Dövlət antinarkomaniya tədbirləri gənclərin mənəvi saflaşmasında aparıcı rola malikdir

 

   Gəncliyin mənəviyyatına, sağlamlığına, müstəqil düşünmə qabiliyyətinə zərər vuran, cəmiyyət üçün yararlı olmasını əngəlləyən vasitələrdən biri narkotikdən istifadədir. Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəklərini qara kölgə altında qoyur.

   Azərbaycan dövləti, onun müvafiq qurumları, xüsusən də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi bu neqativ hala qarşı davamlı mübarizə aparır. Bu qurumun səyi nəticəsində bu sahədə xeyli iş aparılıb, bu gün də aparılmaqdadır. Narkomaniya elə bir bəladır ki, onun qarşısını bir neçə qurumun köməyi ilə almaq mümkün deyil. Bu işə ictimaiyyət, nazirlik və QHT-lər də yardım göstərməlidir. Bu zərurəti nəzərə alan qurumlar, bir neçə ildir ki, narkotik maddələrdən istifadəyə, onun satışı və yayılmasına qarşı mübarizə aparır, maarifləndirici tədbirlər həyata keçirir. Aprel ayının birinci ongünlüyündə Səhiyyə və Təhsil nazirlikləri bir araya gələrək "Narkotiklərə YOX deyək!" devizi altında kampaniyaya başlayıb. Kampaniyanın keçirilməsində məqsəd gəncləri narkomaniyanın zərəri barədə məlumatlandırmaq və onların sağlam həyat tərzini formalaşdırmaqdır. Həmin yığıncaqda səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədəki narkomanların sayı ilə bağlı qorxulu rəqəm açıqlayıb. O deyib ki, ölkədə narkomanların sayı ildən-ilə artır və hər il təxminən 100 nəfər təşkil edir. Hətta nazir müavini "Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Onların sayı Respublika Narkoloji Dispanserin dediyi kimi 4 yox, daha çoxdur və bu da Səhiyyə Nazirliyini narahat edir" - deyə bildirən E.Ağayev məktəbi, valideynləri, ictimaiyyəti bu halla mübarizəyə çağırıb. Nazir müavini deyib ki, bu işə valideynlər, cəmiyyət cəlb olunmalı, xüsusən də gənclər, yeniyetmələr aralarında təbliğatı genişləndirməlidir: "Narkotik və psixotrop maddələrin qanunsuz istifadəsi hallarına qarşı mübarizədə hər bir kəs, o cümlədən valideynlər, şagirdlər də aktiv olmalıdır. Səhiyyə Nazirliyinin Təhsil Nazirliyi ilə birgə apardığı "Narkotiklərə YOX deyək!" adlı kampaniyaya gənclərin kömək olacağına ümid edirəm. Gənclər öz aralarında müəyyən vaxtlarda internet və digər vasitələrdən istifadə edir, müxtəlif növ ünsiyyət saxlayırlar. Təbii ki, bu təbliğat kampaniyasında şagirdlər də bir-birini düzgün yola cəlb edəcək".

   Həmin tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev də çıxış edib. Onun sözlərinə görə, yeniyetmələr arasında uyuşdurucu maddələrdən istifadə halları artıb: "Onlar daha çox, yapışqan, aseton, apteklərdə satılan bəzi reseptsiz dərmanlardan istifadə edirlər. Bunun qarşısını almaq üçün yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılması vacibdir ki, onları bu yola sürükləyənlərə "yox" deyə bilsinlər".

   Narkotiklərlə mübarizədə fəal olan, bi sahədə maarifləndirici tədbirlər həyata keçirən ali təhsil müəssisələri də çoxdur. Azərbaycan Müəllimlər İnstitutu da bu sırada dayanır. Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il - "Uşaq ili" çərçivəsində "Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib. Üç il bundan əvvəl baş tutan bu konfransda narkomaniya ilə mübarizə sahəsində görülməli olan işlərə toxunulub.

