Məmur özbaşınalığı ilə mübarizədə dövlət siyasəti və ictimai maraqların müdafiəsi

 

   Dövlət əhalisinin rifahı, firavan yaşaması, xoş gələcəyi üçün çox işlər görür, məqsədyönlü siyasət həyata keçirir. Dövlət istəyir ki, idarəçiliyə cəlb etdiyi insanlar əhali ilə normal rəftar etsin, onlara həvalə edilən işləri Konstitusiya çərçivəsində görsün. Ölkəmizin rəhbəri öz davranışı və atdığı addımlarla böyük nümunələr sərgiləyib.

   Bu gün əhalinin çoxluq təşkil edən hissəsinin dövlət başçısından razılığı şübhəsizdir. Amma sirr deyil ki, bəzi xırda və iri məmurlarla əhali arasında ciddi problem yaşanır. Müəyyən mövqe tutan məmurlar var ki, nə özləri, nə də övladları xalqa hörmət etmək istəmir. Onlar tutduqları vəzifədən sui-istifadə edərək insanların haqqını tapdayır, ən xırda qayğılarının həllinə çalışmır. Məmur özbaşınalığı o həddə çatdı ki, ölkə başçısı bununla bağlı xüsusi açıqlamalar verdi. Bəli, bu gün Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı böyük mübarizə həyata keçirilir. Bu siyasət əhalinin narazı qaldığı məmurların islah olunmasına yönəlib.

   Azərbaycan dövlətinin başçısı İlham Əliyev dəfələrlə səslənib ki, dövlət məmurlarının məsuliyyəti artmalıdır: "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülürbu proses bundan sonra da davam etdiriləcəkdir".

   Artıq ziyalılar Prezidentin məmur özbaşınalığına qarşı sərt çıxışlarını dəstəkləyir. Tanınan ziyalı, kinodramaturq Eldəniz Quliyev bu sahədə həyata keçirilən dövlət siyasətini təqdir edir. O hesab edir ki, bu mübarizə siyasəti ictimai maraqların müdafiəsinə yönəlib: "Biz hər zaman məmur özbaşınalığına, onların övladlarının qudurğanlıq etməsinə qarşıyıq. Prezidentin çıxışını çox normal qiymətləndirirəm. Məmur özbaşınalığı gərək insanların etirazına səbəb olmasın ki, buna iradlar da bildirilsin. Prezidentin məmurlara sərt xəbərdarlıq etməsi, onların övladlarına sərt iradlar bildirməsi müsbət haldır".

   Ziyalı, həkim Kamran Məmmədbəyov da hesab edir ki, məmur özbaşınalığı ilə mübarizədə konkret siyasətin mövcudluğu əhaliyə qarşı hörmətsizlik edən məmurların əl-ayağını bağladı: "Prezidentimiz İlham Əliyevin son aylar bu məsələyə daha sərt reaksiya verməsi camaatın da, ziyalıların da ürəyincədir. Prezident demək olar ki, çıxışlarının çoxunda məmur özbaşınalığını tənqid edir, bu yolu tutan adamların sərt cəzalandırılacağını bildirir. Onun bu yöndəki çıxışları və gördüyü tədbirlər bizə çox gözəl təəssüratlar bağışlayır. Cənab Prezident öz fikirlərini çox aydın şəkildə aidiyyəti orqanların rəhbərlərinə və təmsilçilərinə çatdırıb. Təbii, özbaşınalıq edən hər kəs bundan düzgün nəticə çıxarmalıdır. Vəzifələrindən sui istifadə edənlər və eləcə də onların övladları özbaşınalıqdan çəkinməlidir. Bütün ictimaiyyət, həmçinin də mən həkim olaraq cənab Prezidentin fikirlərini yüksək dərəcədə bəyənir və alqışlayıram. Hesab edirəm ki, bunun çox uğurlu nəticələri yaxın zamanlarda özünü daha da göstərəcək".

   K.Məmmədbəyovun sözlərinə görə, bəzi rayonlarda məmurların özünün özbaşınalığı bir yana, onların ailə üzvləri də camaata qarşı sayğısızlıq göstərirdi. Bu gün isə yavaş-yavaş bu münasibətə son qoyulur: "Bu da çox mənfi bir hal kimi insanları narahat edir. Prezidentimizin və xalqımızın, ictimaiyyətin etimadını doğrulda bilməyən bəzi məmurları vəzifələrindən uzaqlaşdırsa idi, daha yaxşı olardı. Hökumət orqanlarında daha çox gənc kadrlara ehtiyac var. Ölkədə qanuna nə qədər riayət olunsa, xarici siyasətə qoşulmaq da bir o qədər asan olar. Vətəndaşların rifah halının birbaşa cənab Prezidentin şəxsən diqqətində olması təqdirəlayiqdir. Bu kimi addımlar əhali tərəfindən rəğbətlə qarşılanır".

