Binəqədi rayonunun sosial - iqtisadi inkişafı:

real vəziyyət və perspektivlər

 

Doğma Bakının inzibati ərazisinin tərkib hissəsi olan Binəqədi rayonu Sovetlər dövründə S.M.Kirovun adını daşıyıb. Bu inzibati ərazinin "Binəqədi rayonu" adlandırılması müstəqilliyimizin ilk günlərində reallaşıb. Ərazisi 169,38 kv. km, əhalisinin faktiki sayı 400 min nəfər, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir.

  

   Rayon 4 (6,7,8,9) mikrorayon və 6 (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May) qəsəbədən ibarətdir. Binəqədi rayonunda 5 (Binəqədi, Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbə, Xocasən) yerli idarəetmə qurumu - bələdiyyə fəaliyyət göstərir.

  

   Qısa tarixi oçerk

  

   Şifahi mənbələrə görə, "Binəqədi" sözündəki "binə" termini 2 mənada işlədilib: 1) əsasən, maldarlıqla məşğul olan əhalinin kənd yaxınlığında məskun saldığı yer; 2) ov quşunun gizləndiyi, sığındığı yer. "Qədi" sözü isə "qədim, köhnə" anlamlarını verir. Toponimdən göründüyü kimi, Binəqədi Odlar diyarı və xalqımızın qədimliyinə şahidlik edən məkanlardan biridir. Həmin səbəbdən rayondakı dini - mədəniyyət abidələri, qoruqlar dövlət tərəfindən mühafizə edilir. Və hazırda bu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Burada 1915-ci ildə inşa edilən hamam, 1908-ci ildə tikilən məscid və minarə, XVIII əsrə aid Ovdan, XV-XVII əsrlərin yadigarı olan yaşayış yeri, XVII əsrə aid Karvansara, 1658-ci ildə inşa edilən məscid, neft mədənləri ərazisindəki Tunc dövrü "Nekropolu", "Binəqədi IV dövr faunaflora qəbirstanlığı" qoruğu, "Keyrəki" vulkan dağı mövcuddur.

   1940-cı ildə Binəqədi yaxınlığında qədim gərgədanın elmə məlum olmayan növünün skleti, çoxlu quş və heyvan sümükləri tapılıb. 1963-cü ildə Binəqədidə Tunc dövrünə aid qəbirdən qadın skleti, tunc üzük, sancaq, qolbaq, 200-ə qədər muncuq, gil piyalə və s. əşyalar da aşkar edilib.

   Binəqədi bitumluğunda IV dövrə aid fauna 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Məstənzadə tərəfindən aşkar edilib. Burada 50.000 növ onurğalı heyvan qalığı tapılıb. Binəqədi faunası heyvan qalıqlarının çoxluğu və növlərin müxtəlifliyinə görə Kaliforniyadakı məşhur Ranco-lya-Brea asfaltlarında aşkar edilən IV dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və keçmiş SSRİ-nin Avropa hissəsinin palefaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir.

   Binəqədi neft yatağı sahəsində Keyrəki, Abix, Ziyilpiri, Keçəldağ palçıq vulkanlar və çoxlu şor göllər var.

  

   Müasir Binəqədi inkişaf yolunda

  

   Binəqədi rayonunda 99 sənaye müəssisəsi fəaliyyət göstərir. Hazırda rayonda 3 mədənçıxarma, 17 müxtəlif içkitütün məmulatları daxil olmaqla qida məhsulları, 3 toxuculuqtikinti, 6 odun emalı və ağac məmulatları, 3 kimya, 4 metallurgiya, 63 təyinatlı kiçik müəssisələr müxtəlif çeşidli məhsullar istehsal edir. Məhsulları ilə respublikadünya bazarlarında öz sözünü deyən "Binəqədi Oil KOMPANİ" Neft Şirkəti, "Bot MMC", "B.Sərdarov adına maşınqayırma zavodu", "Bakı Poladtökmə" ATSC, "FAV Boya" və "Bilfa Boya", "Koka-kola BOTTLERS LTD", "Qolden Uoter", "Mars Overseas" kimi iri şirkətlər Binəqədi rayonunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

   Əhalinin sağlamlığının keşiyində duran tibb müəssisələri rayonda kifayət qədərdir. 4 Diaqnostika Mərkəzi, 10 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyindəki 12 tibb müəssisəsi, o cümlədən 9 nömrəli Qadın Məsləhətxanası, 8 nömrəli Stomatoloji Poliklinika, 400 çarpayılı, çoxprofilli Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Mərkəzi Dəmiryol Xəstəxanası və Poliklinikası fəaliyyət göstərir. Bu sahədə aparılan işlərin nəticəsi olaraq, cari ilin 9 ayı ərzində təbii artım yüksələn xətlə gedib. Bu artım təbii ki, yeni uşaq badçalarının tikilməsini zəruri edir. Tələbatı ödəmək məqsədilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 3 uşaq bağçası əsaslı təmir olunub.

