Qarabağ: sülhün sonu, müharibənin başlanğıcı...

 

 Bu il Ermənistan - Azərbaycan münaqişəsində atəşkəs elan olunmasından 18 il ötdü. Ötən bu müddətdə münaqişə tərəfləri arasında aparılan sülh danışıqları heç bir nəticə verməyib. Təhlillər göstərir ki, işğalçı Ermənistan üçün danışıqlarda iştirakın əsas məqsədi münaqişənin nizamlanması prosesini mümkün qədər uzatmaqdan və beynəlxalq ictimaiyyətin nəzərində görüntü yaratmaqdan ibarətdir.

   Acınacaqlı haldır ki, beynəlxalq birliyin, konkret olaraq nizamlanma prosesində iştirak edən böyük dövlətlərin münaqişə ilə bağlı mövqeləri ədalət və obyektivlik meyarlarından uzaqdır. Belə ki, işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoyulmadan onlara təklif olunur ki, qarşılıqlı güzəştlər hesabına münaqişənin nizamlanmasında özləri razılığa gəlsinlər. Ermənistana belə yanaşma sərf edir, çünki onun işğalçılıq siyasətini mühakimə edən yoxdur. Bütün bunlar beynəlxalq siyasətdə ikili standartların nə dərəcədə böyük rol oynadığına şübhə yeri qoymur.

   Vasitəçi dövlətlər münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasını nizamlanma prosesinin əsas şərtlərindən biri kimi irəli sürürlər. Ancaq belə mürəkkəb münaqişələrdə ilk növbədə beynəlxalq vasitəçilərə etimadın olması mühüm amildir. Belə bir etimadın olmaması və ya ona xələl gətirilməsi münaqişənin çözümünə mənfi təsir göstərə bilər. Ona görə də vasitəçi dövlətlər sülh missiyasını öz üzərinə götürürsə, onlara etimadın qorunub saxlanmasında maraqlı olmalıdır. Ancaq son illər beynəlxalq münasibətlər müstəvisində elə hadisələr baş verir ki, böyük dövlətlərin regionaletnik münaqişələrin həllinə sabitləşdirici töhfə verə biləcəyinə ümidlər azalmaq üzrədir. Ümumilikdə götürdükdə dünyada indiyə qədər mövcud olan münaqişə ocaqlarında köklü heç bir dəyişiklik baş verməyib, yəni münaqişəyə gətirib çıxarmış problemlər aradan qaldırılmayıb. Əksinə, yeni münaqişə ocaqları yaranmaqdadır və siyasi, iqtisadi, etnikdini zəmində ziddiyyətlər daha da dərinləşib. Qeyd olunan ziddiyyətlərin nizamlanmasına dair vahid konsepsiya mövcud deyil. Böyük dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində belə bir konsepsiyanın hazırlanması istiqamətində real və səmərəli əməkdaşlıq etdiyi görünmür.

   Regionaletnik münaqişələrin nizamlanmasında presedent amilini təhlil etdikdə yenə də böyük dövlətlərin ziddiyyətli addımlarının doğurduğu fəsadları üzə çıxarmış olarıq. Məsələn, Kosovaya müstəqillik verilməsini dəstəkləyən aparıcı Qərb dövlətləri bu presedentin etnik seperatizm meyllərinin güclənməsinə təkan verdiyini proqnozlaşdırmalı idilər. Əgər bu proqnozlaşdırılırdısa, onda yenə də ikili standartlar məsələsi ortaya çıxır. Kosovada yerli əhaliyə qarşı etnik təmizləmə aparılması və genosid faktları üzrə Beynəlxalq Tribunal keçirilsə də, Dağlıq Qarabağda azərbaycanlılara qarşı bu kimi cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən siyasi - hüquqi qiymət verilməsi təmin olunmayıb.

