Milli operalarımızda Azərbaycançılıq elementləri...

 

   Mədəniyyət xalqların milli birliyinə, vahid ideologiya ətrafında birləşməsinə səbəb olan amillərdən biridir. Mədəniyyət cəhətdən kasıb olan xalqların nə milli ideologiyası, nə də milli düşüncə tərzi olur. Onlar kim olduqlarını, hardan gəlib hara getdiklərini heç zaman anlaya bilmir. Çünki tarix göstərir ki, hər bir xalqı tarixdə var edən onun mədəniyyəti, ana dilidir.

   Azərbaycançılıq ideologiyası - bu məbədin təməlini qoyanlar, onu qurub möhtəşəm edən şəxsiyyətlər çox olub. Dahi Üzeyir Hacıbəyov da həyatı boyu bu ideologiyaya, milli məfkurəyə xidmət edib. O, düşüncə, əqidə baxımından azərbaycançı olmasaydı, xalqımızın tarixində böyük mədəni inqilab sayılan bir sıra sənət hadisələrinin müəllifi ola bilməzdi. Azərbaycan xalqı Şərqdə mədəniyyətin inkişafı baxımından hər zaman öndə gedən ölkə olub, bu güno missiyanı layiqincə yerinə yetirir. Şərqdə ilk dramaturgiya hadisəsi, operaoperetta janrlarının doğuluşu bizim ana Vətənimizdə-Azərbaycanda baş verdi. Azərbaycanın həyatı ilə, Azərbaycan insanının taleyilə, mənəvi aləmilə, milli düşüncə tərzilə səsləşən sənət əsərləri yarandı. Milli operalarımızın meydana gəlməsi, səhnə ömrü yaşaması əsl tarixi hadisə kimi yaddaşlara köçdü. Azərbaycanda milli operaları təpədən-dırnağa qədər azərbaycançılıq ideologiyasına bağlı olan, ona xidmət edən Üzeyir Hacıbəyov yaratdı. Milli operamızın doğuluşu Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-də tamaşaya qoyulan "Leyli və Məcnun" operasından başlandı. Musiqişünaslar bildirir ki, bolşevizm işğalına qədərki dövrdə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916, Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulub. Akademik OperaBalet Teatrının repertuarında ənənəvi klassik opera formasında 1927-ci ildə Qlier tərəfindən yazılan "Şahsənəm", 1935-ci ildə Müslüm Maqomayevin yazdığı "Nərgiz" və Üzeyir Hacıbəyovun 1937-ci ildə əsl sənət hadisəsinə çevirdiyi "Koroğlu" operaları mühüm yer tutdu. "Koroğlu" operasının azərbaycançılıq ideologiyasına xidmət etdiyi şübhəsizdir. Xalqın yaratdığı "Koroğlu"qəhrəmanlıq dastanının motivləri əsasında yaranan "Koroğlu" operası azərbaycançılıq ideologiyasının, milli hissiyyatın Stalin represiyası dövründə belə, Azərbaycan xalqının ruhuna hakim kəsildiyini təsdiqləyir.

   Operabalet sənətinə nəzər saldıqda görürsən ki, burada nə qədər məfkurəçiliyə, milli ruha xidmət edən mövzular və səhnə əsərləri var. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin ilk milli Azərbaycan baleti olan "Qız qalası", 1945-ci ildə Qara Qarayev və Cövdət Hacıyevin "Vətən", 1942-ci ildə Niyazinin "XosrovŞirin", 1948-ci ildə Əfrasiyab Bədəlbəylinin "Nizami" operaları tamaşaya qoyuldu.

   Ötən əsrin 50-ci illərində isə OperaBalet Teatrının repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu.

   Bu opera əsərlərinin hər birinin kökündə millilik, Azərbaycan xalqına, torpağına böyük sevgi dururdu. Mayası milli olan və azərbaycançılıq ideologiyasına xidmət edən bu operabalet əsərləri sovet dövründə insanların milli düşüncəyə sahib olması yönündə böyük işlər gördü. Xalq musiqisindən, folklordan bəhrələnən bu səhnə əsərləri azərbaycançılıq ideologiyasına bir töhfə idi. Təbii, sovet dövründə heç bir müəllif bu əsərlərin milli yöndə yazıldığını dilə gətirmirdi, heç gətirməzdi də. Amma bu əsərlərin alt qatına varanlar orada açıq-aşkar Azərbaycançılıq izlərini görürdü.

   Müstəqillik dövründə bu musiqi əsərlərinin təhlili, onların Azərbaycançılıq ideologiyasının yayılmasında rolu araşdırılır, bu sənət numunələrinin bu sahədə müstəsna xidmətləri qeyd edilir.

