Yazıçı-publisist Yunus Oğuz Biləsuvarda oxucuları ilə möhtəşəm görüş keçirdi

 

  Son illərdə qələmə aldığı bir sıra tarixi roman və əsərləri ilə təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda geniş oxucu kütləsi qazanan yazıçı-publisist Yunus Oğuz yaradıcılığına maraq getdikcə artmaqdadır. Cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə formalaşmaqda olan gənc nəslin Yunus Oğuz yaradıcılığına olan marağı ona daha yeni-yeni əsərlər, tarixi romanlar, kitablar qələmə almaq üçün stimul verir.

   Yunus Oğuz yaradıcılığında diqqət çəkən müsbət məqamlardan biri də ondan ibarətdir ki, yazıçı qələmə aldığı tarixi romanların ictimai müzakirəsi, həmin əsərlərə cəmiyyətin münasibətinin necə olduğuna maraq göstərir, müəllifi olduğu əsərlərə oxucuların müsbət və mənfi dəyərləndirmələrini bilavasitə onlarla yaxından təmasda olmaqla öyrənməyə üstünlük verir. Burada bir məqamı da vurğulamaq yerinə düşər ki, bu kimi ictimai müzakirələr, oxucu kütləsi ilə canlı ünsiyyətdə olmaq Yunus Oğuz üçün nə qədər əhəmiyyətlidirsə, öz növbəsində oxucular üçün də yazıçı ilə görüşmək, ona istədikləri sualı ünvanlamaq bir o qədər maraqlıdır. Elə bu məqsədlədir ki, müntəzəm olaraq yazıçı-publisist Yunus Oğuzun müxtəlif regionlarda oxucuları ilə görüşləri keçirilir. Məhz qarşı tərəfin istək və arzusu ilə keçirilən həmin görüşlərdə Yunus Oğuz öz oxucuları ilə canlı ünsiyyətdə olur, onları maraqlandıran sulları cavablandırır. Belə görüşlərdən növbətisi bu günlərdə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Lisey-Məktəb Kompleksində baş tutub. Adı çəkilən təhsil ocağının təşəbbüsü ilə keçirilən görüş əsasən Yunus Oğuzun "Nadir şah" tarixi romanının təqdimatı və müzakirəsinə həsr olunub. Görüşdən əvvəl Yunus Oğuz liseyin müəllim-tələbə heyəti ilə birlikdə təhsil ocağının həyətində milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Lisey-məktəb kompleksi barədə qonaqlara məlumat verən təhsil müəssisəsinin direktor müavini Hüseyn Mirzəyev 3 ilə yaxın fəaliyyət göstərən Liseydə 130-a yaxın şagirdin təhsil aldığını diqqətə çatdırıb.

