Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

 Bəlkə də dahi Nizami Gəncəvi bilməzdi ki, nə zamansa Azərbaycanın paytaxtı Bakıda onun adına, şəxsiyyətinə, mənəvi irsinə hörmət və ehtiram əlaməti olaraq Nizami adlı rayon olacaq. Nizami rayonunun inkişafı, burada görülən işlər, rayonun əksər yaşayış ərazilərindəki səliqə-sahman dahi mütəfəkkirin, şairin adına layiqdir.

 Nizami rayonundan söz düşəndə son zamanlar ən çox xatırladığım bir məsələ olur ki, onun haqqında sakit, həyəcansız danışa bilmirəm. Bir dəfə rayonda yerləşən "Neftçilər" metrostansiyasının yanında bir neçə ahılla qarşılaşdım, daha doğrusu, onlar məndən yaxınlıqdakı xeyir-şər evinin yerini soruşdular. Dedilər ki, metro yaxınlığında xeyir-şər evi varorada gündə üç dəfə kimsəsizlərə, imkansız ahıllara pulsuz yemək, çay verilir. Xahiş etdilər ki, onları həmin yerə aparım. Qara Qarayev 66 ünvanında yerləşən xeyir-şər evi yerli bələdiyyənin təşəbbüsü və himayədarlığı ilə fəaliyyət göstərir. Bu istidoğma ünvan rayonun imkansız ahıllarının həm dərdləşdiyi, həm də qarınlarını doyurduğu məkandır. Yerli bələdiyyənin əməkdaşları bildirdi ki, burada həmin insanlara, azacıq da olsa, sevinc bəxş etmək niyyəti güdürlər. Burada işləyənlərin sözlərinə görə, yaşlı insanlara verilən qidalar tam keyfiyyətlidir. Deyirlər ki, alınan məhsulların və verilən yeməklərin keyfiyyətinə ciddi şəkildə diqqət yetirilir. Yeməklər hər gün yoxlanılır. Buraya gələn insanlar yaşlı sakinlər olduğundan, həkim nəzarəti də ciddidir.

Nizami rayonuna başucalığı gətirən bu ibrətamiz, nümunəvi əməl könüldən gələn xeyirxah bir işdir və Tanrı dərgahında savab sayıla bilər. Təsəvvür edin ki, hər gün bura 20-30 nəfər yaşlı insan nahara gəlir. Bir nüansı da qeyd edək ki, burada nahar edənlərin çoxu başqa xalqların, millətlərin nümayəndəsidir. Bildiyimə görə, bu xeyir-şər evinin kasıb insanlara xidmət göstərməsinə rayon rəhbərliyi də ciddi dəstək verir.

 Nizami rayonu Bakının hər gün inkişafda olan, dəyişməyə meylli rayonlarından biri kimi diqqəti cəlb edir. Burada xeyirsevər insanların daha çox olması qənaətindəyəm. Bu rayonun sadə sakinləri də ehtiyacı olan insanlardan qayğısını və bir parça çörəyini əsirgəmir.

   Nizami rayonunda ən xoşladığım Dakar meydanı özündə keçmişin xatirələrini, nostalji duyğuları yaşadır... Tanınmış mozaikaçı rəssam Sabir Şıxlının ərsəyə gətirdiyi mozaikalar, təsvirlər çox cəlbedici və düşündürücü görünür. Bakının iri meydanlarından olan Dakar meydanı Nizami rayonuna əlavə bir gözəllik qatır.

   Dakar meydanı Rüstəm Rüstəmov və Qara Qarayev prospektlərinin kəsişməsində yerləşir. 1967-ci ildə Seneqalın paytaxtı Dakar ilə Bakı qardaşlaşmış şəhər olur. 1987-ci ilin sentyabrında Dakarın bələdiyyə nümayəndə heyəti Seneqal paytaxtının yaranmasının 100 illiyi münasibətilə Bakıya gəlib. Sözügedən Dakar meydanı Bakı və Dakar qardaşlığının şərəfinə qurulubindi də özündə dostluq və doğmalıq elementlərini qorumaqdadır.