   Politoloqların sözlərinə görə, hazırda dövlət tərəfindən məmur özbaşınalığına qarşı kəsin mübarizə aparılır.

   Sosioloq İlkin Bəhramovun bildirdiyinə görə, son illər ölkəmizdə vəzifə səlahiyyətlərini aşan məmurlara qarşı kəskin mübarizə aparılır. Belə məmurların cəzalandırıldığını deyən İ.Bəhramov hesab edir ki, Prezidentin məmur özbaşınalığı ilə bağlı kəskin çıxışları və gördüyü tədbirlər ictimaiyyətin ürəyindən xəbər verir: "Azərbaycan sivil, dövlət Konstitusiyası ilə idarə olunan bir ölkədir. Ölkəmiz günü-gündən inkişaf edir, tanınır, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Azərbaycan Respublikasını bu xalqın sevgisi, müstəqil dövlətə sahib olmaq istəyi, mübarizəsi var edib. Ona görə də dövlət orqanlarında, vəzifədə çalışan insanlar bilməlidir ki, onların bütün fəaliyyəti əhalinin xeyrinə olmalıdır. Vəzifəli şəxslər, məmurlar vəzifə səlahiyyətləri çərçivəsində görməlidir. Bilirsiz ki, yerlərdən məmur özbaşınalığı ilə bağlı paytaxta nə qədər şikayətlər gəlirdi. Əhali bəzi məmurların və onların ailə üzvlərinin davranışından, münasibətindən narazılıq edirdi. Mətbuat orqanlarında məmurlardan nə qədər şikayətlər, dövlət başçısına müraciətlər çap olunurdu. Məmurlardan narazı qalan camaat öz dərdini bu məktublar vasitəsilə dövlət başçısına çatdırırdı. Dövlətin bu yöndə apardığı siyasət məmurlardan narazı qalan vətəndaşlara böyük bir dəstək sayılır. Prezident etimad göstərdiyi adamı vəzifəyə təyin edir ki, o şəxs camaatın da etimadını qazansın. Amma bəzən elə olur ki, məmur ictimaiyyətin də, dövlətin də maraqlarına zidd hərəkətlərə yol verir. Bu gün ölkəmizdə həm məmur özbaşınalığına, həm də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə olduğundan, heç bir problem diqqətdən kənarda qalmır. Ölkə başçımız özü bildirib ki, korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır. Cənab Prezidentin çıxışına diqqət yetirək: "Biz inkişaf etmiş ölkələrin bu sahədə də təcrübəsini nəinki öyrənməliyik, eyni zamanda, tətbiq etməliyik. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq-mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcəkdir.

   Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır. Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. "Elektron xidmət", "Elektron hökumət" layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır. Məmur-vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir. Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcəkdir".

   Bu, Prezidentimizin məlum məsələ ilə bağlı fikirləridir. Bilirsiz ki, korrupsiya və rüşvətxorluq məmur özbaşınalığından yaranan bir mənfi haldır. Bu gün də həmin hala qarşı kəskin mübarizə siyasəti aparılır"

   İ.Bəhramovun dediyinə görə, bu gün ölkədə əhalinin məmur bürokratizmi və özbaşınalığı ilə qarşılaşmaması üçün görülən tədbirlər əhalinin maraqlarını tam şəkildə təmin edir. Sosioloqun fikrincə, Prezident icra başçılarını, idarə rəislərini və başqa vəzifə sahiblərini etdiyi xoşagəlməz hərəkətlərə görə işdən azad edib: "Öz vəzifə səlahiyyətlərini aşan hər bir məmur ölkə başçısı tərəfindən cəzalandırılıb. Bu adamlar vəzifəni xalqın deyil, öz xeyirlərinə yönəldib. Son aylar məmur özbaşınalığı ilə mübarizə daha intensiv hal alıb. Prezident əhalini hər an düşünür. Axır aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atılıb. Onların içində "ASAN xidmət"in fəaliyyətini mən qeyd etmək istəyirəm. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş "ASAN xidmət"ə müraciət edib. Ölkədə "ASAN xidmət"in fəaliyyəti genişləndiriləcək. Dövlət başçısının özü bildirib ki, bu xidmət bu ilin yayına qədər Bakının bütün rayonlarını əhatə edəcək. Bu həm də böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərlərini əhatə edəcək. Prezidentin sözündən açıq görünür ki, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır. Bu güclü siyasi iradə isə dövlətimizdə var. Biz əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik".

   Qeyd edək ki, cənab Prezident öz çıxışlarından birində məmur özbaşınalığına son qoyulmasından danışıb: "Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülürbu proses bundan sonra da davam etdiriləcəkdir.

   Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz - Konstitusiya tələb edirümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz".

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-19-21 aprel.-S.15.