   RİH-nin şöbə müdiri Tamella Hacıyeva mətbuata bildirib ki, 219 saylı körpələr evi millət vəkili Madər Musayevin maliyyə hesabına təmir olunur. O həmçinin deyib ki, 2013-cü ildə Xocasən qəsəbəsində 200, Binəqədi qəsəbəsində isə 240 yerlik yeni uşaq bağçaları tikiləcək. Qeyd edək ki, bu obyektlərin tikintisi Prezidentin rayona etdiyi səfərlər zamanı sakinlərlə görüşdə verdiyi tapşırığa əsaslanır.  

   Cari ilin 9 ayında rayonda iqtisadisosial sahənin inkişafına 7 mln. 888 min manat məbləğində investisiya yönəldilib. Son 3 rübdə işçilərin sayı 36896 nəfər, orta aylıq əməkhaqqı isə 350 manat olub. Bu il oktyabrın 1-i vəziyyətinə Binəqədi rayonunda 3937 yeni yeri açılıb ki, bunun da hamısı daimidir. İH 9 ayın hesabat dövrü ərzində "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na əsasən Rayon Məşğulluq Mərkəzi ilə birlikdə səyyar əmək birjası təşkil edib. İş axtaranlara 807 yeri təqdim olunub, 21 nəfərə vakansiyalar üzrə işə düzəlmək üçün göndərişlər verilib, 17 nəfər peşə kurslarına cəlb edilib. Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 936 nəfərdən 439-u işlə təmin olunub, 88-i peşə kursuna cəlb olunub, 127 nəfər isə işsiz statusu alıb.

   Rayonda yerli iqtisadiyyat və sahibkarlığın inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, əlverişli biznes mühitinin yaradılması və investisiya cəlbediciliyinin artırılması məqsədilə 2012-2014-ci illər üçün xüsusi "Tədbirlər Planı" təsdiq edilib.  

   Dövlət Proqramında Binəqədi rayonuna aid 103 bənddən ibarət işlər də uğurla davam etdirilir. 2012-ci ildə Proqram çərçivəsində: bütün qəsəbələr üzrə 151 km-lik yeni qaz xətləri çəkilib, 11038 abonent Smart-kart tipli sayğacla təmin olunub; 100, 246, 244, 3, 276 və 102 saylı məktəblər əsaslı təmir edilib; 159, 153, 294, 274 və 211 saylı uşaq bağçalarının tikintisi və əsaslı təmiri, 11 saylı musiqi məktəbinin əlavə sinif otaqlarının tikintisi yekunlaşmaq üzrədir.

   Rayonda payız-qış mövsümünə aid tədbirlər həmişə İH-nin diqqətində olub. Belə ki, məhəllədaxili istilik xətləri artıq bərpa edilib. Mövcud qazanxanaların modernləşdirilməsi isə davam etdirilir. Bir istilik sistemində bu proses artıq yekunlaşıb.

   Ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonu ərazisində də aparılan abadlıq və quruculuq işlərinin miqyası və bənzərsizliyi rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Müsahibim Rəsulzadə qəsəbəsinin sakini Məmməd Ələkbərovdur: "Atam, anam və mən gözümüzü açandan bu qəsəbədə yaşayırıq. Burada aparılan quruculuq-abadlıq işləri, küçələrin, məhəllədaxili yolların təmiri hamımızı sevindirir. Xeyir-şər evlərinin təmir edilməsi, bina hasarlarının milli ornamentlə işlənməsi, nəqliyyat probleminin olmaması, su probleminin tədricən həlli, qaz xətlərinin yenilənməsi və müasir sayğacların istifadəyə verilməsi məişətimizi yaxşılaşdırıb. Evimizin yanındakı parkın yenidən qurulması, yaşıllıq işlərinin yekunlaşması və parka nəzarətin daimi olması qəsəbə sakinlərinə ən gözəl hədiyyədir".

   Rayon ərazisində aparılan bütün işlərin keyfiyyətinə nəzarət sanitar normalara uyğun aparılır. Məişət tullantılarının mütəmadi daşınması, istifadə edilən texnika və avadanlıqların mühafizə və təmiri, küçə və parklarda təmizliyin qorunması RİH-nin bilavasitə nəzarəti altındadır.

