Dövlət dilinin qorunması ilə bağlı Prezident tərəfindən təsdiq edilən Dövlət Proqramında ictimai maraqların müdafiəsi...

 

   Ana dili hər bir xalqın yaşam vəsiqəsidir. Dili olan xalq başqa xalqlardan bir pillə üstün olur. Azərbaycan dili böyük tarixi özəyi, kökü olan dillərdən biri kimi öz nüfuzunu, çəkisini qoruyub saxlamaqda davam edir. Azərbaycan dilinə dövlət dəstəyi və ictimaiyyətin ana dilimizi qorumaq meylləri onun toxunulmazlığını təmin edir. Məlumdur ki, bu qədər qorumaq cəhdlərinə baxmayaraq, ana dilimizdən istifadə zamanı xeyli dərəcədə pozuntular baş verir. Dilimizi korlayanların hesabına bu problem yaranır.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı təsdiqləyib. Bilirik ki, Dövlət Proqramında yaxın iki il ərzində Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini gücləndirmək üçün Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması nəzərdə tutulub. Bazanın yaradılması AMEA, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən həyata keçiriləcək.

   2013-2020-ci illər ərzində AMEA, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopediktezlik elektron lüğətləri hazırlanacaq. Azərbaycan dilində internet resurslarının, elektroninteraktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyət gücləndiriləcək.

   Prezidentin bu sənədi qəbul edib məlum tələbləri bir vəzifə kimi qarşıya qoyması ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xüsusən də elm xadimlərinin ürəyincədir. Burada dilimizin yaşamasından, özünün vahidliyini, toxunulmazlığını qorumasından danışılırsa, bir vətəndaş kimi, bu məsələdə hamımız fəal olmalıyıq.

   Dilçi Gülşən Muradverdiyeva deyir ki, Prezidentin bu Dövlət Proqramını imzalaması dilçilik elminin inkişafına böyük bir dəstəkdir: "Bəhs olunan sərəncam Azərbaycan dövlətinin ana dilimizlə bağlı həyata keçirdiyi növbəti hüquqi sənəddir. Buna qədər də dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindən biri olub. Ümummilli liderimiz Heydər Əliyev hələ Sovet İttifaqı zamanında, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilib. Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasının ulu öndərinin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş dövlət dili statusu isə artıq deklorativ yox, tam əməli xarakter daşımağa başladı və ana dilimiz mümkün olan ən yüksək ictimai dəyər qazanmış oldu. Konstitusiyanın qəbulundan keçən illər ərzində bu məsələnin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif qanunların qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimzə - dövlət dilinə nə qədər böyük önəm verdiyini sübut edir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli fərmanı, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun (30 sentyabr 2002-ci il), "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanı dilimizi ucalığa qaldıran sənədlər, vasitələrdir. Bütün bu sənədlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb. Ana dilimizin ən möhtəşəm daşıyıcıları olan "Kitabi - Dədə Qorqud"un 1300 və Məhəmməd Füzulinin 500 illik yubileylərinin beynəlxalq səviyyədə, böyük təntənə ilə qeyd olunmasını da dövlətin ana dilimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi kimi qiymətləndirmək lazımdır. Prezident İlham Əliyev dövlət siyasətinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ulu öndərin strateji xəttini inamuğurla davam etdirir. 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Prezident sərəncamı imzalanıb, 5 avqust 2004-cü ildə isə həmin sərəncamın tətbiqini reallaşdırmaq məqsədilə "Azərbaycan dilində orfoqrafiya qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərar qəbul edibbunun əsasında uzunmüddətli fasilədən sonra dilimizin yeni orfoqrafiya lüğəti tərtib edilərək nəşr olunub. Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsinin xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı olmasını praktikada təmin etmək məqsədilə Prezident İlham Əliyev sonrakı iki ildə dünya ədəbiyyatı klassikasının Azərbaycan dilində nəşri ilə bağlı daha iki sərəncam imzalayıb. Xalqın böyük əksəriyyəti tərəfindən tam razılıq və məmnunluqla qarşılanan bu sənədlər dövlət dilimizin rəsmi statusunun həyatımızın bütün sahələrində qeyd-şərtsiz təmin olunmasını, tədrisinin və öyrənilməsinin yaxşılaşdırılmasını, işləkliyin genişlənməsini və saflığının qorunmasını nəzərdə tutur. Bu sənədlər dövlət dilinə məhz dövlətçilik atributu kimi yanaşmanın, ona ən yüksək səviyyədə himayədarlığın əyani nümunəsidir".

