Türkiyə-Azərbaycan: dünyada analoqu olmayan qardaşlıq

 

  Hələ uşaq ikən nağılları çox sevirdim, amma unudulmayan ən şirin, ən kövrək uşaqlıq nağıllarım Səninlə bağlı olub, mənim nağıllı Türkiyəm! Sənə vurğunluğumu, Sənə sevgimi, Sənə dualarımı, ruhumun daim Səninlə olmasını, qəlbimin Səninlə döyünməsini yaşa dolduqca daha da böyütmüşəm göz-bəbəyim, canımın içi Türkiyəm! Əllərinin hərarətini uzaqdan-uzağa hiss eləmişəm kürəyimdə. Sənə olan SEVGİMİ həsrətinlə yaşadıram...

   Dünya yaranandan bəri müxtəlif dövrlərdə məkrli siyasətləri, çirkin niyyətləri üzə çıxan bəzi xalqlar, dövlətlər, imperiyalar və onların başçıları Türkün qüvvəsi, fiziki böyüklüyü, zəhmi qarşısında acizləşmiş, öz qınına çəkilməyə məcbur olmuşlar...

   Hələ 1918-ci ildə bolşevik-daşnak Stepan Şaumyanın başçılığı ilə əksəriyyəti erməni daşnaklarından ibarət dəstə Bakıda ağlasığmaz qətliamlar, qırğınlar törətdiyi vaxtlarda Nuru Paşanın başçılığı ilə Gəncəyə gələn Osmanlı Ordusu öz qardaş köməyini bizdən əsirgəməmişdir. Bu günə kimi yaddaşlarımızda iz salan həmin hadisə, həm də xalqımızın planlı şəkildə məhv edilməsinin qarşısını almışdır... 71 il sovet əsarətində qalan xalqımız gərgin və davamlı mübarizədən sonra 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Bu dəfə yaranmış siyasi vəziyyətdən istifadə edən nankor qonşularımız - ermənilər Dağlıq Qarabağ bölgəsində və onun ətrafında yaşayan dinc əhaliyə qarşı müharibəyə başladı və qanlı cinayətlər, terrorlar, təcavüzlər törədərək, yuxarıda qeyd etdiyimiz ermənipərəst qüvvələrin köməyi sayəsində torpaqlarımızın 20 faizini işğal etdi. Həmin illərdə Azərbaycan çox çətin bir durumla üzləşmişdi. 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıtması ölkəmizi daha böyük faciələrdən xilas etdi. Və eyni zamanda, Heydər Əliyev kimi böyük şəxsiyyətin yenidən Azərbaycana rəhbərliyi sayəsində Azərbaycan-Türkiyə münasibətlərinin bərpasında yeni körpülər salınmağa başlandı.Tarixin ağır dönəmlərindən alnıaçıq çıxan hər iki qardaş yenidən dirçəldi, bir-birinə qaynayıb qarışdı, bərabərləşdi, bütövləşdi. Blokadada qalan Naxçıvan ərzaq və enerji ilə təmin edildi. Azərbaycana siyasi dayaq gündəmə gəldi. Təbii ki, bütün bunlar da tarixin yetişdirdiyi böyük şəxsiyyətlərin sayəsində baş verdi.

   Belə ki, Türkiyə Cumhuriyyətinin yaradıcısı, dahi şəxsiyyət, bu günə kimi hər bir türk övladının qəlbində yaşayan Mustafa Kamal Atatürkün tarixdə ən böyük xidmətlərindən biri də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin əsasının qoyulmasını Türkiyə xarici siyasətinin əsas xəttinə çevirməsidir. Müstəqil Türkiyənin qüvvətlənməsi üçün Azərbaycanın da müstəqilliyinin və qüvvətlənməsinin vacib olduğunu və eyni kökə bağlılığını əsas götürən Mustafa Kamal Atatürk demişdir: "Bir zaman parçalanacaq imperiyanın idarəçiliyində olan dili bir, dini bir, mahiyyəti bir olan qardaşlarımızla əlaqələrimizi möhkəmləndirməliyik. Çünki Türk millətinin xarakteri yüksəkdir. Türk milləti çalışqandır, zəkidir. Türk milləti milli birliyi və bərabərliyi ilə yenilməzdir".

