Yusif Vəzir Çəmənzəminlinin nəşinin vətənə qaytarılması məsələsi yenidən gündəmdə...

 

İllər öncə "Bakı-Xəbər"in qaldırdığı təşəbbüs yenidən ortaya çıxır

 

 Azərbaycan tarixində çox böyük şəxsiyyətlər var ki, onların adlarını nə tariximizdən, nə də yaddaşımızdan pozmaq mümkün olub. Heç bir siyasi quruluş, məkrli və qərəzkar ideoloqlar bu adlara toxunmağa cəsarət etməyiblər. Düzdür, əllərindəki vəzifə imkanlarından istifadə edərək böyük insanlarımıza sürgün, qürbət, ölümə can vermək kimi əzablar yaşada biliblər, ancaq onların adlarına kölgə sala bilməyiblər.

  Çünki o şəxsiyyətlər xalqımızın tarixi taleyində, ictimai və milli şüurunun formalaşmasında danılmaz xidmətlərə malikdir.

  Azərbaycanda tarixi roman janrının banisi, ictimai-siyasi xadim, diplomat, pedaqoq, tədqiqatçı Yusif Vəzir Çəmənzəminli bolşevik imperiyasının hədəfə aldığı, vətənindən, elindən, xalqından, həyat yoldaşından, balalarından, işıqlı arzularından ayrı saldığı uca şəxsiyyətlərdən, yazıçılardandır.

 

Günahsız "günahkar"ın bəraəti...

 

   Təəssüflər olsun ki, Yusif Vəzirin taleyinə qürbətdə ölmək, əzrayıla can təslim etmək düşüb. Sovet illərində bu imperiyanın məhv etdiyi günahsız şəxsiyyətlərdən biri kimi sonradan bəraət ala bildi. Bəraətdən sonra onun məşhur "Qızlar bulağı" və "Qan içində" tarixi romanları yüksək tirajla çap olundu, bununla da xalqımızın bu oğlunun haqqı qismən özünə qaytarıldı. Ancaq xalqımızın Yusif Vəzirə borcu hələ çoxdur.

   Bilirik ki, son illər Yusif Vəzirin adı müəllifi olduğu, Qurban Səid imzası ilə yazdığı "Əli və Nino" əsərinə görə daha çox gündəmə gətirilirdi... Bəzi ədəbiyyatşünaslar iddia edirdi ki, əsəri Yusif Vəzir deyil, Məhəmməd Əsəd bəy yazıb. Ancaq bəllidir ki, Qurban Səid Yusif Vəzir Çəmənzəminlinin mühacirətdə istifadə etdiyi təxəllüslərindən, adlarından biri olub. Diqqətinizi qətiyyən yenidən bu məsələyə yönəltmək istəmirik, Yusif Vəzirlə bağlı başqa bir məqamı qeyd etmək istəyirik. Yusif Vəzir Çəmənzəminlinin qəriblikdə qalan məzarından, nəşinin ölkəmizə gətirilməsindən danışmaq istəyirik...

 

Yazıçı oğlunun ürək göynədən arzusu

 

Əvvəlcə onu bildirək ki, hələ bir neçə il əvvəl "Bakı-Xəbər" qəzetində Yusif Vəzir Çəmənzəminli ilə əlaqədar silsilə yazılar çap edirdik. Həmin yazıların ərsəyə gəlməsində yazıçının oğlu çox hörmətli Orxan Vəzirov da iştirak edirdi. O yazılardan birində Orxan Vəzirov da, biz də Yusif Vəzirin nəşinin ölkəmizə gətirilməsi arzularımızı ifadə etmişdik... Orxan müəllim deyirdi ki, atasının həbsi, sürgün edilməsi ailələrinə həm maddi, həm də mənəvi zərər vurub. İmkansızlıq ucbatından ürəkləri istəyəndə atalarının artıq itib - batmaqda olan, baxımsızlıq girdabına tuş gələn qəbrini ziyarət edə bilməyiblər. Onlar həmişə istəyiblər ki, ata məzarını görüb, heç olmasa o qəbirə sarılıb göz yaşı axıtsınlar, amma qismət olmayıb, anaları bu nisgillə köçüb dünyadan.

