Seminar Şurasının üzvüdür. O, "Kimya problemləri" və "Azərbaycan Əczaçılıq və Farmakoterapiya" jurnallarının Redaksiya Şurasının üzvüdür.

   Hazırda NKPİ-də baş elmi işçi, qrup rəhbəri vəzifəsində işləyən Eldar müəllim ömrünün 43 ilini elmə həsr edib. O, 24 dekabr 2010-cu ildə AMEA-nın Prezidiumunun Fəxri Fərmanı ilə təltif edilib.

   İstedadlı alimimizi redaksiyamız adından təbrik edir, ona daha əlamətdar şəxsi həyat və elmi uğurlar arzulayırıq.

 

 

   Bakı xəbər.-2011.- 20-23 yanvar.- S.14.