   Hüseyn Mirzəyev Yunus Oğuzla görüşün təhsil müəssisəsinin həyata keçirdiyi "110 kitab" adlı layihə əsasında baş tutduğunu diqqətə çatdırıb. O, Liseydə cari tədris mövsümündə həyata keçirilən "110 kitab" layihəsi barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, sözügedən layihəni həyata keçirməkdə məqsəd şagirdlərdə oxu mədəniyyətini formalaşdırmaq və onların kitaba olan marağını artırmaqdır. Layihə çərçivəsində təhsil müəssisəsində bir neçə yazıçı ilə görüşlərin keçirildiyini, eyni zamanda əsər və romanların müzakirəsinin təşkil olunduğunu deyən Hüseyn Mirzəyev yeni tədris ilində layihənin yenidən davam etdiriləcəyini və valideynlərin də layihəyə cəlb olunacağını deyib: "Bu gün layihə çərçivəsində başa vurmaqda olduğumuz tədris ili üçün sonuncu görüşümüzü bir çox tarixi romanlar müəllifi yazıçı-publisist Yunus Oğuzla keçiririk. Açığını deyim ki, bu gün bizim üçün sevindirici bir gündür. Çünki Yunuz Oğuz yaradıcılığında əsas diqqət gənclərin türkçülük, millətçilik, ən əsası turançılıq ideyaları əsasında yetişməsinə önəm verilir. Açığını deyim ki, Yunus Oğuz yaradıcılığına xüsusi diqqət yetirirəm və qələmə aldığı hər bir tarixi romanı sevə-sevə oxuyuram. Mənim müəyyən mənada formalaşmağımda Yunus Oğuz yaradıcılığının da təsiri olub". Liseyin ədəbiyyat kafedrasının rəhbəri Rövşən Adıyev layihə barədə, eləcə də bu çərçivədə keçirilən görüşlər haqqında qonaqlara geniş məlumat verib. Bildirib ki, "110" kitab layihəsi təkcə Biləsuvar deyil, eləcə də rayonun yerləşdiyi region üçün örnək bir layihədir. Rövşən Adıyev gənclərin bədii ədəbiyyata, ümumiyyətlə kitaba marağının artırılması üçün digər təhsil müəssisələrində anoloji layihələrin həyata keçirilməsini arzu edib. Tarix kafedrasının rəhbəri Müşfiq Dadaşov Yunus Oğuz yaradıcılığı nəticəsində tarixi şəxsiyyətlərin olduğu kimi cəmiyyətə tanıdığını, onlar barədə formalaşmış mənfi fikirlərin aradan qalxdığını söyləyib. Bildirib ki, məhz Yunus Oğuzun qələmə aldığı tarixi romanlar vasitəsilə cəmiyyət öz tarixi qəhrəmanlarını tanıyır və sevməyə başlayır. O, Yunus Oğuz yaradıcılığı sayəsində cəmiyyətin doğru-düzgün tarixi faktlarla məlumatlandırıldığını deyib. Müşfiq Dadaşovun sözlərinə görə, Yunus Oğuzun qələmə aldığı "Attila" "Nadir şah", "Təhmasib şah" kimi əsərləri ilə tarixi şəxsiyyətlər tarixdə öz layiqli yerini tutmuş olur.

 

   Əmir Teymur Azərbaycan tarixində layiqli yerini aldı

 

   Liseyin tarix müəllimi Ziya Mirzəyev Azərbaycanda tarixi roman janrının əsasının Məmməd Səid Ordubadi tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Sonrakı illərdə bir sıra yazıçılar vasitəsilə bu janrın təkmilləşdirildiyini deyən Ziya Mirzəyev XX əsrin sonu, XXI əsrin əvvəllərində bu janrın böhran dövrünə qədəm qoyduğunu deyib: "Bu janrın təzədən dirçəldilməsi, itirilmiş nüfuzunun qaytarılması görkəmli ictimai-siyasi xadim, yazıçı Yunus Oğuzun adı ilə əlaqədardır. 2008-ci ildə Yunus Oğuzun "Nadir şah" romanı işıq üzü gördü. Nadir şaha əvvəllər də Azərbaycan tarixi roman janrında müraciətlər olmuşdu. Ancaq Yunus Oğuz ilk Azərbaycan yazıçısı idi ki, Nadir şahı mənsub olduğu xalqın hökmdarı kimi təqdim etdi. Yazıçıların əksəriyyətinin əsərlərində Nadir şah azərbaycançılıqdan kənar, İran hökmdarı kimi təqdim olunurdu. Ancaq Yunus Oğuz bu fikri aradan qaldırdı və Nadir şahın Azərbaycan hökmdarı olduğunu cəmiyyətə çatdırdı". Çıxışında yazıçının "Təhmasib şah" romanına da toxunan Ziya Mirzəyev qeyd edib ki, bu əsərin yazılması da öz-özlüyündə Azərbaycan tarixində, tarixi roman janrında bir yenilik idi. Onun sözlərinə görə, Azərbaycan tarixçiləri, ayrı-ayrı yazıçılar bir qayda olaraq Şah İsmayıl Xətainin həyat və yaradıcılığına müraciət edib. Ancaq Təhmasib şah dahi atasının kölgəsində qalmış və tarixin qaranlıq səhifəsinə çevrilmişdi: "Əslində Təhmasib şah da böyük şəxsiyyət olub. 53 il hökmdar olan bu şəxs atasının ona miras qoyduğu dövləti daha da genişləndirmiş və vahid Azərbaycan dövlətinin qurucusu olmuşdu". Natiq bildirib ki, Yunus Oğuzun yaradıcılığında Təhmasib şah ikinci dəfə Azərbaycan ictimaiyyəti, xalqına məhz Azərbaycan hökmdarı kimi təqdim olunub. 2011-2012-ci illərdə Yunus Oğuzun Əmir Teymurla bağlı romanlarının çap edildiyini deyən Ziya Mirzəyev adı çəkilən tarixi şəxsiyyət barədə bir neçə tarixi romanda məlumat verildiyini, ancaq həmin romanlarda Əmir Teymurun əsasən qəsbkar, işğalçı kimi qələmə verildiyini söyləyib: "Ancaq Yunus Oğzu yaradıcılığında ilk dəfə olaraq Əmir Teymur Azərbaycan tarixində öz layiqli yerini, dünyanın fatehi olduğu qiymətini aldı". Çıxışının sonunda ortaq türk tarixinin yaradılması zərurətinə də toxunan Ziya Mirzəyev deyib ki, XXI əsr türk əsri olduğu üçün tarix boyu 38 dövlət, 15 böyük imperiya qurmuş türk xalqlarının ortaq tarixinin yaradılması təqdirəlayiqdir: "Həmçinin türk xalqlarının ortaq tarixi, mədəniyyətinə baxış zəruriliyi var. Bu tarix təzədən yazılmalı və heç olmasa türk xalqlarının özünə olduğu kimi çatdırılmalıdır". Liseyin tarix kafedrasının müəllimi Natiq Cavadov da çıxışında Yunus Oğuz yaradıcılığında tarixi şəxsiyyətlərə verilən layiqli qiymətdən söz açıb. Bildirib ki, məhz Yunus Oğuzun qələmə aldığı tarixi romanlar nəticəsində xalq öz qəhrəmanlarını tanımağa başlayıb. Natiq Cavadov onu da qeyd edib ki, bu gün hər kəsin içərisində olan Turan ideyası da Yunus Oğuz tərəfindən gözəl təbliğ olunur. Daha sonra Lisey-Məktəb kompleksi şagirdlərinin "Nadir şah". əsərindən hazırladığı səhnəcik nümayiş olunub.

