Azərbaycan diasporunun tarixi: təşəkkülü və formalaşması

 

   Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətin ən ümdə vəzifələrindən biri də xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vətənmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub.

   Bu məqsədlə dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili məsələsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

 

   Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmasının səbəbi

 

   Əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlrını müdafiə etməkdən ibarətdir. Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideya və məfkurəsi Heydər Əliyevin "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbycan xalqına müraciət"ində öz konseptual ifadəsini tapdı. Onun 2001-ci il mayın 23-də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin təmin olunması, Azərbaycan icma, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında fərmanı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə xidmət etdi. Elə həmin ilin noyabrın 9 və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ölkə tarixinə böyük bir ictimai-siyasi prosesin başlanğıcı kimi daxil oldu. Qurultayda 36 xarici ölkədə yaşayan həmvətənlərimizin 200-dən artıq təşkilatının 406 nümayəndəsi və 63 qonağı iştirak etdi. Azərbaycan Respublikası isə 130-dan çox dövlət və QHT-dən, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu. Qurultayda Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması və fəaliyyətinin koordinasiya edilməsi üçün xüsusi bir dövlət orqanının yaradılması ideysını irəli sürdü. Və çox keçmədən Prezident 2002-ci il 5 iyul tarixli "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərmanı imzaladı. 2002-ci il dekabrın 27-də "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət siyasəti haqında" Qanun isə, Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması və bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyən etdi.

 

   Komitənin gördüyü işlər

 

   Qurum "Xaricdə Yaşayan Azərbaycanlarla İş üzrə Dövlət Komitəsi" kimi fəaliyyət göstərdiyi 7 il ərzində xarici ölkələrdə yaşayan Azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanması, yaşadığı ölkələrdə onların hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmiş, ayrı-ayrı qurumların bir təşkilatda birləşməsinə nail olmuşdur. Komitə bu dövr ərzində: 1) Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransını keçirmiş (17 aprel 2004-ci il), Konqresin nizamnaməsi qəbul edilib və rəhbər orqanlar seçilmişdir; 2) Türkiyə Respublikasının İskəndərun şəhərində bu ölkədə fəaliyyət göstərən 18 Azərbaycan icma və birliklərini birləşdirən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransını keçirmiş (28 may 2004-ci il); 3) Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransını keçirib (aprel 2005-ci il); 4) 2004-ci il oktyabr ayında Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Ümumrusiya Azərbaycan Konqresinin II Qurultayını keçirib; 5) 2005-ci ildə YAK idarə Heyəti Dnepropetrovskda toplantısını keçirib.

   2006-ci il martın 16-da isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakıda Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. 2007-ci il noyabrın 17-19-da yenə də dövlət başçısının təşəbbüsü ilə ilk dəfə Türkiyədə yox, Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçirildi. Qurultayda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Cumhurbaşqanı Mehmet Əli Tələb və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin iştirakı sözsüz ki, tədbirin mötəbərliyini daha da artırdı. 2008-ci il martın 27-də Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının Berlində keçirilən iclasında Komitə sədri Nazim İbrahimovun "Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu" mövzusunda məruzəsi böyük marağa səbəb oldu. İclas qərara aldı ki, Koordinasiya şurasının 9 nəfərdən ibarət idarə heyəti, katibliyi yaradılsın və bu struktur Avropa dövlətlərinin birində fəaliyyət göstərsin.

 

   Diasporla İş üzrə Dövlət Komitəsi hansı zərurətdən yaradıldı?

 

   Ölkə prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması isə, respublikanın ictimai-siyasi-mədəni həyatında mühüm hadisə oldu. Çünki qloballaşan dünyanın reallıqları, xalqlar arasında gedən inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdi. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlmişdi. Beləliklə, Azərbaycan Respublikası Prezidenti tərəfindən əsasnamə və strukturu 2009-cu ilin may ayında təsdiqlənən Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş statuslu - xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsi, onlarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin koordinasiyasını təmin edən mərkəzi icra hakimiyyət orqanına çevrildi.

   Əsasnaməyə görə, Komitənin əsas vəzifələri bunlardır: 1) Xaricdə yaşayan soydaşlarımıza, onların yaratdığı qurumlara, KİV-lərə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətənlərilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək üçün hər cür təşkilatı, informasiya, maddi-mənəvi yardım etmək; 2) Ölkəmizdə demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi və ictimai-siyasi-mədəni inkişaf haqqında həmvətənlərimizi və digər xalqları məlumatlandırmaq; 3) dünya azərbaycanlılarının mənəvi birlik və həmrəyliyinə yönələn ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onları vətəndaşlarımız və xaricdə yaşayan soydaşlarımız arasında təbliğ etmək; 4) Xaricdə yaşayan azərbaycanlıların mədəniyyət, incəsənət mərkəzlərinə və s. yaradıcı kollektivlərə dövlət orqanları ilə birgə yardım göstərmək; 5) Xaricdəki həmvətənlərimizi Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar prosesinə cəlb etmək; 6) Xarici ölkələrdə diasporumuzun formalaşmasına yardım etmək və Azərbaycanın haqq işini, o cümlədən Qarabağ probleminin mahiyyətini dünyaya çatdırmaq; 7) Respublika və dünya əhəmiyyətli tədbirlərdə xaricdə yaşayan azərbaycanlıların və dost diasporların iştirakını təmin etmək, nəticələri işıqlandırmaq və dövlətimizə, milli birliyimizə, azərbaycançılıq məfkurəsinə xidmət edən mühüm işlər görmək və s. i.