   Həmin konfransda bildirilib ki, bu məsələyə ali məktəblərin böyük köməyi dəyə bilər. Bu mənada ki, ali məktəb tələbələri hazırda qlobal bəlaya çevrilən narkomaniyanın geniş yayılmasının qarşısını öz təbliğatları ilə ala bilər. Mövcud problemə qarşı mübarizə aparılması işində təhsil müəssisələrinin rolunu önə çəkən natiqlər gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların digər zərərli vərdişlərdən xilas olması üçün müxtəlif elmi-kütləvi tədbirlərə cəlb edilməsinin, ali məktəblərdə də bu istiqamətdə müvafiq iş aparılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, Konfransda yeniyetmə və gənclər arasında narkotik maddələrə, narkotiklərə qarşı kütləvi təbliğat işinin aparılması və orta məktəblərdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin təsir gücünün artırılması yollarından söhbət açılıb, konkret təkliflər irəli sürülüb. Bu mübarizəyə. dövlət qurumları ilə yanaşı, QHT-lər də dəstək verir. Belə ki, 2010-cu ildə "İRƏLİ" Hüquq Mərkəzi "Hüquq Məktəbi" layihəsinin bir sayını narkotiklə mübarizəyə həsr edib. Bu mövzuda "Hüquq Məktəbi"ndə baş tutan dərsdə narkotikdən istifadənin zərərli tərəfləri, onun gənclərə vurduğu mənəvi, psixoloji zərbə barədə danışılıb. Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin rəhbəri, "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin Azərbaycan üzrə meneceri Məzahir Əfəndiyev gənclərə öz məsləhətlərini verib. "Azərbaycanda narkotik maddələrin qanunsuz istifadəsi ilə mübarizədə təbliğat və bu sahədə beynəlxalq əməkdaşlıq" adı altında təşkil edilən tədbirdə "İRƏLİ" Hüquq Mərkəzinin rəhbəri Emil Cəfərli və ekspert Məzahir Əfəndiyev narkotik maddələrin anlayışı, insan üzərindəki mənfi təsiri və törətdiyi ciddi fəsadlar haqqında gənclərlə tərbiyəvi söhbətlər aparıb. M.Əfəndiyev narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizədə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquq-mühafizə orqanlarının öhdəsinə ciddi işlərin düşdüyünü və Respublikamızın hüquq-mühafizə orqanlarının bu sahədə olan müvəffəqiyyətlərini qeyd edib. Eyni zamanda, ekspert gəncləri narkotik maddələrdən uzaq durmağa və onları "narkotik bataqlığına" çəkmək istəyənlərlə mənəvi mübarizə aparmağa çağırdı. Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının və Qlobal Fondun maliyyə dəstəyi ilə "Gənclər sağlam həyat uğrunda" layihəsinə başlayıb. Sumqayıt şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici, eləcə də profilaktik tədbirlərin gücləndirilməsidir. Mərkəzin proqramlar üzrə meneceri Samir Quliyevin verdiyi məlumata əsasən, layihənin ictimai əhəmiyyətliliyini nəzərə alaraq növbəti ildə Sumqayıt şəhərində narkotik istifadəçisi olan və artıq istifadəçisi olmuş gənclər üçün asudə vaxtın səmərəli təşkili mərkəzinin yaradılması nəzərdə tutulub. Yaradılması planlaşdırılan mərkəz vasitəsilə həmin gənclərin peşə bacarıqlarının artırılmasına, müxtəlif təlimlər keçməsinə, informasiya kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələrinə kömək göstəriləcək. Azərbaycanda gənclərin mənəvi və fiziki sağlamlığını, dəyərlərimizə bağlı olmasını, vətənpərvər olmasını təbliğ edən Gənc Vətənpərvərlər Birliyi (GVB) də gənclərin narkomaniyadan xilas olmasını təbliğ edən konfrans keçirib. Söhbət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Narkotiklərdən əl çəkək" devizi altında gənclərin iştirakı ilə regionlarda avtoturun təşkili və idman tədbirlərinin həyata keçirilməsi layihəsindən gedir. Əslində Bakı şəhərindəki 10 nömrəli orta məktəbdə "Uşaq cinayətkarlığına və narkomaniyaya qarşı mübarizə" mövzusunda elmi-nəzəri praktik konfrans keçirən GVB təmsilçiləri bildirib ki, milli -mənəvi dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycanı ciddi narahat edir və ona qarşı dövlət səviyyəsində mübarizə aparılır.