 

   Yunus Oğuz tarixi romanlar sahəsində inqilab etdi

 

   Azərbaycan Pedaqoji Universitetinin tarix müəllimi Taleh Cəfərov Yunus Oğuzun əksər tarixi roman və kitablarını mütaliə etdiyini və tələbələr arasında tədris olunduğunu deyib. Taleh Cəfərov Yunus Oğuzun "Nadir şah" əsərini üç dəfə oxuduğunu və hər dəfə də yeni bilgilər əldə etdiyini diqqətə çatdırıb: "Ən əsası odur ki, Yunus Oğuz Nadir şahı bizə olduğu kimi çatdırdı. Məlumdur ki, Sovet rejimi bizə qəhrəmanlarımızı qaniçən, qəddar kimi təqdim edirdi və onları xalqın gözündən salmağa çalışırdı. Yunus Oğuzun tədqiqat əsərləri xalqa doğrunu-düzgünü çatdırıb". Taleh Cəfərov qeyd edib ki, Yunus Oğuz tarixi romanlar sahəsində inqilab etdi və xalqa öz qəhrəmanlarını tanıtdı: "Biz də öz növbəmizdə tarixi qəhrəmanlarımızın dövlətçilik tarixi, keçdiyi şərəfli yolu, dövlətə sədaqətlə xidmət etmələrini, əfsanələrdə yaşayan Turan ideyasının reallaşması istiqamətində atdığı addımları dərindən öyrənərək gənc nəslimizə təbliğ etməliyik. Hər bir Azərbaycan gənci bilməlidir ki, onun dövlətinin qurucuları kimlər olub və hansı amallar uğrunda çalışıb".