Təbii ki, Azərbaycanda görkəmli şəxsiyyətlərin başqa ölkələrdən nəşinin respublikamıza gətirilməsi nümunələri var. Bilirik ki, xalqımızın böyük oğlu Hüseyn Cavidin nəşi Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin köməkliyi, dəstəyilə Vətənə gətirilib. İllər əvvəl baş verən bu xeyirxah işin Yusif Vəzirin şəxsində də reallaşması arzuediləndir.

 

 

 

Qəriblikdə ölənin məzarını qazan ağlar

 

 Ermənilərin zəbt etdiyi qolubağlı Şuşanın məzarı qəriblikdə qazılan bir övladıdır Yusif Vəzir Çəmənzəminli. Şuşa da qolubağlıdır, Yusif Vəzir də. Şuşa işğaldan azad olmaq, Yusif Vəzir də nəşinin vətən torpağına qarışmasını istəyir.

 Çox dəyərli ziyalımız, yazıçı-dramaturq Firuz Mustafa Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi ideyasını gündəmə gətirərək, bu fikirlə çıxış edib.

   Bu fikrini öz "Facebook" səhifəsində paylaşıb. O deyib ki, 10 ildir ki, Y.V.Çəmənzəminlinin yatdığı cəzaçəkmə müəssisəsinin rəhbəri ilə yazışır: "Bəziləri mənim yazdıqlarımı, deyəsən, təzə oxuyublar. Mən Yusif Vəzir Çəmənzəminlinin məzarını axtarmaq üçün yazmadığım yer qalmayıb. Axtarış zamanı xeyli məlumatlar əldə etdim. Həmçinin məzarın Suxobezvodnoye Qorki (indiki Nijni- Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsindəki qəsəbədə yerləşən cəzaçəkmə müəssisəsində olduğunu öyrəndim.

   Mən əksər islah-əmək düşərgələrinin rəislərinə, o cümlədən Nijni-Novqorod vilayətinin prokuroru K.M. Kojevnikova və vilayətin məhkəmə sədri A.V. Bondara məktubla müraciət etdim. Amma məktublarıma cavab verilmədi. Nəhayət, bu günlərdə QUSFİN-dən bir məktub aldım. Həmin məktubda bildirilir ki, Yusif Vəzir Çəmənzəminli həbsindən əvvəl, 1938-1940-cı illərdə Özbəkistanın Xarəzm vilayətinin Urgenc şəhərində yerli institutda rus dilini tədris edib".

 

Yetmiş illik ayrılığa son qoyaq

 

   F.Mustafa bildirib ki, Yusif Vəzir həbs olunandan sonra Bakıya göndərilib. O, antisovet fəaliyyətində ittiham olunaraq 11 iyun 1940-cı ildə 8 il müddətinə azadlıqdan məhrum edilib: "Cəzasını çəkmək üçün Unijenskidə yerləşən cəzaçəkmə müəssisəsinə göndərilib, 3 yanvar 1943-cü ildə isə vəfat edib. Onun ölümü ilə bağlı bütün məlumatlar Rusiya Daxili İşlər Nazirliyi Dövlət İnformasiya Mərkəzi İdarəsində Vəzirovun şəxsi işində saxlanır".

  Yazıçı deyir ki, ədibin nəşinin vətəninə gətirilməsi onun ruhuna və uğrunda vuruşduğu ideallara ən böyük hörmət olardı: "Mən ziyalılarımıza üz tutub deyirəm, gələn il Yusif Vəzirin əbədiyyətə qovuşduğu vaxtdan yetmiş il keçir, gəlin onun məzarının vətənə gətirilməsinə çalışaq və buna nail olaq. Onun doğulduğu yer, bizim gözəl Şuşamız bu gün əsarətdədir, elə böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin qürbətdəki məzarı kimi. Gəlin böyük vətəndaş və nəhəng yazıçımızın məzarını əsarətdən xilas edək".

