"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

 

   Qaradağ - qocaman, müdrik Bakının, yosun saçlı Xəzərin yaşı əsrlərlə ölçülən övladı, qədim insanların ruhu dolaşan, xatirələri yaşayan yaşayış məkanı. Qaradağ-sinəsində tariximizin şanlı-şöhrətli çağlarının ahəngini, dodağında nəğməsini, ürəyində naləsini, gözlərində göz yaşını daşıyan yurd. Göylərindən karvan-karvan ulduzlar axıb, qucağından neçə-neçə dəvə karvanları keçib, hələ də onların zınqırovunun səsi dağlarının qulağından getməyib. Hələ də o nəğmənin sədası ilə yatıb-durur qayaların, əsən yelin, uçan quşun...

   Qaradağ rayonu Bakının ən iri yaşayış məntəqələrindən biridir. Belə demək mümkündürsə, bu rayonun ərazisində yerləşən, təbiət tərəfindən yaradılan maddi-mədəniyyət abidələrinə başqa rayonların ərazisində rast gəlinmir. Bu rayonun adı əvvəlcə Molotov olsa da, sonradan, yəni XX əsrin 50-ci illərindən Qaradağ adlandırılıb. Qaradağ daha çox sənaye rayonu kimi məşhurdur. Burada bir çox sənaye əhəmiyyətli zavod və müəssisələr yerləşir. Bununla yanaşı, Qaradağ rayonu öz mədəniyyət ocaqları, pir və və ziyarətgahları ilə də tanınır. Rayon ərazisində 1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət parkı, 1 dövlət qoruğu, 15 mədəniyyət və tarixi abidə mövcuddur. Onlardan 10-u yerli, 4-ü respublika, 1-i isə dünya əhəmiyyətlidir. Rayonda 10 məscid və 3 pir-ziyarətgah fəaliyyət göstərir. Qaradağ rayonunun mərkəzində - Lökbatanda Ə.C.Əmirov adına Mədəniyyət evi, Nizami adına kütləvi kitabxana fəaliyyət göstərir. Sahil qəsəbəsində qəsəbə kütləvi kitabxanası, Puta qəsəbəsində kütləvi kitabxana, Korgöz qəsəbəsində Mədəniyyət evi, Korgöz qəsəbəsi kütləvi kitabxana, Səngəçalda Mədəniyyət evi, Səngəçal qəsəbəsi kütləvi kitabxanası, Çeyildağ klubu, Çeyildağ qəsəbəsi kütləvi kitabxanası, Qobustan qəsəbəsində Dövlət Tarixi Bədii Qoruğu, Aşıq Rza adına Mədəniyyət evi, Qobustan qəsəbəsi kütləvi kitabxanası, Ələt qəsəbəsi kütləvi kitabxanası, Ələt qəsəbəsi uşaq kütləvi kitabxanası, Müşfiqabad Mədəniyyət evi, Müşfiqabad qəsəbəsi kütləvi kitabxanası Qaradağın qaynayan mədəni həyatından xəbər verir. Ana torpağın dili olsaydı, insanlar kimi danışmağı bacarsaydı tariximizdən nələr danışmazdı, nələr. Bəşəriyyətin ilk beşiklərindən biri olan qədim insan məskənidir Azərbaycan torpağı. İlk insanların izlərini saxlayıb yaddaşında dağlarımız, qayalarımız, daşlarımız. Qobustanda yurd salıb ocaq çatan babalarımız öz həyatını, məişətini, ovçuluq və musiqi-rəqs mədəniyyətini daşların canına hopdurub, həkk edib. Bəlkə də bəşər sivilizasiyası bərqərar olanda həyat elə Odlar yurdu Azərbaycandan-Qobustandan başlayıb? Kim bilir? Zəngin, tükənməz daş xəzinəmiz yerləşir Qobustanda. Yer kürəsində bənzəri yoxdur onun. Olsaydı, yəqin ki, dünyanın diqqətini çoxdan özünə cəlb etmişdi. Qaradağ rayonunun qucağından dünyaya günəş kimi saçan Qobustan öz gözəlliyi, qədimliyi, ruhunda, köksündə ulularımızın nişanələrini saxlayan bir ata ocağıdır. Tarixçi-arxeoloqların bildirdiyinə görə, Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadığı "Yallı" rəqsini xatırladır. Bu rəqs, vaxtilə qəbilənin estetik zövqünü təmin etməklə yanaşı, həm də birgə ov zamanı hədəfə hamılıqla bir anda zərbə endirmək və bununla da ovu sarsıtmaq vərdişlərinin yaranmasına kömək edirdi... Alimlərin qənaətinə görə, Böyükdaş və Cingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Alimlərə görə, oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu - "Qavaldaş"ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi.