   G.Muradverdiyevanın sözlərinə görə, müstəqillik illərində ana dilimizin dövlət dili statusunun təmin edilməsi üçün qeyd etdiyi rəsmi sənədlərdən başqa, bir sıra mühüm əməli tədbirlər də həyata keçirilib. Bundan başqa, dilçi dedi ki, yeni qəbul edilən sənəd də onların davamı sayılır: "Dövlət Proqramının müstəsna əhəmiyyəti böyükdür. Bu sənəddə qeyd edildiyi kimi, 2013-2020-ci illər ərzində AMEA, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopediktezlik elektron lüğətləri hazırlanacaq. Azərbaycan dilində internet resurslarının, elektroninteraktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyət gücləndiriləcək. Bu vacib məsələdir. Birmənalı olaraq ictimaiyyət də, mətbuat da bu Dövlət Proqramının tələblərinə əməl etməlidir. Dövlət dilinin işlədilməsinə biganə münasibətə bütün sahələrdə qəti olaraq son qoyulmalıdır. Bu dili işlətməyin şərəfliliyini, nüfuz və hörmət gətirdiyini insanların beyninə yeritmək, ictimai şüurun atributuna, ümumi davranış normasına çevirmək lazımdır. Məhz bu amillər dövlət başçımızın haqqında bəhs etdiyimiz sonuncu sərəncamı imzalamasını zəruri edib. Sənəddə qeyd olunduğu kimi, son dövrlərdə müasir ədəbi dilimizin tükənməz ifadə imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik və qətiyyət göstərə bilmir. Nəticədə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər müşahidə olunur. Bu çox ciddi məsələdir və hesab edirəm ki, bir müddətdən sonra onun nişanələri belə qalmayacaq. Bu, gələcəyin işidir. Ancaq fakt budur ki, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu nəzərə almayan bəzi mətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları müşahidə edilir. Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı bir sıra reklam lövhələrində, müxtəlif müəssisələrin ad göstəricilərində, digər tərtibat elementlərində Azərbaycan dilinin leksikqrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur. Bir çox hallarda dilimizin tarixinə və mənşəyinə dair səsləndirilən yanlış və qərəzli mülahizələrə vaxtlı-vaxtında tutarlı cavab verilmir. Bəzi hallarda elmi tədqiqatlar üçün müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir. Düşünürəm ki, bu problem çözüldükdən sonra bizləri narahat edən bu hallar birdəfəlik aradan qalxacaq".

   G.Muradverdiyevanın dediyinə görə, kommunikasiya vasitələrində dilimizin, orfoqrafiyamızın və digər dilçilik elementlərimizin qorunması məsələsinin Dövlət Proqramına salınması çox yaxşı işdir: "Azərbaycan dilində müasir dövr üçün zəruri kommunikasiya vasitəsi sayılan internet resurslarının azlığı, dilimizi öyrənmək istəyən əcnəbilər üçün tədris vəsaitlərinin müasir tələblərə cavab verməməsi real problemlərdir. Bütün bu çatışmazlıqların aradan qaldırılması məqsədilə Prezidentin sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkəmizdə dilçiliyin inkişafına dair Dövlət Proqramı" hazırlandı və qəbul edildi. Proqramın məqsədi dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə və öyrənilməsinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını, dilçi mütəxəssislərimizin bu elm sahəsinin aparıcı istiqamətlərində fundamental və tətbiqi araşdırmalarının inkişafına yönəlmiş yaradıcılıq səylərinin stimullaşdırılmasını, linqvistikanın müasir aktual ictimai problemlərlə bağlılığının gücləndirilməsini, qloballaşma şəraitində ana dilimizin dövrün tələblərinə uyğun istifadəsini təmin etməkdir. Buna nail olacağıq. Azərbaycan dövlətinin dil siyasəti ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi - "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir" prinsipinə əsaslanır. Bunu heç zaman unutmamalıyıq. Dövlətin dilçilik sahəsində həyata keçirdiyi bütün tədbirlərə biz bir xalq olaraq qoşulmalıyıq. Çünki dövlət xalqın gələcəyini, dilin əbədiyaşar olmasını qarşıya əsas vəzifə qoyub".

 

(Əvvəli ötən sayımızda)

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-16 aprel.-S.15.