  Bilirik ki, Nizami rayonu yarandığı vaxtdan sənaye rayonu statusu daşıyıb. Sovet illərindən başlayaraq indiyə qədər rayon öz ənənəsinə sadiq qalmaqda davam edir. Belə ki, sənayenin müxtəlif sahələrini özündə birləşdirən rayonda Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, "Bakı Şərab-1" ASC, "Bakı Diyircəkli Yastıq" ASC, "European-Tobacco Baku" ASC, "Veysəloğlu" MMC, "Kaspi-Yıldız" MMC kimi müəssisələr, "NJT-2000" firması, "Körpü Tunel" ASC, "Azərtunelmetrotikinti" SM-in Dəmir-beton Konstruksiyaları zavodu, 18 bank filialı, 7 rabitə şöbəsi və digər iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, "Ulduz" şokolad fabriki, "Bakı Yağ-Qida Sənaye" ASC-nin məhsulları isə brend olaraq xarici ölkə bazarlarına çıxarılmaqdadır. Sadaladığımız faktlar deməyə əsas verir ki, rayon ərazisində çoxlu sayda iri istehsal müəssisələri yerləşir və bu da ölkə iqtisadiyyatına verdiyi töhfələr baxımından rayonun əhəmiyyətini xeyli dərəcədə artırır. Məhz bu amil nəzərə alınaraq rayonun iqtisadi inkişafı diqqət mərkəzində saxlanır. Belə ki, rayon iqtisadiyyatının inkişafı məqsədilə son beş ildə 723,4 milyon manatlıq investisiya qoyulub ki, bunların da hamısı istehsal təyinatlıdır. Nəzərə almaq lazımdır ki, rayon ərazisində bu qədər istehsal müəssisələrinin fəaliyyət göstərməsi həm də məşğulluq probleminin həlli deməkdir. Paytaxt rayonları ilə müqayisədə ərazi baxımından kiçik, əhali sıxlığına görə isə öndə olan Nizami rayonunda miqrasiya artımı da müşahidə olunmaqdadır. Rayonda 1875 nəfər miqrasiya artımının üzərinə 1655 nəfər təbii artımı da əlavə etsək, məşğulluq məsələsinin həlli vacib amillərdən birinə çevrilir. Rayon rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu məşğulluq siyasəti və müəssisələrin bazar münasibətlərini düzgün qiymətləndirməsi nəticəsində sözügedən məsələ həllini tapmaqdadır. Belə ki, rayonda 2013-cü ilin 9 ayı ərzində 1483 yeni yeri açılıb ki, ondan 71-i mövcud müəssisə və təşkilatların, 1105-i isə fiziki şəxslərin payına düşür. Ümumilikdə, 2003-cü ildən 2013-cü ilin 1 oktyabr tarixinədək rayonda 22947 yeni yeri açılıb ki, onun da 22817-si daimi iş yerləridir. Göründüyü kimi, yeni açılmış yerlərinin əksəriyyəti özəl sektorun payına düşür. Çünki rayonda özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, son beş il ərzində rayonda 500-dək sahibkarlıq subyekti qeydə alınıb. Onu da qeyd edək ki, Nizami rayonunda xidmət və ticarət sahələri kifayət qədər inkişaf etdiyindən, hətta qonşu rayonların məşğulluq probleminin həllində mühüm rol oynayır.

   Nizami rayonu sosial-iqtisadi cəhətdən inkişafa doğru irəliləyən rayon kimi sakinlərin rəğbətini qazanıb. Məlumdur ki, ölkəmizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri Bakı şəhərinin Nizami rayonundan da yan keçməyib. Xəbərimiz var ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası paytaxtın Nizami rayonunda irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət olunub. Xatırladaq ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan rayon ulu öndər Heydər Əliyevin qərarı ilə 1980-ci ilin noyabr ayında yaradılıb. Bakı rayonları arasında ən gənclərdən hesab olunan Nizami rayonunun ərazisi 19,6 kv.km, əhalisi 1 oktyabr 2013-cü il tarixinə 191830 nəfər təşkil edir. Bakının qədim yaşayış məntəqələrindən hesab olunan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 kv.km, əhalisi isə 23727 nəfərdir. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir. Bundan başqa, Nizami rayonunda fəaliyyətinə 2013-cü ilin əvvəllərindən start verilmiş 1, 2 və 3 saylı sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər mövcuddur. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Hazırda rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı reallaşdırılan irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun simasını dəyişir, onun abadmüasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır.