   Kipr probleminin həll olunması istiqamətində bir neçə il öncə təklif olunan Annan planında adada iki icmalı vahid dövlətin qurulması və inkişaf etdirilməsi tədbirləri öz əksini tapmışdı. Bu planın müzakirəsi üzrə keçirilmiş referendumda yunan icması onu rədd etdi, türk icması isə lehinə səs verdi. Ancaq türk icmasının bu xoşməramlı addımı beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilmədi. Sonda Kiprin yalnız yunan icmasını təmsil edən dövlət Avropa Birliyinə üzv qəbul olundu. Türk icmasını təmsil edən dövlət isə belə bir inteqrasiyadan kənarda qaldı. Əgər referendumun belə nəticəsinə görə Kiprin Avropa Birliyinə üzvlüyü məsələsi təxirə salınsaydı, bu, problemin nizamlanmasında yeni mərhələnin başlanğıcı olardı. Göründüyü kimi, ikili standartlar adekvat addımların atılmasına ciddi mane olur. Beynəlxalq birlik Kipr üçün vahid dövlət modeli irəli sürdüyü halda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vaxtilə təklif olunan model - ümumi dövlət prinsipi ölkəmizin unitar dövlət quruluşuna ziddir. Həmçinin bu model etnik qrupa verilə biləcək hər hansı bir muxtariyyət statusundan üstün olan formadır. ATƏT-in Minsk Qrupu tərəfindən münaqişə tərəflərinə təklif olunan bu model haqlı olaraq bir neçə il bundan öncə ölkəmizin rədd cavabı verməsi ilə danışıqların gündəliyindən çıxarıldı.

   2001-ci ildə Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv qəbul olundu. Hər iki dövlət Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasına dair Avropa Şurası qarşısında öhdəlik götürüb. Ermənistanın bir işğalçı dövlət olaraq Avropa Şurasına üzv qəbul olunması bu təşkilatın tarixində görünməmiş hadisə idi. Bu da beynəlxalq təşkilatların fəaliyyətində ikili standartların mövcudluğunu sübut edən ciddi faktdır. Onu da xüsusi vurğulamaq istəyirəm ki, məhz Avropa Şurasının münaqişə ilə bağlı qəbul etdiyi siyasi sənəddə sülh danışıqlarının nəticəsi olmayacağı təqdirdə tərəflərin Beynəlxalq Məhkəməyə müraciət etməsi barədə tövsiyə öz əksini tapıb. Bundan belə nəticə çıxarmaq olar ki, Ermənistan münaqişənin dinc yolla həll olunmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, onun Avropa Şurasından xaric ediləcəyini gözləmək əbəsdir.

   Regionaletnik münaqişələrin beynəlxalq təşkilatların iştirakı ilə nizamlanması mexanizmlərinə aydınlıq gətirsək, ortada qeyri-müəyyənliyin olduğu qənaətinə gəlirsən. Çünki fəaliyyət gündəliyinə regionaletnik münaqişələrin həlli məsələlərini daxil edən aidiyyəti beynəlxalq təşkilatlar bununla bağlı diskusiyaların, tədqiqatların, monitorinqlərin aparılmasına, model və prinsiplərin işlənib hazırlanmasına dair zəngin təcrübə toplasalar da, sistemli nizamlanma mexanizmləri yaradılmayıb. Əslində reallıqda böyük dövlətlərin təsir dairəsində olan beynəlxalq təşkilatların regionaletnik münaqişələrin nizamlanmasında imkanları məhduddur.

   1993-cü ildə Azərbaycanın işğal olunmuş rayonları ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası bir neçə qətnamə qəbul edib. Ancaq bu qətnamələrin yerinə yetirilməsi məsələsi qaldırıldıqda BMT rəhbərliyi bunun icra mexanizminin olmadığına diqqəti yönəldib. Burada səbəb icra mexanizmi deyil, bu məsələ BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlətlərin iradəsinə bağlıdır. Onların geosiyasi maraqları tələb etdikdə icra mexanizmi də tapılır və müvafiq addımlar da atılır.

   Hazırda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində iştirak edən ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti haqlı olaraq ciddi iradlar doğurur. ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması ilə bağlı indiyədək ictimaiyyət üçün açıqlanan təklifləri arasında yalnız mərhələli həll variantını bir sıra ekspertlər praqmatik variant olaraq qiymətləndirib. Ancaq istər bu variant olsun, istərsə də digər təkliflərdə Dağlıq Qarabağın statusuna mübahisəli ərazi formasında yanaşılır. Halbuki, ölkəmizin ərazi bütövlüyü və sərhədləri beynəlxalq miqyasda tanınıb. ATƏT-in Minsk Qrupu da ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Son illər aparılan danışıqlarda Dağlıq Qarabağın statusunun referenduma çıxarılması məsələsi qoyulub. Bu da mübahisəli ərazi yanaşmasını qabartmağa yönəldilib. Ölkəmiz bu məsələdə prinsipial mövqeyini dəfələrlə bildirib. Belə ki, yalnız erməni icmasının statusa dair referendumda iştirak etməsi və bunun nəticələrinə uyğun qərar qəbul olunması ölkəmizin Konstitusiyasına, habelə beynəlxalq hüquq normalarına ziddir. Belə bir referendumun nəticələri qabaqcadan bəllidir. Ermənilər Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusunun forması ilə bağlı deyil, bu bölgənin müstəqilliyinə dair referendum keçirilməsini istəyir.