   Ötən əsrin əvvəllərində milli lider Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulmuş Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı həmin əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən yüksək şəkildə davam etdirilmişdir. Beləliklə, müstəqil Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Türkiyə-Azərbaycan dövlətlərarası münasibətlərinin əsasını qoymuşdursa, müstəqil Azərbaycan qurucusu Heydər Əliyev də Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərini "bir millətin iki dövləti" səviyyəsinə qaldırmışdır.

   2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda yaradılan Atatürk Mərkəzi Atatürk irsinin Azərbaycanda tanıdılmasında önəmli rolun ifadəsidir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Biz bir ailənin üzvləriyik. Bizim tariximiz münasibətlərimizin bugünkü və gələcək inkişafı üçün əsas şərtdir. Bu böyük, möhkəm təməldir. Bizi birləşdirən tarix, mədəniyyət, din, dil, siyasi maraqlar - bütün bu amillər nadir vəziyyət yaradır. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada analoqu olmayan münasibətdir. Bu münasibətlər nəinki ölkələrimizi gücləndirir, eyni zamanda, bölgədə və dünyada gedən proseslərə də müsbət təsir göstərir."

   Bu gün iki xalqın şəhidlərinin Bakıda Şəhidlər Xiyabanında yan-yana uyuması, hər il ölkələrimizdə dövlət səviyyəsində Şəhidlərin anım günlərinin birgə qeyd olunması, Türk Şəhidliyində Azərbaycan və Türkiyənin dövlət himnlərin səsləndirilməsi, şəhidlərin xatirəsi yad edilərək bu şərəfli missiyanın gənclərə aşılanması qardaşlığımızın bariz nümunəsidir.

   Son illərdə iki qardaş ölkə arasında imzalanan bir çox müqavilə və sazişlər, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi naminə Türkiyənin qətiyyətli mövqeyi, beynəlxalq təşkilatlarda sözünü çəkinmədən deməsi, təbii ki, başqa xalqların heç birinin bir-birinə belə doğma münasibətlərinin olmamasını ortaya qoyur.

   Elə bunun nəticəsidir ki, 2010-cu il avqust ayında İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gül tərəfindən "Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilənin imzalanması Azərbaycan-Türkiyə qardaşlığına xor baxan qüvvələrə verilmiş növbəti siyasi mesaj kimi başa düşüldü.

   Təbii ki, bunlardan başqa, Türkiyə və Azərbaycan arasında Bakı-Tiflis-Ceyhan, bunun ardınca "Şahdəniz" layihəsi çox vacib bir bağlantıdan xəbər verir. Dəmir İpək Yolu adlandırdığımız tarixi ipək yolu ilə bağlı sərmayənin qoyulması və bütün bunlarla bərabər Naxçıvanla Qarsı, İğdırı birləşdirən avtomobil yolları aramızdakı könül bağlantılarından başqa, eyni zamanda, fiziki olaraq geniş imkanları da əhatə edir.

   R.T.Ərdoğanın Türkiyənin Dağlıq Qarabağ və onun ətrafında olan rayonlar işğaldan azad edilməyincə Ermənistanla sərhədləri açmayacağını rəsmən bəyan etməsindən qıcıqlanan bəzi Qərb dövlətləri hələ də rəsmi Ankaraya müəyyən təzyiqlər göstərsə də, indiyə kimi Türkiyə belə təzyiqlərə davam gətirmək gücündə olduğunu nümayiş etdirir.

   Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyanatlarında vurğuladığı "Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etmədə davam edəcəyik. Nə zaman ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını qeyd-şərtsiz boşaldacaq, biz də o zaman sərhədlərin açılmasına şərait yaradacağıq. Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan Ermənistanla sərhədlərin açılması mümkünsüzdür. Türkiyə böyük dövlətdir və belə təzyiqlərin heç bir nəticəsi olmayacaq" - kimi fikirləri də ölkəmizə olan doğma münasibətdən qaynaqlanır.

   İldən-ilə Türkiyə - Azərbaycan dövlət rəsmilərinin keçirdiyi görüşlərdə bir çox uğurlu layihələrə imza atılır. Səfirliklərimiz arasında müəyyən problemlərin aradan qaldırılması üçün bir çox ideyalar planlı şəkildə həyata keçirilir. İqtisadi, siyasi sahədə irəliləyiş əldə edən iki ölkə bir-birinə daha çox yaxınlaşır, doğmalaşır və bu qarşılıqlı əməkdaşlıq şəraitində digər sahələrdə - tibb, təhsil və digər böyük əhəmiyyət kəsb edən layihələr çərçivəsində də geniş üfüqlərə yol açır. Bu da hər bir türk və Azərbaycan vətəndaşını qəlbən sevindirir.

   Azərbaycan-Türkiyə münsibətləri ötən illərdə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası vasitəsilə daha mühüm zirvəyə yüksəlmişdir. Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq real, funksional hədəfləri bəlli olan, strukturlaşmaya geniş yer verən bir modelə çevrilmişdir. Bu müqavilə Türkiyə və Azərbaycan arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq, silah yardımı, sənaye qurumlarının əməkdaşlığını da şərtləndirir.Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı müqavilə buna hüquqi baza yaratmışdır.

   Ötən illərdə Heydər Əliyev adına Peşə Təhsil Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulamışdır: "Petkim" layihəsi Azərbaycanın tarixində ən böyük sərmayə qoyuluşu layihəsidir. Böyük maliyyə mənbəyi tələb edən layihə Azərbaycan tərəfindən həyata keçirilməyib. Bu layihə Türkiyədə həyata keçirilir, çünki bu bizim doğma vətənimizdir. Bu gün dünya xəritəsində Türkiyə kimi böyük bir güc var. Dünyada ikinci belə ölkə yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-birinə bu qədər bağlı olsunlar".

   2011-ci ildə Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi müzakirəyə çıxarılanda Türkiyəyə qarşı ədalətsiz mövqenin əleyhinə çıxan Azərbaycanın ilk gündən dost və qardaş ölkə ilə birlik və həmrəyliyini rəsmi qaydada bildirməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə dəstək məsələsində Fransa Senatının qərarının tək Türkiyəyə deyil, həm də Azərbaycana və bütövlükdə türk dünyasına qarşı yönəldiyini vurğulaması dünya dövlətlərinin də diqqət mərkəzində olmuşdur.

   Türkiyənin nüfuzlu "Zaman" qəzeti isə Azərbaycandakı səfirliyinin iki ölkə arasında münasibətlərin qurulmasının 20 illiyi ilə bağlı tədbir və mərasimdə azərbaycanlı millət vəkillərinin səsləndirdiyi bəyanatları əks etdirən geniş məqalə və Hulusi Kılıcın iki ölkə arasında diplomatik münasibətlərin yüksək səviyyədə olması və "Biz iki əkiz qardaşlarıq" bəyanatını dərc etməsi artıq bu qardaşlığın arasında olan münasibətləri heç kimin poza bilməyəcəyindən xəbər verməsi, eyni zamanda dəfələrlə sınaqlardan çıxmış Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bariz nümunəsi kimi düşmənlərə sərt mesaj idi.