   Mətbuatın yazdığına görə, tədbirdə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədilə məktəblərdə maarifləndirmə işlərinin aparılması, bununla bağlı gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımi proqram və layihələrin televiziyalar tərəfindən geniş təbliğ olunmalı olduğu qeyd edilib. Həkim-psixoloq Sevinc Bağırova həmin yığıncaqda bildirib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir: "Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin, narkomanın ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fiziki və psixiki çatışmazlıqlarla dünyaya gəlir".

   Natiqlərin sözlərinə görə, milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirməsində, milli dəyərlərimizin, sağlam həyat, sağlam ailə, mədəni irsimizin təbliğində gənclərin fəaliyyəti daha çox fayda verə bilər. Əlbəttə ki, narkotik asılılığı olmayan, sağlam ruha və sağlam bədənə sahib bir gənc öz vətəni, milli kökü və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində daha çox düşünə bilər. Təşkilatların gördüyü işlər saysız-hesabsızdır. Aparılan maarifləndirmə işləri haqda müəyyən məlumatları sizə xatırlatdıq. Əksər sahələrdə "narkotikə yox" devizi altında kampaniyalar keçirilsə də, hələ musiqi aləmindən bu təşəbbüsə qoşulanlar elə də nəzərə çarpmır. Rəssamlar, yazıçılar, jurnalistlər, fotoqraflar bu mübarizədə fəallıq göstərir. Amma şou-biznesdən bu kampaniyaya dəstək verənlər çox azdır. Ekspertlərin bildirdiyinə görə, narkotik maddələrə aludə olan bəzi gənclər özlərini bəzi narkotik istifadəçisi olan gənc şou-biznesçilərə bənzətmək istəyir. Bunun ziyanlı tendensiya olduğunu deyən ekspertlər bildirir ki, dövlət, əlaqədar qurumlar, QHT-lər, ictimaiyyət narkomaniyaya "rədd ol" deyir, amma bəzi şou müğənniləri, repçilər narkotiki təbliğ edir. Onlar deyir ki, Azərbaycan şou-biznesində repçilərdən Hüseyn Dərya, Elşad Xose, müğənnilərdən Samir Bağırov və başqalarının narkotikdən istifadə etməsi gənclərin tərbiyəsinə mənfi təsir edir.

   Qeyd edək ki, adları çəkilən hər üç şou-biznesçi mətbuata artıq narkotikdən əl çəkdiyini, müalicə alaraq yeni həyata qədəm qoyduğunu bildirib. İnternet saytlarından birində belə bir məlumata rast gəldik ki, kütləvi olmasa da, bəzi müğənnilər, Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə "Mən narkotikə son qoydum! Bəs sən?" devizi altında keçirilən Konsert -Aksiyada iştirak edib. Konsertdə millət vəkilləri, narkotiklərlə mübarizə aparan dövlət qurumlarının nümayəndələri, QHT nümayəndələri, Beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Aksiyada narkotik istifadəsinin insana gətirdiyi bəlalarla bağlı maarifləndirici məlumatlar və eləcə də bu problemin zərərinin aradan qaldırılmasına dair ölkədə həyata keçirilən tədbirlərlə bağlı məlumatlar səsləndirilib.

 

 

  İradə SARIYEVA

 

  Bakı xəbər.- 2012.- 14 may.- S. 12.