   Bütün bu reallıqlar dinc nizamlanma prosesinin, bütövlükdə sülh danışıqlarının gələcəyinə dair suallar doğurur. İstər ölkə daxilində, istərsə də xaricdə bəzi ekspertlər münaqişə bölgəsində gərginliyin artacağını və döyüşlərin başlanacağını proqnozlaşdırır. Əslində atəşkəs rejimi olmasına baxmayaraq, təmas xəttində sakitlik heç zaman uzun çəkməyib, daim gərginlik yaşanıb, səngərlərdə müharibə davam edib. ATƏT-in müşahidəçilərinin təmas xəttində müntəzəm olaraq apardığı monitorinqlər atəşkəsin pozulması hallarının qarşısını almayıb. Atəşkəsin dəfələrlə pozulması nəticəsində çoxlu sayda hərbçimizlə yanaşı, təmas xəttinin yaxınlığında yaşayan neçə-neçə dinc vətəndaşımız həlak olub. ATƏT-in Minsk Qrupu tərəfindən münaqişə tərəflərinə təmas xəttindən snayperlərin çıxarılması təklif olunub. Guya snayperlərin çıxarılması atəşkəsin pozulması hallarını azaldacaq. Atəşkəsin pozulması işğalçı erməni hərbi qüvvələrinin aqressiv davranışından irəli gəlir. Bu hərbi qüvvələr işğal etdiyi ərazilərdə talan, vandalizm, hər cür vəhşilik əməlini törədib və törətməkdədir. ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdə olarkən bütün bunlar barədə informasiya əldə etmək imkanı qazanıb. Bu missiyaya o da bəlli olub ki, ermənilər ölkəmizin işğal olunmuş ərazilərində məskunlaşma aparırlar. Faktaraşdırıcı missiyanın fəaliyyətinin nəticəsi nə oldu? Belə ki, missiyanın aşkarladığı faktlar əsasında ATƏT tərəfindən konkret tədbirlər görülmədi. Ermənilər onlara heç bir beynəlxalq təzyiqin olmamasından daha da aqressivləşir. İndionlar Dağlıq Qarabağın münaqişə nəticəsində qapalı olan hava məkanında aviasiya uçuşlarını bərpa etmək istəyirlər. Münaqişə bölgəsində mülki aviasiya fəaliyyətinin birtərəfli qaydada həyata keçirilməsi həm bu sahədə mövcud qaydalarla, həm də reallıqla uzlaşmır. Həmçinin ölkəmizin hava məkanında razılaşdırılmamış aviasiya uçuşlarının həyata keçirilməsi yolverilməzdir. Xankəndi hava limanına eniş edəcək və uçuş qalxacaq təyyarələr dövrə vurmaq üçün yaxınlıqdakı təmas xətti üzərindəki hava məkanından da keçməlidir. Ermənilər bununla təxribat törətmək məqsədi güdürlər.

   Beləliklə, münaqişənin nizamlanması perspektivlərini nəzərdən keçirdikdə ölkəmizin siyasi-diplomatik aktivliyi ilə yanaşı, hərbi güc göstərməsi faktoru da xüsusi əhəmiyyət kəsb edir. Bizim hərbi və itisadi potensialımız son illər xeyli artıb. Bu proses davam etməkdədir. Azərbaycan zabitinin və əsgərinin mənəvi-psixoloji hazırlığında üstünlüyü danılmazdır. Mübariz İbrahimov kimi qəhrəman oğullar yetişdirə bilən xalq hərb meydanında qalib olmağa qadirdir. Müharibə həmişə hər bir millət üçün çox ağır sınaqdır. Belə bir deyimvar: sülh istəyirsənsə, müharibəyə hazır ol. Biz öz haqqımız, torpaqlarımız uğrunda müharibə aparıb qalib olmalıyıq. Müharibədə güclü olan qalib gəlir və qalibləri heç zaman mühakimə etmirlər.

 

 

  Yalçın QAYA

 

  Bakı Xəbər.- 2012.- 28 avqust.- S.10.