Muğamın azərbaycançılıq gücü...

 

   Azərbaycan xalqı dünyanın o xalqlarındandır ki, bəşəriyyət qarşısında üzü ağdır. Unikal milli mədəniyyəti, musiqisi, folkloru, ədəbiyyatı, xalça sənəti olan xalqımız zəngin dəyərlərilə diqqət mərkəzində olub həmişə. Azərbaycan musiqisi bu tükənməz xəzinənin ən qiymətli daş-qaşlarıdır desək yanılmarıq.

   Mədəniyyətimiz, musiqimiz, mənəviyyatımız kasıb deyil. Varlı xalq saymaq olar bizi. Xalq var ki, maddi baxımdan çox varlıdır, amma mədəniyyət, mənəviyyat sarıdan çox kasıbdır. Bu da o xalqları vadar edir ki, başqalarının mədəniyyətinə əl uzadıb onu özününküləşdirməyə cəhd etsin.

   Azərbaycan musiqisi mədəniyyətimizin əsas xəttini təşkil edir. Qədim klassik musiqisindən danışanda iki böyük musiqi dünyasını paralel götürürük. Bunlardan biri özündə milli ruhumuzu, mənəviyyatımızı daşıyan aşıq sənəti, o biri isə muğamdır. Bu iki qüdrətli sənət bir-birilə qardaşdır. Azərbaycançılıq məfkurəsinə xidmət edən elm-ürfan sahibləri, musiqişünaslar, muğam biliciləri ana muğamımızı yaşatmaqla, onları təbliğ etməklə onun Azərbaycana aid olduğunu tarixən təsdiq edib. Bəzi versiyalara görə, muğam Azərbaycana ibtidai formada İpək Yolu vasitəsilə hindistandan gəlib. Sonra burada inkişaf etdirilərək milli status alıb. Bu mübahisəli məsələ olduğu üçün onun üstündə çox dayanmaq istəmirik. Həqiqət ondan ibarətdir ki, muğam həm səsləniş rəngarəngliyilə, həm ahəngdarlığı, həm də oxunması ilə sırf Azərbaycan ruhuna xasdır. Muğamı həm fars, həm hindli, həm özbək, həm də digər xalqların xanəndələri də oxusun, Azərbaycan xanəndəsi də. Muğam Azərbaycan xanəndəsinin dilindən daha doğma səslənir, qulaqlara daha mərhəm dolur. Azərbaycan xalqının nəfəsi, dili, mənəviyyatı yaşayır muğamlarımızda. Azərbaycançılıq ideologiyası və muğam. Bu iki misilsiz aləmin bir-birinə mərhəm olduğu məlumdur. Elə tarixən azərbaycançılıq ideologiyasının yaşamasında muğamların da xidməti böyük olub. Bu mənada ki, muğam ana dilimizi, milli musiqi ovqatımızı, söz-şeir xəzinəmizi özündə ehtiva edib. Azərbaycan dilində səslənən hər bir ifadə, söz istər orta əsrlərdə, istərsə sonrakı dönəmlərdə, istərsə də bolşevizm zamanında xalqın yaşaması deməkdir. Orta əsrlər ab-havası, islam dini pərdəsi altında milli musiqimizə, dilimizə, mənəviyyatımıza, söz aləmimizə edilən "səlib yürüş"ləri tarixdən bəllidir. Ancaq muğamlarımız bu işğaldan can qurtararaq özü ilə böyük bir yaddaşı daşıyaraq günümüzə gətirib.

   Muğamşünaslar bildirir ki, muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas və qədim janrıdır. Onlar hesab edir ki, muğam sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranıb. "Məqam" sözü simli alətlərdəki pərdə mənasını verir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün ona bu ad verilib. Muğam haqda alimlərdən birinin yazısında belə deyilir: "Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanıb. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olub. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

   Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətləri var. Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapıb. Məhz bu səbəbdən də onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır". Muğamın Azərbaycan xanəndə və musiqiçilərinin təmsilçiliyilə bütün Qafqazda məşhur olduğunu yazan alim bildirir ki, Zaqafqaziya, o cümlədən Azərbaycan qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir: "Söz yox ki, bu region ölkələri arasında daimi əlaqələri məhz onların mədəniyyət və məişətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanıb. Bu mənada qədim ənənələrə malik Azərbaycan xalqının mədəniyyət və incəsənəti olduqca səciyyəvidir. Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilib. Lakin çoxəsrli muğam sənətinə aid bədii problemlər, o cümlədən muğamın tarixi inkişafı və təkamülü, onun kompozisiya - quruluş xüsusiyyətləri, milli özünəməxsusluğu kimi məsələlər bu günədək lazımi səviyyədə araşdırılmayıb. Musiqi irsimizdə geniş inkişaf etmiş sənəti hazırda milli musiqili - poetik incəsənətin əsas sahəsi kimi üç növdə təşəkkül tapıb".

   Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlardan danışanda "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun"un, köməkçi muğamlara toxunanda isə "Şahnaz", "Sarənc"in adını çəkə bilərik. Hətta "Sarənc" "2-ci növ Çahargah" sayılır. Tədqiqatçılara görə, klassik Şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Nəsr Farabiyə, Əbu Əli ibn Sinaya, Əlkindiyə, Əbdülqadir Marağayiyə, İbn Əhməd Fərahidiyə, Hümam Təbriziyə, Səfiyyəddin Urməviyə, Əbdülqadir Qeybiyə və başqalarına məxsus olub. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.

   Muğamşünasların qənaətinə görə, azərbaycançılıqla vəhdət təşkil edən muğam xalqımızın ruhuna xidmət edib: "Yazılı musiqi əsərindən fərqli olaraq, muğam kompazisiyası fərd tərəfindən bəstələnmir, müəyyən mövcud şifahi sxem üzrə yaradılır. Əslində, muğam mücərrəd fikir kimi mövcuddur, ifa edilməyənə qədər o yoxdur. İfaçı muğamı ifa edən zaman bir növ ona nəfəs verir. Muğam nə vaxtsa kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir. Amma ümumilikdə muğam sənəti anonimdir. Əvvəllər olduğu kimi indi də yaradıcı istedada malik olan ifaçılar eyni zamanda ayrı-ayrı melodiyalar, əsasən təsniflər və rənglər yaradır, amma geniş kütlə üçün onları bəstələyən sənətçinin adı bir qayda olaraq qeyri-müəyyən qalır. Beləliklə, xalqın nəzərində bu havaların müəllifi muxtəlif fərdlər yox, xalq özüdür".

   Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrlərindən sayılan muğam Azərbaycan mənəviyyatını, azərbaycançılıq ideologiyasını özündə qorumaqla yanaşı, həm də bəşəri musiqi sayılır. Muğamın dünya alimləri tərəfindən öyrənilməsinin tarixi haqda əlimizdə geniş məlumat olmasa da, onu deyə bilərik ki, Avropa səyyahları Azərbaycana gələndə muğam məclislərində də olub və bu ilahi musiqinin sehrinə düşüb. Onlar öz qeydlərində bu məqamı xüsusi sevgilə xatırlayıb. İnternet saytlarından birində verilən məlumata görə, keçən əsr 70-ci illərin əvvəllərində Sovet İttifaqında YUNESKO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətini "kəşf edib". O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 2003-cü ildə YUNESKO Azərbaycan muğamını "bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq edib".