   Azərbaycan milli musiqi mədəniyyətinin dünyada şöhrət qazanan mənəvi xəzinə olduğunu yazan musiqişünasların bildirdiyinə görə, onlar azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyətinin professionalxalq musiqisindən ibarət olduğunu xatırladan musiqişünaslar Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında bu sahənin təmsilçilərinə dediklərini yada salır: "...Azərbaycan xalqının musiqi irsi zəngindir. Biz folklor musiqisini, əsrlər və minilliklər ərzində xalq tərəfindən yaradılıb nəsildən-nəslə yadigar verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın keçmişdə, əsrin əvvəlində yaradılan, lakin tarixən qısa müddət ərzində böyük, şanlı yol keçərək, indi müasir professional sənətin ən yüksək səviyyəsində duran professional musiqini də nəzərdə tuturuq. Sizin yaradıcılıq fəaliyyətiniz, bax, bu bünövrəyə əsaslanmalı, bu təməl üzərində qurulmalıdır, siz bu zəngin materialdan geniş istifadə etməlisiniz".

   Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, milli musiqi mədəniyyətimiz azərbaycançılığı bədii obrazlı, melodik şəkildə ifadə edir. Bununla yanaşı, o yazır ki, milli operalarımız azərbaycançılıq ideologiyasına xidmət edən Üzeyir bəyin millətin mədəniyyətinə verdiyi qiymətli hədiyyədir: "Azərbaycanda operanın yaranması peşəkar musiqi sənətinin digər janrlarının inkişafı ilə hazırlanıb və öz-özlüyündə Azərbaycan musiqisinin inkişafında yenimühüm sıçrayış, yeni musiqi yaradıcılığının şifahi vərdişlərindən musiqi mədəniyyətinin müasir formasına keçid olub. Eyni zamanda, operanın Azərbaycanda yaranması tamamilə qanunauyğun haldır. Təbiidir ki, musiqi sənətinin ən mürəkkəb janrı olan opera Azərbaycanda klassik operanın ənənəvi formalarında yarana bilməzdi. İlk Azərbaycan operaları öz-özlüyündə musiqi sənətinin qeyri-adi janrında yaranmışdı - bunlar muğam operaları idi. Bu operaların musiqi materialının əsasını əsrlər boyunca Azərbaycan folklor yaradıcılığında yaşayan xalq vokal-instrumental poemalar, daha doğrusu, muğamlar təşkil edirdi".

   Alimin sözlərinə görə, bolşevik işğalından əvvəl yaranan "Şah İsmayıl" operası həm dövlətçilik ideyalarına, həm də milli məfkurəyə bağlı əsər olub. Elə bu dövrdə ərsəyə gələn "Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evliykən subay" musiqili komediyaları milli sənət nümunələri kimi diqqəti cəlb edirdi.

   Daha sonra V.Ömərov yazır ki, ilk Azərbaycan operaları və musiqi komediyaları mühüm tarixi rol oynayıb: "Onlar Azərbaycanda peşəkar musiqi sənətinin digər janrlarının yaranması üçün möhkəm təməl olub, milli musiqi teatrını yaradıb və onun inkişafına yol açıb, həmçinin, opera ifaçılığı məktəbinin təşkilinə kömək edib. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov Azərbaycan milli operaları və onlarda öz əksini tapan azərbaycançılıq ideyaları haqqında deyib: "Azərbaycan operaları arasında Üzeyir Hacıbəyovun "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" əsərləri xüsusi yer tutur. Bu bəstəkarlar birinci olaraq operamızın səhnəsinə yeni qəhrəmanlar gətirdilər və Azərbaycan opera sənətində inqilabi xalq mövzusunu təsbit etdilər. Qəhrəmanlıq pafosu ilə dolu olan, yüksək vətənpərvərlik ruhunda bəstələnən "Koroğlu" operamızın şah əsəri kimi şöhrət qazandı. 1940-cı ilə qədər Azərbaycan teatrı səhnəsində professional milli balet əsərləri yox idi. Əfrasiyab Bədəlbəylinin ilk milli baleti - "Qız qalası" üzərində teatrımızın bütün yaradıcılıq kollektivi böyük həvəs və ruh yüksəkliyi ilə çalışdı, teatrın geniş yaradıcılıq imkanları aşkara çıxdı. Bundan sonrakı illərdə bir-birinin ardınca milli baletlərimiz yarandı. Qara Qarayevin "Yeddi gözəl", Soltan Hacıbəyovun "Gülşən" və başqa əsərləri meydana gəldi. Xalqın həyatını daha əhatəli musiqi lövhələrində təsvir etmək üçün opera bəstəkara geniş imkanlar verir. Məsələn, dahi sənətkar Üzeyirin "Koroğlu"su xalqımızın qəhrəmanlıq tarixini gözəl musiqi dili ilə danışmağın ən yaxşı nümunəsidir. Bu əsər xalqın müəyyən dövrdəki mübarizəsinin, duyğu və düşüncələrinin musiqi ensiklopediyasıdır. Opera müəllifdən həm də fədakarlıq gözləyir. Hər yeni yazılan əsərin mütləq müvəffəqiyyət qazanacağına ümid etmək çətin olsa da, bu, sənətkarı ilhamlı əməkdən, yaradıcılıqdan çəkindirməməlidir".