   Sürətlə inkişaf edən Azərbaycanın Türkiyənin də üzv olduğu BMT-nin Ali Orqanına - Təhlükəsizlik Şurasına üzv seçilməsi hər iki dövlətin dünyadakı nüfuzundan qaynaqlanır. Bütün sahələrdə birgə uğurlu nailiyyətlər əldə edən ölkələrimizin inkişafı mədəniyyətdə də özünü büruzə verir. Ötən il "Eurovision" mahnı müsabiqəsində qazandığımız qələbə və bu nüfuzlu yarışmanın bu il Bakıda keçirilməsi də məhz Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq səviyyəli uğurları sırasındadır. 2011-ci ildə Azərbaycanın 1-ci, qaliblərimizin iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın bayraqlarını Qərb tribunasında birgə dalğalandırması, iki il öncə isə 3-cü yerə çıxması, ondan da bir qədər öncə Türkiyənin 1-ci yerə çıxması bir daha sübut edir ki, türk insanı tamamilə yad dildə, yad formatda, yad mədəniyyət hadisəsində belə qısa zaman kəsiyində öncül ola bilir. Bu bir tərəfdən xalqlarımızın istedadını göstərirsə, digər tərəfdən də Türkün bəşər mədəniyyətinin zirvəsinə, İlahi məqama can atmasını, əzmini, axtarış ehtirasını yeni, müasir çalarlarla əks etdirməsinin təzahürüdür...

   Türk dünyasının ümumdünya miqyasında tanınmasının digər uğurlarıyla yanaşı, ədəbiyyatla bağlılığını Ümummilli lider Heydər Əliyev hələ 1996-cı il 6 noyabr tarixində - Türk Dünyası Yazıçılarının III Qurultayındakı nitqində ifadə etmişdir: "Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bügünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır.

   ...Türk dünyası ədəbiyyatına ekskurs edəndə də gözlərimiz önünə ilk gələn Mövlana Cəlaləddin Rumi, Kaşğarlı Mahmud, Əhməd Yasəvi, Yunus Ərəm, Əlişir Nəvai, Şeyx Nizami Gəncəvi, Şeyx Füzuli...gəlir.

   Türkçülüyümüzün maarifdə, ədəbiyyatşünaslıqda, dil və əlifba islahatında ilk şəxsiyyətləri Azərbaycandan Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu... onların ardınca gələn yeni klassiklər və digər ədiblər dilimizin zənginləşdirilməsi, qorunması və yaşadılması üçün ziddiyyətli və eyni zamanda da şərəfli yol keçməsini nümayiş etdirir. Bu bir tərəfdən bizim mənəviyyatımızı, mədəniyyətimizi, ədəbiyyatımızı bir-birindən ayırmaq, parçalamaq, minilliyin inkişaf strategiyasının qarşısını almaq cəhdləri çox güclü olsa da, digər tərəfdən də yaranmış ictimai-siyasi vəziyyət və xalqlarımızın cürbəcür imkanlardan lazımınca istifadə edib dünya mədəniyyəti ilə inteqrasiyası nəticəsində ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı daha böyük mənada əks olunur.

   Ölkələrimizdə yaranan diaspor və səfirliklərin apardığı işlərin uğurlu nəticələri iki qardaşın tükənməz gücündən xəbər verir. Eyni zamanda, Türkiyə və Azərbaycan diasporlarının vahid mövqedən çıxış etməsi hər iki dövlətin mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verir.

   Azərbaycan və Türkiyənin nüfuzlu media qurumları arasında Media birliyi ideyası Bakıda - "Azərbaycan və Türkiyə mediası: bənzərliklər və fərqliliklər" mövzusunda keçirilən disskusiyalar, tədbirlər, daha sonra Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunun yaradılması Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, ortaq tarix, dil, milli mənsubiyyət və mədəniyyətə əsaslanan mənfəətlərin və mədəniyyətlərin daha da inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində uğurlu addımların atılması, Türkdilli Ölkələrin və Toplumların ikinci Media Forumunun yüksək status qazanması dövlətimizin Türk birliyinin gerçəkləşməsinə verdiyi önəmin bariz nümunəsidir.

 

 

"Vətən səsi" qəzetinin əməkdaşı

 

Yazı Türkiyə səfirliyi və Mətbuat Şurasının "Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 

 

Tahirə ALLAHVERDİYEVA

 

Bakı xəbər.- 2012.- 9-10 may.- S.12.