Büdcə işçilərinin mənzil təminatı sahəsində dövlət proqramları və ictimai maraqlar...

 

 

Azərbaycanda dövlət orqanlarında çalışan işçilərə mənzillərin verilməsi, onların sosial müdafiəsinin yüksək səviyyədə qurulması artıq ənənə halını alıb. Dövlət müxtəlif təşkilatlarda işləyənlərə mümkün qədər yardımlar göstərir. Bilirik ki, indi ev-eşik sahibi olmaq hər insana nəsib olmur. Əlbəttə, bu istəyin reallaşması üçün mütləq dəstəyə ehtiyac var. Bu istiqamətdə dövlətin gördüyü işlər misilsizdir.

Məlum məsələdir ki, hər bir zəhmətsevər insan istəyir ki, kənardan onun əməyinə qiymət verilsin. Xüsusən bu diqqəti dövlət tərəfdən görəndə özünü daha xoşbəxt və müdafiə olunmuş kimi hiss edir. Təbii ki, Azərbaycan dövləti hər zaman zəhmətsevər, üzərinə düşən məsuliyyətli vəzifəni vicdanla yerinə yetirən insanları qiymətləndirməyi bacarır və onların sosial müdafiəsini təmin edir. Bu cür insanların maraqları dövlətimiz tərəfindən qorunur. İşçilərə verilən böyük dəyərlərdən biri dövlətin onların mənzil təchizatını təmin etməsidir. Bəli, neçə illərdir ki, Azərbaycan dövləti və onun müvafiq orqanları ayrı-ayrı sahələrdə çalışan əməkdaşlara mənzil verir. Dövlət tərəfindən verilən bu mənzillərdə dövlət qurumlarında işləyən insanların ailələri könül xoşluğu ilə yaşayır. Dövlətimiz dövlət qurumlarında çalışan insanları mənzillə təmin etməklə ümumilikdə ictimaiyyətin maraqlarını müdafiə edir. Dövlət qurumlarında çalışan insanlara verilən mənzillərin, onlar üçün tikilən binaların sayı ilbəil artır. Bu da müxtəlif sahələrdə çalışan insanların həyat şəraitini kökündən dəyişir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət qurumlarında işləyənlərə dəfələrlə mənzil verilib. Bundan başqa, ayrı-ayrı dövlət qurumlarında işləyən şəxslərin mənzil təminatının yaxşılaşdırılmasını aidiyyəti nazirlik və komitələr həyata keçirib. Bunlar hamısı sözsüz ki, dövlətimizin bu sahədə yürütdüyü siyasətin nəticəsidir. Bilirik ki, həm Bakıda, həm də ölkəmizin başqa şəhər və rayonlarında sərhədçilər, polis orqanları əməkdaşları, gömrükçülər üçün mənzillər tikilib.

İqtisadçı Akif Əliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövləti hər bir dövlət işçisinin, eləcə də ictimaiyyət nümayəndəsinin mənzillə təmin olunmasını istəyir. A.Əliyevin sözlərinə görə, artıq bir çox sahələrdə işləyən insanlara dövlət mənzil verir. Müstəqillik dövründə bu ənənənin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu deyən ekspertin bildirdiyinə görə, sərhədçilərə, gömrük işçilərinə, incəsənət adamlarına ilk evlər H.Əliyev tərəfindən verilib: "Azərbaycan ictimaiyyətində, cəmiyyətində ən çox çözülən, haqqında danışılan mənzil məsələsidir. Bu mövzu həddən artıq həssas mövzu olduğundan, hər kəsi cəlb edir. Tez-tez eşidirik ki, dövlət tərəfindən dövlət qurumlarında işləyənlər üçün yeni mənzillər tikilir. Yaxşı haldır ki, bu tikinti hadisəsi bir-iki bina ilə tamamlanmır, günü-gündən belə tikintilərin sayı artırılır. Azərbaycanda həmişə dövlət qurumlarında işləyən şəxslərə dövlət tərəfindən mənzillər verilib. Bu, ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə daha da artıb. Müstəqillik illərində də bu məsələni Heydər Əliyev gündəmə gətirdi. Onun sərəncam və fərmanları ilə müxtəlif orqanlarda işləyən şəxslərə mənzillər verildi. Nə qədər evsiz insan evlə təmin olundu. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasəti ictimaiyyət, ölkənin ziyalı kəsimi ürəkdən bəyənir. Bilirsiz ki, dövlət qurumlarında çalışan elm xadimlərinə, alimlərə də dövlət tərəfindən mənzillər verilib. İncəsənət xadimlərinə, ədəbiyyat adamlarına evlər verilib. Bu yaxşı haldır. İctimaiyyətin dəyərləndirdiyi şəxslərin dövlət tərəfindən də qiymətləndirilməsi müsbətdir".

İqtisadçının sözlərinə görə, 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə imzaladığı fərman da ictimaiyyətin razılıqla qarşıladığı sənədlərdən olub: "Keçən il dövlət başçımız Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədilə komissiya yaradılıb. Komissiya siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə almalı, hazırlanmış siyahını Maliyyə Nazirliyinə təqdim etməli, görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat verməli idi. Bildiyim qədər artıq bu sahədə işlər davam etdirilir. Bəzilərinə artıq evverilib. Hesab edirəm ki, bu sahədə daha büyük işlər görüləcək".