 

Haqqını qaytaraq Yusif Vəzirin...

 

   Tanınan yazıçı Vidadi Babanlı bizimlə söhbətində bildirdi ki, Yusif Vəzir milli nəsrimizdə, milli düşüncəmizdə böyük iz qoyan yazıçı, ictimai-siyasi xadimdir: "Yusif Vəzirin məzarının Azərbaycana gətirilməsi çox gözəl bir iş olardı. İnanın ki, o günü hər birimiz gözləyirik. Yusif Vəzir Çəmənzəminli kimi böyük yazıçının, nəhəng şəxsiyyətin məzarının qürbətdə qalması bir xalq olaraq bizə başucalığı gətirmir. Bu bizim üçün ayıbdır. Azərbaycanın şəxsiyyəti nümunəvi insanlarının məzarı Vətənə gətirilməlidir. Bəlkə bununla Yusif Vəzirin haqqı özünə qayıtmış olar".

 

"Yazıçılar Birliyi bütün yazıçıların adından..."

 

   Vidadi Babanlı dedi ki, bu məsələdə böyük yük Azərbaycan Yazıçılar Birliyinin üzərinə düşür: "Yazıçılar Birliyi belə bir təkliflə dövlət qarşısında çıxış etməlidir. Bu qurum bütün yazıçıların adından ölkə Prezidentinə müraciət etməlidir ki, Prezident Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi üçün müsbət qərar versin. Hesab edirəm ki, dövlət başçımız bu təklifə, müraciətə çox müsbət yanaşacaq. Çünki o, ürəyi yumşaqdır və xalqımızın dəyərlərinə, ziyalılarına yüksək qiymət verməyi bacarır".

 

Yazıçılar Birliyi müraciət edəcəkmi?

 

   Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsilə bağlı fikirlər günü-gündən geniş miqyas almaqdadır. Düzdür, son vaxtlar bununla bağlı yazıçının ailə üzvlərinin hər hansı bir fikri mətbuatda dərc edilməyib.

   Ancaq bu o anlam daşımalı deyil ki, ailəsi bu ideyaya dəstək vermir, hesab edirik ki, onların bu məsələdə mövqeyi müsbətdir...

   Bəs Azərbaycan Yazıçılar Birliyi (AYB) bu haqda nə düşünür? Bu qurum Yusif Vəzir Çəmənzəminlinin nəşinin vətənə gətirilməsilə bağlı dövlət başçısına müraciət hazırlayırmı?

   Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, AYB üçün hələlik bu məsələ aktual deyil: "Bu barədə təkliflər səsləndirilir. Ancaq hələ Yazıçılar Birliyi məsələ ilə bağlı müraciət nəzərdə tutmayıb. Bu, ayrı-ayrı fərdlərin təklifidir. Birlik sədri Anar müəllimin rəsmi münasibəti belədir ki, bu çox gözəl ideyadır və belə bir iş həyata keçirilsə, AYB ona dəstək verər. Ancaq müraciət məsələsi gündəmdə deyil. Bilirsiz ki, üzümüzə gələn il Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyidir, hazırda yubileyə hazırlıqla məşğul olunur".

   Ümid edirik ki, Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi məsələsi öz aktuallığını itirməyəcək və vicdanlı qələm sahibləri bu xeyirxah işin dövlət səviyyəsində həllinə nail olacaqlar. Dövlətimizin də Yusif Vəzir Çəmənzəminlinin nəşinin Vətənə gətirilməsinə yaxından dəstək olacağına ürəkdən inanırıq.

 

   

 

İradə SARIYEVA

Bakı xəbər.-2013.-13-15 dekabr.-S.14.