 

   Görülən işlər

 

   Yeni Komitə 2008-ci il dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarının əlaqələndirmə Şurası üzvlərinin iştirakı ilə "Azərbaycan-Şərqin dünyaya açılan qapısı" mövzusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş tədbir keçirmişdir. 2009-cu il martın 7-də isə Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) II qurultayı oldu və 12 nəfərdən ibarət BAK idarə heyətinin üzvləri seçildi. Diasporla uğurlu işini davam etdirən Komitə 2009-cu il aprelin 14-də Frankfurtda Avropa Azərbaycanları Konqresinin (AAK) III qurultayını keçirib. Quruma 11 diaspor təşkilatı üzv qəbul və AAK-nın strukturunda dəyişikliklər edildi. 2009-cu il mayın 30-da Toronto şəhərində keçirilmiş "Kanada Azərbaycan Təşkilatlar Assambleyası"-nın I qurultayında 2 təşkilat quruma üzv seçilmiş və Assambleyaya daxil olan diaspor təşkilatlarının sayı 12 olmuşdur.

   Bu gün mühacirlər ölkəsi olan ABŞ-da artıq güclü diasporamız var. Dövlət Komitəsinin gördüyü işlər nəticəsində bu ölkədə Amerika-Azərbaycan Gənclər təşkilatı, Nyu-Yorkdə bir neçə diaspor təşkilatı, Koliforniyada Amerika-Azərbaycan Cəmiyyəti fəaliyyət göstərir. Ümumiyyətlə, ABŞ və Kanadada bu gün 50 diaspor təşkilatı azərbaycançılıq ideyasını, dilimizi, dinimizi, mədəniyyətimizi inkişaf etdirir, Azərbaycanın haqq işini yaşadığı ştatlarda ictimaiyyətə çatdırır. 2009-cu il iyun ayında Almaniya Bundestağı bu ölkənin parlamentinin tarixində ilk dəfə olaraq "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi" adlı qətnamə qəbul etdi. 2009-cu ildə baş verən mühüm hadisələrdən biri də Ulyanovek şəhərindəki mərkəzi meydanlardan birinə Heydər Əliyevin adının verilməsi oldu. Ulyanovskadakı 78 nömrəli orta məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyi açıldı. Komitənin 2009-cu ildə keçirmiş tədbirlərindən biri də, Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısıdır. Toplantıda diaspor təşkilatları birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu və bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiklərini bəyan etdilər.

   Avropada yaşayan azərbaycanlı xanımları daha da fəallaşdırmaq, qadın təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə, Komitə 2009-cu ilin noyabrında Avropadakı Azərbaycanlı Qadın Təşkilatı Birliyinin təşəbbüs qrupunu yaratdı. Həmin ildə Komitə yeni internet saytını istifadəyə verdi. 2010-cu ildə isə "Azərbaycan diasporuna dövlət qayğısı" adlı Azərbaycan dövlətinin diasporun inkişafına göstərdiyi qayğıdan bəhs edən 3 kitab nəşr edildi.

   2010-cu ilin uğurları sırasında Çexiyanın Lidiçe küçələrindən birinə Xocalı, Xocalıdakı küçələrindən birinə isə Lidiçe adının verilməsi, hər iki şəhərin faciəsinin dünya ictimaiyyətinə çatdırılması olub. Həmin ildə İsrailin Təl-Əviv şəhərində "KİV və regional münaqişələr" mövzusunda beynəlxalq konfrans və Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu, Marneuli şəhərində isə Gürcüstan azərbaycanlı gənclərinin I qurultayı keçirilib. İsveçdə də azərbaycanlı gənclər bir araya gələrək yeni təşkilatı - "İsveçin gənc azərbaycanlıları" yaratmışlar. 2011-ci ildə Bakı şəhərində Dünya Azərbaycanlı Gənclərin I Qurultayının keçirilməsini isə Diasporla İş üzrə Dövlət Komitəsinin perspektli kadr siyasətinin davamı, diasporumuzun gələcək inkişafının mühüm amili kimi qiymətləndirmək olar. Ümumiyyətlə, bu gün dünyanın əksər ölkəsində 370-dən çox Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanması prosesi artan templə davam edir. Əslində bu müqəddəs işin alternativi də yoxdur. Çünki, Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti, milli maraqlarımız və dövlətçiliyimizə sadiqliyimiz bəzi dövlət və qurumları hələ də çox narahat edir. Artıq anti - Azərbaycan kampaniyasının başında məkrli erməni lobbisinin durması heç kimdə şübhə oyatmır. Ermənistanın bir dövlət olaraq ölkəmizə təsir imkanlarının zəif olmasını nəzərə alan bu lobbi həm real, həm də virtual məkanda bütün çirkin vasitələrdən istifadə edir. Ölkəmizə qarşı müxtəlif ideoloji təxribatlar trans-milli blok, təşkilatlar, hətta bəzi dövlətlər tərəfindən də törədilir. Bunu son vaxtlar ABŞ və Almaniya KİV-lərində çap olunan qərəzli məqalələr də sübut edir. Qeyd edək ki, diasporla işin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi həm də bu zərurətdən doğub. Və aparılan qısa təhlillər də göstərir ki, bu sahədə görülən iş Dövlət Komitəsi tərəfindən uğurla davam etdirilir. Şübhə etmirik ki, Azərbaycan Respublikasının diaspor siyasətini həyata keçirən bu mərkəzi icra hakimiyyəti orqanı keçən illərdə olduğu kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsində də öz layiqli töhvələrini verəcək.

 

 

Vaqif Cəliloğlu

 

Bakı xəbər.- 2012.- 25 aprel.- S. 12.