Bundan başqa, iqtisadçı dedi ki, məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi özünün evsiz işçilərinə mənzil verib: "Bir neçə il əvvəl sözügedən nazirlik Sulutəpə qəsəbəsində bina tikərək, öz işçilərinə paylayıb. Başqa qurumlarda da bu davam etdirilib. Xarici İşlər Nazirliyinin də işçiləri üçün yaşayış binası tikdiyi bəllidir. Xarici İşlər Nazirliyinin yaxınlığında nazirliyin təşəbbüsü ilə yaşayış binası tikilib. Bina XİN-in Həmkarlar İttifaqının irəli sürdüyü təklif əsasında inşa edilib. Məlumatıma görə, bina artıq işçilərin istifadəsinə verilib. Bina nazirliyin əməkdaşlarının sosial təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulub".

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) isə mənzil növbəsində olan əməkdaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə "Neftçi" Mənzil-Tikinti Kooperativi (MTK) təsis edilib. Bu barədə redaksiyamıza məlumat qurumun mətbuat xidmətindən daxil olub. Kooperativ hazırda bir neçə yaşayış binası tikir. Qurum əməkdaşlarından birindən aldığımız məlumata görə, MTK-ya üzv qəbul edilən neft-qaz işçiləri mənzil uçotuna 1984-cü ilədək götürülübsə, onun üçün mənzilin dəyərinin 70%-i ARDNŞ, 30%-i isə özü tərəfindən ödənilir: "Sonrakı illərdə uçota dayananlara gəlincə, bu faiz dərəcəsi ARDNŞ tərəfindən ödəniləcək hissədən hər il üçün 2% azalır və işçi tərəfindən ödəniləcək hissə də artır. Nəticədə 2008-ci ildə mənzil uçotuna dayanmış işçi MTK-ya üzv qəbul edilərkən mənzilin ümumi dəyərinin 20%-i ARDNŞ, 80%-i isə onun özü tərəfindən ödənilməli olur. 2012-ci ilin əvvəlinə ARDNŞ üzrə 6238 işçi mənzil növbəsindədir. Onların 5743 nəfəri Bakı şəhəri üzrə, 495 nəfəri isə respublikanın müxtəlif şəhər və rayonları üzrə uçota götürülüb. Gələcəkdə ARDNŞ üzrə mənzil uçotunda olmayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin də "Neftçi" MTK tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulur".

İqtisadçı bildirdi ki, sərhədçilər üçün respublikanın bir neçə yerində binalar tikilib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilən yeni yaşayış kompleksləri istifadəyə verilib: "2011-ci ildə belə binalardan birinin açılışı olub, həmin mərasimdə ölkə başçımız İlham Əliyev də iştirak edib. Rəsmi məlumatlara görə, Ali Baş Komandanın tapşırıqlarına əsasən, paytaxtın Nərimanov rayonu ərazisində sərhədçilər üçün yeni yaşayış kompleksi tikilib istifadəyə verilib. Məlumatlara görə, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada 12 mərtəbəli, 264 mənzilli yaşayış binası inşa olunub. Yaşayış binası 2 və 3 otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, marketkafe, voleybolbasketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı var. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağackollar əkilib".

A.Əliyevin dediyinə görə, Naxçıvan Muxtar Respublikasında da sərhədçilər üçün bina inşa olunub. Onun sözlərinə görə, Kəngərli rayonunun Böyükdüz, Şahtaxtı, Şərur rayonunun Kərimbəyli və Sədərək rayonu ərazisindəki sərhəd zastavalarının açılışı olub: "Böyükdüz, Şahtaxtı və Kərimbəyli kəndlərində sərhədçi zabit ailələri üçün 24 mənzildən ibarət 3 müasir yaşayış binası tikilib. Hər biri iki otaqdan ibarət mənzillərin açarları zabitlərə təqdim olunub. Bildiyim qədər Azərbaycanın şimal zonasında da sərhədçilərə mənzillər paylanıb. Daxili İşlər Nazirliyininöz işçilərinə mənzillər verməsi faktdır".

 

A.Əliyevin bildirdiyinə görə, bəzi dövlət qurumlarının da bu ənənəni davam etdirməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri də öz işçilərinin evlə təchiz edilməsi məsələsilə bağlı işlər görməlidir. Onun bildirdiyinə görə, illərdir ki, həkimlər, müəllimlər təmsil etdikləri qurumlardan mənzil almır: "Azərbaycanda dövlət qurumlarında işləyən insanların mənzil təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti ictimai maraqları təmin edir. Amma belə hallar da olur ki, bəzi qurumlar öz işçilərinə bina tikmir. Hesab edirəm ki, müəyyən nazirliklər öz işçilərinin mənzil təminatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirməlidir. Amma bütövlükdə dövlətin tikdiyi binaların, işçilərə verilən mənzillərin sayı artır. Bu işə bütün dövlət qurumları qoşulmalıdır. Fikrimcə, artıq ali məktəblər , kolleclər dövlət dəstəyindən istifadə edərək öz evsiz işçiləri üçün binalar tikə bilər. Dövlətimizin ictimai maraqların müdafiəsi istiqamətində həyata keçirdiyi siyasət təqdirəlayiqdir. Cəmiyyət bunu yaxşı qarşılayır".

Təbii ki, dövlət ictimai maraqların müdafiəsi baxımından dövlət qurumlarında çalışan şəxslərə mənzillərin verilməsi, onların sosial müdafiəsinin təşkili çox əlamətdar, eyni zamanda da müsbət haldır. Düşünürük ki, bu uğurlu tendensiya dövlət tərəfindən davam etdiriləcək.

 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2013.-10 dekabr.-S.12.