Nizami rayonunun inkişafı, bu rayon ərazisində ekoloji layihələrin həyata keçirilməsi, yaşıllaşdırmaya xüsusi önəm verilməsi xoşagələn haldır. Rayon ərazisində günü-gündən geniş vüsət alan yaşıllaşdırma əhalinin ürəyindən xəbər verir. Nizami rayonunda sakinlər də rayon rəhbərliyinin və rayon bələdiyyəsinin həyata keçirdiyi bütün işlərə dəstək olmağa çalışır.

   Nizami rayonunda abadlaşmaya cəlb edilən parklar, küçələr, həyətlər həddən artıq çoxdur. Demək olar ki, əksər həyətlərdə sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülür. Qara Qarayev metrostansiyası ətrafında həyata keçirilən abadlaşdırma işləri rayonun İlham Əliyev, Özbəkistan, Əli Vəliyev, Tofiq Abbasov küçələrindən də yan keçməyib. Həyətlərin abadlaşdırılması, yeni su nasos qurğularının işə salınması, bir qayda olaraq həyətlərdə xeyir-şər evlərinin tikilməsi xoşagələn haldır. Sakinlər görülən işlərdən razılıq edir.

 Ancaq bəzi hallarda insanları, sakinləri narahat edən məqamlar da olur. Onların sayı çox olmasa da, ancaq az da olsa mövcudluğu adamı rahatsız etməyə bilmir. Bilirik ki, paytaxtın ən iri bazarlarından biriNizami rayonunda yerləşir. El arasında "8-ci kilometr bazarı" kimi tanınan 4 saylı şəhər bazarının qarşısındakı nəfəsdaraldan tıxaclar və bazardakı natəmizlik, nizamsızlıq sakinləri narahat edir.

  Nizami rayonunun xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadığı, təhsil aldığı, himayə edildiyi bir rayon olduğu bəllidir. Bilirik ki, burada 1 saylı uşaq evi, kar uşaqlar üçün respublika əhəmiyyətli iki internat məktəb fəaliyyət göstərir.

 

   Sözsüz ki, bütün cəmiyyətlərdə kimsəsiz, valideyn himayəsindən, qayğısından məhrun olan uşaqlar olur. O uşaqların ən böyük himayəçisinin, etibarlı ata-anasının dövlət olduğu bəllidir. Belə uşaqların hərtərəfli inkişafının təmini, onların cəmiyyətimizə yenidən qazandırılması işinə ölkənin birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xüsusi diqqət ayırdığı bəllidir.

  Bu da məlumdur ki, 7 oktyabr 2013-cü il tarixində Heydər Əliyev Fondu tərəfindən rayonun E.Süleymanov küçəsi 120 a ünvanında inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi açıldı. Bir hektar ərazini əhatə edən 3 mərtəbə və zirzəmi hissəsindən ibarət mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, biologiya, zoologiya, kompyuter, loqoped, riyaziyyat, astronomiyavalideyn otaqları, həmçinin heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri fəaliyyət göstərir. Mərkəz daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edir.

  Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Çobanzadə küçəsi, 2405-ci məhəllədə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün də yaşayış binası inşa olunub. Binada 34 birotaqlı, 32 ikiotaqlı və 2 üçotaqlı mənzil var, mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilib.

   Nizami rayonunun sosial-iqtisadi vəziyyətini analiz edərkən çoxu müsbət olmaqla bir sıra işlərin görüldüyü, bundan sonra da görüləcəyi qənaətinə gəlirsən. Nizamidə könül açan bir çox işlər görülüb, abadlıq layihələrinin gələcəkdə də iri miqyas alacağı gözləniləndir.

 

   

 

Namiq QULİYEV

Bakı xəbər.-2013.-11 dekabr.-S.15.