   Binəqədi Rayon İcra Hakimiyyətinin hədəflərindən biri də aparatda kadrların seçilməsi və yerləşdirilməsidir. hər iş insanla və insan naminə olduğu üçün RİH sakinlərlə sıx əlaqə qurub, onların ərizə və təkliflərinə operativ reaksiya verir. Cari ilin 9 ayı ərzində sakinlərdən İH-yə 2 təklif, 1574 ərizə və 1249 şikayət daxil olub. Daxil olan müraciətlər əsasən tikinti aparılmasına icazə, inşası başa çatan tikililərin sənədləşməsi, mənzil və ya torpaq sahəsilə təmin edilməsi, əmək və əhalinin sosial müdafiəsi, nəqliyyat, qaçqın və məcburi köçkünlərlə əlaqəli məsələlər, su-kanalizasiya problemləri, ailə-məişət və digər problemlərlə əlaqəli olub.

   2012-2013-cu tədris ilində AR-nin ali məktəblərinə qəbul imtahanlarında həmişə olduğu kimi, Binəqədi rayonu məktəblilərinin məzunları yüksək nəticə göstərib. Cari tədris ilində 2529 nəfər məzun orta məktəbi bitirib. Onlardan 2247-si ali məktəblərə sənəd verib, 1184 nəfər isə ali məktəbə qəbul olunub.

  

   Mövcud problem və perspektivlər

  

   Qazanılan uğurlardan kifayətlənməyən RİH və onun başçısı Xaləddin İsgəndərov mövcud nöqsanlar və onların həlli yollarını göstərir ki, bu da yeni nailiyyətlərə yol açır. Bu fikri İH-nin cari ilin 9 ayı hesabatında səslənən tənqidlər də sübut edir: "Rayonun sosial-iqtisadi sahəsində mövcud inkişafla yanaşı, bir sıra nöqsanlar da aşkarlanıb. Misal olaraq göstərə bilərik ki, tərəfimizdən Biləcəri qəsəbəsində yerləşən 298 və 314 saylı, Xocasən qəsəbəsindəki 103 saylı məktəblərdə əsasən yuxarı siniflərdə davamiyyətin həddən artıq aşağı olması, təcrübə və səriştəsi aşağı olan müəllimlərin çalışması kimi bir sıra nöqsanlar aşkarlanıb. Bəzi bağçalarda uşaqların qəbulunda və bu bağçaların digər fəaliyyət istiqamətlərində rüşvət və korrupsiya halları mövcuddur. Bu da respublika üzrə Binəqədi rayonunun imicinə mənfi təsir göstərir".

   Dövlət Proqramında Binəqədi rayonuna aid bəzi işlərin yerinə yetirilməsində də ləngimələr var. Belə ki, Sulutəpə qəsəbəsində istirahət parkının və "Həkim məntəqəsi"nin tikintisinə başlanılmayıb. Böyük Şor və Xocasən göllərinə kanalizasiya, texnikis. suların axıdılmasının qarşısı hələ də tam alınmayıb. Bir neçə məktəbdə tədris korruslarının tikintisi dayandırılıb.

   Binəqədi rayonunda mühüm problemlərdən biri də qanunsuz torpaq tutulması və binaların tikilməsi halıdır. Bu problemlə əlaqədar ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev mətbuata belə açıqlama verib: "O torpaqları bələdiyyələr qanunsuz verib. Binəqədi rayonunda 15 min problemli məhkəmə çəkişməmiz var. Hesab edirəm ki, bu problemlər öz həllini tapacaq".

   Ümumiyyətlə, 9 aylıq hesabatda görülməyən işlərdən, problemlərdən açıq şəkildə danışılması və onların həlli yollarının göstərilməsi Binəqədi RİH-ni bəzi RİH-dən fərqləndirən cəhətlərdən biridir.

   Yaxın gələcəkdə Binəqədi qəsəbə idman kompleksinin qarşısındakı gölün qurudulması və gölə məişət tullantılarının atılmasının qarşısının alınması, burada meşə zolağı və parkın salınması planlaşdırılıb. 2013-cü ildə Dövlət Proqramına uyğun olaraq rayonda çoxsaylı obyektlərin, xüsusilə təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi nəzərdə tutulub. Qeyd edək ki, bu obyektlərin bir qismi icrası 2012-ci ildən növbəti ilə keçən, digərləri isə 2013-cü ildə nəzərdə tutulan obyektlərdir.

   Beləliklə, görülən işlərin miqyası, mövcud problemlərin təhlili və yaxın gələcəkdə onların həlli istiqamətində aparılan məqsədyönlü işlər bir daha sübut edir ki, Binəqədi rayonu "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasının yerinə yetirilməsində də öz sözünü deyəcək.

 

 

Vaqif CƏLİLOĞLU, T.e.üzrə fəlsəfə doktoru

Bakı xəbər. - 2013.- 3 dekabr.- S.12.