   V.Ömərov yazır ki, Azərbaycan və Zaqafqaziyanın musiqi həyatında əvəzsiz rol oynayan qədim Azərbaycan şəhəri Şuşa böyük bir konservatoriya rolunda çıxış edib: " Bunu bizim düşmənlərimiz də etiraf edir. "Azərbaycan şəhəri Şuşa çoxdan bəri Şərq musiqi mədəniyyətinin böyük mərkəzlərindən biri kimi məşhurdur. Zaqafqaziya xalqlarının musiqi sənətinin inkişafında Şuşa xüsusi rol oynayıb. Şuşanın əhəmiyyəti haqqında erməni musiqişünası V.Korqanov yazıb: "Poeziyanın, musiqinin və nəğmənin bəxtiyar vətəni olan Şuşa Zaqafqaziyanı musiqiçilər və müğənnilərlə təmin edir. O bütün Zaqafqaziyaya hər mövsüm, hətta hər ay üçün yeni mahnılar, yeni havalar yaratmaqla onun üçün konservatoriyanın işini görür".

   Sənətşünas Elmira Abasova isə milli opera sənətinin milli ideyaların tərənnümündə rol oynadığını qeyd edir: "Üzeyir Hacıbəyovun əzəmətli xalq qəhrəmanlığı operası "Koroğlu" xüsusi əhəmiyyət kəsb edir. Milli musiqi teatrının klassik nümunəsi olan bu əsər Azərbaycan musiqisinin mürəkkəb yol keçmiş tarixi inkişafının gözəl barıdır. "Koroğlu" operası dünya musiqi mədəniyyətinin ən gözəl incilərindən biridir. Bəstəkar doğma xalqının folkloru üçün ən səciyyəvi nə varsa, hamısını öz əsərinin canına hopdurub, dünya musiqisinin yaşamağa qabil ənənələrindən yaradıcılıqla istifadə edib. Süjeti qədim tarixdən götürülsə də, Üzeyir Hacıbəyov öz ölməz operasını bu günün canlı nəfəsi ilə yaşadıb".

   V.Ömərov yazır ki, azərbaycançılıq ideyalarını tərənnüm edən milli musiqi mədəniyyətini, o cümlədən, milli opera sənətini Heydər Əliyev yüksək dəyərləndirirdi: "Ulu Öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli musiqi mədəniyyətimizdə, xüsusən, ölməz Üzeyir bəyin "Koroğlu" operasında milli-mənəvi dəyərlərə yüksək qiymət verərək bildirib: "İyirmi il ərzində ölkəmiz böyük və şərəfli yol keçmişdir, bütün sahələrdə böyük uğurlara imza atmışdır. Uğurlarımızın təməlində məhz milli-mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, - halbuki bunun üçünçox çalışmaq lazımdır, - ancaq milli-mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz, təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir".

   Musiqişünas Səadət İsfəndiyarovanın sözlərinə görə də, milli operalarımız azərbaycançılıq ideologiyasına xidmət edir. S.İsfəndiyarovanın bildirdiyinə görə, son illər yaranan "Xan qızı Natəvan" operası da azərbaycançılığa xidmət edir. Mərhum xalq artisti, professor-bəstəkar Vasif Adıgözəlovun yaratdığı bu operanın xalqımızın dövlətçilik, mədəniyyət tarixində xüsusi yeri var: "Bizim qeyri-milli ruhda yazılan operamız, operettamız, baletimiz yoxdur. Nə yazılıbsa, hamısı milli ruhu əks etdirir. Azərbaycan xalqının düşüncəsini, qəhrəmanlığını, mənəviyyatını canlandırır bu nümunələr. "Xan qızı Natəvan" operası Qarabağ Xanlığının nümayəndəsi xan qızı Xurşudbanu Natəvanın həyatından, Qarabağdan, milli birliyimizdən, torpaq uğrunda mücadiləmizdən bəhs edir. Milli ruhda yazılıb. Azərbaycançılıq ideologiyasına bağlı bir səhnə əsəridir"...

 

 

   İradə SARIYEVA

 

            Bakı xəbər.- 2012.-  19 sentyabr. - S.15.