    Çıxışlardan sonra yazıçı-publisist Yunus Oğuz təhsil müəssisəsi şagirdlərinin sullarını cavablandırıb. Tarixi romanlara üstünlük verməsinin səbəbini açıqlayan yazıçı qeyd edib ki, sovetlər zamanında tariximizin saxtalaşdırılması onu tarixi romanlar yazmağa sövq edib. Yunuz Oğuzun sözlərinə görə, Sovetlər dövründə insanların beyninə yeridilən saxta, yalan tarixlə Azərbaycan xalqı öz qəhrəmanlarına nifrət edib: "İki cür tarix olur - xalqın və şahların tarixi. Xalqın tarixi adətən inqilablar vaxtı özünü göstərir. Qalan vaxtlar isə xalqın tarixi yazılmır. Yazılan yalnız şahların və həmin şahların dövründə yaşayan xalqların tarixi olur. Təssüflər olsun ki, həm xalqımızın, həm də şahların tarixi bizə nifrət hissi ilə çatdırılıb. Biz öz şahımızı deyil, rus çarını sevirdik. Millətimizin gözəl adət-ənənələrini bilmək, keçmişimizlə fəxr etmək üçün tarixə yenidən qayıtmaq lazım idi. Həmin qəhrəmanları qaldırıb, özümüz də onlarla yanaşı qalxmalı idik".

 

   Tarix təkrarlanır

 

   Sovet dövrü tarixlərində Əmir Teymurun da mənfi qəhrəman kimi xalqa çatdırıldığını deyən Yunus Oğuz belə bir dahi şəxsiyyətin cəmiyyətə daha yaxından tanıdılması üçün onun haqqında iki kitab yazdığını da diqqətə çatdırıb. Bildirib ki, hər zaman türk qəhrəmanlarından düşmən obrazı yaradılmağa çalışılıb: "Əslində isə Əmir Teymur imperator olub və 27 ölkə tutub. Ancaq hansı səbəbdən 27 ölkə tutub, bunu qeyd etmirlər. Tarixən Turan elində göydə Tanrı, yerdə xaqan prinsipi olub. Əmir Teymur məhz sonuncu türk imperatoru idi ki, xaqanlığı yaratdı. Ondan sonra isə türk dünyası yenidən dağıldı. XVI əsrdə dünyanı idarə edə biləcək 4 türk dövləti vardı ki, bunlar osmanlılar, qızılbaşlar, moğollar və şeybanilər idi. Əmir Teymur bunların hamısını birləşdirib xaqanlıq yaradır. Hətta İldırım Bəyazidi məğlub etsə də onun torpaqlarını oğullarına qaytardı. Əmir Teymur istəyirdi ki, dövlət bir əldən idarə olunsun və daha da çiçəklənsin". Müasir tarixi şəxsiyyətlər, eləcə də milli qəhrəman Mübariz İbrahimov barədə roman yazmaq mümkünlüyü barədə də danışan yazıçı bildirib ki, içində belə bir ruh yaransa Mübariz İbrahimov barədə də roman qələmə ala bilər: "Bir qayda olaraq müasirlik haqqında yazmıram. Ancaq içimdən bir ruh gəlsə yazacam. Bu ilin mart ayında Moskvada Əmir Teymur kitabının təqdimatı idi və orada yaşayan diaspor fəallarımızdan biri yaxınlaşıb mənə dedi ki, Babək mənim kumirimdir və onun haqqında kitab yaz, bütün maliyyə vəsaitini mən ödəyəcəm. Cavabımda ona bildirdim ki, sifarişlə əsərlər yazılmır. Bunun üçün içindən gələn ruh olmalı, sənə çağırışlar edilməli, gecələr yatmamamalısan. Bu o qədər psixoloji bir prosesdir. Babək haqqında da yazmaq olar, ancaq bu Yunus Oğuzun əsəri olmayacaq. O, sadəcə, sifarişlə yazılmış bir əsər olacaq. Ona görə də mən heç vaxt sifarişlə yazmıram. İçimdən nə gəlirsə onu yazıram. Ancaq onu da deyim ki, müasir dövrdə baş verən hadisələri və mənfi tərəfləri əsərimdə yazıram. Ümumiyyətlə tarix həmişə təkrarlanır. O zaman Rzaqulu xan Nadir şahın Hindistanda olmasından istifadə edərək iqtisadiyyatda monopoliya yaratmışdı. Məgər hazırda dünyada bu cür monopoliyalar azdır? Həmin anları tarixə köçürürəm. Dövlət adamları da bu cür əsərləri daha çox oxuyur. Qoy oxuyub özləri üçün dərs götürsünlər. Bu gün olan hadisələr bütün romanlarımda var. Sadəcə olaraq onu keçmişə köçürürəm".