   Tədqiqatçılar haqlı olaraq bildirir ki, azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisinin "şifahi" ənənəyə malik, özünəməxsus xalq musiqisi janrı olan muğamlarla da sıx bağlıdır. Bu fikrə qanad verənlərdən biri də fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovdur. Araşdırmalarında ciddi və etibarlı mənbələrə üz tutan V.Ömərovun fikrindən belə aydın olur ki, muğamın milli ideologiya, milli məfkurə anlayışı ilə çuğlaşması, onların bir-birilə doğmalıq təşkil etməsi islamdan xeyli əvvəllərə aiddir: "Çox-çox qədimlərdə, zərdüştlük dövründə çoxsəsli dini nəğmələr oxumağın izləri olduğu da sübuta yetirilib. Şübhəsiz ki, bu nəğmələrin müəllifi Zərdüştün özü olub. B.Bertels "Oçerki istorii persidskoy literaturı" kitabında bunu etiraf edir. İslamın meydana gəlməsindən iki əsr sonra müsəlman ruhanilərinin musiqini, mahnını, təsviri sənəti yasaq etdiyi zamanlarda belə, xüsusilə Fufizs Hərəkatı ilə əlaqədar çox səciyyəli nəğmələr oxunardı. Hətta müqəddəs kitab Quranı sadəcə olaraq mütaliə etməyə icazə verildiyi dövrlərdə də artıq Quranın surələrini minbərlərdən rövzəxanlar muğam üstündə oxumağa başlamışdı. Bunu danmaq olmaz ki, ən qədim musiqi ənənələrimizin inkişafına dinin güclü təsiri olub. Din incəsənətin, eləcə də, musiqi mədəniyyətinin təşəkkül tapmasına, sərbəst "əl-qol açması"na həmişə mane olsa da, bu iki məfhum tarix boyu qoşa yaşayıb, bir-birilə açıq və gizli ədavət aparıb, hətta musiqi dini təbliğ etmək məcburiyyətində qalanda belə, yenə də öz mahiyyətini, varlığını, sosial borcunu xürafatın dar məngənəsindən çıxarıb, Ulu Tanrının xəlq etdiyi insanların ruhu, duyğusunu təlatümə gətirib, sevinc və kədərinin tərcümanı olub. Belə ki, müəyyən dövr islam dini incəsənətin atsa da, istər ədəbiyyat, istər təsviri sənət, istərsə də musiqi sənəti sahəsində Yaxın Şərq, o cümlədən, Azərbaycan xalqı özlərinin ölməz sənət nümunələrini yaratmağa nail olub. Əlbəttə, sənətdə olan intibah xalqın tarixi ilə, taleyi ilə bağlıdır. Bunları cəmiyyətin inkişaf qanunauyğunluqlarında, ictimai şüurun tədricən formalaşmasında axtarmaq lazımdır. Olduqca keşməkeşli inkişaf yolu keçib, tarixin gözlənilməz, amansız zərbələrinə cəsarətlə dözüb ərəb xəlifələri, monqol-köçəri feodal başkəsənləri, İran şahları, Osmanlı paşaları və s. tərəfindən zaman-zaman talan edilən, mənəviyyatı tapdanan Azərbaycan xalqı yenə də öz qədim mədəniyyətini və bu mədəniyyətə daxil olan dəyərlərini qoruyub saxlaya bilib".

    Muğamın xalqımızın canında-qanında kök atdığı məlumdur. Tədqiqatçılara görə, buna baxmayaraq uzun illər muğam saraylarda, geniş kütlə qarşısında bir müddət səslənməyib, hətta buna qadağalar edilib. Bu məsələyə diqqət yetirən V.Ömərov yazır ki, muğamlara qayıdış Səfəvilər hakimiyyəti zamanında daha geniş inikas tapıb: "Şah İsmayıl Səfəvi dövründə 1501-1524 bu ənənə özünün ən yüksək pilləsinə çatıb. 1587-1629 illərdə İranın hökmdarı olmuş Şah Abbas da öz sələfinin yolunu davam etdirib. Onun dövründə şiə məzhəbinin banisi İmam Əlinin şəninə şəbeh tamaşaları göstərilər, müxtəlif dini mərasimlər çox təntənəli keçirilər. Bizcə, mükəmməl, kamil muğam ifaçıları məhz həmin dövrlərdən yetişməyə başlayıb. Bu gün cəsarətlə və fəxrlə deyə bilərik ki, çağdaş Azərbaycan musiqisinin uğurlarında həmin dövrlərdən qalmış musiqi, mahnı folklorunun, onun memorial qaynaqlarının nailiyyətləri əvəzedilməzdir".

   Azərbaycançılıqla sıx bağlı olan muğamlarımıza Hələ Sovet dövründən xalqın və dövlətin ciddi marağı olub. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin muğam sənətinə, xanəndələrə göstərdiyi diqqət və qayğı onların yadından heç zaman çıxmır. Bu gün Prezident İlham Əliyev tərəfindən də rəsmi dövlət səviyyəsində muğama qayğı göstərilir. Bu işdə xüsusilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır.

   2009-cu ilin 11 noyabrında Heydər Əliyev Fondunda "Azərbaycan muğamları" layihəsi çərçivəsində yeni nəşrlərin təqdimatı keçirildi. Fondun prezidenti Mehriban Əliyeva orada bildirib ki, 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusu muğama dair tədris vəsaitidir, muğam ifaçılığı üzrə müəllimlər, ustadlar üçün bir dərslikdir. Bundan əlavə, Fond tərəfindən son illər ardıcıl olaraq respublika və beynəlxalq səviyyəli muğam müsabiqələri, festivalları keçirilir. Muğam ustalarına, gənc xanəndələrə geniş şərait yaradılır.

   Muğam Azərbaycana aiddir və azərbaycançılıq ideologiyasını öz ritmində, səslənişində, avazında yaşadıb təbliğ edir.

 

 

   İradə SARIYEVA

 

   Bakı xəbər .- 2012.- 11 sentyabr.- S. 15.