   Zaman-zaman insanlara öz qoynunda sığınacaq verən, onların taleyinə şahidlik edən Qobustan elm aləminə bəlli olmazdan əvvəl köçəri baba-nənələrimizin mal-davarını saxlamaq üçün istifadə etdiyi qışlaq yeri olub. Bu yer keçən əsrin 30-cu illərinin sonlarına qədər yalnız sadə camaata məlum idi. Amma arxeoloqlarımız, geniş ictimaiyyət dünyada analoqu olmayan Qobustan qayaüstü rəsmlərindən, buradakı çoxsaylı mağaralardan, qədim insan məskənindən, başlıcası isə əfsanəvi "Qavaldaş"dan xəbərsiz idi. Araşdırmamız zamanı məlum oldu ki, oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından professor İshaq Cəfərzadə 1940-cı illərdə aşkara çıxarıb. Professor Cəfərzadənin burada unikal bir xəzinə yatdığını müəyyən etməsi nəinki Azərbaycanda, hətta bütün SSRİ məkanında böyük elmi hadisə kimi qarşılandı. Lakin 1941-ci ildə İkinci Dünya Müharibəsinin başlanması İ.Cəfərzadə və onun rəhbərliyi altında Qobustanda arxeoloji qazıntılar aparan tədqiqatçıların işini yarımçıq qoyub. Altı illik fasilədən sonra 1947-ci ildə ərazidə arxeoloji qazıntılar davam etdirilib. İ.Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulu ilə çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar - petroqliflər qeydə almağa müvəffəq olub. 20 qayaaltı sığınacaq aşkarlayıb. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanır. Bunlar ov və əmək alətləri, məişət əşyaları və digərləridir. Daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanıb. "Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası kimi, arxeoloji materiallar və ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünya miqyasına malikdir. Azərbaycan xalqının teatr incəsənəti və incəsənətin başqa növləri öz başlanğıcını məhz Qobustan abidələr kolleksiyasından götürür.

   Onu da qeyd edək ki, İ.Cəfərzadənin rəhbərliyi altında Cəfərqulu Rüstəmov və onun həyat yoldaşı Firuzə Muradovanın apardığı axtarışlar və arxeoloji qazıntılar nəticəsində çoxlu rəsmlər, yaşayış məskənləri və maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb. Böyükdaş dağındakı "Ana zağa" yaşayış məskənində aşkara çıxarılmış üç mədəni təbəqədən iki alt təbəqə bilavasitə daş dövrünə aiddir. Qobustan adının mənşəyi barədə yekdil fikir yoxdur. Onun anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləyib. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Bu qənaəti bölüşən tədqiqatçıların fikirinə görə, Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir: "Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii qarışıqlıq aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin ardıcıl olaraq yaratdığı dağıntıların nəticəsidir. Qobustan adının da mənşəyini məhz bu təbii şəraitlə izah etməyə çalışırlar. Qobustanın adı "Qobu" sözündən götürüldüyü üçün bura qobular və yarğanlar diyarı sayılır. Ən hündür zirvə 1047 m-dir. Burada əsasən yarımsəhra landşaftı hökm sürür. Qobustanın dağlarında ən qədim rəsmlər mezozoy erasına aid olduğu sayılır, ancaq burada bu eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan mədəniyyətin beşiklərindən biri sayılır. Qobustan Dövlət tarixi-bədii qoruğu - açıq səma altında muzeydir". Bu fikirlər Qobustanla bağlı tədqiqat məqalələrindən birində öz əksini tapıb.