 

   Dünyada daha çox tanınan Azərbaycan hökmdarı...

 

   Turan ideyası və onun sərhədləri məsələsinə gəlincə, Yunus Oğuz deyib ki, Turan dedikdə Yapon dənizindən Adriatik dənizinə qədər olan coğrafi ərazi nəzərdə tutulur. Yazıçı gələcək planları barədə də məlumat verib: "Nadir şahın və Təhmasib şahın ssenarisini yazmışam. Həmçinin Nadir şahın pyesini yazıb Azərbaycan Dövlət Dram Teatrına təhvil vermişəm və gələn il səhnələşdirəcəklər. Eyni zamanda, Attila ingilis dilində Londona, rus dilində Moskvaya göndərilib. Yavaş-yavaş bu proses gedəcək. Onu da qeyd edim ki, artıq Nadir şahı dünyada daha çox tanıyırlar. Kitab Böyük Britaniyada ingilis dilində işıq üzü görüb". Yunus Oğuz Nadir şahın bir sıra kitablarda indiyə qədər mənfi obraz kimi təqdim edilməsilə razılaşmadığını deyib və bildirib ki, bu sovetlər dövründə xalqı öz qəhrəmanlarından uzaq salmaq üçün beyinlərə yeridilən bir ideya idi: "Əmir Teymurdan fərqli olaraq, Nadir şah hakimiyyəti dövründə yalnız bir dəfə Topal Osmana uduzdu. Ancaq iki ay ərzində yenidən 200 minlik qoşun toplayaraq Topal Osmanı məğlub etdi. O ki qaldı mənfi və müsbət cəhətlərinə, istənilən insanın həm mənfi, həm də müsbət tərəfi olur. İnsan Allahın xeyir-duası ilə müsbət insan kimi doğulur. Sonradan isə şeytan onun qəlbinə girir və mənfi tərəfə gedir. Təbii ki, Nadir şahın müsbət tərəfi ilə yanaşı, mənfi tərəfi də vardı. Mənfi tərəfi isə o idi ki, ətrafının xəyanətinə dözə bilmirdi. Ətrafının xəyanətinə görə də artıq çılğınlaşdı və bundan sonra kəllələrdən imarətlər, qüllələr ucaltmağa başladı. Nadir şahın nadir xüsusiyyətlərindən biri də onun dahi sərkərdəlik qabiliyyəti idi. Nadir şahın yaratdığı imperiyanın bir ucu Osmanlı sərhədinə, digər ucu isə Hind okeanına gedib çatırdı. Nadir şah Suvorovdan 76 il əvvəl qarlı And dağlarını keçib. Ancaq yiyəsi olmadığı üçün Suvorovun adı ortalığa çıxdı, ancaq Nadir şahın yox". Yunus Oğuz "Nadir şah" və "Təhmasib şah" kitablarının Təhsil Naizirliyi tərəfindən dərsdən kənar oxu ədəbiyyatı kimi alındığını da söyləyib və qeyd edib ki, iki cildlik "Əmir Teymur" kitabı barədə də sifariş verilib. Yeni bir kitab üzərində işlədiyini də diqqətə çatdıran Yunus Oğuz bu romanın Məhəmməd Mirzənin xanımı Xeyransa haqqında olduğunu bildirib. "Şah arvadı və cadugər" adlanan romanda İkinci İsmayılın ölümündən sonra hakimiyyətə gələn Xeyransa xanımın Qızılbaşlar dövlətini idarə etməsi və farslaşma prosesinin başlamasından bəhs edilir.

   Tədbirin sonunda Liseyin müəllim və şagird kollektivi adından Yunus Oğuza xatirə hədiyyəsi təqdim olunub. Yunus Oğuz da öz növbəsində məktəbə müəllifi olduğu kitabları hədiyyə edib. Sonda isə məktəbin müəllim və şagird kollektivi yazıçı-publisist Yunus Oğuzla şəkil çəkdirib.

 

 

  Süleyman İsmayılbəyli

 

  Bakı xəbər.- 2012.- 30 may.- S.10-11.