İnsan alveri ilə dövlət mübarizə proqramlarının ictimai məzmunu...

 

İnsan alverinin tarixi çox qədimdir. Tarixən müxtəlif insanlar bu cinayətin qurbanı olub. Bu qurbanların alver predmetinə çevrilməsinin müxtəlif səbəbləri olub. Köhnə vaxtlarda dövlətlər arasında baş verən müharibələr, hücumlar nəticəsində əsir götürülən insanların başına bu hadisələr gəlirdi, onları alıb satırdılar. Təbii ki, onlar tarixin qara ləkəsidir və hər zaman ürək ağrısı ilə vərəqlənir.

   Təəssüflər olsun ki, bu problem indi də var. Dünyanın bütün dövlətlərində insan alveri kimi böyük cinayətlərə qol qoyan, baş qoşan insanlar, qruplaşmalar var.

   Azərbaycan dövləti insan alveri qurbanlarına arxa-dayaq olur, onların həyatını dağıdan insanlara, cinayətkar dəstələrə qarşı ciddi tədbirlər görür. İnsan alveri faktoru həm Azərbaycan dövlətini, həm də Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Odur ki, dövlət və ictimaiyyət, ictimai qurumlar səviyyəsində insan alverinin aradan qaldırılması üçün məqsədyönlü işlər görülür. İndiyə qədər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin sayı çoxdur. Ölkədə fəaliyyət göstərən QHT-lər, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, yerli icra hakimiyyəti orqanları insan alverinə qarşı mübarizədə fəal iştirak edirlər.

    Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi işlərə artıq beynəlxalq səviyyədə müsbət qiymət verilir. Belə ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində irəlidə olan dövlətlərdən biri kimi dünya ictimaiyyətinə təqdim olunub. Bildiyimiz kimi, ABŞ-ın dövlət katibi Con Kerri Dövlət Departamentində 2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatı geniş ictimaiyyətə təqdim edərkən ölkəmizin də adını çəkib. ABŞ-ın Azərbaycandakı səfirliyindən bizim mətbuata verilən məlumata görə, İnsan Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun tələblərinə müvafiq olaraq hesabat bütün dünya ölkələrindəki hökumətlərin müasir quldarlığa qarşı mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyətləri qiymətləndirir. Artıq on üçüncü buraxılış olan bu ilin hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar daxil edilib. ABŞ-ın Azərbaycandakı səfirliyi insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən, ölkədəki vəziyyətin yaxşılaşdırılaraq 2-ci sıraya daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edib.

  

   Qeyd edək ki, həmin təbrikdə ölkəmizin bu sahədəki uğurları təqdir edilir: "Bu tərəqqi insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdiyi səylər nəticəsində əldə edilib. Hesabatda qeyd olunduğu kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcək".

   Ekspertlər qeyd edir ki, hesabatda bütün ölkələr 3 səviyyəyə bölünür. Üçüncü səviyyə ölkədə traffikinq sahəsində problemlərin mövcudluğunu, ikinci səviyyə isə ölkənin bu sahədə müəyyən tərəqqi əldə etdiyini göstərir. Rusiya, Çin və Özbəkistan bu il tərtib olunan hesabatda ikinci sıradan üçüncü sıraya enib.

   Sosioloq Leyla Mahmudlunun sözlərinə görə, Azərbaycanda insan alverilə mübarizə mütəşəkkil şəkildə qurulub. Onun dediyinə görə, qısa zaman ərzində yüzlərlə insan alveri qurbanı ölkəmizə qaytarılıb və onların yenidən normal həyata qaytarılması üçün reabilitasiya mərkəzlərinə təhvil veriliblər. Bundan başqa, ekspert dedi ki, Azərbaycanda insan alverinə qarşı mübarizəni gücləndirən qanun qəbul edilib, müxtəlif sənədlər imzalanıb: "İnsan Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun (İAQMQ) tələblərinə müvafiq olaraq hesabat bütün dünyada əks-səda yaratdı. Xoşagələn haldır ki, burada ölkəmiz bu sahədə apardığı mübarizəyə görə ilk pillələrdən birində qərarlaşıb. Azərbaycan dövləti, ictimaiyyəti son illər insan alverinə qarşı mübarizədə çox fəaldır. Bu illər ərzində bir neçə sənəd qəbul edilib. İnsan alverilə mübarizə imkanlarının genişləndirilməsi üçün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb. "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli, 609-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidenti fərman imzalayıb. 7 may 2013-cü il tarixində dövlət başçısının imzaladığı bu sənəd insan alverinə qarşı mübarizə sahəsində yenilik olacağını proqnozlaşdırmağa əsas verir. Məlumat üçün deyim ki, 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilən BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Milli Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 may 2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs - milli koordinator təyin edilib və DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb. Milli koordinator-daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov təyin edilib. Azərbaycan Respublikasının 2004-cü il 6 may tarixli İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrası başa çatdırılıb, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" (2009-2013-cü illər) təsdiq edilib".