   Yaddaş üçün bildirək ki, Qobustan qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1951-ci ildə təşkil olunub və 1972-ci ildə qədim tayfa adından götürülən qəsəbənin Duvannı adı dəyişdirilərək Qobustan qoyulub. Qobustan qəsəbəsinin ərazisində isə eramızdan əvvəl II minillikdə - "Daş dövründə" məskunlaşan qədim insanların qayaüstü rəsmlərini əks etdirən dünya əhəmiyyətli Dövlət Tarixi Bədii Qoruğu yerləşir. Qobustanın unikal, özünəməxsus landşaftını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Sovetinin 503 saylı qərarı ilə 1966-cı ilin 9 sentyabrında Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan edilib. 2007-ci ildə isə Qoruq Azərbaycan miqyasından çıxaraq bütün bəşəriyyətin mədəni irsinə çevrilib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və müraciəti əsasında YUNESKO-nun Mədəni İrs Siyahısına salınıb. Bu, mədəni irsimizin dünyaya tanıdılmasında mühüm addım olub. Maraqlıdır ki, Azərbaycanımızın dünya mədəniyyətinə bəxş etdiyi Qobustan abidəsi hətta Dünya Mədəni İrs Komitəsinin sədrini Qobustan möcüzəsilə tanış olana qədər heç bir mədəniyyət abidəsi barədə dilə gətirmədiyi bir həqiqəti etiraf etməyə sövq edib: "Qobustan dünya mədəni irs siyahısının incisidir". Qobustan Milli Tarixi Bədii Qoruğuna mütamadi olaraq dövlət qayğısı göstərilir. 2007-ci il iyunun 11-də Azərbaycan respublikası prezidenti İlham Əliyev "Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" Sərəncam imzalayıb. Digər bir sərəncamı isə dövlət başçısı keçən ilin mart ayında verib. Bu sərəncam "Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında" idi. Qobustan Milli Tarix-Bədii Qoruğundakı unikal qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət başçısı muzeyin yeni binasının tikintisi üçün 2 milyon manat vəsait ayırdı. Dövlətin qayğısı sayəsində qoruq-muzeyin çox möhtəşəm inzibati binası tikilərək istifadəyə verildi. 2011-ci ilin 26 dekabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan muzeyinin açılışında iştirak edib.

   Binanın açılışında dövlət başçısı və xanımı muzeyin tikintisini və hazırkı vəziyyətini, Qobustan Tarix-Mədəniyyət və Landşaft Qoruğunun şəhərsalma layihəsini, eləcə də muzey və inzibati binanın ərazidə yerləşmə planını əks etdirən fotostendlərlə tanış olub. Mədəniyyət tariximiz, milli dəyərlərimizə, milli irsimizə dövlət səviyyəsində böyük hörmət və ehtiramın əlamətidir bu hadisə. Məlumatlara görə, Mədəniyyət və Turizm Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti də Qobustan Milli Tarix-Bədii Qoruğuna böyük qayğı və diqqət göstərir. Artıq bütün dünya bilir ki, Azərbaycan deyilən məmləkətin Qaradağ adlı bir rayonu var. Bu rayonun ərazisi isə bəşəriyyət mövcud olandan var. Bu gün Qaradağ Qobustan Muzeyinin, eləcə də digər görməli yerlərin məskəni kimi xarici turistlərin diqqətini özünə cəlb edir. Azərbaycan xalqı xoşbəxtdir-çünki onu dünyada layiqincə təmsil edən Qobustanı var. Qobustan isə Qaradağın bətnindən doğulan canlı bir tarixdir. Xalqımızın qayım qədimliyini Yer kürəsinə sübut edir bu tarix... Qarşıdan bu ilin may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi gəlir. Bu yarışmada iştirakçı seyrçi kimi iştirak etmək üçün dünyanın bir çox ölkələrindən paytaxtımıza qonaqlar gələcək. Təbii ki, bu qonaqların əksəriyyəti Bakı Bakıətrafı qəsəbələri, tarix-mədəniyyət abidələrini, gəzməli görməli yerləri gəzəcək. Onlar Qaradağ rayonu ərazində yerləşən mədəniyyət ocaqlarını da ziyarət edəcək. Dünyada analoqu olmayan Qobustanın da turistlərin böyük heyranlıqla heyrət işində gəzib seyr etdiyi məkanlardan biri olacağına heç şübhəmiz yoxdur.

 

 

  İradə SARIYEVA

 

  Bakı xəbər.- 2012.- 19 aprel.-S.12.