   İnsan alverilə mübarizə sahəsində 2013-cü ildə daha geniş miqyaslı mübarizə aparıldığını deyən ekspert bildirdi ki, 2013-cü il mayın 6-dan iyunun 6-na kimi Azərbaycanda insan alverinə qarşı mübarizə ayı elan edilib. Bu bir ay ərzində bu yöndə böyük işlər görülüb: "Bilirik ki, dünyada milyonlarla insan quldarlığın müasir forması olan köləlikdən əziyyət çəkməkdə davam edir. Belə insanlar məcburi qaydada qul kimi işlədilir, cinsi istismara məruz qalır, dilənçiliyə cəlb olunur, başqalarına məxsus uşaqların surroqat anası olmağa vadar edilir, düşdükləri asılılıqdan xilas ola bilmədikləri üçün məcburi qaydada orqanlarının başqalarına transplantasiya edilməsinə məcbur edilir. Bu cinayəti törədənlər insanlara alınıb satıla bilən bir əşya kimi baxır. İnsan alveri qurbanları əsasən seks industriyasında, tikintidə, eləcə də kənd təsərrüfatı sektorunda məcburən cüzi əməkhaqqına, bir çox hallarda isə tamamilə pulsuz işləməyə məcbur edilir".

   Məlumata görə, Azərbaycanda insan alverinin qurbanı kimi müəyyənləşdirilənlərin əksəriyyəti qadınlar olsa da, kişilərin də alver qurbanına çevrilməsi hallarına rast gəlinir. Bundan əlavə, zərərçəkənlərin əksəriyyətini gənclər, bəzən isə uşaqlar təşkil edir: "İnsan alverinə qarşı mübarizənin zəruriliyini nəzərə alaraq 6 may 2004-cü ildə Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Milli Fəaliyyət Planının təsdiq edilməsi Azərbaycan Respublikasında bu problemin mövcudluğunun etirafı və ona qarşı mübarizənin zəruriliyinin ifadəsi idi. 2009-cu ildən başlayaraq bir qrup QHT tərəfindən hər il may ayının 6-nın "İnsan alverinə qarşı mübarizə günü" kimi qeyd olunması barədə qərar qəbul edilib. 2010 və 2012-ci illərdə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, ATƏT, BMT, ABA CEELİ, BƏT, Aİ, Azərbaycanda akkreditə olunmuş bəzi səfirlik və KİV nümayəndələrinin də dəstək verməsi xüsusilə təqdirəlayiq hal kimi qeyd olunmalıdır. Bütün bunlar nəzərə alınaraq bu il də may ayının 6-dan iyun ayının 6-na qədər olan müddətin "İnsan alverinə qarşı mübarizə ayı" kimi qeyd edilməsi barədə qərar qəbul edilməsi çox müsbət nəticələr verib.

   Ekspertin sözlərinə görə, axır illər insan alverilə bağlı ictimaiyyətdə böyük maarifçilik işi həyata keçirilib. Sosioloq dedi ki, "İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 28-29 may tarixlərində Xaçmaz rayonunda "İnsan alverinə qarşı mübarizədə maarifçiliyin rolu" adlı maarifləndirmə layihəsi həyata keçirib: "İnsan alverinə qarşı mübarizə sahəsində geniş və əhatəli mübarizə həyata keçirilir. Əvvəllər maarifləndirmə işləri yalnız Bakı, Sumqayıt kimi şəhərlərdə aparılırdısa, indi bu bütün bölgələrdə aparılır. Çünki rayon və kəndlərdən olan insanlar daha çox insan alveri predmetinə çevrilə bilir. Maarifçilik tədbirlərində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyə işçiləri, tələbələr və digər gənclər fəal iştirak edir. Çalışılır ki, maarifləndirmə aksiyalarına daha çox gənclər cəlb edilsin. İnsan alverinə qarşı mübarizə layihələrinin həyata keçirilməsində məqsəd insan alveri və onun bəlaları haqqında tədbir iştirakçılarını maarifləndirmək, cəmiyyətin ümumi inkişafına nail olmaq, mülki cəmiyyətin, hüquqi dövlətin formalaşmasına kömək etmək, insanlarda "İnsan alveri" haqqında geniş səpkili bilik və informasiyaların toplanmasına çalışmaq olur.  

   Maarifçilik işi artdıqca, dövlətin insan alveri sahəsində apardığı uğurlu işlərin sırası genişləndikcə, Azərbaycanda bu mənfi hala qarşı ictimai mübarizə daha da güclənir. Bu gün ABŞ-ın təqdim etdiyi hesabatda dövlətimiz ilk pillələrdən birini tutub".

   Ekspert hesab edir ki, insan alverilə mübarizədə ictimaiyyət və dövlətin həmrəyliyi sayəsində xeyli işlər görülüb. Onun sözlərinə görə, növbəti illərdə də bu sahədə işlərin görüləcəyi qarşıda durur.

 

İradə SARIYEVA

Bakı xəbər. - 2013.- 3 dekabr.- S.15.